Məhkəmə qərarları › İş №1(014)-11/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-11/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-11/2025 28.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü ildə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 495,77 qram eyni tərkibli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq ünvan 1 ünvanında yerləşən yaşadığı evdə saxlamış, xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan evə həmin tarixdə saat 17:02-dən 17:14-dək keçirilmiş baxış zamanı yataq otağındakı çarpayının yanından 1 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 495,77 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. ünvan 1-də tək yaşayır. Təxminən 30 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. Əvvəllər Cinayət Məcəlləsinin 234.1 və 263.1-ci maddələri ilə məhkum olunmuşdur. 2024cü ilin sentyabr ayının ortalarında Ağdaş rayonu, Mürsəl kəndinin giriş hissəsində, su kanalının yaxınlığında yabanı halda bitmiş narkotik tərkibli bitki görmüş, həmin bitkiləri gələcəkdə istifadə etmək üçün yığıb yaşadığı evə gətirmiş, daha sonra isə qurudub yaşadığı evdə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 1də olan zaman qapı döyülmüş, qapıya yaxınlaşaraq kim olduğunu soruşduqda polis əməkdaşları olduğunu bildirmişlər. O, polis əməkdaşlarının nəsə soruşacaqlarını düşünüb çölə çıxmış, həmin zaman polis əməkdaşları ona narkotik vasitələri yaşadığı evdə saxlamağı barədə məlumat olmasını, ona görə də baxış keçirilməsi zərurəti yarandığını bildirmiş, o da buna heç bir etiraz etməmişdir. O, qərarla tanış olunmuş, hüquq və vəzilərinin əks olunduğu bildiriş təqdim edilmiş, ondan yaşadığı evdə narkotik vasitələr saxlayıb-saxlamamağı soruşulmuç, o da yaşadığı evin yataq otağında özünün istifadə etməyi üçün narkotik vasitə olmasını bildirmişdir. Daha sonra yataq otağında qara rəngli sellofana yığıb qurudaraq saxladığı narkotik vasitəni polis əməkdaşına təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 509 qram olması müəyyən edilmiş, 1 ədəd qara sellofan paket 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra özünəməxsus olan “F mobile-K11” markalı mobil telefon da iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-in “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, yaşadığı mənzilin digər otaqlarından heç bir şey aşkar olunmamışdır. Şifahi qaydada sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni 2024-cü ilin sentyabr ayının ortalarında Ağdaş rayonu, Mürsəl kəndinin giriş hissəsində, su kanalının yaxınlığında yabanı halda bitmiş narkotik tərkibli bitkidən yığıb qurudaraq gələcəkdə istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra, şübhəli şəxs qismində tutulmağı üçün polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə gəlmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 1 ədəd zərf açılmış, baxış keçirilmiş, həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 508 qram olması müəyyən edilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra içərisində mobil telefon olan 1 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuş və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, üzərində olan tünd göy rəngli şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı, həmin şalvarın sağ yan cibindən şəxsiyyət vəsiqəsini, 1 ədəd beş manatlıq, 1 ədəd bir manatlıq pul əskinaslarını və yaşadığı evə məxsus 1 ədəd açar dəstini təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman heç bir əşya aşkar olunmamış, daha sonra həmin əşyalar geri qaytarılmışdır. O, ünvanda tək yaşadığından bu barədə heç bir kəsin xəbəri olmamış, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İfadəsinin alınmasında heç bir güc və ya psixoloji təzyiq tətbiq edilməmişdir. O, özünəməxsus “F mobile-K11” markalı mobil telefonu olmaqla həmin mobil telefonun üzərində özünəməxsus ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs vermiş olduğu etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıyır. Onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib yaşadığı evdə saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:02də polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 1-də yerləşən yaşadığı evin qarşısına gedilmiş, tərəflərindən videoçəkiliş başlanılmış və qapı döyülmüş, Təqsirləndirilən şəxs qapını açmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etmiş və o, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, ona hüquq və vəzifələrinin izah olunması barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri saxlayıb-saxlamaması soruşulmuş, o, yaşadığı evdə narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yerləşən çarpayının yanından qara rəngli sellofan torba təqdim etmiş, qara rəngli sellofan torba açılmış, baxış zamanı içərisində xüsusi iyə malik, yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar olunmuşdur. Narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 1 ədəd qara rəngli sellofan torbanın təxmini çəkisi müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin olduğu 1 ədəd qara rəngli sellofan torbanın təxmini çəkisi 509 qram olması müəyyən edilmişdir. Daha sonra 1 ədəd qara rəngli sellofan torba 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan “F mobile-K11” markalı mobil telefon iş üçün sübut əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, bundan başqa evin digər otaqlarından heç bir şey aşkar olunmamışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni 2024-cü ilin sentyabr ayının ortalarında Ağdaş rayonu, Mürsəl kəndinin giriş hissəsində, su kanalının yaxınlığında yabanı halda bitmiş narkotik tərkibli bitkidən yığıb qurudaraq gələcəkdə istifadə etmək üçün saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, yaşadığı ünvana keçirilmiş baxışa dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 1 ədəd zərf açılmış, baxış keçirilmiş, həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 508 qram olması müəyyən edilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra içərisində mobil telefon olan 1 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamışdır. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı, həmin şalvarın sağ yan cibindən şəxsiyyət vəsiqəsini, 1 ədəd beş manatlıq, 1 ədəd bir manatlıq pul əskinaslarını və yaşadığı evə məxsus 1 ədəd açar dəstini təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman heç bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu açılmış, siqaret qutusunun içərisində siqaret dənəciklərinin olması müəyyən edilmiş, daha sonra həmin əşyalar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış, üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotorp maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış keçrilən yer ünvan 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdir. Təqsirləndirilən şəxs təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, hüquq və vəzifələrinin izah olunması barədə bildiriş verilmiş, ondan yaşadığı evdə narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsitəklif edilmiş, Təqsirləndirilən şəxs da yaşadığı evin yataq otağında yerləşən çarpayının yanından 1 ədəd qara rəngli sellofan torba təqdim etmişdir. Bundan sonra həmin 1 ədəd qara rəngli sellofan torbanın içərisində xüsusi iyə malik, yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar edilmişdir. Sonra narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 1 ədəd qara rəngli sellofan torbasının təxmini çəkisi müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, 1 ədəd qara rəngli sellofan torbanın təxmini çəkisi 509 qram olması müəyyən edilmiş, daha sonra 1 ədəd qara rəngli sellofan torba 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan “F mobile-K11” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, bundan başqa evin digər otaqlarından heç bir şey aşkar olunmamışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman gələcəkdə istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün sonlandırılmış, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması üçün Ağdaş RPŞ-yə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş baxış barədə protokol tərtib edilmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 17:02-də Təqsirləndirilən şəxs yaşadığı evdən qara rəngli sellofan torbanın içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin evdən qara rəngli sellofan torbanın içərisində olan yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə bənzər bitki kütlələrinə baxış keçirilmiş, həmin kütlələr elektron tərəzidə ölçülərək çəkisinin 508 qram olması müəyyən edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin sellofan torbadakı vasitələrin özünə məxsus olmasını, ona qarşı heç bir fiziki zorakılıq olmadığını bildirmişdir. Video görüntüdən ibarət 1 ədəd DVD diskin “HP” markalı kompüterə qoşulduqdan sonra “My computer” pəncərəsində açılmış bir ədəd diskdə bir kadrda çəkilmiş video fayl olduğu, DVD diskə baxış zamanı “Windows-10” əməliyyat sisteminin “X7” proqramı vasitəsi ilə “S4820002” adlı video görüntü açıldığı, 08 dəqiqə 34 saniyədən ibarət olan görüntü 01:12 dəqiqəsində Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından qara rəngli sellofan toba aşkar olunduğu, Təqsirləndirilən şəxs əməliyyat müvəkkili tərəfindən ona verilən şifahi suala aşkar olunan sellofan torbanın “nəyşə” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni 2024-cü ilin sentyabr ayının ortalarında Ağdaş rayonu, Mürsəl kəndinin giriş hissəsində, su kanalının yaxınlığında yabanı halda bitmiş narkotik tərkibli bitkidən yığıb qurudaraq gələcəkdə istifadə etmək üçün saxladığını, əməliyyat müvəkkili həmin evdən qara rəngli sellofan torbanı elektron tərəzidə çəkdiyi və çəkisinin 509 qram müəyyən olunduğu, daha sonra video görüntüyə sona qədər baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilmədiyi qeyd edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-17/881 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitəyə bənzər kütləsi” yazısı, adlar və imzalar olan 1 ədəd zərfin içərisindəki digər 1 ədəd zərfin içərisində olan 1 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 495,77 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-ci il tarixli 1925 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 139 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 254 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayan və ailə tərkibi – xx.xx.1970-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:05də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni, xx.xx.2024-cü il tarixdən saat 17:02-dən hesablanmalıdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və və Ağdaş RPŞ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram təşkil edir. Qurudulmuş marixuananın külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 500 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı xeyli miqdarda olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahidlərin ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun əvvəllər məhkum olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunmamasını, yetərli olmamasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 noyabr 2024-cü il tarixdən 25 noyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı cəmi 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 (iki) gün müddət onun cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 495,57 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34,55 (otuz dörd manat, əlli beş qəpik) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 23 noyabr 2024-cü il tarixdən 25 noyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat, əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 495,57 qram marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar