Məhkəmə qərarları › İş №1(013)-49/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-49/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-49/2024 14.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkəməyə ona görə verilmişdir ki, o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 aprel 2013-cü il tarixdə anadan olmuş X1 və 04 noyabr 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 22 avqust 2022-ci il tarixdən hesablanmaqla hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat məbləğində sabit alimenti tələbkar Əhmədova (Quliyeva) Çinarə Əjdər qızına ödənilməsinə dair Ağdam Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(013)-302/2023 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdam Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 30 avqust, 10 oktyabr və 11 dekabr 2023-cü il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərini davam etdirərək şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 19 mart 2024-cü il tarixədək şəxsi maraqları naminə cəmi 4680 (dörd min altı yüz səksən) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərər şəkmiş şəxs Əhmədova (Quliyeva) Çinarə Əjdər qızına həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli uzanan cinayət olmaqla məhkəmənin qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli icra etməmə məhkəmə və ya icra məmuru tərəfindən müvafiq şəxslərin həmin aktları müəyyən müddətə icra etmək vəzifəsi haqqında yazılı xəbərdarlıq edildiyi andan başlayır və bu aktların icra edildiyi, yaxud bu əməlin istintaq orqanları və ya buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən dayandırıldığı anda başa çatır. Cinayət işi öyrənilərkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Ağdam rayonunun Çəmənli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yaşayır (iş vər. 21, 26, 34, 36, 88, 113, 116, 117, 140, 141, 142, 143, 144, 145, 146, 165, 167). İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(013)-302/2023 saylı qətnaməsi qəbul edildikdən sonra Təqsirləndirilən şəxs Ağdam rayonu ərazisində yaşamamış, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yaşamaqla orada işləyir, həmçinin onun Ağdam rayonu ərazisində işləməsi və ya onun əmlakının olması barədə cinayət işinin materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsində göstərilmişdir ki, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Göründüyü kimi Ağdam Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(013)- 302/2023 saylı qətnaməsinin əsasında verilmiş icra vərəqəsi Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Abşeron rayonunda icra edilməli olmuş və həmin icra sənədinin icra edilməməsi nəticəsində baş vermiş cinayət hadisəsi Ağdam rayonu ərazisində deyil, Abşeron rayonu ərazisində törədilmişdir. Belə olan halda qeyd edilən cinayət işinin baxılması ərazi aidiyyatı Abşeron Rayon Məhkəməsinə aiddir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2-ci maddəsində göstərilmişdir ki, uzanan və davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 299.3.1-ci maddəyə əsasən hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 300-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyatı üzrə göndərilməsi barədə qərar qəbul edilir. Bütün bunlarla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299-301 və 306-cı maddələrini rəhbər tutub məhkəmə, q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(013)-49/2024 saylı cinayət işi ərazi aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar