Məhkəmə qərarları › İş №1(014)-104/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-104/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-104/2021 21.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1960-cı ildə Gəncə şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan ünvan 2ətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin cibindən və çantasından çıxarılmaqla özgənin əmlakını təkrarən gizli olaraq talamışdır. Belə ki, o, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 2 il 10 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 il 6 ay sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən 07.01.2020-ci il tarixdə saat 10:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Mingəçevir şəhərində 8 saylı şəhərlər arası marşrut avtobusunda Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 11, mənzil 28-də qeydiyyatda olan Şamaxı şəhəri, Qaçaq Nəbi küçəsi, ev 15-də yaşayan Zərərçəkmiş şəxs3 əynində olan kürkün sağ yan cibindən içərisində 2180 manat pul olan 5 manat dəyərində pul qabını, yəni Zərərçəkmiş şəxs3 məxsus 2185 manat dəyərində əmlakı çıxarmaqla oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən 12.06.2020-ci il tarixdə saat 11:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş şəhəri H.Əliyev prospektində Ağdaş şəhərdaxili marşrut avtobusunun içərisində Ağdaş rayon Kotanarx kənd sakini Zərərçəkmiş şəxs2 çantasından içərisində 399 manat pul, sonuncunun şəxsiyyət vəsiqəsi, bir ədəd müavinət kartı, 5 manat dəyərində bir ədəd "xxxx" ASC-yə məxsus fermer kartı olan 6 manat dəyərində cib kisəsini, yəni sonuncuya məxsus 410 manat dəyərində əmlakı çıxarmaqla oğurlayaraq, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan sonra o, təkrarən 10.12.2020-ci il tarixdə saat 10:00 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində Ağdaş şəhərdaxili marşrut avtobusunun içərisində Ağdaş rayon Mürsəl kənd sakini Zərərçəkmiş şəxs1 çantasından içərisində 338 manat pul, sonuncunun şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-yə məxsus 5,90 manat dəyərində 1 ədəd müavinət kartı, 1 ədəd 5 manat dəyərində “Birkart”, "xxxx" ASCyə məxsus 5 manat dəyərində 1 ədəd təqaüd kartı, 1 ədəd 20 manat dəyərində “Tam kart”, tibbi sığorta kartı olan 18 manat dəyərində iki ədəd cib kisəsini, yəni sonuncuya məxsus ümumilikdə 391 manat 90 qəpik dəyərində əmlakını çıxarmaqla oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində müxtəlif yerlərdə kirayədə yaşadığını, sonuncu dəfə Gəncə şəhəri Atatürk prospekti 237 bina 3-də xalasının evində yaşadığını, həmin binanın Gəncə xalça kombinatının yanında yerləşdiyini, əvvəllər bir neçə dəfə oğurluğa və cibgirliyə görə cinayət məsuliyyətinə cəlb olunduğunu, sonuncu dəfə 2020-ci ilin fevral ayında cibgirliyə görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini və həmin cəzasının 1 il 6 ay müddətinə şərti sınaq müddəti ilə əvəz edildiyini, 12.06.2020-ci il tarixdə saat 11:00 radələrində Ağdaş şəhərində H.Əliyev prospektində marşrut avtobusunda olarkən avtobusa bir nəfər qadın mindiyini və ona öz yerini verdiyini, həmin vaxt əlində çantasının olduğunu, həmin qadının ondan çantasını saxlamağını istədiyini, öz çantasını ona verdiyini, qadının onun çantasını öz dizlərinin üzərində olan çantasının üzərinə qoyduğunu, həmin vaxt əlini çantasından çəkmədiyini və həmin anda qadının çantasından cib kisəsini çıxardığını və sonrakı dayanacaqda avtobusdan düşüb oradan uzaqlaşdığını, daha sonra həmin cib kisəsinin içərisinə baxdığını və orada 258 manat pul, sənədlər və bank kartlarının olduğunu gördüyünü, sənədləri və bank kartlarını cib kisəsi ilə birlikdə tulladığını, lakin pulları öz ehtiyacları üçün saxladığını, bundan əlavə 10.12.2020-ci il tarixdə saat 10:00 radələrində Ağdaş şəhərində olduğunu, marşrut avtobusu ilə Bakı dördyolu istiqamətinə getdiyini, avtobusda oturarkən qarşısında oturan qadının çantasının sağ tərəfində oturacağın üzərində olduğunu gördüyünü və onun çantasından pul oğurlamaq qərarına gəldiyini, əlini uzadaraq çantanı götürdüyünü və içərisindən iki ədəd cib kisəsini götürüb çantanı sağ tərəf oturacağın altına tulladığını, növbəti dayanacaqda SU-18 qəsəbəsi istiqamətində düşdüyünü və cib kisələrinin içərisinə baxanda orada 338 manat pul, müəyyən sənədlər və bank kartları olduğunu gördüyünü, daha sonra cib kisələri ilə birlikdə sənədləri və bank kartlarını yola yadında qalmayan yerə tulladığını, pulu isə götürüb öz ehtiyacları üçün xərclədiyini, 05.01.2021-ci il tarixdə yenə də marşruta mindiyini və bir neçə dayanacaq getdikdən sonra Padar tərəfdə düşdüyünü, düşdükdən sonra geri qayıtmağa başladığını, həmin vaxt polis avtomobilinin onun yanında saxladığını və onu RPŞ-yə gətirdiklərini, 10.12.2020-ci il tarixdə çantasından pulunu oğurladığı qadının onu görüb tanıdığını və bu barədə polislərə bildirdiyini sonradan bildiyini, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğurladığı cib kisələrində olan sənədlərdən və bank kartlarından istifadə etmədiyini, oğurluq edən zaman onu heç kimin görmədiyini, Zərərçəkmiş şəxs2 oğlurluq edərkən həmin avtobusda tanımadığı şəxslərin olduğunu, Zərərçəkmiş şəxs1 oğurluq edən zaman isə avtobusdan Gülnurə, özü və bir nəfər də qadın olduğunu, bu oğurluqlardan başqa Mingəçevir və Gəncə şəhərlərində oğlurluq etdiyini, 07.01.2020-ci il tarixdə Mingəçevir şəhərində 8 saylı marşrut avtobusunda sonradan adını bildiyi Şamaxı rayonundan olan Zərərçəkmiş şəxs3 paltosunun cibindən içərisində 1600 manat pul olan cib kisəsini oğurladığını, avtobusa minəndə Zərərçəkmiş şəxs3 ayaq üstə olduğunu, ona yaxınlaşdığını və əlini onun əynindəki qara rəngli paltonun sağ cibinə saldığını, həmin vaxt orada cib kisəsi olduğunu gördüyünü və cib kisəsini oğurladığını və növbəti dayanacaqda avtobusdan düşdüyünü, daha sonra cib kisəsini açdığını və içərisində 14 ədəd 100 manatlıq və 10 ədəd də 20 manatlıq pul əskinasları olduğunu gördüyünü, Təranədən oğurladığı cib kisəsini yadında qalmayan yerdə tulladığını, içərisində olan 1600 manat pulu isə şəxsi məqsədləri üçün xərclədiyini, bundan əlavə Gəncə şəhərində də cibgirlik etdiyini, lakin həmin oğlurluqların 2018 və 2019-cu illər ərzində baş verdiyindən kimdən nə vaxt nə oğurladığı yadında olmadığını, avtobusda cibgirlik edən zaman çantada və yaxud vətəndaşın cibində olan cib kisəsini oğurladığını və daha sonra onun içərisinə baxdığını, əgər orada pul olursa həmin pulu xərclədiyini, telefon və ya başqa sənədlər olsa dərhal onları tulladığını, Təranəni də gördükdə əvvəlcə cibindən cib kisəsini oğurladığını və daha sonra orada pul olduğunu gördüyünü, Zərərçəkmiş şəxs3 yalan dediyini, cib kisəsində 2180 manat deyil, 1600 manat pulunun olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində Mürsəl kənd tam orta məktəbində müəllimə işlədiyini, 10.12.2020-ci il tarixdə Ağdaş rayon xəstəxanasına getdiyini, əlində çantasının olduğunu, çantasının içərisində isə iki ədəd cib kisəsi olduğunu, onların birinin içərisindən 330 manat pul və şəxsiyyət vəsiqəsi, “Birkart”ı, pensiya kartı, maaş kartı, tibbi sığorta kitabçasının olduğunu, digərində isə 5 və 2 ədəd 1 manatdan ibarət olan kağız pullar və 1 manatdan artıq xırda pulların olduğunu, saat 10:00 radələrində “Çinar” şirniyyat evinin yanından 1 saylı avtobus marşrutuna mindiyini, marşruta minən zaman cib çantasından 30 qəpik pul götürdüyünü, cib çantalarının həmin vaxt hər ikisinin əl çantasında olduğunu, özü oturduğunu, çantasını isə sağ tərəfə yanına qoyduğunu, avtobusun oturacağı dar olduğundan yanakı oturduğunu və arxasının çantası tərəfə olduğunu, təxminən bir dayanacaq sonra onun olduğu marşruta bir nəfər qadının mindiyini, həmin qadının onun oturduğu avtobusda onun qarşısında oturduğunu, ondan bir dayanacaq sonra onun olduğu avtobusa bir nəfər də qadının mindiyini, həmin qadının isə onun arxasında oturduğunu, avtobusda 3 nəfər qadın və bir nəfər də sürücü olduqlarını, xəstəxanaya çatmamış arxasında oturan qadının marşrutdan düşdüyünü, özünün isə bir dayanacaq sonra düşmək istədiyini və çantasının oturacağın üzərində olmadığını, oturacağın altına düşdüyünü gördüyünü, tez çantasını götürdüyünü və orada cib çantalarının olmadığını gördüyünü, dərhal həmin qadının arxası ilə qaçdığını lakin həmin qadını tapa bilmədiyini, həyacandan ayaqlarının tutulan kimi olduğunu, daha sonra evə getdiyini, lakin bu barədə heç kimə demədiyini, həmin qadının isə sifətinin yadında qaldığını, həmişə gözünün həmin qadını axtardığını, 05.01.2021-ci il tarixdə isə "xxxx" ASC-yə getdiyini, həmin vaxt bazarın qarşısından 1 saylı marşruta mindiyini, təxminən 2-3 dayanacaq sonra "xxxx" ASC-nin binası tərəfdə həmin qadının marşruta mindiyini, onu görən kimi tanıdığını, həmin qadının keçib arxada oturduğunu, dönüb ona diqqətlə baxdığını, həmin vaxt qadının nəsə hiss etdiyini, durub dərhal qabağa keçdiyini və marşrutdan düşmək istədiyini, əvvəlcə Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edib polis çağırmaq istədiyini, lakin sonradan başa düşəcəyini bilib zəng etmədiyini və qardaşı Mübarizə zəng etdiyini, qardaşı Mübarizə onun pulunu oğurladıqlarını, həmin qadını tapdığını bildirdiyini, qardaşının isə ona həmin qadını izləməyini, gözdən qoymamağını, özünün də gələcəyini dediyini, həmin qadınla birlikdə düşdüyünü və onu izləməyə başladığını, həmin qadının ondan təxminən 20-30 metr aralandığını, özü isə onu izləməyə başladığını, həmin vaxt təsadüfən yoldan polis avtomobili getdiyini gördüyünü, dərhal polisə əl etdiyini və polisin avtomobili saxladığını, polisə pulunu oğurlayan qadının o qadın olduğunu və onu saxlamalarını xahiş etdiyini, həmin polislərin dərhal avtombili oraya sürdüklərini və həmin qadını avtomobilə otuzdurub RPŞ-yə gətirdiklərini, çantasında cib kisəsinin oğurlanması barədə heç kimə məlumat vermədiyini, yalnız bu barədə avtobus sürücüsünə dediyini, avtobus sürücüsünün adının isə Elxan olduğunu və 1 saylı marşrutda işlədiyini, avtobusun rənginin isə badımcan rəngli olduğunu, cib kisəsində təxminən 1 manatdan artıq xırda pul olduğunu, həmin puldan 30 qəpik götürüb marşrut avtobusuna verdiyini, cib kisəsində 1 manat xırda pul qaldığını, çantasında olan kartlarından “Birkart”ı və maaş kartı "xxxx" ASC-yə məxsus olduğunu, pensiya kartının isə "xxxx" ASC-yə məxsus olduğunu, oğurlanan cib kisələrinin markası olmadığını, həmçinin cib kisələrinin birinin 5 manat, birinin isə 10 manat dəyəri olduğunu, oğurlanmış kartları bərpa etdirdiyini, onlar üçün müvafiq rüsum da ödədiyini, lakin nə qədər ödədiyi yadında olmadığını, bunun üçün bankdan əlavə arayış alıb təqdim edə biləcəyini, oğurlanmış kartlarından hər hansı məbləğdə pul çıxarılmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməməsinə baxmayaraq, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində 12.06.2020-ci il tarixdə evindən gəlib qızıgilə getdiyini, həmin vaxt əlində çantasının olduğunu, içərisinə isə nəvələri üçün pomidor xiyar yığdığından ağzının aralı qaldığını, evdən gələndə çantasında olan cib kisəsində 3 ədəd 20 manatlıq, 1 ədəd də 1 manatlıqdan ibarət 61 manat pul olduğunu, daha sonra “1-ci market”in yanından 338 manat da aylıq müavinətini aldığını, beləliklə cib kisəsində 399 manat pul olduğunu, oradan uşaq poliklinikasına gəldiyini və oradan arayış aldığını və daha sonra "xxxx" ASCnin qarşısına çıxdığını, saat 11:00 radələrində oradan 2 saylı marşruta mindiyini, marşuta minən kimi bir nəfər qarayanız arıq qadının durduğunu və ona yer verdiyini, həmin qadının sifətinə diqqətlə baxdığını və həmin qadının təxminən onun yaşında olduğunu təxmin etdiyini, həmin qadını ona niyə yer verdiyinə məəttəl qaldığını və oturmaqdan imtina etdiyini, lakin həmin qadının ona israr etdiyini və sonra oturmayacağını görüb ona düşəcəyini dediyini, bundan sonra oturduğunu və oturandan sonra çantasını açdığını və içərisindəki cib kisəsindən 30 qəpik pul götürdüyünü, həmin vaxt qadının onun başının üstündə durub ona diqqətlə baxdığını və onun pullarını da göründüyünü, 30 qəpik pulu götürüb çantasını örtdüyünü, lakin cib kisəsinin çantanın yuxarısında qaldığını, çünki çantanın aşağı hissəsində pomidor-xiyar olduğunu, pulu götürdükdən sonra çantanı dizinin üstünə qoyduğunu, həmin anda başının üzərində duran qadın əlində olan çantasını onun dizlərinə və qollarına toxundurmağa başladığını, həmin qadının əlində tutduğu çantanın ona mane olduğunu başa düşdüyünü və ona yer verdiyindən ondan çantasını saxlamaq üçün verməyini xahiş etdiyini, həmin qadının çantasını ona verdiyini və özünün də onun çantasını öz dizlərinin üzərində olan çantasının üzərinə qoyduğunu, lakin həmin qadının əlini çantasından çəkmədiyini, birdən həmin qadının barmaqlarının öz çantasının aşağısında onun dizlərinin üzərində tərpəndiyini hiss etdiyini, lakin ağlına başqa heçnə gəlmədiyini, bundan sonra növbəti dayanacaqda həmin qadının düşdüyünü və təsadüfən həmin dayancaqda özü də düşməli olduğundan həmin qadının arxası ilə də özü düşdüyünü, həmin qadının düşən kimi telefonu qulağına qoyaraq “siz hardasınız, irəli gəlim” deyərək qarşıda dayanan Fikrət adlı şəxsin idarə etdiyi qara rəngli “VAZ 21015” markalı avtomobilinə oturub çıxıb getdiyini, yaxınlıqda olan qızıgilə getdiyini, evə çatan kimi nəvələrinə pul vermək istədiyini və həmin zaman çantasını açıb pul kisəsinin yoxa çıxdığını gördüyünü, həmin anda həmin qadının hərəkətlərinin yadına düşdüyünü, ona yer verməyi, daha sonra çantasının onun qollarına, dizlərinə sürtünməsi, guya çantasının ağırmış kimi göstərməsi, daha sonra çantasının dizinin üzərinə qoyduqdan sonra barmaqlarını dizlərinin üzərində oynatması gözünün qarşısından keçdiyini və həmin anda həmin qadının onun cib kisəsini götürdüyünü başa düşdüyünü, avtobusdan düşəndə də “siz hardasınız, irəli gəlim” deməsində də özünü göstərdiyini, həmin vaxt da ona zəng gəlmədiyini, vəziyyətdən çıxması üçün etdiyini anladığını, utandığından bu barədə heç kimə bildirmədiyini, lakin hər dəfə marşruta minəndə də həmin qadını gözü axtardığını, 05.01.2021-ci il tarixdə H.Əliyev prospekti ilə qızıgilə gedən zaman marşrut dayanacağında bir nəfər qadının cibgirlik etdiyinə görə polis şöbəsinə apardıqlarını eşitdiyini, dərhal çantasından pulunun oğurlanması barədə RPŞ-yə məlumat vermək üçün gəldiyini, PŞ-yə daxil olarkən növbətçi hissənin qarşısında çantasından pul oğurlayan qadını gördüyünü və dərhal oradakılara onun da çantasından pul oğurlayan qadının bu qadın olduğunu bildirdiyini, bundan sonra RPŞ-yə ərizə verdiyini və həmin vaxt adını öyrəndiyi Samux rayon sakini Təqsirləndirilən şəxs çantasından cib kisəsini oğurladığını bildirdiyini, cib kisəsinin 6 manat qiyməti olduğunu, onun əmək haqqı kartının "xxxx" ASCyə məxsus olduğunu, torpaq kartının isə bir ədəd olduğunu, birinci ifadəsində səhv olaraq iki ədəd torpaq kartının oğurlandığını bildirdiyini, lakin onun bir ədəd torpaq kartı oğurlandığını, həmin kartın isə "xxxx" ASC-yə məxsus olduğunu, həmin kartları yenisi ilə əvəz etdirdiyini, bunun üçün rüsum da ödədiyini, lakin nə qədər ödədiyi yadında olmadığını, oğlurlanmış kartlarından heç bir məbləğdə pul çıxarılmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində övladı X2 X3 Mühasibat Uçotu fakültəsinin 2-ci kurs tələbəsi olduğunu, övladı fakültənin qiyabi şöbəsində təhsil aldığını, hər il imtahanlar zamanı qızı ilə birlikdə Mingəçevir şəhərinə gəlib təxminən 1 ay müddətində Mingəçevir şəhərində qaldıqlarını, 05.01.2020-ci il tarixdə övladının növbəti imtahan sessiyalarında iştirak etməsi üçün birlikdə Mingəçevir şəhərinə gəldiklərini, Mingəçevir şəhəri ərazisində Avtovağzalda yerləşən oteldə övladı ilə birlikdə qaldığını, övladının hər səhər 08:30-da dərsə getdiyini, 07.01.2020-ci il tarixdə saat 10 radələrində oteldən çıxıb bazarlıq elmək üçün Mingəçevir şəhər Mərkəzi Bazarına getdiyini, bazara gedərkən əynində olan kürkün sağ cibində pul qabı olduğunu, həmin pul qabının içərisində 2180 (iki min yüz səksən manat) məbləğdə pul olduğunu, bazara getmək üçün avtovağzalın qarşısından 8 saylı marşrut avtobusuna mindiyini, həmin avtobusun ağ rəngli olduğunu, avtobusda sərnişilərin çox olduğu üçün ayaqüstə dayandığını, qarşısında bir nəfər qadının olduğunu, H.Əliyev prospektində yerləşən Zəfəran aptekin qarşısında yerləşən davanacaqda avtobus saxlayarkən avtobusa bir nəfərin mindiyini, həmin qadının avtobusa gah minib gah da düşdüyünü, həmin qadının 50-60 yaşı olduğunu, orta boylu, arıq bədən quruluşlu, boynu əyri, qarabuğdayı, saçı qısa qıvrım, xınalı olduğunu, sağ əlinin üzərində N və başqa hərf tatuirovka olduğunu, başına şərf bağladığını, əynində qara rəngli gödəkcə olduğunu, həmçinin əynində olan gödəkcənin az istifadə olması hiss oldunduğunu, həmin qadının onun yanında dayandığını, avtobusun H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın qarşısına çatarkən işıqforun yaxınlığında qəflətən sürücüdən avtobusu saxlamağı tələb etdiyini və avtobusdan düşüb çıxıb getdiyini, həmin zaman cibində olan pul qabının yerində olmadığını hiss edib pul qabının həmin qadın tərəfindən oğurlandığını başa düşüb sürücüyə avtobusu saxlamağı bildirdiyini, sürücüyə avtobusdan düşən qadının cibindən pul qabını oğurladığını bildirdiyini, avtobusdan düşüb bazarın qarşısında həmin qadını soraqlaşdığını, lakin, tapa bilmədiyini, buna görə də Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə məlumat verdiyini, daha sonra ərizə ilə polis şöbəsinə müraciət etdiyini, həmin məbləğdə pulu övladının təqaüdü, öz maaşından yığıb saxladığını, həmçinin özü rus bölməsinin şagirdləri üçün yaşadığı evdə informatika və ibtidai siniflər üçün rus dili fənnini tədris etdiyini, heç kimlə heç bir düşmənçilik və ya ədavətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Hüseyn oğlu ifadəsində özü taksi fəaliyyəti ilə məşğul olduğunu, 2020-ci ilin yay aylarında günorta radələrində özünə məxsus qara rəngli “VAZ 21015” markalı avtomobili ilə SU-18 qəsəbəsinin qarşısında dayandığını, həmin vaxt arıq, qarabəniz və uzun burun bir qadının marşrutdan düşdüyünü və onu şəhərə aparmağı bildirdiyini, bundan sonra həmin qadını gətirib Ağdaş şəhərində “Universam” adlanan ərazidə düşürtdüyünü, daha sonra SU-18 qəsəbəsinə dayandığı yerə qayıtdığını, sonradan adının Qəşəng olduğunu bildiyi bir qadının ona yaxınlaşdığını və ona “Universam”ın yanına aparıb düşürdüyü qadının onun çantasından pulunu oğurladığını bildirdiyini və onu hara düşürdüyünü ondan soruşduğunu, ona həmin qadını aparıb “Universam” adlanan yerdə düşürtdüyünü bildirdiyini, daha sonra Qəşəngin ondan onu da aparıb həmin yerə düşürtməyi xahiş etdiyini, Qəşəngi gətirib “Universam” adlanan yerdə düşürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RPŞ-nin PPXT-nin sürücü polis nəfəri vəzifəsində işlədiyini, 05.01.2021-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospektində Şahid3la xidmətdə olan zaman S.Vurğun məktəbinin qarşısında bir nəfər sonradan adının Gülnurə olduğunu bildikləri qadının onlara əl edərək onların avtomobilini saxlatmaq istədiyini, həmin qadının onların köməyinə ehtiyacı olduğunu bildirdiyini, belə olub avtomobili saxladıqlarını, daha sonra həmin qadının onlara yaxınlaşdığını və özündən biraz qabaqda piyada gedən qadını göstərərək həmin qadının onun çantasından pulunu oğurladığını bildirdiyini, dərhal həmin qadına yaxınlaşıb özlərini təqdim etdiklərini, daha sonra onu RPŞ-yə gətirdiklərini, RPŞ-də onlara həmin qadının Samux rayonu Əhmədli kənd sakini xx.xx.1960-cı il ləvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olduğunu, həmçinin Səlminazın Ağdaş rayonunda cibgirliklə məşğul olduğunu və Ağdaş rayon Kotanarx kənd sakini Zərərçəkmiş şəxs2 və Mürsəl kənd sakini Zərərçəkmiş şəxs1 çantalarından içərisində pul olan cib kisələrini oğurladığını da sonradan bildiklərini bildirmişdir. Məhkəmə iclasında Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istinaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində özü 1 nömrəli marşrutda sürücü işlədiyini, 2020-ci ilin dekabr ayında marşrutla şəhər tərəfə getdiyini, həmin vaxt bir nəfər qadının onun marşrutunu saxlatdığını və ona marşrutunda onun çantasından bir nəfər qadının içərisində pul olan cib kisəsini oğurladığını bildirdiyini, həmin qadına marşrutuna səhərdən bir çox insan minibdüşdüyünü, ona görə də həmin qadının kimi işarə etdiyini xatırlamadığını, lakin həmin qadının ona onun çantasından cib kisəsini oğurlayan qadının 5 saylı məktəbin qarşısında düşdüyünü dediyini, həmin qadına onu aparıb 5 saylı məktəbin qarşısında düşürməyi ilə orada olan kameralara baxmağı təklif etdiyini, lakin həmin qadının onunla getmədiyini və həmin söhbətin sonradan necə yekunlaşdığını bilmədiyini, həmçinin ona yaxınlaşaraq çantasından cib kisəsinin oğurlandığını bildirən həmin qadının adını da bilmədiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Həsənova X1 şəhəri Gəncə Rayon Xalq Məhkəməsinin 11 may 1984-cü il tarixli hökmü ilə Azərbaycan SSR-nin Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2 hissəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə əməyə mütləq cəlb olunmaqla şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30.07.1984-cü il tarixdə Xanlar Rayon Xalq Məhkəməsinin qərarı ilə 2 il 3 ay 7 gün hissəsində cəzaçəkmə müəssisəsinə qaytarılıb, 06.11.1986-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Tərtər Qarnizon Hərbi Məhkəməsinin 23 iyul 1999cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 2-ci hissəsi və 193-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.12.1999 ildə CM-in 50-ci maddəsinə əsasən 3 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Bərdə Rayon Xalq Məhkəməsinin 08 may 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09.04.2001-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 07 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına məhkum edilmiş, 09.04.2001-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib əmək haqqından 20% tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 23.11.2015-ci ildə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 1(044)-51/18 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq ona təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 1(044)-8/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və ona həmin hökm üzrə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlandığı 1 ay 2 gün müddət, həbsdə saxlanılmanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasəndan çıxılaraq, üzərində qəti olaraq 2 il 10 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 il 6 ay müddətə sınaq müddəti müəyyən edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhəri İcra hakimiyyətinin mənzil kommunal təsərrüfatı istehsalatı birliyinin 9 nömrəli xidmət sahəsindən verilmiş 16 iyun 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhəri İcra hakimiyyətinin mənzil kommunal təsərrüfatı istehsalatı birliyinin 9 nömrəli xidmət sahəsindən verilmiş 16 iyun 2021-ci il tarixli, 243 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər, Atatürk prospekti 237, bina 3-də qeydiyyatsız yaşayır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli, 4(014)-3/2021 saylı qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanılması müddətinin əvvəli 05 yanvar 2021-ci il tarixdən, saat 20:00-dan hesablanması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2021-ci il tarixli, 4(014)-22/2021 saylı qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 ay, yəni 05 iyun 2021-ci il tarixə qədər uzadılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 4(014)-47/2021 saylı qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 ay, yəni 05 avqust 2021-ci il tarixə qədər uzadılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 1(014)-104/2021 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, yaşını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini cinayət hadisələri üzrə boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı vaxtdan, yəni 05 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 1(044)-8/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə 2 il 10 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 1(044)-8/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təyin edilmiş 2 il 10 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 1(044)-8/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə 2 il 10 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 1(044)-8/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təyin edilmiş 2 il 10 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı 05.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar