Məhkəmə qərarları › İş №1(013)-6/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-6/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-6/2024 05.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Dövlət ittihamçısı –– Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Müdafiəçi3, Təqsirləndirilən şəxs2, Müdafiəçi4 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə müxtəlif şəxsləri işə düzəltmək adı ilə tap.az, tut.az, lalafo.az və s. internet elan saytlarında “Bakı Mühafizə İdarəsində” mühafizəçi vəzifəsinə işçi axtarıldığını qeyd etməklə həqiqətə uyğun olmayan iş elanları yerləşdirərək yüksək məbləğdə aylıq əmək haqqı veriləcəyini vəd edib iş üçün müraciət edən Zərərçəkmiş şəxs1 ilkin olaraq işləməyə icazə lisenziyasının verilməsi üçün pul vəsaitinin köçürülməsinə inandırıb Zərərçəkmiş şəxs1 inam və etibarını qazandıqdan sonra onu işə götürəcəklərini yalandan bildirib vahid niyyətlə əhatə olunan qəsdlə cinayətdən xəbərsiz olan X4 adına olan ***-***-**-** saylı mobil nömrənin M10 tətbiqində olan hesabına Astara rayonu, Ərçivan kəndində yerləşən “Kral” marketdə quraşdırılmış MilliÖN ödəmə terminalından xx.xx.2023-cü il tarixdə 286(iki yüz səksən altı) manat, 120 (yüz iyirmi) manat, 286 (iki yüz səksən altı) manat, cinayətdən xəbərsiz olan X6 adına olan ***-***-**-** saylı mobil nömrənin M10 tətbiqində olan hesabına Astara rayonu, Ərçivan kəndində yerləşən “Kral” marketdə quraşdırılmış MilliÖN ödəmə terminalından 06 avqust 2023-cü il tarixdə 344 (üç yüz qırx dörd) manat, Astara şəhəri, R.Məmmədov küçəsində yerləşən “Soliton” mağazasında quraşdırılmış MilliÖN ödəmə terminalından xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat, Təqsirləndirilən şəxs1 məxsus 4127-2093-0176-2164 nömrəli bank kartına Astara rayonu, Deqədi kəndində yerləşən “Deqədi Ticarət Mərkəzi”ndə quraşdırılmış Mpay ödəmə terminalından xx.xx.2023-cü il tarixdə 290 (iki yüz doxsan) manat köçürülməsinə nail olaraq bankomat vasitəsilə nağdlaşdırıb Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs1 1426 (bir min dörd yüz iyirmi altı) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə müxtəlif şəxsləri işə düzəltmək adı ilə tap.az, tut.az, lalafo.az və s. internet elan saytlarında “Bakı Mühafizə İdarəsində” mühafizəçi vəzifəsinə işçi axtarıldığını qeyd etməklə həqiqətə uyğun olmayan iş elanları yerləşdirərək yüksək məbləğdə aylıq əmək haqqı veriləcəyini vəd edib iş üçün müraciət edən Zərərçəkmiş şəxs2 ilkin olaraq işləməyə icazə lisenziyasının verilməsi üçün pul vəsaitinin köçürülməsə inandırıb Zərərçəkmiş şəxs2 inam və etibarını qazandıqdan sonra onu işə götürəcəklərini yalandan bildirib vahid niyyətlə əhatə olunan qəsdlə cinayətdən xəbərsiz olan X5 adına olan ***-***-**-** saylı mobil nömrənin M10 tətbiqində olan hesabına Ağdam rayonu, Xındırıstan qəsəbəsində yerləşən marketdə quraşdırılmış MilliÖN ödəmə terminalından xx.xx.2023-cü il tarixdə 186 (yüz səksən altı) manat, ünvan 3 ünvanında yerləşən “Bazarstore” marketlər şəbəkəsində quraşdırılmış MillÖN ödəmə terminalından xx.xx.2023-cü il tarixdə 186 (yüz səksən altı) manat, Ağdam rayonu, Xındırıstan qəsəbəsində yerləşən marketdə quraşdırılmış MilliÖN ödəmə terminalından xx.xx.2023-cü il tarixdə 276 (iki yüz yetmiş altı) manat, 276 (iki yüz yetmiş altı) manat, 200 (iki yüz) manat, 200 (iki yüz) manat, 347 (üç yüz qırx yeddi) manat, Ağdam rayonu, Əfətli kəndində yerləşən “Əfətli” marketdə quraşdırılmış MilliÖN ödəmə terminalından xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat, Ağdam rayonu, Xındırıstan qəsəbəsində yerləşən marketdə quraşdırılmış MilliÖN ödəmə terminalından xx.xx.2023-cü il tarixdə 360 (üç yüz altmış) manat, Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən “Ruzi” marketdə quraşdırılmış MilliÖN ödəmə terminalından xx.xx.2023-cü il tarixdə 150 (yüz əlli) manat köçürülməsinə nail olaraq bankomat vasitəsilə nağdlaşdırıb Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs2 2681 (iki min altı yüz səksən bir) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, şikayət edən şəxsləri şəxsən tanımasa da həmin şəxsləri dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə aldadaraq pullarını ələ keçirmişlər, belə ki, anoloji əməllər ilə məşğul olduğu üçün barələrində Sabunçu Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza tədbiri verildikdən sonra, yəni 2023-cü ilin əvvəllərində dostu Təqsirləndirilən şəxs2 ilə maddi durumları zəif olduğundan razılığa gəlmişlər ki, müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirsinlər. Aralarında əldə olunacaq qazancı iki hissəyə bölməyə dair razılığa gəldikdən sonra o, və Təqsirləndirilən şəxs2 insanları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirmək üçün “Nar” və “Bakcell” mobil operatorlarına məxsus gsm nömrələri elan saytlarından almışlar, gsm nömrələrin heç biri onların adlarına deyilmiş, aldıqları şəxslərin adına olmuş, bundan sonra onlar mobil telefon vasitəsi ilə “tap.az”, “tut.az”, “lalafo” və sair internet səhifələrində iş elanları yerləşdirmişlər, həmin elanlarda onlar “Bakı Mühafizə İdarəsində” və sair yerlərdə mühafizəçi kimi işçi axtardıqlarını qeyd etmişlər. Həmin elanlarda əmək haqqı kimi 1.600 manatdan-3.000 manata kimi məbləğin olmasını qeyd etmişlər ki, elan vətəndaşların diqqətini cəlb etsin. Elanlarda əlaqə nömrəsi kimi Təqsirləndirilən şəxs2 ilə birlikdə başqa şəxslərin adına əldə etdikləri gsm nömrələri qeyd edirmiş və zəng edən şəxslərlə adətən “vatsap” sosial şəbəkəsi üzərindən əlaqə saxlayırmışlar. Onlarla əlaqə saxlayan şəxslərdən ilkin olaraq şəxsiyyət vəsiqələrini göndərmələrini tələb edirmişlər, əlaqə saxlayan şəxslər şəxsiyyət vəsiqələrini göndərdikdən bir müddət sonra həmin şəxslərə ilkin olaraq işləməyə icazə lisenziyası verilməsi üçün müxtəlif məbləğlərdə pulun ödənilməsini tələb edirmişlər. Şəxs pul ödəməyə razılıq verdikdən sonra həmin şəxsə onda və Təqsirləndirilən şəxs2 olan başqa şəxslərin adına qeydiyyatdan keçmiş mobil nömrələr ilə açdıqları M10 hesablarını göndərirmişlər. Əlavə etmişdir ki, başqa şəxslərin adlarına aldıqları mobil telefon nömrələrini “onlayn” qaydada müxtəlif şəxslərdən sifariş edirmişlər və başqa şəxslərin şəxsiyyət vəsiqələrini onlara göndərirmişlər. Vətəndaşları işə düzəltmək adı ilə aldadıb müəyyən məbləğdə pul ələ keçirdikdən sonra əldə etdikləri məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında iki hissəyə bölürmüşlər. Bəzi hallarda pulları bankomat vasitəsilə nağdlaşdırıb aralarında bölürmüşlər, bəzi hallarda isə pulları öz kartlarına göndərərək bölürmüşlər. İstifadə etdikləri 4127- 2093-0176-2164 saylı bank kartı ona məxsus olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 da onun Təqsirləndirilən şəxs2 ilə aldatdığı şəxsdir. Həmin şəxs internet səhifəsində elanla tanış olduqdan sonra 2023-cü ilin avqust ayında onun və Təqsirləndirilən şəxs2 vətəndaşları aldatmaq üçün əldə etdikləri və ümumi istifadələrində olan mobil telefona zəng edərək işə düzəlmək istədiyini bildirmiş, onlar ilkin olaraq həmin şəxslə mobil telefonla danışıb şəxsiyyət vəsiqəsini göndərməsini istəmişlər. Daha sonra iş lisenziyasının alınması, sığorta xərcləri və sair bəhanələr ilə Zərərçəkmiş şəxs1 pul göndərməsini istəmişlər, 2023-cü ilin avqust və sentyabr ayları ərzində onlar Zərərçəkmiş şəxs1 aldadaraq ümumilikdə 1426 manat pul vəsaitini ələ keçirmişlər, həmin vəsaiti onlar istifadələrində olan 055 *** ** ** və 099 *** ** ** saylı mobil nömrələrlə açılmış “M10” hesablarına və 4127- 2093-0176-2164 saylı bank kartına köçürmə yolu ilə ələ keçirmişlər, bank kartı ona məxsus olsa da, M10 hesablarında olan mobil nömrələr başqa şəxslərin adlarına olmuşdur. Lakin faktiki olaraq mobil nömrələr onların özlərinə aid olmuşdur. Pul vəsaitini ələ keçirdikdən sonra bankomatlar vasitəsilə nağdlaşdıraraq aralarında bölmüşlər və şəxsi tələbatlarına xərcləmişlər. Sonuncu vəsaiti aldıqdan sonra həmin şəxslə əlaqəni kəsmişlər və onu nömrənin qara siyahısına salmışlar ki, əlaqə saxlaya bilməsin. Eyni zamanda ikinci aldatdıqları şəxs də Zərərçəkmiş şəxs2dur. Həmin şəxs də internet səhifəsində elanla tanış olduqdan sonra 2023-cü ilin sentyabr ayında onun və Təqsirləndirilən şəxs2 vətəndaşları aldatmaq üçün əldə etdikləri və ümumi istifadələrində olan mobil telefona zəng edərək işə düzəlmək istədiyini bildirmiş, onlar ilkin olaraq həmin şəxslə mobil telefonla danışıb şəxsiyyət vəsiqəsini göndərməsini istəmişlər, daha sonra iş lisenziyasının alınması, siğorta xərcləri və sair bəhanələr ilə Zərərçəkmiş şəxs2 pul göndərməsini istəmişlər, 2023cü ilin sentyabr ayında 2 gün ərzində biz Zərərçəkmiş şəxs2 aldadaraq ümumilikdə 2681 manat pul vəsaitini ələ keçirmişlər. Həmin vəsaiti onlar istifadələrində olan 055 *** ** ** saylı mobil nomrənin M10 hesabına köçürmə yolu ilə ələ keçirmişlər. Pul vəsaitini ələ keçirdikdən sonra M10 hesabdan QR koddan istifadə etmək yolu ilə bankomatlar vasitəsilə nağdlaşdıraraq aralarında bölmüşlər və şəxsi tələbatlarına xərcləmişlər. Sonuncu vəsaiti aldıqdan sonra həmin şəxslə əlaqəni kəsmişlər və onu nömrənin qara siyahısına salmışlar ki, əlaqə saxlaya bilməsin. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində bu üsul ilə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 ümumilikdə 1.426 manat, Zərərçəkmiş şəxs2 isə eyni üsul ilə 2681 manat pul vəsaitini ələ keçirdiklərini, ələ keçirdikləri pul vəsaitinin yarısı ona çatmışdır, həmin pulu da şəxsi gündəlik ehtiyaclarına xərcləyərək istifadə etdiyini, dostu Təqsirləndirilən şəxs2 başqa heç kim ona kömək etmədiyini göstərmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurulmuş ziayın tam ödədiyini, ondan şikayət və tələbin olmadığını bildirərək məhkəmədən ona cəza təyin edərkən bu kimi halları nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2023-cü il tarixdə Lalafo.az saytında işə qəbulla bağlı elan görmüşdür. Elanda qeyd olunan 055 *** ** ** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü “Bakı Mühafizə İdarəsi”nin rəisi Sərdar müəllim kimi təqdim etmiş və bildirmişdir ki, Çilov adasında X2 iş var, həmin işin aylıq əmək haqqısı 2.100 manatdır. O da əmək haqqının yüksək oldunu eşidən kimi onunla razılaşmışdır. Sərdar bildirmişdir ki, 1 nəfər də əlavə yerləri var, tanış adam varsa onu da həmin işə düzəltə bilərlər və o da dərhal xalası oğlu Şahid da eyni işdə çalışması üçün qeydiyyatdan keçirilməsini istəmişdir. Sərdar həmin gün bildirmişdir ki, adaya gedib gəlmək üçün icazə vərəqəsi açılmalıdır və bunun üçün də 186 manat pul vəsaitini 055 *** ** ** mobil nömrəsinin M10 tətbiqində olan hesabına göndərilməlidir. O xalası oğluna bu barədə məlumat vermişdir, lakin onun pulu olmadığı üçün həm onun adından həm də öz adından xx.xx.2023-cü il tarixdə 2 dəfə 186 manat pul vəsaitini 055 *** ** ** mobil nömrəsinin M10 tətbiqindəki hesabına köçürmüşdür. Daha sonra Sərdar bildirmişdir ki, sizin hər ikinizin icazə vərəqəniz hazırdır, indi isə sığorta üçün hər biriniz 476 manat pul ödəməlisiniz. O da xx.xx.2023-cü il tarixdə hissə-hissə 276 manat, 276 manat, 200 manat, 200 manat olmaqla ümumi 952 manat pul vəsaitini həmin M10 tətbiqindəki hesaba köçürmüşdür. Daha sonra yenidən ona yığaraq bildirmişdir ki xalası oğlu Şahid adına cərimə görünür və həmin cəriməni ödəmək lazımdır, o, pulunun artıq olmadığını bildirmişdir, o isə bu pulu ödəməyəcəyi təqdirdə ödədiyi vəsaitin batacağını bildirmişdir və 347 manat pul istəmişdir. Yenə xx.xx.2023-cü il tarixdə 347 manat pulu M10 tətbiqindəki hesaba köçürmüşdür. Lakin 2 saat sonra yenidən yığaraq bildirmişdir ki, xalası oğlunun adına yenidən 500 manat cərimə var onu da ödəmək lazımdı. Məcbur qalıb yenə onun M10 nömrəsinə xx.xx.2023-cü il tarixdə 500 manat pul köçürmüşdür. Ondan sonra yenidən 360 manat pul istəmiş və xx.xx.2023-cü il tarixdə eyni M10 nömrəsinə 360 manat pul köçürmüşdür. Ən son da yenidən bir bəhanə ilə 150 manat pul istəmiş və işi itirməmək üçün M10 nömrəsinə köçürmüşdür. Bir gün sonra yenidən ondan pul istəmiş və ona bildirmişdir ki, artıq pulu yoxdur. O da pulu ödəmirsə indiyə kimi ödədiyi pulların batacağını bildirmişdir. Bu zaman aldadıldığını anlamış və heç bir pul ödəməyəcəyini demişdir. Qarşı tərəf onu sonra “Whatsapp”da qara listə əlavə etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 4 avqust 2023-cü il tarixdə tap.az saytında işə qəbulla bağlı elan görmüşdür. Elanda qeyd olunan 077 *** ** ** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü “Bakı Mühafizə İdarəsi”nin əməkdaşı Adil müəllim kimi təqdim etmiş və bildirmişdir ki, Çilov adasında X2 aylıq əmək haqqısı 2.100 manat olan iş var. O da əmək haqqının yüksək olduğunu eşitdikdə dərhal onunla razılaşmışdır. Adil bildirmişdir ki, adaya gedib gəlmək üçün icazə vərəqəsi açılmalıdır və bunun üçün 286 manat pul vəsaitini 055 *** ** ** mobil nömrəsi ilə qeydiyyatdan keçirilmiş M10 tətbiqində olan hesabına göndərilməlidir. O, xx.xx.2023-cü il tarixdə saat 14:28-də 286 manat pul vəsaitini 055 *** ** ** mobil nömrəsi ilə qeydiyyatdan keçirilmiş M10 mobil tətbiqinə göndərmişdir. Daha sonra özünü “Bakı Mühafizə İdarəsi”-nin rəisi polkovnik Behbud kimi təqdim edən şəxs onu yığmışdır və yenidən 286 manat ödəməyi gərəkdiyini bildirmişdir. O da eyni gündə saat 15:48-də eyni M10 nömrəsinə 286 manat pul köçürmüşdür. 1 saat sonra yəni 16:42-də ondan yenidən bir bəhanə ilə 120 manat pul istəmiş və yenidən eyni m10 nömrəsinə 120 manat pulu köçürmüşdür. xx.xx.2023-cü il tarixdə Vidadi kimi özünü təqdim edən şəxs ona yığmış və sığorta üçün ondan 344 manat pul istəmiş, lakin pulu bu dəfə 099 *** ** ** saylı M10 nömrəsinə köçürməyini istəmişdir. O da qeyd olunan nömrəyə 344 manat pulu köçürmüşdür. xx.xx.2023-cü il tarixdə onunla əlaqə saxlamış və dünənki pulu əskik göndərdiyini bildirmiş və əlavə 100 manat istəmiş və həmin pulu 14:12-də 099 *** ** ** M10 nömrəsinə köçürmüşdür. Təxminən 2 saat sonra 16:50-də 290 manat pul vəsaiti yenidən istəmiş və pulu köçürməyi üçün kart nömrəsi vermişdir. Onun verdiyi “ABB”-yə məxsus 4127 2093 0176 2164 saylı karta (Kart nömrəsini e-manat aparatında Gulali ka*** kimi göstərilirdi) 290 manat pul ödəmişdir. 1 gün sonra yenidən ondan pul istəmiş və ona bildirmişdir ki, artıq pulu yoxdur. O da pulu ödəmirsə indiyə kimi ödədiyi pulların batacağını bildirmişdir. Bu zaman aldadıldığını anlamış və heç bir pul ödəməyəcəyini demişdir. Qarşı tərəf onu sonra “Whatsapp”da qara listə əlavə etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid Qabil oğlunun ifadəsi elan olunmuşdur. Şahid Qabil oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 xalası oğludur. Onunla yaxşı münasibəti vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. 10 sentyabr 2023-cü il tarixdə Səməndər mənə zəng edərək elan saytlarına baxan zaman orda Bakı şəhərində “Bakı Mühafizə İdarəsi”də yüksək maaşla mühafizəçi işi olması barədə elan gördüyünü bildirmişdir. Səməndər özünün həmin şirkətdə işə düzəlməsi barədə müraciət etdiyini bildirmişdir. Ondan həmin işə düzəlmək istəyib-istəmədiyini soruşmuşdur. O, da xahiş edərək özünün də həmin işə düzəlməyi üçün köməklik göstərməsini bildirmişdir. Lakin Səməndər müəyyən sənədlərin hazırlanması, sığorta xərcləri üçün pul tələb olunduğunu ona bildirmişdir. O, da Səməndərə hazırda pulu olmamasını, Səməndərin onun yerinə pul verməsini, özünün işləyə-işləyə qaytaracağını bildirmişdir. Bundan sonra Səməndər onunla razılaşmışdır. Sonra isə Mühafizə İdarəsində Sərdar adlı şəxslə danışdığını, hər ikisinin xərclərini ödədiyini bildirmişdir. Həmin ərəfədə Səməndər zəng edərək evdə olmadığını və təcili olaraq o dediyi hesaba 186 manat pul göndərmək lazım olduğunu bildirmişdir. O, da Şəki şəhərində Bazarstoredə quraşdırılmış MilliÖN ödəmə terminalından ***-***-**-** saylı mobil nömrənin M10 hesabına 186 manat pul göndərmişdir. Səməndər növbəti gün yenə zəng edərək adlarına cərimələr olmasını və bunun üçündə əlavə ödənişlər etdiyini ona bildirmişdir. Səməndər ümumilikdə həmin şəxslərə 2681 manat pul göndərmişdir. Sonradan isə həmin şəxslər Səməndərin pulunu ələ keçirdikdən sonra nömrəsini bloka atmışlar və zənglərinə cavab verməmişlər. Səməndər artıq aldadılaraq pulunun ələ keçirilməsini bilmiş və göndərdiyi 186 manat pulu özü şəxsən ona qaytarmışdır. Bundan bir müddət sonra Səməndərin baş vermiş hadisə ilə bağlı olaraq şikayət etdiyini bilmişdir. Şəxsən heç bir şəxslə işə düzəlməyiylə bağlı danışmamışdır. Bütün danışıqlar Səməndər tərəfindən olmuşdur. Ona heç bir maddi ziyan dəyməmişdir. Buna görə də şikayət və tələbim yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan: -qəbzlərin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən +**********13 saylı m10 hesabına, xx.xx.2023-cü il tarixdə, saat 11:53-də 186 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:42-də 186 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:30-da 276 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:32-də 276 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:48-də 200 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:49-da 200 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:21-də 347 manat, xx.xx.2023-cü il tarixdə, saat 18:27-də 500 manat, xx.xx.2023-cü il tarixdə, saat 09:51-də 360 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:15-də 150 manat pul köçürülmüşdür. -qəbzlərin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən +**********29 saylı m10 hesabına, xx.xx.2023-cü il tarixdə, saat 14:28-də 286 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:48-də 286 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:42-də 120 manat, xx.xx.2023-cü il tarixdə, saat 17:12-də 344 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:12-də 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:50-də 290 manat pul köçürülmüşdür. -Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. -Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)-153/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir və Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 21-1/54014/17 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Ona təyin edilmiş 02 il 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 03 gün hissəsi icra olunmuş, 01 il 07 ay 07 gün hissəsi icra edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən məktubda texniki səhvə yol verilmiş, belə ki, Təqsirləndirilən şəxs1 hökmlə təyin edilmiş 02 il 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının icra olunmuş 07 ay 03 gün hissəsi çıxılanda 01 il 07 ay 07 gün yox, 01 il 05 ay 05 gün hissəsi icra edilməmiş qalmışdır. Məhkəmə qeyd edir ki, məhkəmədə baxılan hazır ki, cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə gedişində Təqsirləndirilən şəxs2 məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tamamilə ödədiyini və cinayət nəticəsində vurulmuş ümumi 4107 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 1027 manat pul vəsaitini dövlət büdcəsinə ödəniş etdiyini bildirirərək onun barəsində CM-nin 73-1.2-ci maddəsini tədbiq etməklə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq Ağdam rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işinə xitam verilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Kazımov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin icraatına xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 dəymiş maddi ziaynı tamamilə ödəməsi və zərəçəkmiş şəxslərlə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 cəzasını CM-in 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinməli, ona CMnin 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 il, 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 05 gün müddətə cəzası bu hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 4(005)-1507/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən 18 oktyabr 2023-cü il tarixdən 18 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya qrumuna həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək vəzifəsi, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində qeyd edilən cəza növünü seçərkən təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərcləri yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il, 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 05 (gün) gün müddətə cəzası bu hökmlə ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 4(005)-1507/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən 18 oktyabr 2023-cü il tarixdən 18 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar