Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-115/2023 08.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 25 avqust 1999-cu ildə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Yenicə kəndində qeydiyyatda olmaqla Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində ünvan 1 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs məxsus ünvan 6i ərazisində yerləşən yaşayış sahəsi hesab edilən çəpərli torpaq sahəsinə qanunsuz daxil olaraq bağ sahəsindəki saxlanc yeri olan çardağın altındakı 1 ədəd kardon qutunun içərisindən sonuncuya məxsus 1 ədəd 240 manat dəyərində, Rusiya istehsalı, “Karpat 50” markalı su pompasını, 1 ədəd 430 manat dəyərində, Rusiya istehsalı, “Karpat 300 A” markalı kabelləri ilə birgə qaynaq aparatını, 2 qutu, 30 manat dəyərində, Rusiya istehsalı, “Karpat 350 markalı” qaynaq aparatı üçün elektrotu, 3 top, ümumi uzunluğu 150 metr olan, 180 manat dəyərində Rusiya istehsalı, “Makita” markalı, elektrik naqillərini, 20 kiloqram çəkidə, 15 manat dəyərində Rusiya istehsalı, “Makita” markalı dəmir qırıntılarını, 1 ədəd, 100 manat dəyərində, Rusiya istehsalı, “Makita” markalı laqonda aparatını, 1 ədəd, 50 manat dəyərində, Rusiya istehsalı, “Makita” markalı dreli gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1045 (min qırx beş manat) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində fərdi əməklə məşğul olduğunu, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, əvvəllər məhkum olmadığını, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, Zərərçəkmiş şəxs tanıdığını, onun Zərərçəkmiş şəxs ilə aralarında hər hansı ədavət və düşmənçiliyin olmadığını, belə ki, Zərərçəkmiş şəxs ünvan 6ində bağ sahəsinin yerləşdiyini, Zərərçəkmiş şəxs mütəmadi olaraq həmin bağ sahəsində təsərrüfat işləri ilə məşğul olduğunu gördüyünü, həmin bağ sahəsində müxtəlif növ təsərrüfat alətləri olduğunu, maddi vəziyyətində uzun müddətdir ki, problemlər olduğundan Zərərçəkmiş şəxs ünvan 6ində yerləşən bağ sahəsindəki təsərrüfat alətlərini oğurlamaq qərarına gəldiyini, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində ailə üzvləri yatdıqdan sonra fərdi yaşayış evindən çıxaraq Zərərçəkmiş şəxs bağ sahəsinin qarşısına gəldiyini, həmin vaxtı ətrafa baxıb müşahidə apardığını və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra taxtadan hazırlanmış çəpərdən tullanaraq bağ sahəsinə daxil olduğunu, həmin vaxtı bağ sahəsində olan çardağın altına gəldiyini, orada kardon qutunun olduğunu gördüyünü, kardon qutunun içərisinə baxan zaman orada müxtəlif növ təsərrüfat alətlərinin olduğunu gördüyünü, həmin qutuda olan 1 ədəd su pompası, 1 ədəd kabelləri ilə birgə qaynaq aparatını, 2 qutu qaynaq aparatı üçün elektrotu, 3 ədəd top elektrik naqillərini, dəmir qırıntılarını, 1 ədəd “Makita” markalı laqonda aparatını və 1 ədəd dreli orada olan əl arabasına yığdığını və bağın girişində olan taxtadan olan qapını açaraq çölə çıxdığını, həmin təsərrüfat əşyalarını əl arabası ilə birlikdə özünə məxsus bağ sahəsinə gətirib oradakı kolların arasında gizlətdiyini, daha sonra əl arabasını Zərərçəkmiş şəxs bağ sahəsinə gətirib yerinə qoyduğunu, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində fərdi yaşayış evindən çıxaraq bağ sahəsinə gəldiyinə və orada gizlətdiyi 2 qutu qaynaq aparatı üçün elektrotu, 3 ədəd top elektrik naqillərini, dəmir qırıntılarını, 1 ədəd “Makita” markalı laqonda aparatını un kisəsinə yığıb satmaq üçün Ağdaş şəhərində metallom satışı ilə məşğul olan Həsən adlı şəxsin yanına gətirdiyini, Həsən adlı şəxsi tanımadığını və onunla aralarında ədavət və düşmənçiliyin olmadığını, Həsən adlı şəxs həmin əşyaların oğurluq olub-olmamasını soruşduğunu, həmin əşyaların özünə məxsus olduğunu bildirdiyini, Həsən adlı şəxsin həmin əşyaları elektron tərəzidə çəkdiyini və ümumi qiymətinin 50 manat olduğunu, razılaşdığını və həmin əşyaları Həsən adlı şəxsə satdığını, Həsən adlı şəxs də bunun qarşılığında ona 50 manat pul verdiyini, bundan sonra həmin yerdən uzaqlaşdığını və fərdi yaşayış evinə gəldiyini, 50 manat pulu öz şəxsi ehtiyacları üçün xərclədiyini, 09 aprel 2023-cü il tarixdə Ağdaş rayonu, Aşağ Zeynəddin kəndində yerləşən fərdi yaşayış evində olan zaman Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının fərdi yaşayış evinə gəldiyini və onun Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs məxsus bağ sahəsindən oğurluq etməkdə şübhəli olduğunu bildirdiklərini, polis əməkdaşlarına səmimi olaraq oğurluq etdiyini etiraf etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyini, onun ünvan 6ində 4 ha bağ sahəsi olduğunu, həmin bağ sahəsində müxtəlif növ meyvə ağacları əkdiyini, həmin sahədən qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, bağ sahəsinin ətrafını taxtadan hazırlanmış çəpərdən bağladığını, bağ sahəsinin içərisində istirahət etmək üçün çardaq hazırladığını, həmin çardağın altındakı kardon qutunun içərisində təsərrüfat işlərində istifadə etmək üçün müxtəlif növ alətlər saxladığını, xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində Aşağı Zeynəddin kəndində yerləşən bağ sahəsinə gəldiyini və ərazini sulamaq üçün təsərrüfat alətlərini götürmək məqsədilə çardaqdakı kardon qutunun yanına gəldiyini, qutunun içərisinə baxan zaman orada olan 1 ədəd Rusiya istehsalı, “Karpat 50” markalı 230 manat dəyərində su pompasının, 1 ədəd Rusiya istehsalı, “Karpat 300 A” markalı 400 manat dəyərində kabelləri ilə birgə qaynaq aparatının, 2 qutu Rusiya istehsalı, “Karpat 350 markalı” ümumi dəyəri 24 manat olan qaynaq aparatı üçün elektrotun, Rusiya istehsalı, Makita markalı, 3 top, ümumi uzunluğu 150 metr olan 175 manat dəyərində elektrik naqillərinin, Rusiya istehsalı, “Makita” markalı 20 kiloqram çəkidə 10 manat dəyərində olan dəmir qırıntılarının, 1 ədəd Rusiya istehsalı, “Makita” markalı 90 manat dəyərində laqonda aparatının, 1 ədəd Rusiya istehsalı, “Makita” markalı 50 manat dəyərində drelin oğurlandığının müəyyən etdiyini, buna görə də xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq barədə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, daha sonra bağ sahəsindən baş vermiş oğurluq hadisəsinin Ağdaş rayonu, Zeynəddin kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törəldildiyini bildirdiyini, həmin şəxsi qiyabi olaraq tanıdığını, Təqsirləndirilən şəxs bağ sahəsinin ətrafındakı otlaq sahəsində qoyun otarmaq ilə məşğul olduğunu, onun Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçiliyinin olmadığnı bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində metal qəbulu məntəqəsinin olduğunu, həmin məntəqəni 1 ildir ki, istifadə etdiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs Ağdaş rayon Polis şöbəsinə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, 04 aprel 2023-cü il tarixdə səhər saat 11 radələrində əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs taksi ilə metal qəbulu məntəqəsinə gəldiyini, Təqsirləndirilən şəxs yanında un kisəsi olduğunu, həmin kisədə metal hissələrinin olduğunu və həmin metal hissələrini satmaq istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs həmin metal hissələrini hardan əldə etdiyini və oğurluq olubolmamasını soruşduğunu, Təqsirləndirilən şəxs də həmin metal hissələrinin özünə məxsus olduğunu və oğurluq olmadığını bildirdiyini, həmin un torbasını açan zaman içərisində metal hissələrinin, elektrik naqillərinin, 1 ədəd laqonda aparatının, 2 qutu qaynaq aparatı üçün elektrotun olduğunu gördüyünü, həmin metalları elektron tərəzidə çəkdiyini, halhazırda həmin metal hissələrinin çəkisinin nə qədər olduğunu dəqiq xatırlamadığını, Təqsirləndirilən şəxs həmin metallara görə 50 manat pul verdiyini, Təqsirləndirilən şəxs də həmin metal hissələrinin pulunu alaraq getdiyini, almış olduğu metal hissələrini isə metal qəbulu məntəqəsində olan başqa metal hissələri ilə birlikdə Bakı şəhərində yerləşən fabriklərə göndərdiyini, daha sonra Təqsirləndirilən şəxs ona satmış olduğu metal hissələrinin oğurluq olduğunu bilmədiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 120 saylı məktubundan görünür ki, aşağıda adları göstərilən əmlakların orta bazar qiymətləri: - 1 ədəd Rusiya istehsalı, “Karpat 50” markalı su pompası 240 manat - 1 ədəd Rusiya istehsalı, “Karpat 300 A” markalı kabelləri ilə birgə qaynaq aparatı 430 manat - 2 qutu Rusiya istehsalı, “Karpat 350 markalı” olan qaynaq aparatı üçün elektrot 30 manat - Rusiya istehsalı, Makita markalı, 3 top, ümumi uzunluğu 150 metr elektrik naqilləri 180 manat - Rusiya istehsalı, “Makita” markalı 20 kiloqram çəkidə dəmir qırıntıları 15 manat - 1 ədəd Rusiya istehsalı, “Makita” markalı laqonda aparatı 100 manat - 1 ədəd Rusiya istehsalı, “Makita” markalı drel 50 manat İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 may 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5i ünvanında qedyiyyatda olmasına baxmayaraq hal-hazırda ailəsi ilə birlikdə ünvan 6i ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X2 05 may 2023-cü il PHŞ-6-22/2—662/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X2 poliklinika şöbəsində “Yüngül dərəcə əqli gerilik” diaqnozu ilə ruhi qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 341 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda yüngül dərəcəli əqli gerilik xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Ağdaş RMX PHŞdan verilmiş xx.xx.2023-cü il tarixli arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda kobud yaddaş, təfəkkür, emosiya və tənqid pozuntuları aşkar edilməməsi, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, törətdiyi əmələ qarşı tənqidinin nisbətən zəifləməsi, bununla yanaşı törətdiyi cinayət əməlindən “çox peşiman” olduğunu söyləməsi, hövsələsiz olması, təfəkküründə konkretliyə meyillilik aşkar edilməsi, adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarında (vurma və bölmə əməliyyatları) bəzən səhvlər etməsi, məişət problemlərini sərbəst həll etmək qabiliyyətində olması, maraq dairəsinin nisbətən daralması, mülahizə və mühakimələrinin bir qədər səthi olması, atalar sözlərinin mənasını tam düzgün izah edə bilməməsi, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi, intellektinin xronoloji yaşından yüngül geri qalması, İQ=66% və s.) sübut edir. Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olması səbəbindən o, qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olması səbəbindən o. Hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və ona rəhbərlik etmək iqtidarındadır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ziyanın ödənilməsini və zərərçəkən şəxslə barışmasını, əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 aprel 2023-cü il tarixdən 11 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut 1 ədəd drel, 1 ədəd su pompası və 1 ədəd kabellərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 aprel 2023-cü il tarixdən 11 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd drel, 1 ədəd su pompası və 1 ədəd kabellərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-115/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-115/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver