Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-112/2022 01.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs 03 avqust 1991-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də fəhlə işləyən, məhkum olunmamış, Ağdaş rayonu, Ləki qəsəbəsi, M.Mustafayev küçəsi 25A ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 10 iyun 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda, naməlum mənbədən və naməlum şəraitdə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1.759 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə 09 iyun 2022-ci il tarixdə, saat 12:24 dəqiqədən 12:33 dəqiqəyədək ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin növbətçi hissəsində üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində göstərdi ki, 09 iyun 2022-ci il tarixdə, təxminən saat 11:00 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsində piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlaması barədə onlarda məlumatın olmasını bildirərək onu Ağdaş RPŞ-nə dəvət etmiş, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuş, daha sonra Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişr, şəxsi axtarış zamanı əynondə olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar edilmiş, üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar edilmiş, həmin maddənin narkotik vasitə olmasını bildirmiş və öz istifadəsi üçün üzərində saxlamasını bildirmiş, bundan sonra üzərindən aşkar edilmiş həmin narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmış, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmış, narkotik vasitəni 09 iyun 2022-ci il tarixdə səhər saatlarında Ağdaş rayonu, Ləki qəsəbəsindən tapdığını bildirmişdir. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, 09 iyun 2022-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, buna görə də tərəfindən həmin tarixdə müvafiq sənədləşdirmələr aparılmış və rəisə məruzə olunmuş, həmin gün, təxminən saat 11:50 radələrində Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 ilə birlikdə Ağdaş rayonu, Ləki qəsəbəsində olarkən Təqsirləndirilən şəxs küçədə olmasını görmüş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü, təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlarda məlumatın olmasını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs Ağdaş rayon polis şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs onlarla birlikdə Ağdaş RPŞ-nə gəlmiş, Ağdaş RPŞ-də Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və o şübhəli şəxs qismində tutulmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar edilmiş, daha sonra həmin sellofan büküm açılmış və içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, sonra həmin sellofan büküm elektron tərəzidə çəkilərək qablaşdırılmış, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 09 iyun 2022-ci il tarixdə, səhər saatlarında Ağdaş rayonu, Ləki qəsəbəsində yerdən tapdığını bildirmişdir. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/468 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzaları yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1.759 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1223 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində Ağdaş RPŞnin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellafon büküm aşkar olunmuş, sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli toz halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, tərəzidə çəkilərək qablaşdırılmışdır. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olmasını, «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, şübhəli şəxs kimi 09 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 1.709 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, 02 ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 1.709 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, iki ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-112/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-112/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver