Məhkəmə qərarları › İş №1(014)-114/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-114/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-114/2022 02.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 1,795 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 13:40 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri H.Əliyev prospektində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilərək Növbəti Hissədə saat 14:18-dən 14:25-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,795 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, xəstə olduğuna görə bədənində ağrılar vardır. Buna görə də narkotik vasitələrin istifadəçisidir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13:40 radələrində Ağdaş şəhər H.Əliyev prospekti ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirmiş və onu Ağdaş RPŞ-yə dəvət etmişlər. Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında maddə aşkar olunmuş, həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş həmin narkotik maddə elektron tǝrǝzidə çəkilmiş və çəkisi 1,90 qram olmuş, sonra həmin sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmiş, protokol tərtib olunmuş, özü və digər proses iştirakçıları heç bir şikayət olmadığından protokola imza etmişdirlər. Üzərindən aşkar edilmiş narkotik maddəni 2 (iki) gün bundan əvvəl Ağdaş rayonu Dəhnəxəlil kəndində yoldan yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamış, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonunun Dəhnəxəlil kəndində qeydiyyatda olan, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olmuş, həmin məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə İTB-in sahə rəisi Şahid2 ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə zaman Təqsirləndirilən şəxs yolun kənarı ilə piyada getməsini görmüş, bundan sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Samiri RPŞ-yə dəvət etmiş, Samir də onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmiş, RPŞ-də Samirə dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Samirin əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan büküm aşkar edilmiş, aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında maddə aşkar olunmuşdur. Samir həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demiş, bundan sonra aşkar olunmuş həmin narkotik maddə elektron tǝrǝzidə çəkilmiş və çəkisi 1,90 qram olmuş, sonra həmin sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmişlər. Bu barədə protokol tərtib olunmuş, proses iştirakçıları heç bir şikayət olmadığından protokola imza etmişlər. Şəxsi axtarış mobil telefon vasitəsilə videoqeydə alınmışdır. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 da məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Samirin əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan büküm aşkar edilmiş, aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında maddə aşkar olunmuş, Samir həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demiş, bundan sonra aşkar olunmuş həmin narkotik maddə elektron tǝrǝzidə çəkilmiş və çəkisi 1,90 qram olmuş, sonra həmin sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmiş, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/561 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd...” sözləri yazılmış və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 1,795 qran olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1398 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 29, 177.2.1, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli, c/i-76432 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,1(014)-7/2022 saylı hökmü ilə ona təyin edilmiş cəzanın 3 il 8 ay 29 gün çəkilməmiş hissəsi qalmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 sentyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 sentyabr 2022-ci il tarixli, 356/1 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonunun Dəhnəxəlil kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası - X2 (1966-cı il təvəllüdlü); anası – X1 (1976-cı il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:05də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2022-ci il tarixli, 4(014)-91/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun əvvəllər dəfələrlə məhkum olunması, cəzasını çəkib qurtarmadan yeni cinayət törətməsi şəxsiyyətini mənfi səciyyələndirən hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-7/2022 saylı hökmünə əsasən ona təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 3 (üç) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 1 (bir) il 10 (on) ay 14 (on dörd) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı 09 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 1,745 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-7/2022 saylı hökmünə əsasən ona təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 3 (üç) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 1 (bir) il 10 (on) ay 14 (on dörd) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli şübhəli şəxs qismində saxlanıldığı 09 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,745 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar