Məhkəmə qərarları › İş №1(014)-107/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-107/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-107/2023 17.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1948-ci ildə Ağdaş rayonu, Əmirarx kəndində doğulmuş, Azərbaycan Respublikaaı vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Əmirarx kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. Belə ki, o, 2021-ci ilin noyabr ayında Ağdaş rayonu, Güvəkənd kənd bələdiyyəsinin balansında olmaqla xx.xx.2004-cü il tarixli 03 saylı, JN-4215 KOD 90304028 seriyalı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə X2 icarəyə verilmiş, faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsində olan Ağdaş rayonu Əmirarx kəndində yerləşən 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahasində ümumilikdə 8 ədəd söyüd ağacının kəsilməsinə şəxsiyyətləri istintaqa məlum olmayan cinayətdən xəbərsiz şəxsləri şifahi tapşırıqla cəlb edib həmin şəxslərə torpaq sahəsində yerləşən ağacları kəsmələri ilə bağlı qanunsuz göstəriş vermiş, nəticədə həmin tarixdə bioloji inkişafda köküstə yaş halda olan 2 ədəd 22 sm diamterdə 400 manat dəyərində, 1 ədəd 24 sm diametrdə 200 manat dəyərində, 1 ədəd 28 sm diamterdə 250 manat dəyərində, 1 ədəd 30 sm diamterdə, 300 manat dəyərində, 1 ədəd 36 sm diametrdə 350 manat dəyərində, 2 ədəd 40 sm diametrdə 800 manat dəyərində ümumilikdə 8 ədəd yaş, köküstə, bioloji inkişafda olan söyüd ağaclarını qanunsuz kəsdirib təbiətə ümumilikdə 2300 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, Bakı-Gəncə avtomagistralının Ağdaş rayonu, Əmirarx kəndinin ərazisindən keçən hissəsində Ağdaş rayonu Güvəkənd bələdiyyəsinə məxsus 10 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin əvvəllər Əmirarx bələdiyyəsinə məxsus olduğunu, daha sonra Əmirarx bələdiyyəsi ləğv edildiyindən torpaq sahəsinin Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin mülkiyyətinə verildiyini, həmin torpaq sahəsinə dair 2003-cü ildə oğlu X4 bələdiyyəsi ilə icarə müqaviləsi bağladığını, 10 ha torpaq sahəsini icarəyə götürdüyünü, həmin torpaq sahəsindən istifadə etmək üçün əvvəllər oğlu tərəfindən etibarnamə verildiyini, lakin hazırda etibarnamənin müddətinin keçdiyini, qeyd olunan torpaq sahəsində çoxillik bitkilər əkərək ailəsini dolandırdığını, torpaq sahəsinin giriş hissəsində hazırda yadında qalmayan tarixdə söyüd və digər ağaclar əkdiyini, 2021-ci ilin noyabr ayının axırlarında havaların soyuması ilə əlaqədar 8 ədəd, köküstə yaş söyüd ağacını yaşadığı evdə odun kimi istifadə etmək məqsədilə kəsdirdiyini, yaşadığı evə təbii qaz xətti çəkilmədiyini, isinmək üçün oduncaqdan istifadə etdiyini, pulu olmadığı üçün özünə oduncaq ala bilmədiyini, icarə müqaviləsi əsasında istifadə etdiyini, torpaq sahəsində olan köküstü yaş, 8 ədəd söyüd ağaclarını kəsmək qərarına gəldiyini, bu məqsədlə 2021-ci ilin noyabr ayında həmin ağacları kəsdirməsi üçün ağac kəsən şəxslər axtarsada tapa bilmədiyini, həmin ayın axırlarında əvvəllər tanımadığı və kənd ərazisində görmədiyi 2 nəfər şəxsin birinin əllərində odundoğrayan aparat olmasını gördüyünü, onlara yaxınlaşaraq hal-hazırda dəqiq yadında qalmayan pul müqabilində 8 ədəd söyüd ağacını kəsmələrini xahiş etdiyini, onların razılaşdığını, həmin ağacları kəsdirdiyini, yaşadığı evə apararaq odun peçində yandırdığını, həmin ağacları kəsdirən zaman heç bir idarəyə və ya başqa şəxslərə məlumat vermədiyini, xx.xx.2022-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları həmin yerə gələrək kəsilmiş ağaclara baxış keçirərək akt tərtib etdiklərini, baxış zamanı ağacları kəsdiyini etiraf etdiyini, bu barədə akt tərtib olunduğunu, həmin akta imza etdiyini, həmin ağacları tanımadığı 2 nəfər şəxsə kəsdirdiyini, kəsmək müqabilində isə dəqiq yadında qalmayan məbləğdə pul verdiyini, həmin şəxslərin ad, soyadlarını soruşmadığını, ilkin izahat verərkən ağacları pul müqabilində kəsdirdiyini, həmin şəxlərin cinayət məsuliyyəti daşıyacaqlarından qorxduğu üçün ağacları yalnız özünün kəsdiyini, ona heç kəsin kömək etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin mühasibi vəzifəsində işlədiyini, 06 yanvar 2022-ci il tarixində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi Şahid1 və həmin idarənin əməkdaşı Şahid2 və Ağdaş rayon Güvəkənd bələdiyyə sədri Şahid4 ilə birlikdə Ağdaş rayonu Güvəkənd bələdiyyəsi ərazisində yoxlama aparan zaman Bakı-Gəncə avtomagistralının Ağdaş rayonu Əmirarx kəndinin ərazisindən keçən hissəsində Ağdaş rayonu Güvəkənd bələdiyyəsinə məxsus 10 ha torpaq sahəsində qanunsuz olaraq ağacların kəsilməsi faktını aşkar etdiklərini, baxış zamanı torpaq sahəsinin Ağdaş rayonu Güvəkənd bələdiyyəsinə məxsus olduğunu, torpaq sahəsində bioloji inkişafda köküstə yaş halda olan 2 ədəd 22 sm diamterdə 400 manat dəyərində, 1 ədəd 24 sm diametrdə 200 manat dəyərində, 1 ədəd 28 sm diamterdə 250 manat dəyərində, 1 ədəd 30 sm diamterdə, 300 manat dəyərində, 1 ədəd 36 sm diametrdə 350 manat dəyərində, 2 ədəd 40 sm diametrdə 800 manat dəyərində ümumilikdə 8 ədəd yaş köküstə yaş bioloji inkişafda olan söyüd ağaclarını Təqsirləndirilən şəxs qanunsuz kəsdirib təbiətə ümumilikdə 2300 manat məbləğində xeyli miqdarda ziyan vurmasını müəyyən etdiklərini, özünün həmin hadisə yerində iştirak etmədiyini, hazırda zərərçəkmiş şəxs qismində tanınmış Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin əsas tələbi cinayət nəticəsində vurulmuş 2300 manat məbləğində maddi ziyanın ödənilməsi olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş 8 saylı RETSİ-in baş məsləhətçi müfəttişi Şahid1 ifadəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi müfəttiş vəzifəsində işlədiyini, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş ağacların qanunsuz olaraq kəsilməsi barədə məlumatla əlaqədar 06 yanvar 2022-ci il tarixdə Ağdaş rayonu, Əmirarx kəndində yerləşən torpaq sahəsinə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Şahid2 və Ağdaş rayon Güvəkənd bələdiyyə sədri Şahid4 ilə birgə baxış keçirtdiklərini, baxış zamanı torpaq sahəsinin Ağdaş rayonu Güvəkənd bələdiyyəsinə məxsus olduğunu, torpaq sahəsində 8 ədəd müxtəlif diametrli, köküstə yaş söyüd ağacının kəsildiyini, təbiətə ümumilikdə 2300 manat ziyan vurulmamasını müəyyən etdiyini, baxış zamanı 8 ədəd, müxtəlif diametrli, köküstə yaş söyüd ağacının Ağdaş rayonu, Əmirarx kənd sakini Təqsirləndirilən şəxs kəsməsinin müəyyən edildiyini, bununla bağlı Təqsirləndirilən şəxs tərəfindən izahatı alındığını, müvafiq akt tərtib olunduğunu, sənədləşmələr aparıldıqdan sonra bu barədə idarə rəhbərliyinə məlumat verdiyini, Təqsirləndirilən şəxs yaşadığı evin istilik sisteminin olmadığını, ona görədə həmin ağacları kəsdiyini ona bildirdiyini, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat yanvar ayının 5-i daxil olduğunu və həmin 8 ədəd ağacın isə təxmini olaraq noyabr ayında kəsildiyini bildirmişdir. Məhkəmə iclasında şahid 8 saylı RETSİ-in məsləhətçi müfəttişi Şahid2 və 8 saylı RETSİ-in aparıcı məsləhətçisi Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Əmirarx kənd sakini kimi tanıdığını, Təqsirləndirilən şəxs 2003-cü ildə Əmirarx bələdiyyəsinə müraciət edərək 10 ha torpaq sahəsini icarəyə götürdüyünü, daha sonra Əmirarx bələdiyyəsinin ləğv edildiyini, Əmirarx bələdiyyəsinə məxsus torpaqların Güvəkənd bələdiyyəsinə verildiyini, hazırda Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən istifadə etdiyini, Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsində 8 ədəd, müxtəlif diametrli, köküstə yaş söyüd ağaclarını kəsməsindən xəbəri olmadığını, xx.xx.2022-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Təqsirləndirilən şəxs istifadəsində olmaqla Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin mülkiyyətində olan 10 ha torpaq sahəsinə baxış keçirdiklərini, baxış zamanı torpaq sahəsinin giriş hissəsində 8 ədəd, müxtəlif diametrli, köküstə yaş söyüd ağacının kəsilməsinin müəyyən edildiyini, Təqsirləndirilən şəxs həmin ağacların özünün əkdiyini, evinin isitmə sisteminin olmadığını, havaların soyuq keçməsi ilə əlaqədar ağacları kəsdiyini söyləməsini, həmçinin Təqsirləndirilən şəxs həmin ağacları təxminən 2021-ci ilin noyabr ayının axırlarında kəsdiyini və bu barədə Rafiqin özündən eşitdiyini bildirdi. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 06 iyun 2022-ci il tarixli, 9/3333 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertiza təyini haqqında qərarda qeyd edilən 8 ədəd müxtəlif diametrli yaş köküstə söyüd ağaclarının qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi dəyəri nəzəri qaydada 2300 manat müəyyən edilir. O cümlədən: - iki ədəd 22 sm diametrli yaş söyüd ağacı 400 manat; - bir ədəd 24 sm diametrli yaş söyüd ağacı 200 manat; - bir ədəd 28 sm diamterli yaş söyüd ağacı 250 manat; - bir ədəd 30 sm diametrli yaş söyüd ağacı 300 manat; - bir ədəd 36 sm diametrli yaş söyüd ağacı 350 manat; - iki ədəd 40 sm diametrli yaş söyüd ağacı 800 manat. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il şərti sınaq müddəti tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-14/2018 saylı, 20 fevral 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, həmin cəzanın 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli, phş/6-22- 2-2022-553 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Əmirarx kəndində yaşayan xx.xx.1948-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 may 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1948-ci ildə Azərbaycan Respublikası Ağdaş rayonu, Əmirarx kəndində doğulmuş azərbaycanlı, orta təhsilli, təqaüdçü, məhkum olunmamış Təqsirləndirilən şəxs birinci ailəsindən ayrılmış, qeyri-rəsmi ikinci dəfə evlənmiş və hal-hazırda ikinci ailəsi ilər birlikdə ayrı yaşayış evində yaşayır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, c1/-789 saylı məhktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında hökm yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar