Məhkəmə qərarları › İş №1(013)-47/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-47/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-47/2025 22.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakı ilə, xx xxxxx 1991-ci ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonunun Nemətabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxx 1985-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir şəhəri Sevil Qazıyeva küçəsi ev 12-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1976-cı ildə Saatlı rayonunun Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı rayonunun Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1997-ci ildə Oğuz rayonunun Calud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Oğuz rayonunun Calud kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 fevral 2025-ci ildə günorta saatlarında istintaqla dəqiq müəyyən edilməyən vaxtda qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Ağdam rayonu Xıdırlı kəndində 22-ci küçədə yerləşən 64 nömrəli evin qarşısından 60 metr uzunluqda 540 manat dəyərində NYY2x16 markalı və 32 metr uzunluqda 400 manat dəyərində NYY2x25 markalı elektrik naqillərini, həmin kənddə 24-cü küçədə yerləşən 11 nömrəli evin qarşısından 68 metr uzunluqda 612 manat dəyərində NYY2x16 markalı və 40 metr uzunluqda 500 manat dəyərində NYY2x25 markalı elektrik naqillərini, həmin kənddə 31-ci küçədə yerləşən 83 və 87 nömrəli evlərin qarşısından 73 metr uzunluqda 657 manat dəyərində NYY2x16 markalı və 60 metr uzunluqda 750 manat dəyərində NYY2x25 markalı elektrik naqillərini, həmin kənddə 32-ci küçədə yerləşən 12 nömrəli evin qarşısından 58 metr uzunluqda 522 manat dəyərində NYY2x16 markalı və 22 metr uzunluqda 275 manat dəyərində NYY2x25 markalı elektrik naqillərini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 4256 (dörd min iki yüz əlli altı) manat məbləğində özgənin əmlakını oğurlamışlar. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 2025-ci ilin fevral ayında hava soyuq olduğu üçün ocaq yandırmış, sonra ocağa mis tökərək yandırmış, sonradan isə Təqsirləndirilən şəxs2la birlikdə mis əridərək satmışlar. Zamiq misi 40 manata sataraq 20 manat ona vermiş, 10 manat özünə götürmüş, 10 manat isə Elgünə vermişdir. Oğurluq təşəbbüsü ondan gəlmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və dəymiş ziyanı ödədiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 2025-ci ilin fevral ayında Bəkirlə birlikdə ocaqda mis əridərək satıb 40 manat qazanmışlar. 20 manat Bəkirə, 10 manat Elgünə vermiş, 10 manat isə özünə qalmışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və dəymiş ziyanı ödədiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 27 fevral 2025-ci ildə Bəkir gilin mis əritdiyini görərək özündə də mis olduğunu deyib əritməyi təklif etmişdir. Özündə olan misi yandırmışdır. Misi hansı qiymətə satdığını xatırlamır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və dəymiş ziyanı ödədiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Zamiqlə yerdən mis yığaraq Bəkirə vermiş, Bəkir isə onu əritmişdir. Sonradan misi satmışlar. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, dəymiş ziyanı ödədiyini, 44 X1 və Aprel döyüşlərinin iştirakçısı olduğunu qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üzrlü səbəbdən məhkəmədə iştirak etməyən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iş materiallarında olan cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. Nümayəndə həmin ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayından "xxxx" MMC-nin Ağdam rayonu Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində layihə rəhbəri vəzifəsində işləyir. Həmin şirkət Ağdam rayonu Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində yaşayış evlərinin elektrik naqillərinin çəkilib istifadəyə hazır vəziyyətə çatdırılması ilə məşğuldur. Çəkilmiş kabellər bəzi yerlərdə beton və ya suvaq altında, bəzi yerlərdə isə topa vəziyyətdə yaşayış evlərinin qarşısında olmuşdur. Həmin topa halda saxlanan kabel gələcəkdə evlərin içərisinə çəkilmək üçün nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixdə əraziyə baxış keçirilərkən "xxxx" MMC-nin Ağdam rayonu Xıdırlı kəndində müxtəlif yerlərdən kabellərinin oğurlandığı müəyyən edilmişdir. Ağdam rayonu Xıdırlı kəndində 22-ci küçədə yerləşən 64 nömrəli evin qarşısından 60 metr uzunluqda 540 manat dəyərində NYY2x16 markalı və 32 metr uzunluqda 400 manat dəyərində NYY2x25 markalı elektrik naqilləri, 24-cü küçədə yerləşən 11 nömrəli evin qarşısından 68 metr uzunluqda 612 manat dəyərində NYY2x16 markalı və 40 metr uzunluqda 500 manat dəyərində NYY2x25 markalı elektrik naqilləri, 31-ci küçədə yerləşən 83 və 87-ci nömrəli evlərin qarşısından 73 metr uzunluqda 657 manat dəyərində NYY2x16 markalı və 60 metr uzunluqda 750 manat dəyərində NYY2x25 markalı elektrik naqilləri, 32-ci küçədə yerləşən 12 nömrəli evin qarşısından 58 metr uzunluqda 522 manat dəyərində NYY2x16 markalı və 22 metr uzunluqda 275 manat dəyərində NYY2x25 markalı elektrik naqillərinin oğurlanması müəyyən edilmişdir. Sözügedən oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə ümumilikdə 4256 (dörd min iki yüz əlli altı) manat məbləğində ziyan dəymişdir. NYY2x16 markalı kabelin 1 metrinin qiyməti 9 manat, NYY2x25 markalı kabelin 1 metrinin qiyməti 12,5 manat təşkil etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid1 göstərmişdir ki, 2023-cü ildən Ağdam şəhərində traktorçu işləyir. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bir kiloqramı 8 manatdan 7-8 kq mis yanmış mis almışdır. Misin oğurluq olmasını bilməmişdir. Məhkəmədə elan olunmuş Bərdə şəhər "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 69 saylı arayışından görünür ki, həmin MMC-nin nəzdində olan satış bazarında 2025-ci ilin fevral ayına ümumi pərakəndə satış qiyməti 1 metr NYY2x16 markalı kabel üçün 9 (doqquz) manat və 1 metr NYY2x25 markalı kabel üçün 12 (on iki) manat 50 (əlli) qəpik təşkil etmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ibtidai istintaq orqanına ünvanladığı xx.xx.2025-ci il tarixli və məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, cinayət işi üzrə "xxxx" MMC-yə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmiş, həmçinin təqsirləndirilən şəxslərin hamısı ilə barışmışlar. Hazırda həmin iş üzrə heç bir şikayət və tələbi yoxdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci ildə saat 16:45-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci ildə saat 18:15-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci ildə saat 19:45-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş xx.xx.2025-ci ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxslərin cəzaçəkmə müddətlərinin başlanğıcı onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və sonuncunun nümayəndəsinin onunla barışaraq ona qarşı şikayətçi olmaması, himayəsində xx.xx.2017-ci ildə anadan olmuş Hətəmşah və xx.xx.2019-cu ildə anadan olmuş Onur adlı iki azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və sonuncunun nümayəndəsinin onunla barışaraq ona qarşı şikayətçi olmaması, himayəsində xx.xx.2013-cü ildə anadan olmuş Yusif, xx.xx.2014-cü ildə anadan olmuş Abdulmalik, xx.xx.2018-ci ildə anadan olmuş Mələk adlı üç azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və sonuncunun nümayəndəsinin onunla barışaraq ona qarşı şikayətçi olmaması, himayəsində xx.xx.2007-ci ildə anadan olmuş Aygün və xx.xx.2010-cu ildə anadan olmuş adlı iki yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs4 ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və sonuncunun nümayəndəsinin onunla barışaraq ona qarşı şikayətçi olmaması, Aprel döyüşləri və 44 X1 iştirakçısı olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalətin bərpası, onların islah edilməsi, həm onun özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudalarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsni təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarında olan Müdafiəçi1 hesabatından görünür ki, o, cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 30 iş saatı (Təqsirləndirilən şəxs1 7 saat, Təqsirləndirilən şəxs2 8 saat, Təqsirləndirilən şəxs3 7 saat və Təqsirləndirilən şəxs4 8 saat) sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 11 manat vəkil Müdafiəçi1 bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablansın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Yevlax rayonunun Nemətabad kəndində yerləşən evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablansın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Kürdəmir şəhəri Sevil Qazıyeva küçəsində yerləşən 12 saylı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablansın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Saatlı rayonunun Qara Nuru kəndində yerləşən evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Saatlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 aid hissədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı Oğuz rayonunun Calud kəndində yerləşən evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Oğuz rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs4 aid hissədə Oğuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 30 iş saatı üçün hər saatı 11 manat olmaqla 330 (üç yüz otuz) manat vəkil Müdafiəçi1 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar