Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-49/2025 05.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1997-ci ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, «Qlobal» Məhdud Məsuliiyyətli Cəmiyyətdə sürücü işləyən, məhkum olunmamış, Ağdam rayonunun Əfətli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 mart 2025-ci ildə saat 16 radələrində Ağdam rayonunun Evoğlu kəndi ərazisində yerləşən ictimai yer hesab edilən Ağdam şəhər - Əfətli avtomobil yolunun hərəkət hissəsinin sağ kənarında Zərərçəkmiş şəxs ilə sonuncunun avtomobilə siqnal verməsini bəhanə edib öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyub üstünlüyünü nümayiş etdirdikdə, buna etirazını bildirən Zərərçəkmiş şəxs orada olan şəxslərin gözü qarşısında yumruqla bir dəfə sonuncunun ağız nahiyəsinə zərbə endirməklə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 17 mart 2025-ci ildə Evoğlu kəndində idarə etdiyi avtomobili arxa tərəfə sürərkən Elmir ona siqnal vermiş və bundan sonra Elmirlə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı yumruqla bir dəfə Elmirin ağzından vurmuşdur. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və himayəsində iki azyaşlı uşağının olduğunu qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə baxışında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, sonuncu ilə barışdığını, şikayət və tələbinin olmadığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə işə iştirakı olmadan baxılaraq təqsirləndirilən şəxsə köməklik göstərilməsini xahiş etmişdir. Üzrlü səbəbdən məhkəmə baxışında iştirak etməyən Zərərçəkmiş şəxs iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci ildə saat təxminən 18:30 radələrində azyaşlı övladı ilə birlikdə etibarnamə əsasında idarə etdiyi «Mercedes» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağdam rayonu Evoğlu kəndi ərazisində hərəkətdə olarkən sağ tərəfindən əvvəldən tanımadığı «Mercedes» markalı **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onu ötüb qarşısına keçmiş və bir qədər hərəkət etdikdən sonra nəqliyyat vasitəsini dayandırıb geriyə doğru hərəkət edəndə, o, baş verə biləcək hadisənin qarşısını almaq məqsədilə siqnal vasitəsi ilə xəbərdarlıq etmişdir. Həmin vaxt sözügedən nəqliyyat vasitəsinin sürücüsü adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs nəqliyyat vasitəsindən aşağı enərək kobud tərzdə ətrafda olan şəxslərin eşidəcəyi tərzdə uca səslə qışqırarq üzərinə gəlmişdir və ona «nə siqnal verirsən?» demiş, o, nəqliyyat vasitəsindən aşağı enib ona izah etmişdir ki, baş verə biləcək qəzanın qarşısını almaq məqsədilə siqnal verib xəbərdarlıq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs orada olan şəxslərin gözü qarşısında onu uca səslə təhqir etmişdir. O. Orxanın böyüyünün ünvanına təhqir demişdir. Bu zaman Təqsirləndirilən şəxs onun üzərinə gəlmiş və onun ağız nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmişdir. Özündə güclü fiziki ağrı hiss etmişdir. Təqsirləndirilən şəxs yanında olan Fərid və Azər adlı iş yoldaşları və yaxınlıqda olan tanımadığı bir neçə nəfər şəxs yaxınlaşaraq onları aralaşdırmışlar. Hadisə nəticəsində ətrafa heç bir ziyan dəyməmiş, hadisə təxminən 15-20 dəqiqə ərzində baş vermişdir. Hadisə nəticəsində onun üst çənəsində sağda olan üçüncü dişi laxlamış və dişlərinin ətrafında qızartılar yaranmışdır. Hadisə Ağdam rayonu Evoğlu kəndi ərazisində baş vermişdir. Üzrlü səbəbdən məhkəmə baxışında iştirak etməyən Şahid2 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. Şahid2 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci ildə saat 18:30 radələrində etibarnamə əsasında Orxan idarə etdiyi «Mercedes» markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağdam şəhər istiqamətindən Ağdam rayonu Əfətli kəndi istiqamətində hərəkətdə olarkən yolun Ağdam rayonu Evoğlu kəndi ərazisindən keçən hissəsində öz hərəkət hissəsində mağazaya düşmək üçün avtomobilini geriyə doğru hərəkət etdirmişdir. Bu zaman arxadan gələn «Mercedes» markalı nəqliyyat vasitəsinin sürücüsü siqnaldan istifadə edərək ona xəbərdarlıq edərək nəqliyyat vasitəsinin onun idarə etdiyi nəqliyyat vasitəsinin qarşısında saxlayaraq aşağı düşmüşdür. O, sonradan həmin şəxsin Ağdam rayonu Evoğlu kənd sakini Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Həmin vaxtı Orxan avtomobilindən yerə düşərək uca səslə qışqıraraq Orxana «nə siqnal verirsən?» deyəndə Elmir nəqliyyat vasitəsindən aşağı enib demişdir ki, baş verə biləcək qəzanın qarşısını almaq məqsədilə siqnal verib xəbərdarlıq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs orada olan şəxslərin gözü qarşısında Elmirin üstünə qışqırıb təhqir etmiş, Elmir də Orxanı təhqir etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Elmirin üzərinə gəlmiş və onun ağız nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmişdir. Həmin vaxtı o və Şahid1 adlı iş yoldaşı və yaxınlıqda olan tanımadığı bir neçə nəfər şəxs yaxınlaşaraq onları aralaşdırmışlar. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, ətrafa heç bir ziyan dəyməmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 63 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarət – üst çənədə sağda İİİ dişdə İİ dərəcəli laxlama (iki), həmin diş ətrafında hematoma küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş, həmçinin məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası ilə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Onun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, himayəsində xx.xx.2023-cü ildə anadan olmuş Ruhan və xx.xx.2022-ci ildə anadan olmuş Ema adlı iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və sonuncunun ona qarşı şikayətçi olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsni təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 11 manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından on faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, altı ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 11 manat olmaqla 110 (yüz on) manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-49/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-49/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver