Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-109/2021 16.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə xx.xx.1992-ci ildə Ağdaş rayonu Hapıtlı kəndində anadan olmuş, Azərbaycan Respublikaaı vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Hapıtlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Abşeron rayonu Hökməli qəsəbəsi Qobu yolu yeni qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsməsi (götürülməsi) ilə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 2020-ci ilin oktyabr ayının 20-də saat 12:00 radələrində meşə fonduna daxil olmayan Ağdaş rayon Aşağı Ləki kənd bələdiyyəsinin Hapıtlı kənd ərazisində yerləşən bələdiyyə ərazisindən yaş halda 1 ədəd 46 sm diametrdə dəyəri 700 manat olan, 1 ədəd 50 sm diametrdə dəyəri 900 manat olan, 1 ədəd 50 sm diametrdə dəyəri 900 manat olan, 1 ədəd 52 sm diametrdə dəyəri 1000 manat olan, cəmi dəyəri 3500 manat olan 4 ədəd söyüd ağaclarını, 20.10.2020-ci il tarixdə saat 12:00 radələrində həmin Hapıtlı Bələdiyyə ərazisindən 4 ədəd ümumi dəyəri 3500 manat olan söyüd ağaclarını aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadan vahid niyyətlə özünə məxsus motorlu mişarla qanunsuz qəsdən kəsərək bələdiyyəyə ümumilikdə 3500 (üç min beş yüz) manat xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində evli olduğunu, bir azyaşlı övladı olduğunu, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, əvvəllər Ağdaş rayon Hapıtlı kəndində yaşadıqlarını, lakin hazırda ailəvi olaraq Bakı şəhərində yaşadıqlarını, atası Şahid1 hazırda 2-ci qrup əlil olduğunu və onun heç bir əmək qabiliyyəti olmadığını, atası ilə bir ailə olaraq özlərini idarə etdiklərini, özü Bakı şəhərində firmada sürücü olaraq işlədiyini, 20.10.2020-ci il tarixdə ailə olaraq Ağdaş rayon Hapıtlı kəndində olduqlarını, həmin vaxtlar havalar soyuq keçdiyini, eyni zamanda həmin vaxt ölkə ərazisində Qarabağ müharibəsi getdiyini, özü Hapıtlı kəndində həmin ağacları, yəni dörd ədəd söyüd ağaclarını motorlu mişarla kəsdiyini və həmin ağacları tanımadığı bir nəfər şəxs ilə razılaşaraq ağacları həmin şəxsə 200 manata satdığını, özünün həmin ağacların satışından əldə etdiyi 200 manat pulu isə Qarabağ müharibəsinə yardım olaraq göndərdiyini, həmin 4 ədəd ağaclar kənd ərazisində, yəni onlara ayrılmış torpaq sahəsinin yaxınlığında olduğunu, həmin ağacları kəsərkən həmin vaxt onun yanında heç kim olmadığını, atası Bəkirə sonradan bu barədə bildirdiyini, atasının ona heç bir köməklik göstərmədiyini, onun heç bir işləmək gücü, yəni əmək qabiliyyəti olmadığını, sonradan atasının telefonuna zənglər gəldiyini, nə səbəbdən həmin 4 ədəd ağacları kəsdiyini və həmin vaxt Bakı şəhərində olduqlarından atasının özü telefonla danışdığını və rayona geri döndükdə izahat verəcəyini dediyini, lakin həmin vaxtdan xeyli bir müddət keçdiyindən heç kimlə əlaqə saxlamadıqlarını, onun kəsdiyi ağacların sayının 4 ədəd söyüd ağacı olduğunu, onların diametrləri barədə heç nə deyə bilmədiyini, eyni zamanda ağacın bələdiyyəyə məxsus olduğunu bilmədiyini, həmin 4 ədəd ağacın orta boylu ağaclar olduğunu, ağacın bələdiyyəyə məxsus olduğunu bilmədiyini, həmin ağacların kəsilməsində atasının ona heç bir köməklik göstərmədiyini və eyni zamanda hər hansı bir məsləhətlər də vermədiyini, özü ağacları kəsdikdən sonra evə gəldikdə bu barədə atasına bildirdiyini, atasının həmin vaxt ağacları kəsdiyini bildiyini, həmin ağaclarının qiymətlərinin 3500 manat olmasını bilmədiyini, ağacın kəsilməsi ilə əlaqədar heç bir icazə almadığını, ifadəsinin alınmasında ona heç bir təzyiq olunmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə-bioloji və məhkəməəmtəəşunaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş X7 ifadəsində Ağdaş rayonu Aşağı Ləki kənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, Ağdaş rayonu Hapıtlı kəndinin Ağdaş rayonu Aşağı Ləki kənd inzibati bələdiyyəsinin ərazi vahidinə aid olduğunu, 10.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinin 8 saylı regional ekologiya və təbii sərvətlər idarəsininin əməkdaşları Şahid2 və Şahid3 birlikdə Ağdaş rayon Hapıtlı kəndinə gəldiklərini və Hapıtlı kənd ərazisində baxış keçirdiklərini, həmçinin həmin baxışda Ağdaş rayonu Aşağı Ləki kənd bələdiyyəsində mühasib vəzifəsində işləyən Zərərçəkmiş şəxs da iştirak etdiyini, baxış zamanı Ağdaş rayon Hapıtlı kənd ərazisində yol kənarında 4 ədəd diamterləri 50 sm, 50 sm, 52 sm və 46 sm olan söyüd ağacları naməlum şəxs və ya şəxslər tərəfindən kəsilməsinin müəyyən olunduğunu, öncə həmin ağacların hara və kimə məxsus olması ilə bağlı araşdırma apardıqlarını və həmin 4 ədəd söyüd ağaclarının bələdiyyə mülkiyyətinə aid torpaq ərazisində kəsilməsinin müəyyən olunduğunu, həmçinin həmin ağacların Bəkir adlı şəxsin oğlu Zaməddinin kəsdiyini, özü bilavasitə Zaməddini tanımadığını, lakin onun atasını tanıdığını, bu barədə sonradan həmin 4 ədəd söyüd ağaclarını Bəkir deyil, onun oğlu Zaməddinin kəsdiyini, Bəkiri kənd sakini kimi tandığını, Bəkirin 2-ci qrup əlil olduğunu, onun ağac kəsməsi həqiqətə uyğun olmadığını, həmin ərazinin bələdiyyəyə məxsus ərazi olduğunu və həmin 4 ədəd ağacların bələdiyyə ərazisində olduğunu, Zaməddinin atası Bəkirə ailə təsərüfatı olaraq pay torpaq sahəsi kənd ərazisindən verildiyini, lakin ağacların kəsildiyi ərazinin başqa bir yer olduğunu, belə ki, həmin yeri Bəkirin özünün tanıdığını qeyd olunan ərazinin Ağdaş rayonunda 2003-cü ildə torpaq islahatı aparılarkən pay torpağı olaraq Bəkirin ailəsinə verildiyini və Şahid1 həmi 4 ədəd ağacların kəsildiyi ərazinin ona məxsusluğu barədə heç bir arayış və ya sənəd vermədiyini, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, əvvəllər Ağdaş rayon Hapıtlı kəndində yaşadıqlarını, lakin hazırda ailəvi olaraq Bakı şəhərində yaşadıqlarını, 2-ci qrup əlil olduğunu və heç bir əmək qabiliyyəti olmadığını, 20.10.2020-ci il tarixdə ailəvi olaraq Ağdaş rayon Hapıtlı kəndində olduqlarını həmin vaxtlar havaların soyuq keçdiyini, oğlunun Hapıtlı kəndində həmin dörd ədəd söyüd ağaclarını motorlu mişarla kəsdiyini, bu barədə sonradan ona bildirdiyini, oğluna heç bir köməklik göstərmədiyini, onun heç bir işləmək gücünün və əmək qabiliyyətinin olmadığını, eyni zamanda həmin vaxt ölkə ərazisində Qarabağ müharibəsi getdiyini və oğlu həmin ağacların satışından əldə etdiyi 200 manat pulu isə Qarabağ müharibəsinə yardım olaraq göndərdiyini, həmin 4 ədəd ağaclar kənd ərazisində yəni onlara ayrılmış torpaq sahəsinin yaxınlığında olduğunu, sonradan onun telefonuna zənglər gəldiyini, nə səbəbdən həmin 4 ədəd ağacları kəsdiyini və həmin vaxt Bakı şəhərində olduqlarından telefonla danışdığını və rayona geri döndükdə izahat verəcəyini dediyini, lakin həmin vaxtdan xeyli bir müddət keçdiyindən heç kimlə əlaqə saxlamadıqlarını, oğlunun kəsdiyi ağacların sayının 4 ədəd söyüd ağacı olduğunu, eyni zamanda ağacın Bələdiyyəyə məxsus olduğunu bilmədiyini, onların diametrləri barədə heç nə deyə bilmədiyini, həmin 4 ədəd ağacın orta boylu ağaclar olduğunu, özü ağacları vaxtı ilə əkdiyini, həmin ağacların qiymətlərinin 3500 manat olmasını bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinin 8 saylı regional ekologiya və təbii sərvətlər idarəsində baş məsləhətçi müfəttiş vəzifəsində işlədiyini, 10.02.2021-ci il tarixli aktı özünün tərtib etdiyini, 8 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 10.02.2021-ci il tarixli sərəncamına əsasən Ağdaş rayon Aşağı Ləki kənd bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs və 8 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşı Şahid3 ilə birlikdə əraziyə baxış keçirdiklərini, baxış zamanı Ağdaş rayon Hapıtlı kənd ərazisində yol kənarında 4 ədəd diamterləri 50 sm, 50 sm, 52 sm və 46 sm olan söyüd ağaclarının naməlum şəxs və ya şəxslər tərəfindən kəsilməsinin müəyyən olunduğunu, ilk öncə həmin ağacların hara və kimə məxsus olması ilə bağlı araşdırma apardıqlarını və həmin 4 ədəd söyüd ağaclarının bələdiyyə mülkiyyətinə aid torpaq ərazisində kəsilməsini müəyyən etdiklərini, araşdırma zamanı bələdiyyənin nümayəndəsi Mürşüdün həmin ağacları Bəkir adlı şəxsin kəsdiyini bildirdiyini, bundan sonra Bəkirin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladıqlarını, həmin şəxsin izahat verməli olduğunu nəzərinə çatdırdıqlarını, lakin Bəkirin onlarla heç bir əlaqə saxlamadığını və izahat verməkdən imtina etdiyini, həmin şəxsin kəsərək məhv etdiyi 4 ədəd söyüd ağaclarının kəsilməsi nəticəsində “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 13-cü maddəsinin tələbləri pozulduğunu, həmin ağacların kəsilməsi nəticəsində ümumi olaraq təbiətə 3500 manat maddi ziyan dəydiyini, həmin xüsusatı rəsmiləşdirərək akt tərtib etdiklərini və kəsilmiş ağacların diametrlərinin onlar tərəfindən müəyyən edilərək aktlaşdırıldığını, həmin ağacları Bəkirin deyil, onun oğlu Zaməddinin kəsməsinin onlara sonradan məlum olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.03.2021-ci il tarixli, 7/251 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Ağdaş RPŞ-nin İstintaq qrupunun icraatında olan HK-1/230 saylı material üzrə Bəkir Məmmmədovun meşə ərazisində kəsmiş olduğu ağacların kök hissəsindən götürülmüş 1 ədəd numunələr” sözləri yazılmış bükümdəki gövdə hissələri söyüd ağacının gövdə hissəsi üçün xarakterikdirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 01.04.2021-ci il tarixli, 9/1280 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, müxtəlif diametrli söyüd cinsindən olan 4 ədəd kök üstə yaş ağacların kəsilərək məhv edilməsindən təbiətə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi zamanı, qərarın təsviri hissəsində olan məlumatlardan və qanunvericilikdə mövcud olan normativ sənədlərdən istifadə olunmuşdur. Həmin mövcud olan normativ sənədlərə və tərtib edilmiş hesablama cədvəlinə əsasən, Ağdaş rayonu Hapıtlı kəndində yolun kənarında vətəndaş Şahid1 Cəmaləddin oğlu tərəfindən 4 ədəd müxtəlif diametrli köküstə yaş söyüd ağacların qanunsuz kəsilməsindən təbiətə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə 3500 manat müəyyən edilir. O cümlədən: - bir ədəd 46 sm diametrli yaş söyüd ağacı 700 manat; - iki ədəd 50 sm diametrli yaş söyüd ağacı 1800 manat; - bir ədəd 52 sm diamterli yaş söyüd ağacı 1000 manat. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Hapıtlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Hapıtlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 iyul 2021-ci il tarixli 73 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Hapıtlı kəndində təsərrüfatbaşına kitabında qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Bakı şəhərində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası Şahid1; anası X4; bacısı X5. İşin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində X1 adlı bir azyaşlı (19.01.2021-ci il təvəllüdlü) övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-109/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-109/2021
16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver