Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-116/2022 01.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1995-ci ildə Ağdaş rayonu, Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 04 sentyabr 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1.259 qram psixotrop maddə olan metamfetamini əldə edərək üzərində daşımaqla saxlamış, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən 02 sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan ünvan 2 ünvanında yerləşən Ağdaş RPŞ-nə gətirilməklə Ağdaş RPŞ-nin növbətçi hissəsində 02 sentyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz əldə edərək saxladığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1.259 qram olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir. 01 sentyabr 2022-ci il tarixdə, təxminən saat 17:00 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən qəbirstanlıqda olan zaman yerdə 01 ədəd sellofan büküm görmüş və götürmüş, həmin bükümü açdıqda onun içərisində psixotrop maddə olan metamfetamin olduğunu aşkar etmişdir. Ətrafda heç kimin olmadığını görüb həmin bükümü gələcəkdə özü üçün istifadə etmək məqsədi ilə cibində olan siqaret qutusunun içərisinə qoymuşdur. 02 sentyabr 2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində Ağdaş şəhəri, Məşəd küçəsi ilə piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirmiş və onu Ağdaş RPŞ-nə dəvət etmişlər. Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş, vəkil Ərzuman Bədəlov tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmiş, ona şübhəli şəxs qismində tutulmağı elan edilmiş, həmçinin ona hüquq və vəzifələri izah olunmuşdur. Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd Winchester markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan büküm aşkarlanmışdır. Həmin büküm açılan zaman içərisindən qəhvəyi rəngli maddə, “patı” yəni metamfetamin aşkar olunmuş, həmin maddənin psixotrop maddə olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra aşkar olunmuş həmin psixotrop maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş həmin psixotrop maddədən istifadə etməmiş, lakin istifadə etmək üçün üzərində gəzdirmişdir. İş üzrə şahid Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə rayon Polis şöbəsinə məlumat daxil olmuş, həmin məlumat əsasında tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 ilə birlikdə Ağdaş şəhəri, Məşəd küçəsində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yolun kənarı ilə piyada getməsini görmüş, bundan sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə dəvət etmiş, Ağdaş RPŞ-də Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuş, bundan sonra müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd “Winchester” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan büküm aşkarlanmış, həmin büküm açılan zaman içərisindən qəhvəyi rəngli maddə, “patı” yəni, metamfetamin aşkar olunmuş, həmin maddənin psixotrop maddə olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra aşkar olunmuş həmin psixotrop maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İlkin sorğu zaman Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, təxminən saat 17:00 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən qəbristanlıqdan yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/699 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm” sözləri və imzalar olan zərfin içərisindəki 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 1.259 qran olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). İş üzrə keçirilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1400 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd «\/\/inchester» markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan büküm aşkar olunmuş, aşkar edilmiş 01 ədəd büküm açılan zaman içərisindən qəhvəyi rəngli maddə, psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuş, həmin 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli ilinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı əsasında cəzası 01 il azaldlımış, hökm çıxarıldığı tarixə, yəni xx.xx.2022-ci il tarixə çəkilməmiş 01 ay 19 gün cəzası qalmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsindən başqa, şahid ifadəsi, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təqsirini etiraf etməsini və himayəsində dörd azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 68.1, 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə barəsində təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdulaşdırılması cəzasının çəkilməmiş 01 ay 19 gün hissəsini azadlığın məhdulaşdırılması cəzasının 02 gününə azadlıqdan məhrum etmə cəzasının 01 günü hesabı ilə hesablanmaqla 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz etməyi, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamağı, 02 sentyabr 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə, cəmi 02 gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 01 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1.209 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən Ağdaş Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdulaşdırılması cəzasının çəkilməmiş bir ay on doqquz gün hissəsi azadlığın məhdulaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla iyirmi dörd gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, hazırki hökmlə təyin edilmiş bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək bir il on gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə, cəmi iki gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 01 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1.209 qram psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-116/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-116/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver