Məhkəmə qərarları › İş №1(014)-11/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-11/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-11/2021 16.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı1 Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs1 Əli qızının iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Yevlax şəhəri, M.Müşfiq küçəsi 40 saylı evdə qeydiyatda olan və yaşayan, barəsində xx xxxxxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2020ci il tarixdə, saat 16:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Yevlax şəhəri, N.Tusi küçəsi 29 nömrəli evin həyətinə qanunsuz daxil olaraq oradan 350 manat dəyərində EUROSTAR 399 markalı, sürət ötürücülü 26-lıq idman velosipedini oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. İbtidai istintaqın qənaətinə görə bundan sonra Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 08:00 radələrində Ağdaş rayonu, Eymur kənd sakini, xx.xx.1948-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 yaşadığı evinə qanunsuz daxil olaraq sonuncuya məxsus birmərtəbəli kürsülü evinin başdakı otağında olan paltar şkafından qara rəngli çantanın içərisindən 2300 manat nağd pulu oğurlamış, evdən çıxarkən həmin evdə yaşayan xx.xx.2010-cu il təvəllülü Şahid1 Vəli oğlunun onu gördüyünü görmüş, əli ilə ona ”sus” heç kimə demə işarəsi vermiş və bununla da şüurlu surətdə əməlinin hüquqazidd xarakter daşıdığını Şahid1 başa düşdüyünü dərk edərək Zərərçəkmiş şəxs1 məxsus 2300 manat pulu açıq talayaraq soyğunçuluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində ailəli və bir övladının olduğunu, ev ustası olduğunu, daimi olaraq işləmədiyinə görə maddi vəziyyətinin pis olduğunu, bundan başqa onun az yaşlı övladı Əlinin xəstə olduğuna görə həkimin onun müalicəsi üçün müalicə təyin etdiyini, lakin onun dərman almağa pulunun olmadığını, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 16:00 radələrində yaşadığı evdən çıxıb piyada Yevlax şəhəri, N.Tusi küçəsinə getdiyini, dəmir yolunun kənarında olan Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısına çatanda orada küçədə azyaşlı oğlanın velosiped sürdüyünü gördüyünü, həmin oğlanın bir qədər velosiped sürəndən sonra velosipedlə birlikdə darvazadan yaşadığı evin həyətinə daxil olduğunu, lakin darvazanın qapısını örtmədiyini, bir qədər gözlədiyini, sonra isə həmin darvazaya yaxınlaşdığını, qapı açıq olduğuna görə həyətin görsəndiyini, velosipedin həyətdə evin qarşısında saxlanıldığını, həytədə heç kəs olmadığını, həmin velosipedi oğurlamaq qərarına gəldiyini, qapıdan sakitcə həyətə daxil olub velosipedi ehtiyyatla küçəyə çıxardığını, velosipedi küçəyə çıxarandan sonra sürərək oradan uzaqlaşıb yaşadığı evə getdiyini, velosipedi satıb pul əldə etmək qərarına gəldiyini, sonradan velosipedin sahibi tapa bilməməsi üçün velosipedi Yevlax şəhərindən uzaq kəndlərin birində satmağı düşündüyünü, bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında yaşadığı evdən çıxıb velosipedlə Yevlax rayonu, Varvara kəndinə getdiyini, kəndin küçəsində qarşısına sonradan adını bildiyi Eminin çıxdığını, Eminin iribuynuzlu heyvanları örüş sahəsinə apardığını, onun yanında velosipedi saxladığını və Eminə pula ehtiyacı olduğuna görə özünə məxsus velosipedi satmaq istədiyini dediyini, bunu deyərək cibində olan resepti çıxarıb ona göstərdiyini, övladına dərman almalı olduğunu, pulu olmadığını, buna görə velosipedi satdığını, Emin ondan velosipedi neçəyə satdığını soruşduğunu, velosipedi 100 manata satdığını dediyini, Eminin o qədər pulu olmadığını, 80 manat verə biləcəyini dediyini, Eminin təklifini qəbul etdiyini, Eminin yaxınlıqda yaşadığını, pulun atasında olduğunu, alıb verəcəyini dediyini, birlikdə Eminin yaşadığı evin qarşısına getdiklərini, Eminin həyətə daxil olaraq atasını küçəyə çağırdığını, həmin şəxslə görüşdüyünü, adının Nurlan olduğunu ona dediyini, həmin şəxsin ona adının Namət olduğunu dediyini, Namətə də cibində olan ressepti göstərdiyini, dərman almaq üçün pul lazım olduğuna görə velosipedi satmaq istədiyini dediyini, Namətin ondan velosipedin kimə məxsus olduğunu soruşduğunu, özünə məxsus olduğunu dediyini, Namətin yaşadığı evin həyətində olan VAZ-2106 markalı avtomobilinin günlüyündən 80 manat pul çıxarıb ona verdiyini, özü isə velosipedi Namətin oğlu Eminə verdiyini, bundan sonra Namətdən öz avtomobili ilə onu Varvara kəndinin çıxış hissəsinə aparmasını xahiş etdiyini, Namətin razılaşdığını, onu öz avtomobili ilə kəndin çıxacağına apardığını, yol ilə keçən sürücüsünü tanımadığı VAZ- 21015 markalı avtomobillə Yevlax şəhərinə gəldiyini, sonra isə piyada yaşadığı evə getdiyini, velosipedi satmağı nəticəsində əldə etdiyi 80 manat pulu xx xxxxxx 2020-ci il tarixdə öz məsrəflərinə xərclədiyini, belə ki, 15 manat Varvara kəndindən Yevlax şəhərinə gəldiyi taksi sürücüsünə verdiyini, siqaret aldığını, ***-***-**-** nömrəli mobil telefonuna 5 manatlıq danışıq konturu yüklədiyini, yaşadığı evə ərzaq məhsulları aldığını və dərmanları aldığını, həmin pulun hamısını xərclədiyini, 2020-ci ilin avqust ayının əvvəllərində Ağdaş rayonu, Eymur kəndində Sənubər adlı qadının evində işlədiyini, onunla birlikdə hər ikisinin adı Vahid olan iki nəfər ustanın da işlədiyini, Sənubər adlı qadının həyətində iki ev olduğunu, həmin evlərdən birinin təzə tikili olduğunu, hansı ki, həmin evi onlar tikdiyini, digəri isə həyətdə Sənubərgilin öz yaşadığı ev olduğunu, hansı ki, onların həmin evə girməyə icazələrinin olmadığını, Sənubər xalanın hər dəfə tikinti materialları alanda köhnə evindən götürdüyü qara rəngli çantasından pul çıxardığını, tikinti materiallarının pulunu ödədiyini və daha sonra çantanı evə apardığını, xx xxxxxx 2020-ci il tarixdə, saat 08:00 radələrində Sənubərgilə gəldiyini, həmin gün işləmədiklərini, gəlməkdə məqsədinin Sənubərdən borc pul istəmək olduğunu, lakin onlara gəldikdən sonra oğurluq etmək fikrinə düşdüyünü, evdə heç kim olmadığını yəqin etdiyi üçün evə girdiyini, Sənubərin azyaşlı nəvəsi Samirin evdə yatdığını görüb geri həyətə qayıdıb orada gözlədiyini, Samir evdən çıxdıqdan sonra tez evə girib, başdakı otaqda şkafdan qara çantanı tapdığını və baxanda işərisində 100 manatlıq pul əskinasları olduğunu gördüyünü və həmin pulların bir qismini götürdüyünü və cibinə qoyduğunu, Sənubərin evindən oğurluq edib çıxarkən Samirin onu gördüyünü, lakin əli ilə ona sus işarəsi verərək heç kimə heç nə deməməsini bildirdiyini və Yevlaxa getdiyini, yolda pulu saydığını və həmin pulun 2300 manat olduğunu gördüyünü, həmin pulun bir hissəsini dərhal xərclədiyini, evə bazarlq etdiyini, su, siqaret və digər şeylər aldığını, oğurluq etdikdən bir neçə saat sonra ustalarından yaşlı olan Vahidin onu tapdığını və oğurladığı pulları geri qaytarmağını tələb etdiyini, həmin puldan özündə olan 1700 manatı qaytardığını, daha sonra həmin gün axşam Sənubərə 190 manatlıq kartı verərək həmin kartdan 190 manat da götürmələrini və qalan 410 manatı isə qaytaracağını bildirdiyini, hazırda vurduğu ziyanın tam olaraq ödənildiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayonu, Eymur kəndində 17 sot həyəti olduğunu, həyətində 1975-ci ildə tikilmiş evinin olduğunu, onunla birlikdə həmin evdə nəvəsi Samirin yaşadığını, ev köhnə ev olduğu üçün yeni ev tikdirməyi qərara aldıqlarını, bununla əlaqədar 2020-ci ilin iyul ayında həmin həyətdə başqa yerdə özlərinə ev tikdirməyə başladıqlarını, yeni tikilən evdə hər ikisinin adı Vahid olan iki nəfər usta və bir nəfər Nurlan adlı fəhlənin işlədiyini, özünə məxsus olan pulu köhnə evində yerləşən şkafın içərisində qara rəngli çantada saxladığını, yeni tikilən evə hər hansı tikinti materialı lazım olan zaman həmin çantanı götürdüyünü və içərisindən pul çıxardaraq tikinti materialının pulunu verdiyini, pulunun çantada olmasını bu vasitə ilə ustalar və Nurlan adlı fəhlənin öyrəndiyini, xx xxxxxx 2020-ci il tarixdə, səhər radələrində həyətdə olduğunu, həmin vaxt nəvəsi Samirin pul saxladığı otaqla yatdığını, nəvəsi Samirin ona yaxınlaşaraq yatdığı otağın qapısının səsinə ayıldığını, Nurlan adlı fəhlənin yatdığı otaqdan çıxdığını görüb onu səslədiyini, nurlan geri çevrilib ona əli ilə sus işarəsi edərək otaqdan çıxdığını dediyini, şübhələndiyi üçün dərhal yaşadığı evə gedib paltar şkafında olan qara rəngli çantasında olan 5000 manat puldan 2300 manatın olmadığını gördüyünü, həmin pulun Nurlan tərəfindən oğurlanmasını başa düşdüyünü, dərhal usta Şahid2 zəng edərək Nurlanın onun evindən 2300 manat pul oğurladığını və pulu qaytarmazsa şikayət edəcəyini bildirdiyini, bundan sonra DİN-nin 102 xdimətinin məlumat mərkəzinə zəng edərək pulunun Nurlan adlı şəxs tərəfindən oğurlanmasını bildirdiyini, bundan təxminən yarım saat sonra usta Vahidin ona zəng edərək Nurlanı tapdığını və pulun 1700 manatını aldığını bildirdiyini, həmin gün 1700 manatı götürməyə gedərkən Nurlanın onlara 190 manatlıq kartını da təqdim etdiyini və daha sonra qalan 410 manatı da ödəyəcəyini bildirdiyini, həmin vaxtlarda onlara polislərin gəldiyini və olanları ətraflı olaraq polislərə bildirdiyini, həmçinin Nurlanın 190 manatlıq kartından 190 manat pulu çıxardığını, oğurlanmış 2300 manat pulunun 23 ədəd hər biri 100 manatlıq əskinaslardan ibarət olduğunu, Nurlan onun yaşadığı evin həyətində yerləşən təzə tikilən evdə fəhlə kimi işlədiyini, Nurlanın onun həyətində olan digər evə, yəni onun yaşadığı evə daxil olmaq üçün heç bir icazəsi olmadığını, həmçinin Nurlanın həmin hadisədən 5 gün əvvəlldən etibarən onlara işə gəlmədiyini, həmin gün Nurlanın onlara gələcəyindən xəbərlərinin olmadığını, Nurlanın yad adam kimi xəlvətcə gəlib onun evindən oğurluq etdiyini, həmin vaxt evdə nəvəsi və özündən başqa heç kimin olmadığını, hazırda vurulmuş ziyanın tam olaraq ödənildiyini, iş üzrə Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə şahid, yetkinlik yaşına çatmamış Şahid1 məhkəmə iclasında məhkəmə tərəfindən təyin edilmiş qanuni nümayəndəsi nənəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 onun nənəsi olduğunu, nənəsi tək yaşadığı üçün onunla qaldığını, nənəsinin Ağdaş rayonu, Eymur kəndində 17 sot həyəti olduğnu, həyətdə nənəsinin özünə məxsus köhnə tikilmiş evi olduğunu, həmin evin köhnə ev olduğu üçün özlərinə yeni ev tikdirməyi qərara aldıqlarını, bununla əlaqədar 2020-ci ilin iyul ayında həmin həyətdə başqa yerdə özlərinə ev tikdirməyə başladıqlarını, yeni tikilən evdə hər ikisinin adı Vahid olan iki nəfər usta və bir nəfər Nurlan adlı fəhlənin işlədiyini, nənəsinin özünə məxsus olan pulu köhnə evdə yerləşən şkafın içərisində qara rəngli çantada saxladığını, yeni tikilən evə hər hansı tikinti materialı lazım olan zaman həmin çantanı götürdüyünü və içərisindən pul çıxardaraq tikinti materialının pulunu verdiyini, nənəsinin pulunun çantada olmasını bu vasitə ilə ustalar və Nurlan adlı fəhlənin öyrəndiyini, xx xxxxxx 2020-ci il tarixdə, səhər radələrində nənəsinin çantası olan otaqda yatdığını, otağın qapısının səsinə ayılaraq Nurlanın otaqdan çıxdığını görüb onu səslədiyini, Nurlan geri çevrilərək ona sus işarəsi edərək otaqdan çıxdığını, dərhal nənəsinin yanına getdiyini və Nurlanın köhnə evdən çıxdığını və ona da əli ilə sus işarəsi etdiyini dediyini, daha sonra nənəsinin yaşadıqları evə gedib baxan zaman paltar şkafında olan qara rəngli çantadan 2300 manat nağd pulunun oğrulandığını gördüyünü, nənəsinin həmin pulun Nurlan tərəfindən oğurlanmasını başa düşdüyünü, dərhal ustalarından Şahid2 zəng edərək Nurlanın onların evindən 2300 manat pul oğurladığını və pulu qaytarmazsa şikayət edəcəyini bildirdiyini, bundan təxminən yarım saat sonra usta Vahidin nənəsinə zəng edərək Nurlanı tapdığını və pulun 1700 manatını aldığını bildirdiyini, həmin vaxtlarda onlara polislərin gəldiyini, həmin vaxt evdə nənəsi və ondan başqa heç kimin olmadığını, Nurlanın yatdığı otaqdan pul oğurlamasını görmədiyini bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində usta fəaliyyəti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs da əvvəllər Yevlax şəhər sakini kimi üzdən tanıdığını, sonradan Nurlanın onun yanında fəhlə kimi işləməyə başladığını, təxminən bir ilə yaxındır ki, Nurlanın onunla birlikdə işlədiyini, həmçinin onun yanında Yevlax şəhər sakini Vahid adlı şəxsin də işlədiyini, Nurlanın günəmuzd işlədiyini, onlara fəhlə lazım olanda onu özləri ilə apardıqlarını və ona gündəlik 10-15 manat pul verdiklərini, 2020-ci ilin avqust ayının əvvəllərində Ağdaş rayonu, Eymur kəndində Zərərçəkmiş şəxs1 evində işlədiklərini, Sənubərin həyətində iki ev olduğunu, həmin evlərdən birinin təzə tikili olduğunu, hansı ki, həmin evi onlar tikdiyini, digərinin isə həyətdə Sənubərgilin öz yaşadığı ev olduğunu, onların həmin evə girməyə icazələrinin olmadğını, Sənubərin hər dəfə tikinti materialları alanda köhnə evindən götürdüyü qara rəngli çantasından pul çıxardığını, tikinti materiallarının pulunu ödədiyini və daha sonra çantanı evə apardığını, Sənubərin pulunun çantada olmasını bu vasitə ilə özü, digər usta Vahid və Nurlan öyrəndiklərini, xx xxxxxx 2020-ci il tarixdə Sənubərgilə işə getmədiklərini və Yevlax şəhərində olan başqa bir işi göməyə getdiklərini, xx xxxxxx 2020-ci il tarixdə səhər radələrində Nurlana zəng edərək başqa iş olduğunu, həmin işə gedəcəklərini bildirdiyini, lakin Nurlanın isə ona onların getməsini, özü gələcəyini bildirdiyini, onları ev sahibinin öz avtomobili ilə aparıb gətirdiyini, həmin gün səhər radələrində Sənubərin ona zəng edərək Nurlanın onun yanında olub olmadığını soruşduğunu, Sənubərə Nurlanın yanında olmadığını bildirdiyini və ondan Nurlanı nə üçün axtarmasını soruşduğunu, bu zaman Sənubərin ona Nurlanın onun evindən 2300 manat pul oğurladığını, pulu ondan alıb qaytarmasını dediyini, daha sonra Nurlanın mobil telefonuna zəng etdiyini və həmin zaman harada olmasını soruşduğunu, Nurlanın da ona Yelvax şəhərində bazara yaxın yerdə olmasını bildirdiyini, Nurlana gözləməsini və onun yanına gələcəyini bildirdiyini, bundan sonra Nurlanla görüşdüyünü və ona Sənubərin pulunu nə üçün oğurlamasını bildirdiyini və Sənubərə geri qaytarmaq üçün ondan oğurladığı 2300 manat pulu tələb etdiyini ki, lakin Nurlanın ona 1700 manat pul verdiyini və qalan 600 manat pulu xərclədiyini bildirdiyini, bundan sonra Nurlanla birlikdə öz yaşadığı evə getdiyini və Sənubərgilə də zəng edərək onlara gəlmələrini bildirdiyini, həmin gün Sənubərin, oğlu və nəvəsi ilə birlikdə onun yaşadığı evə gəldiyini, Sənubərə 1700 manat pulu verdiyini, Nurlanın özünə məxsus 190 manatlıq kartını da Sənubərə təqdim etdiyini və daha sonra qalan 410 manatı da ödəyəcəyini bildirdiyini göstərdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 əvvəllər tanımadığını, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 08:00 radələrində yaşadığı evdən çıxıb şəxsi təsərrüfatlarında olan iribuynuzlu heyvanlarını otlaq sahəsinə apardığını, yol ilə bir nəfər şəxsin velosipedlə ona tərəf gəldiyini gördüyünü, həmin şəxsin ona çatanda dayandığını və onunla görüşdüyünü, adının Təqsirləndirilən şəxs olduğunu dediyini, Yevlax şəhəri, M.Müşfiq küçəsində yaşadığını bildirdiyini, həmin küçəni tanıdığını, Yevlax şəhərinin yeni məhəlləsi olduğunu bildiyini, Nurlanın cibindən ressept çıxarıb ona göstərdiyini və azyaşlı övladı olduğunu, xəstə olduğunu, resseptdə qeyd edilən dərmanları almaq üçün ona pul lazım olduğunu, bu səbəbdən sürdüyü velosipedi satmaq istədiyini dediyini, Nurlanın velosipedinə baxdığını, velosipedin sürət ötürücülü, idman velosipedi olduğunu, velosipedin onun xoşuna gəldiyini, Nurlandan velosipedin kimin olduğunu soruşduğunu, Nurlanın velosipedin onun özünə məxsus olduğunu dediyini, Nurlandan velosipedi neçəyə satmaq istədiyini soruşduğunu, Nurlanın 100 manata satdığını bildirdiyini, 80 manat pulu olduğunu, saxlamaq üçün atası Namətə verdiyini, Nurlana 80 manat pulu olduğunu, həmin qiymətə satmağa razıdırsa velosipedi ala biləcəyini dediyini, Nurlanın 80 manata satmağa razılaşdığını, Nurlana birlikdə yaxınlıqda olan evinin qarşısına gəldiklərini, həmin vaxt atasının evdə olduğunu, atasını küçəyə çağırdığını, atasının küçəyə çıxandan sonra ona velosipedi göstərdiyini, almaq istədiyini dediyini, atasının da Nurlandan həmin velosipedin kimə məxsus olmasını soruşduğunu, Nurlanın velosiped onun özünə məxsus olduğunu dediyini, bundan sonra atasının özünə məxsus VAZ-2106 markalı avtomobilin günlüyündən 80 manat pulu çıxarıb Nurlana verdiyini, Nurlanın velosipedi ona verdiyini, Nurlanın bundan sonra atasından onu öz avtomobili ilə yaşadıqları Varvara kəndinin çıxacağına aparmasını xahiş etdiyini, atasının Nurlanla razılaşdığını, Nurlanı öz avtomobili ilə apardığını, özü isə velosipedi sürərək heyvanlarını otlaq sahəsinə apardığını, 80 manata aldığı həmin velosipedin Yevlax şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus olması, həmin velosipedi Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə oğurlaması barədə heç bir məlumatının olmadığını, Nurlanın ona velosipedin özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satmaq istədiyini dediyini, Təqsirləndirilən şəxs aldığı velosipedin sahibinə qaytardığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs2 teleqramla məhkəmə müraciət edərək Nurlan Baxış oğlunun ona dəymiş ziyanı ödədiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində 2020-ci ilin mart ayında Goranboy rayonu, Goran qəsəbəsində olan mağazadan oğlu Allahverdi üçün 400 manata bir ədəd sürət ötürücülü idman velosipedi aldığını, həmin velosipedi alandan sonra oğlunun sürməyə başladığını, oğlunun velosipedi yaşadıqları evin həyətində saxladığını, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 17:00 radələrində yaşadığı evdə olan zaman oğlu Allahverdinin onun yanına gələrək həyətdə saxladığı velosipedin yerində olmadığını bildirdiyini, evdən həyətə düşdüyünü, bu zaman velosipedin həqiqətən də yerində olmadığnı gördüyünü, həmin velosipedi qonşuluqda yaşayan uşaqlardan kiminsə sürmək üçün apardığını düşündüyünü, bu səbəbdən velosipedin oğurlanması barədə aidiyyəti orqanlara ərizə ilə müraciət etmədiyini, 3 gün ərzində qonşulardan və yaxın ətraf ərazidə yaşayan tanıdığı şəxslərdən oğlu üçün aldığı velosipedi görüb-görmədiklərini soruşduğunu, velosipedi götürən şəxsi axtardığını, lakin müsbət nəticə əldə edə bilmədiyini, bu səbəbdən velosipedin oğurlanmasından tam əmin olaraq xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə gələrək baş vermiş hadisə barədə ərizə ilə müraciət etdiyini, oğurlanmış velosipedin sürət ötürücülü idman velosipedi olduğunu, yaşıl və qara rəngli boya ilə boyandığını, markasının EUROSTAR 399 olduğunu, həmin velosipedi Goranboy rayonu, Goran qəsəbəsində olan mağazadan 400 manata aldığını bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9/4010 №-li rəyindən görünür ki, ekspertiza qərarında və fotoşəkillərdə göstərilən bir ədəd EUROSTAR markalı, ATX399 modelli, 26 ölçülü velosipedin istifadədə olması nəzərə alınmaqla hal hazırda orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 350 manat müəyyən olunur. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında araşdırılmış sübutlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməlidir. Belə ki, ikinci epizod üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın mahiyyəti ondan ibarətdir ki, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 08:00 radələrində Ağdaş rayonu, Eymur kənd sakini, xx.xx.1948-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 yaşadığı evinə qanunsuz daxil olaraq sonuncuya məxsus birmərtəbəli kürsülü evinin başdakı otağında olan paltar şkafından qara rəngli çantanın içərisindən 2300 manat nağd pulu oğurlamış, evdən çıxarkən həmin evdə yaşayan xx.xx.2010-cu il təvəllülü Şahid1 Vəli oğlunun onu gördüyünü görmüş, əli ilə ona ”sus” heç kimə demə işarəsi vermiş və bununla da şüurlu surətdə əməlinin hüquqazidd xarakter daşıdığını Şahid1 başa düşdüyünü dərk edərək Zərərçəkmiş şəxs1 məxsus 2300 manat pulu açıq talayaraq soyğunçuluq etmişdir. Lakin oğurluğun necə baş verməsi barədə iş üzrə Təqsirləndirilən şəxslə iş üzrə Şahid1 məhkəmə iclasında bir qədər fərqli ifadələr versələr də, Təqsirləndirilən şəxs ifadəsində oğurluq etməsini heç kimin görmədiyini, həm də Şahid1 Təqsirləndirilən şəxs nənəsinə məxsus çantadan pul oğurlamasını görmədiyini, Təqsirləndirilən şəxs oğlurluq etməsini sonradan, yəni nənəsi çantasının yoxladıqdan, evlərində işləyən usta Şahid2lə telefonla danışdıqdan sonra öyrəndiyini bildirmişdir. Yəni məhkəmə həm obyektiv, həm də subyektiv meyarlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən talama mülkiyyətçinin və ya kənar şəxslərin gözü qarşısında baş verməmiş və onlar bu hərəkətin cinayət olduğunu dərk etməmişlər, Təqsirləndirilən şəxs hərəkətinin mülkiyyətçi və ya kənar şəxslər tərəfindən müşahidə edilmədiyini dəqiq bilmiş, Zərərçəkmiş şəxs1 məxsus pulu açıq deyil, gizli talamış və bunu dərk etmişdir. Oğurluq özgə əmlakını gizli olaraq talamada ifadə olunur. Talama əmlakın faktiki götürüldüyü və təqsirkarın həmin əmlak barəsində sərəncam vermək üçün real imkana malik olduğu andan başa çatmış hesab edilir.Təqsirkarın götürdüyü əmlak barəsində real sərəncam vermək imkanı əmlakın götürürüldüyü yerdən və talanan əmlakın öz xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Açıq sahədən talma zamanı təqsirkarın real sərəncam vermək imkanı götürmə anından yaranır.Mühafizə olunan və ya hüdudlanmış sahədən, binadan, tikilidən talama zamanı isə talanan əmlak dərhal istehlak edilə bilməyən olduqda real sərəncam vermək imkanı əmlakın həmin sahənin hüdudlarından kənara çıxarıldığı andan yaranır. Soyğunçuluq özgə əmlakını açıq talamada ifadə olunur. Təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir və həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etmələrini bilir. Bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq etməklə müşayiət olunur. Talamanın açıq olmasını müəyyən etmək üçün obyektiv və subyektiv meyarlardan istifadə edilir.Obyektiv meyarın mahiyyəti ondan ibarətdir ki, özgənin əmlakını talama mülkiyyətçinin və ya kənar şəxslərin gözü qarşısında baş verir və onlar bu hərəkətlərin cinayət olduğunu dərk edirlər.Subyektiv meyarın mahiyyəti ondan ibarətdir ki, təqsirkar onun hərəkətlərinin mülkiyyətçi və ya kənar şəxslər tərəfindən müşahidə edildiyini, yəni özgənin əmlakını açıq taladığını dərk edir.Bu meyraların olması əməlin soyğunçuluq kimi tövsif edilməsinə əsas yaradır. Burada üstünlük subyektiv meyara verilir. Ona görə də təqsirkar özünün özgənin əmlakını talamadan ibarət cinayətkar hərəkətinin kənar şəxslər tərəfindən müşahidə edildiyini hesab edirsə, lakin həmin şəxslər təqsirkarın hərəkətinin mahiyyətini dərk etmirlərsə, əməl soyğunçuluq kimi tövsif edilir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etməsini, vurduğu ziyanı tam olaraq ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən olunması zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 08 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 10 ay 16 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbir ləğv edilərək məhkəmə iclası zalında dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut olan bir ədəd EUROSTAR markalı ATX-399 modelli 26 ölçülü velosipedin sahibi X1 qaytarılması, vurulmuş 2.650 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı beş ay səkkiz gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi on ay on altı gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il bir ay on dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin.. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd EUROSTAR markalı ATX-399 modelli 26 ölçülü velosipedin sahibi X1 qaytarılması, vurulmuş 2.650 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Hökmün icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar