Məhkəmə qərarları › İş №1(014)-111/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-111/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-111/2023 22.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 5,63 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 20:30-da Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Vaqif küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 21:10-dan 21:26-dək ünvan 2 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,69 qram və həmin qolsuz gödəkçənin sol yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,94 qram, ümumilikdə təmiz çəkisi 5,63 qram eynitərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, lakin narkotik vasitələrdən asılı vəziyyətdə olmadığını, 13 mart 2023-cü il tarixdə təxminən saat 08:20 radələrində arvadını “Orelay” konfet zavoduna işə yola salaraq Ağdaş şəhəri, Maşad küçəsi ilə yaşadığı evə qayıtdığını, Maşad küçəsindən piyada yolun kənarı ilə gedən zaman yolda 2 ədəd yan-yana dayanmış kibrit qutusu gördüyünü, həmin kibrit qutularının təzə olmasının diqqətini çəkdiyini və həmin qutuları götürmək qərarına gəldiyini, belə ki, siqaret yandırmaq üçün hər zaman kibritdən istifadə etdiyini və bir neçə dəfə də həm dolu kibrit, həm də siqaretlə dolu siqaret qutusu tapdığı üçün həmin qutuları götürərək baxmaq qərarına gəldiyini, buna görə də hər iki kibrit qutusunu götürərək açdığını, bu zaman hər iki kibrit qutusunun içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olmasını gördüyünü, həmin bitki kütlələrini iylədiyini və həqiqətən də bitki kütlələrinin marixuana olmasını bildiyini, bundan sonra hər iki kibrit qutusunu cibinə qoyaraq yaşadığı evə gəldiyini, daha sonra həmin gün təxminən saat 20:30 radələrində yaşadığı evin yerləşdiyi küçəyə çıxaraq bir qədər gəzmək və “kazbek” almaq üçün Ağdaş şəhərinə getmək qərarına gəldiyini, həmin vaxt içərisində qurudulmuş marixuana olan kibrit qutuları da onun üzərində olduğunu, Ağdaş şəhəri, Vaqif küçəsində olan zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, həmin şəxslərin özlərini təqdim etdiklərini və Ağdaş RPŞ-nin əməkdaşları olmasını bildirdiklərini, daha sonra ona üzərində narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirdiklərini, həmçinin onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, özü də artıq əlindən heç bir şey gəlmədiyini başa düşdüyü üçün onlarla birlikdə RPŞ-yə gəldiyini, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, bundan sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarışa başlamazdan əvvəl polis əməkdaşının ona hüquqlarını izah etdiyini, daha sonra şəxsi axtarış zamanı polis əməkdaşının ona üzərində narkotik vasitələri saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirdiyini və üzərində olan əşyaları masanın üzərinə qoyaraq təqdim etməyi tapşırdığını, özü də həmin vaxt əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu, həmin şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu, əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonu və 1 ədəd kibrit qutusunu, həmin gödəkçənin sol yan cibindən 1 ədəd kibrit qutusunu masanın üzərinə qoyduğunu, daha sonra polis əməkdaşlarının da üzərində şəxsi axtarış keçirdiklərini və qanunsuz olaraq saxladığı başqa bir əşya və ya predmet aşkar edilmədiyini, bundan sonra polis əməkdaşının siqaret qutusunu açdığını və içərisindən siqaretlər olduğunu, daha sonra şalvarının cibindən çıxardığı kibrit qutusunu açdığını və içərisindən kibrit dənələri aşkar edildiyini, daha sonra gödəkçəni cibindən aşkar edilmiş kibrit qutuları açıldığını, həmin kibrit qutularının hər ikisinin içərisindən yaşıl rəngli bitki kütləsi aşkar edildiyini, hər iki kibrit qutusunun içərisində olan bitki kütləsinin “nəşə” yəni narkotik vasitə olmasını bildirdiyini, bundan sonra hər iki kibrit qutusu ayrı-ayrılıqda elektron tərəzidə çəkildiyini və çəkilərinin 4,9 qram və 5,1 qram olduğunu, bundan sonra hər iki kibrit qutusu kağız zərfdə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, həmçinin ona məxsus mobil telefonun da kağız zərfdə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, həmin zərflərin üzərini imzaladıqlarını, daha sonra polis əməkdaşının bir daha ondan üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunun içərisindəki bitki kütləsinin nə olmasını soruşduğunu, özü də həmin bitki kütlələrinin “nəşə”, yəni qurudulmuş marixuana olmasını bildirdiyini, daha sonra polis əməkdaşının həmin bitki kütlələrini haradan əldə etdiyini və hansı məqsədlə üzərində saxladığını soruşduğunu, özü də həmin bitki kütlələrinin olduğu kibrit qutularını xx.xx.2023-cü il tarixdə Maşad küçəsindən yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra şəxsi axtarışın başa çatdığını və bu barədə protokol tərtib edilərək ucadan oxunduğunu, özü və digər iştirakçılar həmin protokolu imzaladıqlarını, onun üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə təxminən saat 08:30 radələrində Ağdaş şəhəri, Maşad küçəsindən yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirdiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefondan istifadə etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2la birlikdə Ağdaş şəhəri, Vaqif küçəsində olan zaman Xəyalın piyada hərəkətdə olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Xəyalı RPŞ-yə dəvət etdiklərini, Xəyalın da onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Xəyala dövlət hesabına müdafiəçi təyin edildiyini və onun şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Xəyalın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Xəyalın əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusu, həmin şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu, əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonu və 1 ədəd kibrit qutusunu, həmin gödəkçənin sol yan cibindən 1 ədəd kibrit qutusu aşkar edildiyini, daha sonra onun üzərində şəxsi axtarış keçirildiyini və onun üzərindən başqa bir əşya və ya predmet aşkar edilmədiyini, bundan sonra siqaret qutusunun açıldığını və içərisindən siqaretlər aşkar edildiyini, daha sonra kibrit qutularının bir-bir açıldığını, birinin içərisindən kibrit dənələri, digər kibrit qutularının hər ikisinin içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edildiyini, Xəyalın hər iki kibrit qutusunun içərisində olan bitki kütləsinin “nəşə”, yəni narkotik vasitə olmasını bildirdiyini, bundan sonra hər iki kibrit qutusunun ayrı-ayrılıqda elektron tərəzidə çəkildiyini və çəkilərinin 4,9 qram və 5,1 qram olduğunu, daha sonra hər iki kibrit qutusunun və mobil telefonun da kağız zərflərə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, həmin zərflərin üzərinin imzalanıldığını, şəxsi axtarış zamanı Xəyalın həmin bitki kütlələrinin “nəşə”, yəni qurudulmuş marixuana olmasını, xx.xx.2023-cü il tarixdə Maşad küçəsindən yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra şəxsi axtarışın başa çatdığını və bu barədə protokol tərtib edilərək ucadan oxunduğunu, proses iştirakçıları tərəfindən həmin protokolun imzalarla təsdiq edildiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin inzibati binasında polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Anar Osmanovun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusu, həmin şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu, əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd kibrit qutusunu, həmin gödəkçənin sol yan cibindən 1 ədəd kibrit qutusu telefon aşkar edilmiş, bundan sonra aşkar edilmiş hər iki kibrit qutusu açıldığını və içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar edilmiş, bundan başqa hər iki kibrit qutusu ayarı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 4,9 qram və 5,1 qram olmuş, sonra həmin kibrit qutuları kağız zərfə qablaşdırılmış, həmçinin üzərindən aşkar edilmiş mobil telefon da kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, şəxsi axtarış videokamera vasitəsilə qeydə alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/247 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusu..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 2,69 qram və 2,94 qram, ümumi təmiz çəkisi – 5,63 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, 02 (iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 635 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-411/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX X7in poliklinika şöbəsində ruhi-əsəb və narkolofi xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 mart 2023-cü il tarixli, 507 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: arvadı- X1; oğlulları – 2008-ci il təvəllüdlü X5 və 2012-ci il təvəllüdlü X2 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:55-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 18:00-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, evli və himayəsində bir azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə göndərilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 5,53 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 5,53 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar