Məhkəmə qərarları › İş №1(014)-108/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-108/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-108/2022 02.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 5/17 saylı evdə qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhər sakini X2 20 (iyirmi) manat müqabilində satın aldığı şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,602 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq, daşımış və həmin narkotik vasitə xx.xx.2022-ci il tarixdə saat 11:50 dəqiqədən 11:59 dəqiqəyədək ünvan 1 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı onun əyində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində evli olduğunu və iki övladının olduğunu, özünün və yaxın qohumlarından heç kimin ruhi əsəb xəstəliyinin olmadığını, 4 ildir narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər narkotik vasitələri üzərində saxlamasına və daşınmasına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunduğunu, xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Ağdaş şəhəri İ.Qaradağlı küçəsində piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını və ona üzərində narkotik vasitə saxlaması və qəbul etməsi barədə məlumatlarının olmasını bildirdiklərini, daha sonra onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarışın aparıldığını, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm və həmin şalvarın sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonun aşkar edildiyini, daha sonra həmin sellofan bükümün açıldığını və içərisindən qəhvəyi rəngli maddənin aşkar edildiyini, həmin maddənin narkotik vasitə heroin olmasını və özü istifadə etməsi üçün üzərində saxlamasını bildirdiyini, bundan sonra həmin sellofan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 1,93 qram olduğunu, sonra isə həmin sellofan bükümün və mobil telefonunun ayrı-ayrı kağız zərflərdə qablaşdırılaraq üzərində möhür vurulduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni Ağdaş şəhər sakini Mikayıl adlı şəxsdən xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində satın aldığını, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Mikayılın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək özü üçün narkotik vasitə almaq istəməsini bildirdiyini, Mikayılın da ona “pulunu götür gəl” deyə söylədiyini, buna görə də Mikayılın yaşadığı evin qarşısına getdiyini, daha sonra yenidən Mikayıla zəng edərək onun yaşadığı evin qarşısında olmasını söylədiyini, Mikayılın ona ətrafa diqqətlə baxmasını tapşırdığını və sakitlik olub-olmamasını soruşduğunu, onun da küçəyə bir daha baxaraq Mikayıla sakitlik olmasını söylədiyini, bundan təxminən 10 dəqiqə sonra Mikayılın küçəyə çıxaraq ona 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin verdiyini və bunun müqabilində Mikayıla 20 manat pul verdiyini, əvvəllər də bir neçə dəfə Mikayıldan narkotik vasitə almasını, heç vaxt heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə onun tərəfindən müvafiq sənədləşmələrin aparıldığını və raportla RPŞ-nin rəisinə məruzə edildiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2la birlikdə Ağdaş şəhəri İ.Qaradağlı küçəsində olan zaman Təqsirləndirilən şəxs küçə ilə piyada yol getməsini gördüklərini, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitə saxlaması və qəbul etməsi barədə onlarda məlumat olmasını bildirdiklərini, daha sonra Təqsirləndirilən şəxs RPŞ-yə dəvət etdiklərini, Asifin də onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Asifə dövlət hesabına müdafiəçi təyin edildiyini və bundan sonra onun şübhəli şəxs qismində tutulduğunu, daha sonra RPŞ-nin növbətçi hissəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Asifin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Asifin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümün və həmin şalvarın sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonun aşkar edildiyini, daha sonra həmin sellofan bükümün açıldığını və içərisindən qəhvəyi rəngli toz halında olan maddənin aşkar olunduğunu, Asifin həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirdiyini və özü istifadə etməsi üçün üzərində saxladığını, daha sonra Asifin üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər maddənin elektron tərəzidə çəkildiyini və çəkisinin 1,93 qram olduğunu, bundan sonra həmin sellofan bükümün və mobil telefonun ayrı-ayrı kağız zərflərdə qablaşdırılaraq üzərinə DİN-in 111 nömrəli möhürünün vurulduğunu, onun və digər proses iştirakçılarının zərfin üzərinə imza etdiklərini, şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparıldığını, daha sonra bu barədə protokolun tərtib edildiyini, həmin protokola da imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Ağdaş şəhər sakini Mikayıl adlı şəxs tərəfindən 20 manata satın almasını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Asifin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Asifin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm və həmin şalvarın sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefon aşkar edilmiş, daha sonra həmin sellofan büküm açılmış və içərisindən qəhvəyi rəngli toz halında olan maddə aşkar olunmuş, Asif həmin maddənin narkotik vasitə olan heroin olmasını və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmiş, daha sonra Asifin üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər maddə elektron tərəzidə çəkilmiş və çəkisi 1,93 qram olmuş, bundan sonra həmin sellofan büküm və mobil telefon ayrı-ayrı kağız zərflərdə qablaşdırılaraq üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, proses iştirakçıları zərfin üzərini imzalamış, şəxsi axtarış video çəkiliş vasitəsi ilə aparılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddəni xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Ağdaş şəhər sakini Mikayıl adlı şəxsdən 20 manata satın almasını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/450 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri və imzaları yazılmış zərfin içərisindəki 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -1,602 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-сi il tarixli, № 1215 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 69.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cəzanın hesablanmasına düzəliş edilib qəti cəza dəyişdirilməyib CM-in 67.1-ci maddəsi hökmdəm xaric edilib CM-in 66.5-ci maddəsi tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, № 1159 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 5/17 №-li evdə yaşamaqla ailə tərkibi 1958-ci il təvəllüdlü X3 və 1966-cı il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X8 (xx.xx.2012) və X5 (xx.xx.2014) adında 2 azyaşlı övladı vardır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-lİ seriyalı, № 923525 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-lİİ seriyalı, № 300019 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X4r. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 11:35də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 1,552 qram çəkidə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,552 qram narkotik vasitə olan heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar