Məhkəmə qərarları › İş №1(013)-46/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-46/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-46/2024 19.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx.xx.1967-ci ildə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, məhkumluğu olmayan, Qusar şəhəri, H.Əliyev prospekti ev 8-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 12-ci MKR bina 4, mənzil 27-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının 20-də saat 16 radələrində Ağdam rayonu, Quzanlı qəsəbəsində atası mərhum Kərimov Azay Məhəmməd oğluna məxsus fərdi yaşayış evinin qarşısında, həyətdə olan zaman qardaşı Zərərçəkmiş şəxs həmin ünvana gələrək atası Azay Kərimovdan üzrxahlıq edib barışmaq üçün yaxınlaşan zaman atasının onunla barışmaq istəməməsi barədə etirazı səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla bir dəfə Zərərçəkmiş şəxs sifətinin sol yanaq hissəsinə və bir dəfə isə sağ qulaq nahiyəsinə vuraraq ümumilikdə sonuncuya kəllə beyin travması, baş beyin silkələnməsi, sol yanaq nahiyəsinin qançırı, sağ xarici qulaq seyvanının orta büküşünün ön səthinin sıyrıqları xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1988-ci ildən DİO-da polis sıravisi kimi xidmətə başlamış, 2002-ci ildə isə zabit kimi xidmətini davam etdirmişdir. 2024-cü ilin aprel ayında təqaüdə çıxmış və həmin vaxtdan Sumqayıt şəhərində yaşamışdır. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır və ailəsi ilə birlikdə Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayır. Atası Azay 2024-cü ilin may ayının 28-də vəfat etmişdir. O, qeyd etmişdir ki, atası Kərimov Azay Məhəmməd oğlu vəfatından qabaq yataq xəstəsi olduğundan və səhhəti ağırlaşdığından xidməti iş yerindən – Xaçmaz rayon polis şöbəsindən məzuniyyətə çıxaraq 19 aprel 2024-cü il tarixdən atasının yaşadığı Ağdam rayonu, Quzanlı kəndinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində atası Azay Kərimovun təkidi ilə əvvəlcə özü, sonra isə qardaşı Niyazi Ağdam rayon İcra Hakimiyyəti Başçısının Quzanlı qəsəbəsi üzrə inzibati ərazi nümayəndəsi Şahid zəng edib onu evlərinə dəvət etmişdir. Atası, qardaşı Bəxtiyarla münasibətinin olmadığına görə, Eldəniz müəllimdən xahiş etmək istəyirdi ki, öldüyü təqdirdə Bəxtiyar onun yas mərasiminə gəlməsin. Həmin günü, təxminən saat 16 radələrində, Eldəniz müəllim onların evinə gəlib atası ilə söhbət etməyə başlamış, bu zaman atası Azay ona demişdir ki, oğlu Bəxtiyarın yas mərasiminə gəlməsinə imkan verməsin, övladları ilə mübahisə və dava-dalaş etməsinə şərait yaratmasın. Eldəniz müəllim "oldu" deyib çıxıb getmiş və təxminən bir saat sonra qardaşı Bəxtiyarla geri qayıtmışdır. Həmin vaxt o, qardaşı Niyazi, kəndçiləri Oqtay və Qurban da orada olmuşdur. Atası həyətdə olan çardağın altında kresloda oturmuş, Bəxtiyar isə onu görüb qucaqlamaq istədikdə, atası əli ilə onu kənara itələyib Eldəniz müəllimə iradını bildirmişdir ki, onu bura niyə gətirmisən. Bəxtiyar ikinci dəfə cəhd edib atalarını qucaqlamaq istədikdə, o, qardaşının qolundan tutub kənara itələyib atasının onu görmək istəmədiyini demişdir. Bundan sonra Şahid qardaşı Bəxtiyarı götürüb öz evinə aparmışdır. Atası Azay Kərimov xx.xx.2024-cü il tarixdə uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat etmişdir. Bir neçə gün sonra Ağdam RPŞ-nin təhqiqatçısı İsa Məmmədov ona zəng edərək bildirmişdir ki, qardaşı Bəxtiyar RPŞ-nə ərizə ilə müraciət edərək onu döyməsi barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, qardaşının qolundan tutub onu kənara itələsə də, döyməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər onun yetirmədiyini, hansı şəraitdə xəsarət almasını bilmədiyini, qardaşı Bəxtiyarı vurmadığını, atası onu görmək istəmədiyinə görə qolundan tutub kənara itələdiyini, atası Şahid qardaşı Bəxtiyarı evə gətirdiyinə görə danladığından barəsində qərəzli ifadə verdiyini, Bəxtiyar bir oğul kimi atasının qulluğunda durmadığına görə atasının onunla münasibəti olmadığını göstərmişdir. Hazırda qardaşı Zərərçəkmiş şəxs ilə barışmamışlar, məhkəmədən ona cəza təyin edərkən onun birinci Qarabağ müharibəsi veteranı olmasının, yaşını və ilk dəfə məhkum olunmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı X4 20 may 2024-cü il tarixdə saat 17 radələrində atası Azay Kərimova məxsus Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən evində onu döyməsi barədə Ağdam RPŞ-nə yazılı müraciəti özü etmiş və həmin müraciətdə göstərilənləri təsdiq etmişdir. O, qeyd etmişdir ki, 6 qardaşı və 2 bacısı olmuşdur. Qardaşlarından Firdovsi və Teymur 1991-1992-ci illərdə Qarabağ müharibəsində şəhid olmuşlar. O, 1996-cı ildə ailə həyatı qurmuş və 2001-ci ildə Quzanlı kəndində özünə ev tikdirərək ata evindən çıxmış və oraya köçmüşdür. Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. O, 1988-ci ildən kənddən çıxaraq Sumqayıt şəhərinə, böyük bacısı Safuranın yanına köçmüş və həmin vaxtdan orada işləyərək rayona qayıtmamışdır. Niyazi Kərimov da onun qardaşıdır və ailənin ən kiçik üzvü olduğundan ata evində, valideynlərinin yanında qalmışdır. X5 aralarında ədavət və düşmənçilik olmasa da, 2016-cı ildən küsülü olduqlarından aralarında heç bir münasibət olmamışdır. Onunla münasibətlərinin pozulmasının səbəbi ailədaxili məsələlərlə bağlıdır və o, bu məsələləri açıqlamaq istəmədiyini bildirmişdir. Qardaşı Firudin atası Azaya baş çəkmək üçün Quzanlı kəndinə gəldiyi vaxtlarda, o, söz-söhbət yaranmasın deyə, atasıgilə getməkdən bir qayda olaraq çəkinmişdir. Digər qardaş-bacılar da çalışmışlar ki, Firudin atasıgildə olarkən ora getməsinlər. Qardaşı Firudin 25 aprel 2024-cü il tarixdən atasının yanında qalırdı, arada bir-iki gün Sumqayıta gedib-gəlmiş və həmin vaxtdan atasının yanında olmuşdur. 20 may 2024-cü il tarixdə təxminən saat 16 radələrində Ağdam MRX-nın yerləşdiyi küçədə avtoyuma məntəqəsinin yaxınlığında Ağdam rayon İcra Hakimiyyəti Başçısının Quzanlı qəsəbəsi üzrə ərazi dairə nümayəndəsi Şahidlə rastlaşdığını və onunla salamlaşdığını bildirmişdir. Həmin vaxt Şahid onunla söhbət etmək istədiyini bildirib yaxınlıqda yerləşən ərazi nümayəndəliyinin inzibati binasına dəvət etmişdir. O, Şahid xidməti otağında olarkən, Eldəniz ona atasının səhhətinin yaxşı olmadığını, ona baş çəkməyin lazım olduğunu və onu görmədən peşman ola biləcəyini demişdir. O, bu təkliflə razılaşaraq birlikdə atasıgilə getmişdir. Həmin vaxt atası Azay çardağın altında kresloda əyləşmiş, qardaşı Firudinin dostları Oktay və Qurban da orada olmuşdur. Bundan başqa qardaşları Firudin və Niyazi də orada olmuşdur. Onlar həyətə daxil olan kimi Eldəniz müəllim atalarına "Azay dayı, Bəxtiyar yanımdadır" demişdir. O, bu zaman atasına yaxınlaşıb üzündən öpmüş və ayağa durub geriyə dönmək istəyəndə, Firudin qəflətən arxadan yumruqla sifətinin sol tərəfinə zərbə endirmişdir. O, səndələyərkən ikinci zərbəni sağ qulağına vurmuşdur. Firudin yumruqla onun boyun nahiyəsinə də zərbə endirmişdir. Həmin vaxt digər qardaşı Niyazi də yumruqla çiyninə və sinəsinə vurmuşdur. Eldəniz müəllim onun səhhətinin pisləşdiyini görərək qoluna girib onu avtomobilinə mindirmiş və icra nümayəndəliyinin qarşısında düşürmüşdür. O, evə qayıtmış, lakin səhhəti düzəlmədiyindən Ağdam MRX-na müraciət edərək tibbi yardım almışdır. Xahiş etmişdir ki, qardaşları Firuddin Kərimov və Niyazi Kərimov onu döyərək qəsdən xəsarət yetirdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilsinlər. Zərərçəkmiş şəxs həmçinin ifadəsində qardaşı Firudinin izahatında yalan dediyini, atası Azayın onu yasa qoymamaqları barədə söz demədiyini, atasını qucaqlayarkən onu kənara itələmədiyini və Şahid iradını bildirmədiyini, üç gün əvvəl atası Azayı təhqir edib döymədiyini, əslində üç gün əvvəl Firuddin və Niyazi onu döydüklərini, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün barəsində bu cür məlumat verdiklərini göstərmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamış, ondan şikayətçidir və məhkəmədən təqsirləndirilən şəxsə cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2018-ci ilin dekabr ayından etibarən Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı qəsəbəsi üzrə ərazi nümayəndəsi olaraq fəaliyyət göstərməkdədir. Ağdam rayonu Quzanlı qəsəbə sakinləri olan Kərimov Azay Məhəmməd oğlu və onun oğulları Firidun, Niyazi və Bəxtiyarı tanımışdır. Azay şəhid atası olduğu üçün onlarla əlaqələri olmuş və onların evlərinə dəfələrlə getmişdir. O, Azayın səhhətinin ağır olduğunu əvvəlcədən bilmişdir. 2024-cü ilin 20 may tarixində Azayın oğlu Niyazi ona zəng edərək atasının onu görmək istədiyini bildirmişdir. Təxminən 2-3 saat sonra Firidun da zəng edərək atasının onu yaşadığı evə dəvət etdiyini söyləmişdir. İşlərinin çoxluğu səbəbindən o, saat 17 radələrində Azayın yaşadığı ünvana getmişdir. Azayın səhhətinin pisləşdiyini gördükdən sonra onunla söhbət edərkən Azay, oğlu Bəxtiyarla aralarında olan gərgin münasibətləri danışmış və Bəxtiyarı görmək istəmədiyini açıq şəkildə ifadə etmişdir. Həmçinin, o ölsə Bəxtiyarın yasına gəlməməsini istəmişdir. Daha sonra iş yerinə qayıdarkən Bəxtiyarı yolda görmüş və ona atasının səhhətinin ağır olduğunu bildirmişdir. Bəxtiyar ondan atasının evinə getməsinə kömək etməsini xahiş etmişdir. O da Azay ilə oğlunun barışmasını istədiyi üçün Bəxtiyarla razılaşaraq birlikdə Azayın evinə getmişlər. Həmin vaxt evdə Firidun, Niyazi, German və Qurban da olmuşdur. Firidun Qurban ilə nərd oynayarkən Bəxtiyar birbaşa atası Azaya yaxınlaşmış, dizlərini yerə qoyaraq ondan üzr istəmişdir. Lakin Azay əli ilə onu geri itələmişdir. Bəxtiyar yenidən atasını qucaqlamaq istəyəndə Firidun stuldan qalxaraq arxadan iki sillə vurmuşdur. Onlar dərhal aralaşdırılmış və Bəxtiyarı oradan çıxarıb iş yerinə gətirmişdir. O zaman Bəxtiyarda gözlə görünən heç bir xəsarət olmamışdır. Daha sonra Bəxtiyarın xəstəxanaya müraciət etdiyi məlum olmuşdur. Şahid həmçinin ifadəsində Firidunun şillə ilə Bəxtiyarı vurduğunu gördüyünü, lakin konkret olaraq onun hansı dərəcədə xəsarət aldığını bilmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” birliyi PHŞ-in Bərdə rayon şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 153 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – kəllə beyin travması, baş beyin silkələnməsi, sol yanaq nahiyəsinin qançırı, sağ xarici qulaq seyvanının orta büküşünün ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 10 saylı MKS-nin arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 12 mkr, bina 4, mənzil 27-də yaşayır, həmin tarixli xasiyyətnamənin surətindən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında”, “X2 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı Qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdədir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosessində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhs məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Hark Niderlanda qarşı” işi üzrə qərarın “51(b)” bəndində qeyd etmişdir ki,ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxartdığı qərarları əsaslandırsın- bu, o demək deyildir ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” işüzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X6rşı” işüzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nın 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 59-1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi, həmçinin onun təqaüdçü və birinci Qarabağ müharibəsi veteranı olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, onun ahıl yaşlarında olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə cərimə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, hazırkı iş üzrə “xüsusi müsadirə” məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2-ci maddələrində: «məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iş üzrə “Xüsusi müsadirə”nin tətbiqinə zərurət yoxdur. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərcləri yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351-353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gündən sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar