Məhkəmə qərarları › İş №1(013)-55/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-55/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-55/2025 09.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonunda qeydiyyatda olan, Ağdam rayonunun Əfətli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 07 may 2025-ci ildə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus yeni tikilməkdə olan Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə həmin həyətin dəmir hasarından keçməklə saxlanc yeri hesab edilən evin içərisinə giriş qapısından qanunsuz daxil olaraq orada evin divarlarına bərkidilmiş 90 metr uzunluğunda 110 manat dəyərində 8-lik, hər biri 90 metr uzunluğunda ümumi dəyəri 160 manat olan 4 ədəd 4-lük, hər biri 90 metr uzunluğunda ümumi dəyəri 300 manat olan 4 ədəd 6-lıq, 10 manat dəyərində 100 metr uzunluqda rezin materialdan boru, ümumi dəyəri 45 manat olan ümumilikdə 15 ədəd elektrik yuvası, ümumi dəyəri 60 manat olan ümumilikdə 15 ədəd elektrik açarı, ümumi dəyəri 40 manat olan ümumilikdə 10 ədəd elektrik ayrıcısı, 10 manat dəyərində 1 ədəd elektrik avtomatlar qutusu, 01 ədəd 20 manat dəyərində 20 metr uzunluqda və 01 ədəd 30 metr uzunluqda 45 manat dəyərində elektrik uzadıcısını – cəmi 800 (səkkiz yüz) manat məbləğində əmlakını oğurlamışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 07 may 2025-ci ildə axşam vaxtı Elgünün Quzanlı qəsəbəsində yerləşən evinə girmiş və oradan məftil, kabel oğurlamışdır. Hasardan aşaraq həyətə keçmişdir. Elgünün evi yarımtikili olmuşdur. Oğurladığı əşyaları Ənvər adlı şəxsə satmışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və dəymiş ziyanı ödədiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, Quzanlı qəsəbəsində ev tikib üstünü vurmuş, lakin işlər tam yekunlaşmamış və evdə yaşayış olmamışdır. May ayının təxminən 07-08-də Bakı şəhərindən qayıdıb evinə getdikdə elektrik naqillərinin oğurlandığını bilmişdir. Evinin qapısı və pəncərəsi olmamışdır. Dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, barışdıqlarını qeyd etməklə təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid göstərmişdir ki, dəmir tullartılarını yığıb satmaqla çörək pulu qazanır. Niyaməddin ona zəng vuraraq mis olduğunu və satmaq istədiyini demişdir. Misin oğurluq olduğunu bilməyərək Niyaməddindən mis almışdır. Sonradan polis əməkdaşları onu çağırdıqda misin oğurluq olduğunu bilmişdir. Məhkəmədə elan olunmuş Bərdə şəhər "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 81 saylı arayışından görünür ki, həmin MMC-nin nəzdində olan satış bazarında 2025-ci ilin may ayında 90 metr uzunluqda 8-lik naqilin 1 topunun qiyməti 110 manat, 90 metr uzunluğunda 4 ədəd 4-lük naqilin 1 topu 40 manat, 90 metr uzunluğunda 4 ədəd 6-lıq naqilin bir topu 75 manat, 100 metr uzunluqda rezin materialdan boru 10 manat, 15 ədəd elektrik yuvası hər biri 3 manat olmaqla 45 manat, 15 ədəd elektrik açarı hər biri 4 manat olmaqla 60 manat, 10 ədəd elektrik ayrıcısı hər biri 4 manat olmaqla 40 manat, 1 ədəd elektrik avtomatlar qutusu 10 manat, 1 ədəd 20 manat dəyərində 20 metr uzunluqda elektrik uzadıcısı 20 manat, 1 ədəd 30 metr uzunluqda elektrik uzadıcısı 45 manat təşkil edir. Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, cinayət işi üzrə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, heç bir iddia, şikayət və tələbi yoxdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokol və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə saat 19:25-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətlərinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və sonuncunun onunla barışaraq ona qarşı şikayətçi olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalətin bərpası, onların islah edilməsi, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudalarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsni təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut kimi tanınmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan 15 ədəd elektrik yuvası, 15 ədəd elektrik açarı, 10 ədəd elektrik ayrıcısı, 1 ədəd elektrik avtomatlar qutusu, 01 ədəd 20 metr uzunluqda və 01 ədəd 30 metr uzunluqda elektrik uzadıcılarının kəsilmiş halda başlıqları Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 11 manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablansın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Ağdam rayonunun Əfətli kəndində yerləşən evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan 15 ədəd elektrik yuvası, 15 ədəd elektrik açarı, 10 ədəd elektrik ayrıcısı, 1 ədəd elektrik avtomatlar qutusu, 01 ədəd 20 metr uzunluqda və 01 ədəd 30 metr uzunluqda elektrik uzadıcılarının kəsilmiş halda başlıqları Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 11 manat olmaqla 110 (yüz on) manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar