Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-11/2023 25.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı oğlunun Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Ağdaş rayonu, Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan, barəsində 23 sentyabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə, şəraitdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 7,75 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxananı əldə edərək üzərində saxlamaqla daşımış, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində Ağdaş rayonu Orta Ləki kəndi ərazisindən keçən Qazax-Bakı-Ələt avtomobil yolunun kənarında saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nə gətirilməklə Ağdaş RPŞ-nin növbətçi hissəsində xx.xx.2022-ci il tarixdə, saat 11:55-dən saat 12:16-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunda ayrı ayrılıqda təmiz çəkiləri 3,56 qram və 4,19 qram, ümumi təmiz çəkisi 7,75 qram olan həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 10:50 radələrində Qazax-Ələt-Bakı magistral yolunun Ağdaş rayon Orta Ləki kəndindən keçən yolun kənarında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirmiş və onu Ağdaş RPŞ-nə dəvət etmişlər. Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki üzərində göy rəngli cızıqları olan şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefon, 02 ədəd “Manchester” markalı siqaret qutusu, həmin şalvarın sol arxa yan cibindən 9 ədəd 1 manatlıq, 4 ədəd 5 manatlıq pul əskinasları, həmin şalvarın sol yan cibindən isə 2 ədəd kibrit qutusu aşkar olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusu açılıb baxılarkən içərisində kəskin iyə malik, yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 2 ədəd “Manchester” markalı siqaret qutusu, 9 ədəd 1 manatlıq, 4 ədəd 5 manatlıq pul əskinasları iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış və bu barədə protokol tərtib olunmuşdur. İş üzrə şahid, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə, saat 10:50 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, Şahid2 ilə birlikdə Qazax-Ələt-Bakı magistral yolunun Ağdaş rayon Orta Ləki kəndindən keçən yolun kənarında dayanmasını görmüşlər. Həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Manafı Ağdaş RPŞ-nə dəvət etmişlər. Ağdaş RPŞ-də Manafa dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Manafın əynindəki üzərində göy rəngli cızıqları olan şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefon, 02 ədəd “Manchester” markalı siqaret qutusu, həmin şalvarın sol arxa yan cibindən 9 ədəd 1 manatlıq, 4 ədəd 5 manatlıq pul əskinasları, həmin şalvarın sol yan cibindən isə 2 ədəd kibrit qutusu aşkar olunmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş 2 ədəd kibrit qutusu açılıb baxılarkən içərisində kəskin iyə malik, yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Aşkar edilmiş 2 ədəd kibrit qutusu ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 2 ədəd “Manchester” markalı siqaret qutusu, 9 ədəd 1 manatlıq, 4 ədəd 5 manatlıq pul əskinasları iş üçün əhəmiyyət kəsb etmədiyindən Manafın özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış və bu barədə protokol tərtib olunmuşdur. İş üzrə şahid, Ağdaş RPŞ-nin PPXB-nin polis serjantı Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/739 No-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkisi 3,56 qram və 4,19 qram, ümumi təmiz çəkisi 7,75 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: qurudulmuş marixuananın təmiz çəkisi 7,75 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq-7,65 qram. İş üzrə keçirilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1714 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində Ağdaş RPŞnin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusu aşkar olunmuş, kibrit qutuları açılarkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşıl rəngli bitki kütləsinin qurudulmuş marixuana olmasını və özü istifadə etmək üçün üzərində saxladığın bildirmişdir. Daha sonra həmin yaşıl rəngli bitki kütləsi elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır, cinayət törədilən tarixə, yəni xx.xx.2022-ci il tarixə məhkumluğu ödənilməmişdir, hökm çıxarıldığı tarixə, yəni xx.xx.2023-cü il tarixə məhkumluğu ödənilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, himayəsində bir azyaşlı uşağın olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, şübhəli şəxs kimi 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 51 manat 06 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 7,65 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 51 manat 06 qəpik (əlli bir manat altı qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 7,65 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-11/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-11/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver