Məhkəmə qərarları › İş №1(014)-110/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-110/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-110/2022 11.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1972-ci ildə Ağdaş rayonu, Yuxarı Qəsil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayan xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayan xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaşadıqları Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla bir neçə dəfə qəsdən baş və üz nahiyəsinə, ayağı ilə isə ayaq nahiyəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi və izahatında X1 onun arvadı olduğunu, 1992-ci ildə ailə qurduqlarını, birgə nigahlarından 2 övladının olduğunu, əvvəllər aralarında ciddi bir problem olmadığını, oğlu Azadın son zamanlar kimləsə telefonda çox danışmasını gördüyünü, oğluna görə narahat olduğunu, arvadı Nurəngizə də oğlu Azadın kimlə danışması, kimə qoşulması barədə maraqlanmasını dediyini, xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində yoldaşı Nurangizlə evdə tək olduğunu, Nurəngizin də Azad barəsində ona danışmağa başladığını, Nurəngizin ona oğlu Azadın bir nəfər qadına qoşulmasını güman etdiyini, həmin qadının da deyəsən ailəli olduğunu dediyini, Azadın da son vaxtlar onunla münasibətdə olduğunu bildirdiyini, Nurəngizin bu sözlərindən çox əsəbləşdiyini, Nurəngizə “mənim bir oğlum var, o da mənim başımı yerə vurmaq istəyir bu hərəkətlə?” dediyini, yoldaşı Nurəngizin də onunla yüksək səslə danışmağa başladığını, Nurəngizə “səsini aşağı sal, məni əsəbləşdirmə” dediyini, lakin Nurəngizin yenə onunla yüksək səslə danışdığını və danışğından onun Azadın tərəfini saxladığını hiss etdiyini, ona görə də, əsəblərini cilovlaya bilmədiyini və Nurəngizi döydüyünü, bundan sonra isə yaşadığı evdən çıxdığını və yaxınlıqda olan qardaşının evinə getdiyini, hal-hazırda da orada yaşadığını, əli ilə bir neçə dəfə Nurəngizin baş, üz nahiyələrindən, ayağı ilə də bir neçə dəfə onun ayaq nahiyəsindən vurub ona xəsarət yetirdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxs onun əri olduğunu, 1992-ci ildə ailə qurduqlarını, birgə nigahlarından 2 övladının olduğunu, əvvəllər də aralarında müəyyən narazılıqların baş verdiyini, dəfələrlə mübahisələrinin, dava-dalaşlarının olduğunu, lakin əri Pünhanın barəsində şikayət etmədiyini, lakin son vaxtlar Pünhanın dözülməz olduğundan artıq onun bu hərəkətlərinə dözə bilmədiyini, sonuncu dəfə mübahisələrinin xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində baş verdiyini, belə ki, həmin vaxt ev işləri ilə məşğul olduğunu, Pünhanın da evdə olduğunu, Pünhana oğlu Azadın artıq 30 yaşına çatmasını, Azadı evləndirmək lazım olduğunu, bunun üçün evi təmir etmək lazım olduğunu söylədiyini, Pünhanın isə əsəbi halda ona “mənə bu barədə heç bir şey demə” söylədiyini, Pünhana “nə qədər ki, Azad evlənmir, gedib başqa-başqa qadınlara qoşulacaq, münasibət quracaq, onu vaxtında evləndirmək lazımdır” deyə söylədiyini, lakin əri Pünhanın əsəbi halda onunla mübahisə etməyə başladığını, mübahisə vaxtı Pünhanın onun üstünə gəlib onu döyməyə başladığını, taqətdən düşdükdən sonra Pünhanın onu buraxdığını, sonra Pünhanın onun üz-gözünün qan olduğunu gördüyünü və onu hamama apararaq üz-gözünün qanını yuduğunu, sonra Pünhanın ona dərman almağa getdiyini, əvvəlcə onun barəsində şikayət etmək istəmədiyini, lakin sonradan qohumlarının onun halını gördüklərini və ona Pünhan barəsində şikayət etməsini məsləhət etdiklərini, ona görə xx.xx.2022-ci il tarixdə Az.Res.DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat verdiyini bildirmişdir. Həmçinin o, izahatında əri Pünhanın əlləri ilə bir neçə dəfə üz və baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə, təpiklə ayaq nahiyələrinə, evdəki stulla onun kürək və qol nahiyələrinə vuraraq ona xəsarət yetirdiyini, aralarındakı mübahisə və dava-dalaşın yaşadıqları evdə baş verdiyini, təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını, səs-küyə heç kimin gəlmədiyini, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Şahid məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs izahatı ilə eyni məzmunlu ifadə verərək atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirdiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 544 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər sağ gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sağ gözünün ağlı qişasına qansızma, alt çənə nahiyəsini, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin qançırları, sağ dirsək oynağının arxa səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddirlər. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici izahatından başqa, zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir, barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından on beş faiz məbləğində dövlət nəfinə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar