Məhkəmə qərarları › İş №1(014)-110/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-110/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-110/2021 24.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1977-cı ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işsiz, Ağdaş rayonunun Xosrov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 12 mart 2021-ci ildə saat 17:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonunun Xosrov kəndi ərazisindən keçən 233-cü kilometrində idarə etdiyi VAZ 21074 minik markalı B584MA134 Rus dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X24» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib idarəetməni itirərərək avtomobil yolun sağında olan su kanalına aşmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişin X6 üzün sağ nahiyəsinin, burun yəhərinin sıyrıqları kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarətlərini yetirərək, törətdiyi yol nəqliyyat hadisəsi ilə birbaşa səbəbli əlaqəsi omaqla Fizuli Xəlilovun suda boğulma nəticəsində törənən mexaniki asfiksiyadan ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır 28.09.2016-cı ildə ona «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 2019-cu ilin iyul ayında işləmək üçün Rusiya Federasiyasının Volqoqrad şəhərinə getmişdir. Rusiya Federasiyasından qayıtdıqda öz pulu ilə, yəni 300 ABŞ dollarına VAZ 21074 minik markalı B584MA134 Rus dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Rusiya vətəndaşı olmadığına görə avtomobili xalası X7 Rusiya vətəndaşı olan əri X9 adına rəsmiləşdirib, ondan geniş səlahiyyətli etibarnamə alaraq Dağıstandan keçib avtomobili Azərbaycan Respublikasına gətirmişdir. 08.10.2019-cu ildə Dağıstandan Qusar rayonuna daxil olaraq Ağdaş rayonuna getmişdir. Gömrükdə Azərbaycan Respublikasında olma müddətini 90 gün qeyd etdirmişdir ki, sonra qayıdıb getsin. 21 dekabr 2019-cu ildə həmin avtomobillə Gürcüstan Respublikasını keçib geri qayıtmış və Azərbaycan Respublikasında olma müddətini 365 gün təyin etmişdir. Bundan sonra Karonavirus pandemiyası başlandığı üçün Azərbaycan Respublikasını tərk edə bilməmişdir. Amma müvafiq sənədləşmə işlərini aparmışdır ki, cərimə olunmasın. 12 mart 2021-ci ildə həmkənlisi X12 ilə birlikdə idarə etdiyi VAZ 21074 minik markalı B584MA134 Rus dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonunun Şəmsəbad kəndinə getmişlər. Orada Fizuli 1 baş quzu alıb avtomobilin yük yerinə qoyaraq Xosrov kəndi istiqamətinə yola düşmüşlər. Həmin gün Ağdaş rayonuna qar yağmış və yol sürüşkən olmuşdur. Avtomobili yolda icazə verilən sürət həddi ilə, yəni 60 km/saat sürətlə idarə etmişdir. Avtomobil düz hərəkət edərkən yol sürüşkən olduğundan avtomobil sürüşmüş, nə qədər çalışsa da avtomobilin idarəsini bərpa edə bilməmişdir. X11 istiqamətində yolun sağına aşmışdır. Avtomobil aşdıqdan sonra özü ağır xəsarət alaraq huşunu itirmiş, bundan sonra nə baş verdiyini xatırlamır. Ayıldıqdan sonra Göyçay xəstəxanasında olduğunu bilmişdir. Hadisə zamanı avtomobili saz vəziyyətdə olmuş və Fizulidən başqa sərnişin olmamışdır. Sonradan məlum olmuşdur ki, avtomobil su kanalına aşdıqdan sonra Fizuli suda boğularaq ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, ona qarşı şikayətinin və tələbinin olmamasını nəzərə almağı, ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 hüquqi varisi X21 oğlu ifadəsində oğlu Fizuli Xəlilov 29 aprel 1987-ci ildə Ukraynanın Vinnitsa şəhərində doğulmuş, evli, himayəsində 3 uşağı olmaqla onunla bir evdə yaşamışdır. 12 mart 2021-ci ildə səhər saatlarında Fizuli evdən çıxıb qonşu kəndə qoyun almaq üçün getmişdir. Saat 17 radələrində oğlu Fizulinin həmkəndlisi Zaminlə kəndin yaxınlığında qəzaya düşməsi barədə məlumat almışdır. Dərhal Ağdaş rayon xəstəxanasına getmiş, orada oğlunun meyitini morqda görmüşdür. Fizulinin meyiti müayinə olunduqdan sonra onlara verilmiş və 13 mart 2021-ci ildə meyiti dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, Fizuli həmkənlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 minik markalı avtomobillə qonşu kəndə gedib qoyun alaraq, geriyə qayıdarkən yol nəqliyyat hadisəsi baş vermişdir. Zaminlə heç bir şəxsi qərəzliliyi və ya düşmənçiliyi olmamışdır. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X13 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmiş və yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşin materiallarında olan 08 iyul 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 28 sentyabr 2016-ci ildə verilmiş AC seriyalı 626847 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2021-ci il tarixədək qüvvədə olan “BC” dərəcəli sürücülük hüququ vardır. İşin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 12 mart 2021-ci il tarixli, 54 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. İşin materiallarında olan Rusiya Federasiyası tərəfindən 12 noyabr 2004-cü il tarixdə verilmiş 342-042 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 1991-ci il, “VAZ-21074” markalı, B584MA134 dövlət qeydiyat nişanlı avtomobilin sahibi X14r. İşin materiallarında olan X17 tərəfindən verilmiş 34AA2619339 saylı etibarnamədən görünür ki, “VAZ-21074” markalı, B584MA134 dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti 2018-ci il tarixdən 2021-ci il tarixədək sürücü Təqsirləndirilən şəxs oğluna verilmişdir. İşin materiallarında olan 03 may 2021-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum X5 atası X13 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X19-Təcrübi Birliyinin 02.04.2021-ci il tarixli 10 nömrəli rəyinə əsasən X4 ölümünə səbəb suda boğulma nəticəsində törənən mexaniki asfiksiya olmuşdur. Onun ölümü meyitin müayinəsindən ən azı 1, ən çoxu 3 saat əvvəl baş vermişdir. X4 meyitində aşkar olunan xəsarətlər- üzün sağ nahiyəsinin, burun yəhərinin sıyrıqları küt alət təsirindən törənmiş, törənmə müddətləri 12.03.2021-ci il tarixə uyğundur, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. X4 meyitində aşkar olunan xəsarətlər yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. X4 ölümünün səbəbi ilə baş vermiş yol nəqliyyat hadisəsi ilə birbaşa səbəbli əlaqə vardır. İşin materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 25 may 2021-ci il tarixli 8/994 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində VAZ 21074 minik markalı B584MA134 rus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində «X24» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri ümumilikdə 100 (yüz) manat müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 24 mart 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək Ağdaş Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 1(014)-09/2017 saylı hökmünə əsasən bir il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşin materiallarında olan Ağdaş rayon məhkəməsinin ********* №-li cinayət işi üzrə 13.02.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətinə nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrum edilməklə aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzadan azad edilməsi barədə məhkəmənin 15.01.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əsas və əlavə cəzadan azad edilərək məhkumluğu olmayan hesab edilmişdir. İşin materiallarında olan 07 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “VAZ-21074” markalı, B584MA134 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs mərhum F.N.Xəlilovun hüquqi varisi atası N.B.Xəlilovun təqdim etdiyi ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 may 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Xosrov kəndində yaşamaqla, ailə tərkibi X18 (həyat yoldaşı), X15, X16 və X8 ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X24 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10- cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “X24” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” markalı, B584MA134 dövlət qeydiyyat nişanlı avtomobilin sahibində olması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” markalı, B584MA134 dövlət qeydiyyat nişanlı avtomobilin sahibində olması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa getməmək haqqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar