Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-103/2022 28.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1994-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmayan, Ağdaş şəhəri M.F.Axundov küçəsi 30 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, o, 2022-ci ilin aprel ayının ortalarında ünvan 1 ünvanında yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq xeyli miqdarda, yəni 15 ədəd narkotik tərkibli çətənə bitkisini əkib, aqrotexniki qaydada qulluq edərək yetişdirməkə kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə saat 16:40-dan 17:04-dək Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində əkib aqrotexniki qaydada qulluq edərək kultivasiya etməklə yetişdirdiyi 7 ədəd dibçəklərdə və 8 ədəd isə torpaq sahədə olan, ümumi çəkiləri 890 qram narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən 15 ildir narkotik vasitə olan marixuana istifadə etdiyini və 2022-ci ilin aprel ayının ortalarında təxminən 6-7 ildir özündə saxladığını, çətənə bitkisinin toxumlarını yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətində və 7-8 ədəd dibçəkdə əkdiyini, bundan sonra əkmiş olduğu bitkilərə qulluq etdiyini, yəni su verərək və dibini yumuşaldaraq təmizlədiyni, təxminən 2022-ci ilin aprel ayının axırlarında dibçəkdə olan şitillərdən 8 ədəd şitili kökündən çıxararaq torpaqda əkdiyini, dibçəklərdə isə 7 ədəd çətənə bitkisinin şitillərini saxladığını, mütəmadi olaraq həmin bitkilərə qulluq etdiyini, ailə üzvlərinin həmin bitkiləri əkməyindən xəbərləri olmaması üçün həmin bitkiləri yaşadığı evin arxasında gizlin yerdə əkdiyini və ailə üzvlərindən heç birinin həyətdə olmadığı vaxtlarda bitkilərə qulluq etdiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 16:40 radələrində Ağdaş şəhərində olan zaman polis əməkdaşlarının ona zəng edərək yaşadığı evin qarşısında olduqlarını bildirərək onu dəvət etdiyini və o, həmin polis əməkdaşına bir neçə dəqiqə sonra yaşadığı evə gələcəyini söylədiyini və təxminən 10 dəqiqə sonra yaşadığı evə gəldiyini, yaşadığı evin həyətinin giriş qapısının qarşısında bir neçə polis əməkdaşını və sonradan aqronom olmasını bildiyi şəxsi gördüyünü, polis əməkdaşları ona yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkməyi barədə məlumat oduğunu, buna görə də yaşadığı evin həyətinə baxış keçirilməli olduqlarını dediklərini, polis əməkdaşlarına yaşadığı evin həyətində özünün istifadə etməyi üçün bir neçə narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkdiyini bildirdiyini, bundan sonra yaşadığı evə və həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək ərizə verdiyini, polis əməkdaşlarının və aqronomun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin arxa tərəfində 7 ədəd dibçəkdə və 8 ədəd torpaqda əkilmiş vəziyətdə olan çətənə kollarını əkdiyi yeri polis əməkdaşlarına təqdim etdiyini, həmin vaxt orada olan aqronom çətənə bitkisinin kollarına baxış keçirərək həmin çətənə kollarına aqrotexniki qaydada qulluq edilməsi barədə rəy bildirdiyini, daha sonra ümumilikdə 15 ədəd çətənə bitkiləri kökündən çıxarılıb ölçüldüyünü, hündürlükləri isə ən kiçiyi 42 sm, ən hündürü isə 150 sm olduğunun müəyyən edildiyini, yaşadığı evin həyətindən aşkar edilmiş 15 ədəd çətənə bitkisi sellofan torbaya qablaşdırılaraq üzərinə möhür vurulmaqla, özü və digər iştirakçılar tərəfindən sellofan torbanın üzərinə imza edildiyini, daha sonra o, polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də ona hüquqları izah olunduğunu, dövlət hesabına müdafiəçisi təyin olunduğunu, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduğunu, yaşadığı evin həyətindən aşkar olunmuş 15 ədəd çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini, həmin bitkilərin toxumlarını isə təxminən 7-8 il əvvəl Bakı şəhərində hazırda xatırlamadığı yerdən tapdığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməsi barədə RPŞ-yə daxil olduğunu, məlumat həmin tarixdə raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, həmin zaman saat 16:00 radələri olduğunu, həyət qapısından Elnuru çağırdıqlarını, lakin Elnur evdə olmadığından onunla telefon əlaqəsi saxlayaraq onu yaşadığı evə dəvət etdiklərini, təxminən 5-10 dəqiqə sonra Elnur yaşadığı evə gəldiyini, Elnura həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumatlarının olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Elnurun heç bir etiraz etmədiyini, bundan sonra Elnurun yaşadığı evin həyətyanı sahəsinə X12un və polis əməkdaşlarının iştirakları ilə baxış keçirildiyini, baxış zamanı Elnurun yaşadığı evin arxa tərəfindən 7 ədəd dibçəkdə və 8 ədəd torpaqda əkilmiş vəziyətdə olan çətənə kolları aşkar edildiyini, X12 çətənə bitkisinin kollarına baxış keçirərək həmin çətənə kollarına aqrotexniki qaydada quluq edilməsi barədə rəy bildirdiyini, ümumilikdə 15 ədəd çətənə bitkiləri kökündən çıxarıldığını, hündürlüklərinin ölçüldüyünü, bitkilərin hündürlüklərinin ən kiçiyinin 42 sm, ən hündürünün isə 150 sm olduğunu, bundan sonra aşkar edilmiş 15 ədəd çətənə bitkisi sellofan torbaya qablaşdırıldığıını, üzərinə möhür vurulduğunu, Elnur və digər iştirakçılar sellofan torbanın üzərinə imza etdiklərini, baxış videoçəkiliş vasitəsi ilə aparıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən X9 ifadəsində X13 sertifikatlaşdırma Laboratoriyasında baş aqronom vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında Təqsirləndirilən şəxs həyətyanı sahədə narkotik vasitələri əkməkdə şübhəli olduğundan, evin həyətyanı sahəsinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etməsi üçün dəvət olunduğunu, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana gəldiyini, baxış zamanı Elnurun yaşadığı evin arxa tərəfində 7 ədəd dibçəkdə və 8 ədəd torpaqda əkilmiş vəziyətdə olan çətənə kollarının aşkar edildiyi, aşkar edilmiş kollara baxış zamanı həmin çətənə kollarına aqrotexniki qaydada quluq edilməsini müəyyən etdiyini və bu barədə rəy verdiyini, ümumilikdə 15 ədəd çətənə bitkiləri kökündən çıxarılaraq hündürlükləri ölçülən zaman ən kiçiyinin 42 sm, ən hündürünün isə 150 sm olduğu müəyyən edildiyini, aşkar edilmiş 15 ədəd çətənə bitkisi sellofan torbaya qablaşdırılaraq üzərinə möhür vurulduğunu, iştirakçılar sellofan torbanın üzərinə imza etdiklərini, baxış videoçəkiliş vasitəsi ilə aparıldığını, Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarının şitillərinə aqrotexniki qaydada qulluq olunduğunu, diblərinin yumşaldıldığını, yanlarının alaqdan təmizlənərək daimi suvarıldığını bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə X12 və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Elnurun yaşadığı evin arxa tərəfindən 7 ədəd dibçəkdə və 8 ədəd torpaqda əkilmiş vəziyətdə olan çətənə kollan aşkar edilmiş, X12 çətənə bitkisinin kollarına baxış keçirərək həmin çətənə kollarına aqrotexniki qaydada quluq edilməsi barədə rəy bildirmiş, ümumilikdə 15 ədəd çətənə bitkiləri kökündən çıxarılmış, hündürlükləri ölçülmüş, bitkilərin hündürlükləri ən kiçiyinin 42 sm, ən hündürünün isə 150 sm olmuş, bundan sonra aşkar edilmiş 15 ədəd çətənə bitkisi sellofan torbaya qablaşdırılmış, üzərinə möhür vurulmuş, Elnur və digər iştirakçılar sellofan torbanın üzərinə imza etmişlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/453 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 15 ədəd...” sözləri yazılmış 1 ədəd polietilen torbanın içərisindəki, uzunluqları 42 sm-dən 150 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri - 890,0 qram olan 15 (on beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aqronom rəyinə əsasən 15 (on beş) ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1047 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 iyun 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 iyun 2022-ci il tarixli 1160 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşamaqla ailə tərkibi xx.xx.1952-ci il təvəllüdlü X3, xx.xx.1993-cü il təvəllüdlü X2, xx.xx.2019cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ilk dəfə məhkum olunmasını, himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdən 05 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilən cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 889,25 qram çəkidə 15 ədəd çətənə (kannabis) bitkisinin şitilləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 889,25 qram çəkidə 15 ədəd çətənə kannabis bitkisinin sitilləri məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-103/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-103/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver