Məhkəmə qərarları › İş №1(014)-106/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-106/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-106/2021 23.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1974-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 22.07.2020-ci il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən 2 il 5 ay 26 gün müddətinə azadlığın məhhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, 18.06.2021-ci il tarixdə Ağdaş şəhəri Mərkəzi Bazarın yaxınlığından yerdən tapdığı 1 ədəd sellofan bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi - 1,122 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində qanunsuz olaraq saxlayıb daşımış və həmin narkotik vasitə 18 iyun 2021-ci il tarixdə saat 10:47 radələrində ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində ailəsi ilə birlikdə yaşadığını, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, evli olduğunu, üç övladının olduğunu, onlardan birinin azyaşlı olduğunu, narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, hazırda üzərində azadlığın məhdudlaşdırılması cəzası olduğunu, 18.06.2021-ci il tarixdə təxminən saat 10:00 radələrində Ağdaş şəhəri mərkəzi bazarın yanından piyada yol gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vastənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini, polis əməkdaşları onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli idman paltarının sağ yan cibindən 1 ədəd qara rəngli mobil telefon, 5 ədəd 5 manatlıq və 8 ədəd 1 manatlıq pul əsginasları və 1 ədəd sellofan büküm aşkar olunduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümün narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 1 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 1,20 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özünün və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, həmçinin üzərindən aşkar edilmiş pulların onun özünə qaytarıldığını, üzərindən aşkar olan narkotik vasitəni 18.06.2021-ci il tarixdə səhər saatlarında Ağdaş şəhər mərkəzi bazarın yaxınlığından tapdığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 18.06.2021-ci il tarixdə Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 5-də qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 10:00 radələrində CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Pünhan Yusifov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri Mərkəzi bazarın yaxınlığında piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Müşfiqin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Müşfiqin əynində olan qara rəngli idman paltarının sağ yan cibindən 1 ədəd qara rəngli mobil telefon, 5 ədəd 5 manatlıq və 8 ədəd 1 manatlıq pul əsginasları və 1 ədəd sellofan büküm aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 1 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 1,20 qram olduğunu, sonra həmin maddənin zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, şəxsi axtarış zamanı Müşfiqin üzərindən başqa iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, həmçinin Müşfiqin üzərindən aşkar olunmuş pullar onun özünə qaytarıldığını, şəxsi axtarışın videoçəkilişin vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni 18.06.2021-ci il tarixdə səhər saatlarında Ağdaş şəhər mərkəzi bazarın yaxınlığından tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, həmin vaxt orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli idman paltarının sağ yan cibindən 1 ədəd qara rəngli mobil telefon, 5 ədəd 5 manatlıq və 8 ədəd 1 manatlıq pul əsginasları və 1 ədəd sellofan büküm aşkar olunmuş, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin 1 ədəd sellofan bükümün elektron tərəzidə çəkilmiş, çəkisi 1,20 qram olmuş, sonra həmin maddə zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, şəxsi axtarış zamanı Müşfiqin üzərindən başqa iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 18.06.2021-ci il tarixli, 17/442 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -1,122 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 13.07.2021-ci il tarixli, 822 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Xalq Məhkəməsinin 22.04.1992-ci il tarixli hökmü ilə 5 (beş) il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin 3-cü hissəsi, 144-cü maddəsinin 3-cü hissəsi, 215-ci maddəsi, 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Xalq Məhkəməsinin 24.01.1996-cı il tarixli hökmü ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.07.2000-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07.04.2009-cu il tarixli hökmü ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 22.07.2010-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilib, 02.03.2015-ci il tarixli qərarla həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin 01.07.2020-ci il tarixli,1(014)-53/2020 saylı hökmü ilə 2 (iki) il 5 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli, c/i-1029 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 01.07.2020-ci il tarixli,1(014)-53/2019 saylı hökmü ilə ona təyin edilmiş cəzanın 1 il 7 ay 23 gün çəkilməmiş hissəsi qalmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 iyun 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 iyun 2021-ci il tarixli, 1941 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri H.Hacıyev küçəsi 5 №-li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X2; X3 (29.09.2002-ci il təvəllüdlü); X4 (05.05.2008-ci il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 10:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 20 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində bir azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun əvvəllər dəfələrlə məhkum olunması, cəzasını çəkib qurtarmadan yeni cinayət törətməsi şəxsiyyətini mənfi səciyyələndirən hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ağdaş Rayon Məhkəməsinin 01.07.2020-ci il tarixli, 1(014)-53/2020 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 23 (iyirmi üç) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 9 (doqquz) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı 18.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 1,072 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 102 manat 12 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağdaş Rayon Məhkəməsinin 01.07.2020-ci il tarixli, 1(014)-53/2020 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 23 (iyirmi üç) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 9 (doqquz) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 -ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli şübhəli şəxs qismində saxlanıldığı 18.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,072 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs 102 manat 12 qəpik (yüz iki manat on iki qəpik) ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar