Məhkəmə qərarları › İş №1(014)-10/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-10/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-10/2023 13.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" ASC-nin “X1 Şəbəkəsi” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 18 avqust 1996-cı ildə Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, "xxxx" ASC Mingəçevir REŞ MMC-nin mülkiyyətində olan dövlət və ictimai əhəmiyyətli elektrik xəttlərini gizli olaraq talamaqla xeyli miqdarda oğurluq etmişdir. Belə ki, o, 2022-ci ilin yanvar ayının sonlarında “Mingəçevir REŞ“ MMC-nin balansında olan istismarı dayandırılmış 220 kv-luq 2-ci Mingəçevir hava elektrik verilişi xəttinin Ağdaş rayon Qarağan-Şıxlar kəndi ərazisindən keçən hissəsindən 124-125-126- 127 saylı dayaqlar arası, alüminium və mis əsaslı ərintidən hazırlanmış, çox damarlı, izolyasiyasız, burulmuş (tros) şəkildə olan bir metri 6 manat dəyərində 1800 metr uzunluqda ASU 300 tipli dövlət və ictimai əhəmiyyətli elektrik xəttini kəlbətinlə qanunsuz olaraq kəsib özgə əmlakını gizli olaraq talamaqla oğurlamış, bununla da "xxxx" ASC Mingəçevir REŞ MMC-yə xeyli miqdarda, yəni ümumilikdə 10800 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 117.2.4-cü maddələri ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində Ağdaş rayonu, Qarağan-Şıxlar kəndində yaşadığını, hazırda evil olduğunu və bir azyaşlı övladının olduğunu, eyni zamanda İkinci Qarabağ müharibəsinin iştirakçı olduğunu, hazırda heç bir yerdə işləmədiyini, xx.xx.2022-ci il tarixdə Azərenerji ASC-nin “X1 Şəbəkəsi” MMC-nin direktorunun Ağdaş RPŞ-yə müraciəti ilə tanış olduğunu, 2022-ci ilin yanvar ayının sonlarında yaşadığı Ağdaş rayonu, Qarağan-Şıxlar kəndinin yaxınlığından keçən yüksək gərginlikli elektrik dirəyinin aşmış vəziyyətdə olduğunu, həmçinin yerdə qırılmış vəziyyətdə elektrik xəttinin olduğunu gördüyün, həmin vaxt həmin elektirik naqillərinin uzun vaxt ərzində işlək olmadığını bildiyi üçün həmin elektirik naqillərindən təxminən 20 metrini əlində olan kəlbətinlə kəsərək oğurladığını, həmin elektrik naqillərini topalayaraq özünə məxsus həyətyanı torpaq sahəsinə apardığını və səhəri gün həmin elektrik naqillərini kənd ərazisinə tez-tez Qaz markalı yük maşını ilə gələrək metal qəbul edən Ceyhun adlı şəxsə tərəzi ilə çəkdikdən sonra 156 manat pul qarşılığında satdığını, Ceyhun adlı metal qəbul edən şəxsə həmin naqilləri satarkən tərəzidə çəkdikdə ümumi olaraq naqillərin çəkilərinin 65 kiloqram olduğunu, həmin elektirik xəttlərini sahədən kəsərək oğurladıqdan sonra həmkəndlisi Kamran adlı şəxsin idarə etdiyi “VAZ 2107” markalı avtomaşına yükləyərək öz yaşadığı həyətə apardığını, həmin elektirik naqillərini sataraq əldə etdiyi 156 manat pulun 60 manatını Kamrana verdiyini, özünün həmin kabellərin istismara yararsız vəziyyətdə olduğunu güman edərək həmin naqilləri oğurladığını, xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra xx.xx.2022-ci il tarixdə buraxılıb evinə getdiyini və bu zaman kənddə həmkəndlisi Etibar Abdullayevin özünə məxsus çöl sahəsindən həmin məftillərdən tapdığını və bu barədə Qarağan-Şıxlar icra nümayəndəsi İsa müəllimə məlumat verdiyini, İsa müəllimin də bu barədə polis şöbəsinə məlumat verdiyini və polis əməkdaşlarının kəndə gələrək həmin yerə baxış keçirdiklərini və bununla bağlı araşdırma apardıqlarını, ailəsi və azyaşlı uşağını xəstə olduğundan maddi sıxıntıda olduğundan belə bir hərəkətə yol verdiyini, hazırda etmiş olduğu əməldən çox peşman olduğunu, həmin naqilləri satdıqdan sonra əldə etdiyi pulları xəstə uşağının müalicəsinə xərclədiyini, həmin ərazidən 1800 metr elektrik xəttini oğurlamadığını, ümumi olaraq təxminən 20 metr elektirik xətti oğurladığını, həmin kabeli özü tək kəsib yolun kənarına çıxartdığını, bundan sonra həmkəndlisi Kamran adlı şəxsə zəng edərək həmin yerə çağırdığını, Kamranın da idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla yanına gəldiyini və onların birlikdə həmin kabeli Kamranın avtomobilinin yük yerinə qoyaraq özünün yaşadığı həyətin yanındakı bağ yerinə apardığını, həmin elektrik xəttini oğurlayaraq apararkən Kamrana həmin elektrik xəttinin oğurluq olmasını bildirmədiyini, lakin Kamranın həmin elektrik kabelinin onun oğurlamasını bildiyini düşündüyünü, Ceyhuna heç bir söz demədiyini, ümumiyyətlə Ceyhunun ondan heç nə soruşmadığını, özünü ona təklif etdiyini və Ceyhunun ona 156 manat pul verərək həmin naqilləri qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş "xxxx" ASC-nin “X1 Şəbəkəsi” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində Mingəçevir REŞ MMC-də aparıcı mütəxəssis (hüquqşünas) vəzifəsində 2022-ci ilin iyul ayının 1-dən işlədiyini, həmin MMC-də işləməyə başlayandan sonra 2022-ci ilin fevral ayının əvvəllərində X9 xəttinin rəisi əvəzi Şahid4 iş yerində olan zaman əməkdaşları Şahid3, Fidayil Mustafayev və Elşad Abbasovla xidməti avtomobillə əraziyə baxış keçirilməsi üçün Göyçay şəhərinə gedərkən yolda Şahid4 zəng edərək yolla gedən zaman Mingəçevir REŞ MMC-nin balansında olan, müvəqqəti olaraq istismarı dayandırılmış 220 kilovoltluq Mingəçevir-Qəbələ hava xəttinin Ağdaş rayonu Qarağan-Şıxlar kəndi ərazisindən keçən 124125-126-127 saylı dayaqları arasında olan hissəsinin qoparaq yerə düşdüyünü gördüklərini və bunu gördükdən sonra dərhal reaksiya verərək həmin əraziyə getdiklərini, oraya baxış keçirən zaman həmin hava xəttinin 124-125-126-127 saylı dayaqları arasında olan ASU-300 tipli məftillərin 1800 metr hissəsinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanmasını müəyyən etdiklərini bildirdiklərini, Şahid4 da dərhal bu barədə Mingəçevir REŞ MMC-nin rəhbərliyinə məlumat verdikdən sonra həmin əraziyə getdiyini, orada olan zaman Ağdaş rayon Polis şöbəsinə bu barədə məlumat verdikdən bir qədər sonra oraya polis əməkdaşlarının gələrək hadisə yerinə baxış keçirdiklərini, həmin baxışda Şahid4 özünün iştirak etdiyini, digər əməkdaşların isə baxış zamanı orada qalmayaraq oradan öz xidməti işlərinə nəzarət etmək üçün digər əraziyə getdiklərini, ümumilikdə dayaqlar arasında bir qayda olaraq 3 cərgə olmaqla hər birinin uzunluğu 400 metr olan 3 fazada məftillər çəkildiyini, həmçinin, 124, 125, 126 və 127 saylı dayaqlar arasında olan məftillərin də 3 fazadan, yəni 3 cərgədə asılmış vəziyyətdə olduqlarını, dayaqlar arasında bir cərgənin uzunluğunun 400 metr təşkil etməklə 3 fazaya vurulduqda ümumilikdə 1200 metr təşkil etdiyini, həmin dayaqlardan 124-125 və 125-126 saylı dayaqlar arasında 2 cərgədə məftillərin tam olaraq oğurlandığından 1600 metr təşkil etdiyini, 126-127 saylı dayaqlar arasında isə 1 cərgədə olan 400 metr uzunluqda məftilin yarısı, yəni 200 metrinin oğurlandığını, bu səbəbdən də ümumilikdə məktubda 1800 metr uzunluqda kabellərin oğurlanmasının göstərildiyini, baş vermiş oğurluq nəticəsində Mingəçevir REŞ MMC-yə ümumilikdə 13395 (on üç min üç yüz doxsan beş) manat maddi ziyan dəydiyini, ibtidai istintaqda aparılmış ekspert rəyi ilə razı olsa da, lakin həmin oğurluq nəticəsində iki dayaq da aşdığından onların bərpası üçün əlavə xərclər çəkilməli olduğunu, bu səbəbdən də dəymiş ziyanın ümumilikdə 13395 (on üç min üç yüz doxsan beş) manat olmasını göstərdiyini bildirmişdir. Zərərçəkmiş şəxs "xxxx" ASC-nin “X1 Şəbəkəsi” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq “X1 Şəbəkəsi” MMC-yə dəymiş 10800 manat maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşadığını, Mingəçevir REŞ MMC -də X9 Xəttlərinin xətt ustası vəzifəsində 2004-cü ildən işlədiyini, 2022-ci ilin fevral ayının əvvəllərində o, iş yoldaşları Şahid2 və Elşad Abbasovla xidməti avtomobillə əraziyə baxış keçirilməsi üçün Göyçay şəhərinə gedərkən Mingəçevir REŞ MMC-nin balansında olan, müvəqqəti olaraq istismarı dayandırılmış 220 kilovoltluq Mingəçevir-Qəbələ hava xəttinin Ağdaş rayonu Qarağan- Şıxlar kəndi ərazisindən keçən 124-125-126-127 saylı dayaqları arasında olan hissəsinin qoparaq yerə düşdüyünü gördüklərini və bunu gördükdən sonra dərhal reaksiya verərək həmin əraziyə getdiklərini, oraya baxış keçirən zaman həmin hava xəttinin 124-125-126- 127 saylı dayaqları arasında olan ASU-300 tipli məftillərin 1800 metr hissəsinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanmasını müəyyən etdiklərini, dərhal bu barədə Mingəçevir REŞ MMC-nin rəhbərliyinə məlumat verdiklərini və bir qədər sonra həmin əraziyə Mingəçevir REŞ MMC-nin X9 xəttinin rəisi əvəzi Şahid4 gəldiyini, daha sonra Ağdaş rayon Polis şöbəsinə bu barədə məlumat verdiklərini və bir qədər sonra oraya polis əməkdaşlarının gələrək hadisə yerinə baxış keçirdiklərini, həmin baxışda Şahid4 özünün iştirak etdiyini, digər əməkdaşların isə baxış zamanı orada qalmayaraq oradan öz xidməti işlərinə nəzarət etmək üçün digər əraziyə getdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid X2 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayonunda yerləşən dörd yol ayrıcında fərdi qaydada dəmir qəbulu ilə məşğul olduğunu, bundan başqa idarə etdiyi “Ford” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağdaş rayon ərazisində yerləşən kəndlərə gedərək tullantı metal qəbul etdiyini, qəbul etdiyi metalları hər ay Bakı şəhərinə aparıb oraya təhvil verdiyini, təxminən 2022-ci ilin yanvar ayında Ağdaş rayonu, Qarağan-Şıxlar kəndində metal qəbul edərkən həmin vaxt bir nəfər Tərlan adlı şəxsin ona yaxınlaşdığını və Tərlanın ona özündə aliminium metal olduğunu bildirdiyini və Tərlan adlı şəxs ilə razılaşdığını və onun yaşadığı ünvana getdiyini, həmin ünvanda Tərlanın ona təqdim etdiyi metala baxdıqda həmin metalların təxminən 1,5 metr məsafədə olmaqla hissələrlə kəsilmiş vəziyyətdə olan aliminium metal olmasını gördüyünü, Tərlan ilə həmin metalları tərəzi ilə çəkdiyini və ümumi olaraq həmin elektirik xəttlərinin, yəni hissələrə bölünmüş aliminiumun çəkisinin 65 kiloqram olduğunu, həmin aliminium hissələrinin 1 kiloqramını 2 manat 20 qəpikdən hesablayaraq ümumi olaraq Tərlan adlı şəxsə 156 manat pul verdiyini, həmin metalların hissə-hissə olduğunu gördüyü üçün həmin metalların oğurluq olduğunu güman etmədiyini, bundan başqa Tərlan adlı şəxsdən metalları alarkən ondan həmin metalları haradan və kimdən əldə etməsini soruşduqda Tərlanın ona metalların özünə məxsus olduğunu, köhnə evinin elektirik naqilləri olduğunu və istifadəyə yararsız olduğundan satmaq istədiyini bildirdiyini, bu səbəbdən ona inanaraq həmin naqilləri ondan aldığını, ümumiyyətlə özü metal qəbul edərkən həmin şəxsin kimliyini və satmaq istədiyi metalı haradan əldə etdiyini soruşduqda həmin metalın yararsız olduğuna əmin olduqdan sonra metalı qəbul etdiyini, özünə məxsus avtomaşınla kəndləri gəzərək tullantı metal qalıqlarını qəbul etdiyini və müəyyən bir çəki olduqda həmin yükü Bakı şəhərinə apardığını, eyni zamanda Tərlan adlı şəxsdən almış olduğu metalları metal qəbulu zavoduna təhvil verdiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Mingəçevir şəhəri, Şahid3 küçəsi ev 6/2, mənzil 4 ünvanında yaşadığını, Mingəçevir REŞ MMC-də X9 Xəttlərinin xidməti rəisi əvəzi vəzifəsində işlədiyini, 2022-ci ilin fevral ayının əvvəllərində o, iş yerində olan zaman onların əməkdaşları Şahid3, Şahid2 və Elşad Abbasovla xidməti avtomobillə əraziyə baxış keçirilməsi üçün Göyçay şəhərinə getdiklərini, bir qədər sonra əməkdaşların ona zəng edərək yolla gedən zaman Mingəçevir REŞ MMC-nin balansında olan, müvəqqəti olaraq istismardan çıxarılmış 220 kilovoltluq Mingəçevir-Qəbələ hava xəttinin Ağdaş rayonu Qarağan-Şıxlar kəndi ərazisindən keçən 124-125-126-127 saylı dayaqları arasında olan hissəsinin qoparaq yerə düşdüyünü gördüklərini və bunu gördükdən sonra dərhal reaksiya verərək həmin əraziyə getdiklərini, oraya baxış keçirən zaman həmin hava xəttinin 124- 125-126-127 saylı dayaqları arasında olan ASU-300 tipli məftillərin 1800 metr hissəsinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanmasını müəyyən etdiklərini bildirdiklərini, o da dərhal bu barədə Mingəçevir REŞ MMC-nin rəhbərliyinə məlumat verdikdən sonra həmin əraziyə getdiyini, daha sonra Ağdaş rayon Polis şöbəsinə bu barədə məlumat verdiklərini və bir qədər sonra oraya polis əməkdaşlarının gələrək hadisə yerinə baxış keçirdiklərini, həmin baxışda özünün də iştirak etdiyini, digər əməkdaşların isə baxış zamanı orada qalmayaraq oradan öz xidməti işlərinə nəzarət etmək üçün digər əraziyə getdiklərini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Ağdaş rayon Qarağan-Şıxlar kəndində yaşadığını, hazırda evli olduğnu və iki azyaşlı övladının olduğunu, heç bir yerdə işləmədiyini, heç bir xəstəlik keçirmədiyini və səhhətində heç bir narahatlığı olmadığını, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin “X1 Şəbəkəsi“ MMC-nin direktorunun Ağdaş RPŞ-yə müraciəti ilə tanış olduğunu, 2022-ci ilin yanvar ayının sonlarında yaşadığı Ağdaş rayonu, Qarağan-Şıxlar kəndində olarkən saat təxminən 18-19 radələrində əvvəllər tanıdığı həmkəndlisi Təqsirləndirilən şəxs zəng edərək ona metal aparmaq istədiyini və bunun üçün ona nəqliyyat vasitəsi lazım olduğunu bildirdiyini, bundan sonra atasına məxsus etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərlanın olduğu yerə gəldiyini və orada Tərlanla görüşdüyünü, Tərlanın ona bir daha kəndin giriş hissəsində dəmir tullantısı olduğunu və həmin metalı onun yaşadığı ünvana aparmağını ondan xahiş etdiyini, bundan sonra Tərlanla birlikdə özünün idarə etdiyi avtomobillə həmin yerə getdiklərini, özünün avtomobildən yerə düşmədiyini, Tərlanın özünün avtomobilin arxa yük yerini açaraq oradan dəmirləri idarə etdiyi avtomobilin yük yerinə yüklədiyini, bundan sonra həmin yükü özünün idarə etdiyi avtomobillə Tərlanın yaşadığı ünvana gətirdiklərini və orada həmin yükü Tərlanın avtomobildən öz yaşadığı həyətə boşaltdığını, təxminən 2-3 gün sonra kənd ərazisindəki çayxanada Tərlanla görüşdüklərini, Tərlanın həmin vaxt ona 45 manat pul verdiyini, eyni zamanda həmin pulun bir qismini ona borclu olduğu pulun qalığı olduğunu, özünün ona həmin yükü apararkən dəmir parçalarını haradan əldə etdiyini, kimə məxsus olduğunu soruşmadığını, avtomobilinə yüklənən yükün elektrik naqilləri olmasını bilmədiyini, çünki avtomobildən düşmədiyini, Tərlanın da ona bu barədə heç nə demədiyini, Təqsirləndirilən şəxs elektirik naqillərini oğurlamağından heç bir məlumatı olmadığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3330 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 1 ədəd 65 sm uzunluğunda (870 qram), aliminium və mis əsaslı ərintidən hazırlanmış, çox damarlı, izolyasiyasız, burulmuş (tros) şəkildə olan naqilin (ASU 300 tipli) istifadədə olması nəzərə alınmaqla 1800 metrinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10800,00 (1800 metr x 6 man) manat müəyyən olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2110 saylı ekspert rəyindən görünür ki; - 1 əddə 0,65 metr uzunluğunda ASU 300 tipli aliminum və polad əsaslı ərintidən hazırlanmış naqilin çəkisi 870 qram olduğu təqdirdə, 65 kq çəkidə həmin naqilin ümumi uzunluğu təxminən 48.5 metr olar. - Aliminum və polad əsaslı ərintidən hazırlanmış, çox damarlı, izoliyasiyasız, burulmuş (tros) şəkildə olan naqilin (ASU 300 tipli) istifadə olması nəzərə alınmaqla 48.5 metrinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 291,00 (48,5 metr x 6 man.) manat müəyyən olunur. - Aliminium və polad əsaslı ərintidən hazırlanmış, çox damarlı, izoliyasiyasız, burulmuş (tros) şəkildə olan naqilin (ASU 300 tipli) istifadə olması nəzərə alınmaqla 79 metrinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 474,0 manat (79 metr x 6 man.), 49 metrinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 294,0 manat (49 metr x 6 man.) müəyyən olunur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, № 168 saylı arayışdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qarağan Şıxlar kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı – xx.xx.1997-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2371 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamıilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şahid4 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Şahid4 üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:15də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 4(014)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət əsasında verilmiş təqdimat təmin edilməmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 4(107)-20/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(014)-24/2022 saylı qərarından Ağdaş rayon prokuroru, ədliyyə müşaviri Tural İbrahimovun təqdimatı təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(014)-24/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 300 manat məbləğində dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in 177.2.3-2-ci maddəsi ilə yanaşı həm də, CM-in 177.2.4-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. İşin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4cü maddəsi ilə ittiham verilərkən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği 10800 manat kimi qəbul edilmişdir. Halbuki, iş üzrə verilmiş 26 may 2023-cü il tarixli 9/2110 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd 0,65 metr uzunluğunda ASU 300 tipli aliminum və polad əsaslı ərintidən hazırlanmış naqilin çəkisi 870 qram olduğu təqdirdə, 65 kq çəkidə həmin naqilin ümumi uzunluğu təxminən 48,5 metr olar. Aliminum və polad əsaslı ərintidən hazırlanmış, çox damarlı, izoliyasiyasız, burulmuş (tros) şəkildə olan naqilin (ASU 300 tipli) istifadə olması nəzərə alınmaqla 48,5 metrinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 291,00 (48,5 metr x 6 manat) manat müəyyən olunur. Aliminium və polad əsaslı ərintidən hazırlanmış, çox damarlı, izoliyasiyasız, burulmuş (tros) şəkildə olan naqilin (ASU 300 tipli) istifadə olması nəzərə alınmaqla 79 metrinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 474,0 manat (79 metr x 6 manat), 49 metrinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 294,0 manat (49 metr x 6 manat) müəyyən olunur. Ümumiyyətlə, təqsirləndirilən şəxsin 1800 metr uzunluqda elektrik naqillərini ittihamda qeyd olunduğu kimi kəlbətinlə kəsməsi və daşımazı fiziki cəhətdən ağlabatan olmamaqla yanaşı, heç bir sübutla da təsdiqini tapmır, əksinə, Şahid1 ifadəsində Tərlandan cəmi 65 kq çəkidə elektrik naqillərini aldığını (hansı ki, ekspert rəyinə əsasən həmin çəkidə naqilin uzunluğu 48,5 metr olar), digər Şahid5 da Tərlanın elektrik naqillərini onun “VAZ 2107” markalı avtomobilinə özünün tək yüklədiyini bildirməsi həmin naqillərin əvvəla tək yüklənilə biləcək həcmdə olmasını, həm də minik avtomobilinə yerləşməsinin mümkün olduğunu təsdiq edir. Zərərçəkmiş şəxsin nümayəndəsinin və həmin qurumu təmsil edən şahidlərin 1800 metr uzunluğunda naqillərin oğurlanmasına dair verdikləri ifadələrlə bağlı məhkəmə qeyd edir ki, əvvəla həmin şəxslər 1800 metr uzunluqda naqillərin məhz Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirmirlər və bunu təsdiq edəcək heç bir sübut təqdim etməyiblər, həmçinin, 1800 metr uzunluqda naqillərin hətta həqiqətən oğurlanması belə bu naqillərin məhz Təqsirləndirilən şəxs tərəfindən oğurlanması kimi qiymətləndirilə bilməz. Verilmiş ittihamda isə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış naqillərin uzunluğunun 1800 metr olmasına dair heç bir real sübut yoxdur. Yalnız şahid ifadələri əsasında naqillərin çəkisi bilinir ki, bunun əsasında ekspert rəy vermişdir ki, həmid çəkidə (65 kq) naqillərin uzunluğu 48,5 metr olar. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətini ehtiva edir. Özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndində qeyd olunmuşdur ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə görə qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir Məhkəmə qeyd edir ki, işin mexanizminə uyğun gəlməyən halları qeyd etməklə sübut toplanması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan edilərək məhkəməyə verilməsinə səbəb olmuşdur. Məhkəmə isə məhkəmə istintaqının nəticəsində belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı bu halda yanlışlığa yol vermiş və düzgün olmayaraq təqsirləndirilən şəxsin əməlini əlavə olaraq CM-in 177.2.4-cü maddəsi ilə də tövsif etmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə istintaqı zamanı təsdiq olunmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi Təqsirləndirilən şəxs verilmiş itihamdan xaric edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 maddəsinə əsasən oğurluq, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2 maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən istintaq zamanı dəymiş zərərin aradan qaldırılması üçün oğurlanmış əmlakın yerini bildirməklə istintaq orqanına kömək etməsi, himayəsində bir azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, “İİ Vətən Müharibəsi” iştirakçısı olmasını və medallarla təltif edilməsini, əməlindən peşman olmasını, qismən səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini qismən boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanması təsdiq olunan xəttlərin dəyəri 291 manat müəyyən olunur. Təqsirləndirilən şəxs isə 300 manat mülki iddiaçının hesabına ödəmiş və bu barədə qəbzi məhkəməyə təqdim etmişdir. Belə olan halda isə mülki iddia təmin edilə bilməz. İş üzrə maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə sürülən ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Mülki iddia təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar