Məhkəmə qərarları › İş №1(014)-101/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-101/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-101/2022 12.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X5 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, Ağdaş şəhəri H.Əliyev prospekti ev 1/11-də qeydiyyatda olan və Ağdaş şəhəri H.Aslanov küçəsi ev 16-da yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə «polisin nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 oktyabr 2022-ci il tarixdə saat 11:00-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,708 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Səma” şadlıq sarayının yaxınlığında saxlanılaraq Ağdaş RPŞ-nə gətirilərək NH-də üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindəki qara rəngli “Nokia” markalı mobil telefonun arxa hissəsindən 01 ədəd kağız bükülüdə təmiz çəkisi 0,662 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin şalvarın bel hissəsindən isə quru maddəsinin midarı 0,046 qram olan 01 ədəd 2 ml-lik şprisdə həcmi 0,2 ml olan maye halında kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhlulu aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində o, ilk dəfə təxminən 2 il bundan əvvəl narkotik vasitə olan heroindən istifadə etmiş, lakin sonradan bu zərərli vərdişi tərgitmiş, buna baxmayaraq təxminən 3-4 ay əvvəl yenidən narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 09:10 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı barəsində onlarda məlumat olmasını bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmiş, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədǝd "Nokia" markalı mobil telefon aşkar edilmiş, həmçinin əyində olan idman şalvarının kəmərlik hissəsindən 01 ədəd içərisində az miqdarda qarışdırılmış maye halında maddə olan şpris və 01 ədəd qırılmış formada şüşə ampula aşkar edilmişdir. Daha sonra aşkar edilmiş mobil telefonun arxası açılan zaman oradan 01 ədəd kağız büküm aşkar edilmiş, bundan sonra həmin kağız büküm açılmış və içərisindən qəhvəyi rəngli toz və kristal halında olan narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Daha sonra həmin kağız büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1,25 qram olmuşdur. Bundan sonra üzərindən aşkar edilmiş 01 ədəd kağız büküm, 01 ədəd içərisində maye olan şpris vǝ 01 ədəd qırıq formada olan şüşə ampula kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulmuş, özü və digər proses iştirakçıları həmin zərfin üzərinə imza etmiş, bundan sonra onun üzərindən aşkar edilmiş 01 ədəd "Nokia" markalı mobil telefon da kağız zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş və həmin kağız zərfə də imza etmişlər. Şəxsi axtarış video çəkilş vasitəsi ilə aparılmış, bu barədə protokol tərtib olunmuş, özü və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etmişlər. Üzərindən aşkar edilmiş həmin narkotik vasitəni təxminən bir həftə əvvəl Bakı şəhərindən hazırda dəqiq olaraq xatırlamadığı yerdən yolun kənarından tapmış, həmin kağız bükümü tapdıqdan sonra açıb içərisinə baxmış və həmin kağız bükümün içərisindəki maddənin narkotik maddə olmasını bilmiş, narkotik maddələrin istifadəçisi olduğu üçün həmin kağız bükümdə olan narkotik maddəni özü istifadə etməyi üçün üzərində saxladığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospekti 1/11-də qeydiyyatda olan, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olmuş, həmin məlumat əsasında özü tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə zaman Təqsirləndirilən şəxs yolun kənarı ilə piyada getməsini görmüş, bundan sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirərək, bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər. Hüseyin də onlarla birlikdə Ağdaş RPŞ-nə gəlmişdir. RPŞ-də Hüseynə dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon, idman şalvarının kəmərlik hissəsindən 01 ədəd içərisində az miqdarda qarışdırılmış və maye halında maddə olan şpris və 01 ədəd qırılmış formada şüşə ampula da aşkar edilmişdir. Daha sonra aşkar edilmiş telefona baxış keçirilərkən telefonun arxasından 01 ədəd kağız büküm aşkar edilmiş, həmin kağız büküm açıldıqda içərisindən qəhvəyi rəngli toz və kristal halda olan narkotik maddə aşkar olunmuş, Hüseyn həmin maddənin narkotik vasitə olduğunu və istifadə etmək üzərində saxladığını demişdir. Sonra həmin kağız büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1,25 qram olmuş, həmin kağız büküm, 01 ədəd içərisində az miqdarda maye olan şpris və qırılmış ampula kağız zərfə qablaşdırılmış, bundan sonra zərfin üzərinə möhür vurulmuş, özü və digər iştirakçılar zərfə imza etmişlər. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni təxminən bir həftə əvvəl Bakı şəhərində yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 08 iyun 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 09:51-dən saat 10:02-ə dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon, idman şalvarının kəmərlik hissəsindən 01 ədəd içərisində az miqdarda qarışdırılmış və maye halında maddə olan şpris və 01 ədəd qırılmış formada şüşə ampula da aşkar edilmişdir. Daha sonra aşkar edilmiş telefona baxış keçirilərkən telefonun arxasından 01 ədəd kağız büküm aşkar edilmiş, həmin kağız büküm açıldıqda içərisindən qəhvəyi rəngli toz və kristal halda olan narkotik maddə aşkar olunmuş, həmin kağız büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1,25 qram olmuş, həmin kağız büküm, 01 ədəd içərisində az miqdarda maye olan şpris və qırılmış ampula kağız zərfə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, zərfin üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/462 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış və imzalar yazılmış zərfin içərisindəki: -01(bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,662 qran olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. -01 (bir) ədəd 2ml-lik şprisdə həcmi 0,2 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhluludur. Heroin məhlulunda heroinin quru maddəsinin təmiz çəkisi – 0,046 qramdır. -01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə ampulanın içərisində heroin izləri vardır. Təqdim olunmuş 01(bir) ədəd şprisdə olan heroin məhlunun kimyəvi tərkib komponentləri dəyişdiyindən (məhlul formasında olduğuna görə) onun 01(bir) ədəd kağız bükümdə olan heroin ilə müqayisəli tədqiqatı aparılmadı. Təqdim olunmuş 01(bir) ədəd şüşə ampulada olan heroin izləri cüzi miqdarda olduğundan onun təqdim olunmuş 01(bir) ədəd kağız bükümdə olan heroin ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1046 nömrəli rəyində göstərmişir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 iyun 2022-ci il tarixli 1199 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ğıdakı şəxslərdən ibarətdir: X1 atası; X2-anası; X4 qardaşıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 iyun 2022-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 iyun 2022-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 09:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,708 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, əməlin cinayət olmasını aradan qaldıran və cinayət məsuliyyətindən azad edən hallar yoxdur, buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan 0,612 qram heroin və 01 ədəd şprisdə 0,1 ml heroin məhlulu və içərisində heroin izləri olan 01(bir) ədəd şüşə ampula məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 27 saat hüquqi xidmətə görə 162 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0,612 qram heroin və 01 ədəd şprisdə 0,1 ml heroin məhlulu və içərisində heroin izləri olan 01(bir) ədəd şüşə ampula hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 27 saat hüquqi xidmətə görə 162 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar