Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-112/2023 03.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Ağdaş rayonu, Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz götürmüşdür. Belə ki, o, 2022-ci ilin yanvar ayının əvvəllərində Türyançay çayının sağ Mühafizə zolağında Ağdaş rayonu Dəhnəxəlil kənd ərazisindən keçən hissəsində X6 İdarəsinin balansına daxil olan meşə zolağındakı ümumilikdə 13 ədəd ağacın kəsilməsinə şəxsiyyətləri istintaqa məlum olmayan cinayətdən xəbərsiz şəxsləri şifahi tapşırıqla cəlb edib həmin şəxslərə torpaq sahəsində yerləşən ağacları çıxarıb götürmələri ilə bağlı qanunsuz göstəriş vermiş, nəticədə həmin tarixdə bioloji inkişafda köküstə yaş halda olan 1 ədəd 0-4 sm diametrdə 80 manat dəyərində qarağac ağacını, hər birinin dəyəri 100 manat olmaqla 04 ədəd 4,1-8 sm diametrdə ümumilikdə 400 manat dəyərində qarağac ağacını, 1 ədəd 8,1-12 sm diametrdə 120 manat dəyərində qarağac ağacını, hər birinin dəyəri 80 manat olmaqla 2 ədəd 0-4 sm diametrdə ümumilikdə 160 manat dəyərində yalanqoz ağacını, hər birinin dəyəri 100 manat olmaqla 2 ədəd 4,1-8 sm diametrdə ümumilikdə 200 manat dəyərində yalanqoz ağacını, 1 ədəd 8,1-12 sm diametrdə 120 manat dəyərində yalanqoz ağacını, hər birinin dəyəri 100 manat olmaqla 2 ədəd 4,1-8 sm diametrdə ümumilikdə 200 manat dəyərində akasiya ağacını, ümumilikdə 13 ədəd yaş köküstə bioloji inkişafda olan ağacları qanunsuz götürüb təbiətə ümumilikdə 1280,0 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində anası Lalə Əmrahova, arvadı Vəfa Əmrahova, azyaşlı qızları Fidan Əmrahova və Həvva Əmrahova və azyaşlı oğlu Ümüd Əmrahov ilə birlikdə yaşadığını, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşadığı evin həyətinin təxminən 40 sot olduğunu, həmin həyətdə təsərrüfatla və əkinçiliklə məşğul olduğunu, həmçinin yaşadıqları kəndin ərazisində ona məxsus pay torpaq sahəsinin olduğunu, 2022-ci ilin yanvar ayının əvvəllərində ona həyətə və pay torpaq sahəsində olan çökək əraziyə tökmək üçün torpaq lazım olduğuna görə meşə ərazisindən torpaq daşıyaraq həyətinə və pay torpaq sahəsində olan çökək əraziyə tökmək qərarına gəliyini, bu məqsədlə də meşədən torpaq götürəcəyi yerlərə baxdığını və nəticədə Türyançay çayının Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsinin sağ tərəfində olan meşə zolağından bir qədər torpaq gətirib yaşadığı həyətə və pay torpaq sahəsinə tökmək qərarına gəldiyini, bu məqsədlə də həmin yerə gedərək bir daha baxdığını və yolun kənarından keçən tanımadığı şəxslərin idarə etdikləri bir qoşqulu traktor və bir ekskavatoru saxlayaraq həmin yerə apardığını, həmin ekskavatorla meşə zolağının bir hissəsini qazdıraraq həmin torpağı traktorun qoşqusuna yığdırdığını və həmin torpağı ona məxsus pay torpağının çökək ərazisinə və həyətinə boşaltdığını, bundan bir neçə gün sonra onu Mingəçevir şəhərində yerləşən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə çağırdıqlarını, həmin idarəyə gedən zaman ona meşə zolağında qazıntı işləri aparıb torpaq götürən zaman orada olan 13 (on üç) ədəd müxtəlif ağacları qırıb yararsız hala saldığını bildirdiklərini, özünün isə orada məsuliyyətdən yayınmaq məqsədi ilə orada qazıntı işləri aparan zaman 2 (iki) ədəd yalanqoz ağacını qazıntıya mane törətdikləri üçün onun göstərişi əsasında ekskavatorun sürücüsünün yerindən çıxardıb kənara atdığını bildirdiyini, idarənin əməkdaşlarının ondan izahat aldıqlarını, bundan bir müddət sonra onu Ağdaş rayon prokurorluğuna dəvət etdiklərini və o, da oraya gedərək yenidən izahat verdiyini, həmin yerdə qazıntı işləri aparıb torpaq götürmək üçün heç bir idarədən və ya şəxsdən icazə almadığını, həmin ərazidə 13 ədəd müxtəlif diametrli yaş köküstə müxtəlif cinsli ağacları qanunsuz olaraq yerindən çıxartdırdığını, həmin ağacların 6 ədəd qarağac ağacı, 5 ədəd yalanqoz ağacı, 2 ədəd akasiya ağacı olduğunu və həmin ağacları qanunsuz olaraq yerindən çıxartdırdığını, lakin həmin ağacların diamterlərini və digər əlamətlərini bilmədiyini, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qeyd olunan ərazidən qarışıq süxurları qanunsuz olaraq çıxarıb apardığına görə barəsində 28 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunduğunu və həmin protokol əsasında 11 mart 2022-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işlədiyini, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş ağacların qanunsuz olaraq götürülməsi və Türyançay çayının mühafizə zolağından qarışıq süxurların götürülməsi barədə məlumatla əlaqədar 26 yanvar 2022-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndi, Ağdaş-Qəbələ avtomobil yolunun sağ hissəsinə X6 İdarəsinə məxsus yaşıllıq ərazisinə baxış keçirildiyini, baxış zamanı müxtəlif diametrli 13 ədəd köküstə yaş ağacın kökündən götürülməsi, qeyd edilən ərazidən eyni zamanda qarışıq süxurlar qazılaraq götürülməsinin müəyyən edildiyini, aparılan hesablama nəticəsində təbiətə ağacların götürülməsinə görə 1280 manat, qarışıq süxurun götürülməsinə isə 3717 manat, ümumilikdə ətraf mühitə 4997 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Baxış zamanı 13 ədəd müxtəlif diametrli köküstə yaş ağacın Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Təqsirləndirilən şəxs tərəfindən götürülməsi müəyyən edildiyini, Təqsirləndirilən şəxs həmin ağacları həyətyanı sahəsinə torpaq daşımaq üçün aparan zaman torpağın götürülməsinə maneə törətdiyi üçün kökündən çıxardığını bildirdiyini, bununla bağlı Təqsirləndirilən şəxs izahatı alındığını və müvafiq akt tərtib olunduğunu, müvafiq sənədləşmələr aparıldıqdan sonra bu barədə idarə rəhbərliyinə məlumat verdiyini bildirmişdir. Həmçinin, zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş zərərin tamamilə ödənildiyini, ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində evli olduğunu, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi müfəttişi işlədiyini, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə daxil olmuş ağacların qanunsuz olaraq götürülməsi və Türyançay çayının mühafizə zolağından qarışıq süxurların götürülməsi barədə məlumatla əlaqədar daxil olmuş məlumat əsasında Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində müxtəlif diametrli 13 ədəd köküstə yaş ağacın kökündən götürüldüyünü, həmin qeyd edilən ərazidən eyni zamanda qarışıq süxurların qazılaraq götürüldüyüün aşkar olunduğunu, qarışıq süxuların növü və miqdarını müəyyən etmək üçün X9 Agentliyinin əməkdaşının iştirakı ilə əraziyə təkrar baxış keçirdiyini, baxış zamanı iki yerdən olmaqla ümumilikdə 295 m3 həcmində qarışıq süxurun götürüldüyünün müəyyən edildiyini, qeyd edilən ərazinin Ağdaş rayonu Suvarma Sistemləri İdarəsinin balansında olduğundan əraziyə nəzarət edən şəxs Zərərçəkmiş şəxs ərazidən süxurları götürən şəxsin Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Təqsirləndirilən şəxs olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs izahatı alınan zaman o, qeyd olunan ərazidən 1 traktor qoşqusu torpaq götürdüyünü, həmin torpağı pay torpaq sahəsinə tökdüyünü, torpaq götürən zaman 2 ədəd xırda diametrli ağacı kökündən çıxardığını bildirdiyini, 26 yanvar 2022-ci il tarixdə baxış zamanı kök hissəsindən götürülmüş 13 ədəd ağacın hadisə yerində olduğunu, onun tərəfindən diametrlərinin ölçüldüyünü və şəkillər çəkilərək protokola əlavə edildiyini, ola bilsin sonradan həmin ağacların götürüldüyünü bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3331 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 13 ədəd müxtəlif diametrli, yaş köküstə müxtəlif cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəyimiş ziyanın ümumi məbləği 1280,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət ekoloji təhlükəsizlik xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli 73875 №li aktdan və akta əlavə olunmuş cədvəldən görünür ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə “Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində köküstə yaş ağacların kökündən texnikayla çıxarılması ilə əlaqəli daxil olan məlumat İdarənin xx.xx.2022-ci il tarixli 123 saylı sərəncamı əsasında İdarənin əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı Ağdaş-Qəbələ avtomobil yolunun Ağdaş rayon Dəhnəxəlil kəndi ərazisindən keçən sağ hissəsində, Türyançay çayının sağ mühafizə zolağında yerləşən yaşıllıq əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazi X6 idarəsinə məxsus olmaqla meşə zolağıdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli PHŞ/6- 22/2-2022-552 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 318/1 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Dəhnəxəlil kəndində təsərrüfatbaşına kitabında qeydiyyatda olmaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: anası 1958-ci il təvəllüdlü X1, arvadı 1987-ci il təvəllüdlü X2, qızı xx.xx.2008-ci il təvəllüdlü X3, qızı xx.xx.2009-cu il təvəllüdlü X4, oğlu xx.xx.2015ci il təvəllüdlü X5r. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadəsi və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, dəymiş zərəri tamamilə ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-112/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-112/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver