Məhkəmə qərarları › İş №1(014)-119/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-119/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-119/2021 22.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhslli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində 11.06.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 sentyabr 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, 2021-ci ilin iyun ayının əvvəllərində Ağdaş şəhəri, S.Səlimoğlu küçəsinin yaxınlığında yerləşən meşədən yerdən tapdığı 01 ədəd sellafon paketdə təmiz çəkisi 98,74 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, 10.06.2021-ci il tarixdə saat 17:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhəri, S.Səlimoğlu küçəsindən Təqsirləndirilən şəxs saxlanılaraq ünvan 2 ünvanda yerləşən Ağdaş RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş və həmin tarixdə saat 18:18 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində əməlindən peşman olduğunu, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, özünün Ağdaş RMX-da ruhi-əsəbdə qeydiyyatda olduğunu, yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, 10.06.2021-ci il tarixdə təxminən saat 17-30 radələrində Ağdaş şəhər Mərkəzi bazarın yaxınlığında H.Əliyev pr-də küçədə piyada gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol cibindən bir ədəd sellofan kisə və 01 ədəd kibrit qutusunun aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş kibrit qutusu açılan zaman içərisindən kibrit dənələri, sellofan kisə açılan zaman isə içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 103 qram olduğunu, sonra həmin sellofan kisənin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özünün və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, həmçinin üzərindən aşkar edilmiş kibrit qutusunun onun özünə qaytarıldığını, üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik maddəni təxminən 2-3 gün əvvəl yaşadığı Ağdaş şəhəri, S.Səlimoğlu küçəsinin yaxınlığında yerləşən meşədən tapdığını, ifadəsinin alınmasında hər hansı bir şəxs tərəfindən zor və ya təzyiq tətbiq edilmədiyini, ümumiyyətlə mobil telefondan istifadə etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 10.06.2021-ci il tarixdə günorta radələrində xidmətdə olduğunu, həmin zaman Ağdaş şəhəri S.Səlimoğlu küçəsi 14-də qeydiyyatda olan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 17:30 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Eldarı Ağdaş şəhəri Mərkəzi bazarın yaxınlığında H.Əliyev prospektində piyada hərəkətdə olduğunu gördüklərini, həmin vaxt Səməndər və özünün Eldara yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, bu zaman Eldarın da özünü şübhəli aparmağa başladığını və onlardan uzaqlaşmaq istədiyini, doğurdan da onun üzərində narkotik vasitə olduğunu və bu səbədən onlardan uzaqlaşmaq istədiyini başa düşdüklərini, bundan sonra onu RPŞ-nə dəvət etdiklərini, onun üzərində şəxsi axtarış aparılması üçün raportla rəhbərliyə məruzə edildiyini, raport araşdırlması RPŞ-nin TB-nə həvalə edildiyini, daha sonra RPŞ-nin növbətçi hissəsində onun, digər polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Eldarın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Eldarın əynində olan qara rəngli cins şalvarın sol cibindən bir ədəd sellofan kisə və 01 ədəd kibrit qutusu aşkar edildiyini, daha sonra Eldarın üzərindən aşkar edilmiş kibrit qutusu açılan zaman içərisindən kibrit dənələri, sellofan kisə açılan zaman isə içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edildiyini, bundan sonra aşkar olunmuş həmin bitki kütləsi elektron tərəzidə çəkildiyini və çəkisinin 103 qram olduğunu, sonra həmin sellofan kisənin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, həmin zərfin üzərinin imzalandığını, Eldarın üzərindən qeyd olunanlardan başqa iş üçün əhəmiyyət kəsb edən başqa heç bir şey aşkar olunmadığını, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı özü istifadə etmək üçün üzərində saxladığını və həmin narkotik maddəni 2-3 gün əvvəl yaşadığı Ağdaş şəhəri, S.Səlimoğlu küçəsinin yaxınlığında yerləşən meşədən tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və bu barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparan zaman orada müdafiəçi və digər polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparıldığını bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 10 iyun 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 18:18-dən saat 18:27-ə dək Ağdaş RPŞ-nin NH-də müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən bir ədəd sellofan kisə və 01 ədəd kibrit qutusunun aşkar edilmiş, daha sonra üzərindən aşkar edilmiş kibrit qutusu açılan zaman içərisindən kibrit dənələri, sellofan kisə açılan zaman isə içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edilmiş, bundan sonra aşkar olunmuş həmin bitki kütləsinin elektron tərəzidə çəkilmiş və çəkisi 103 qram olmuş, sonra həmin sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etdmiş, şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuş, proses iştirakçıları heç bir şikayət olmadığından protokola imza etmişdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 11.06.2021-ci il tarixli 17/418 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunmuş... 01 ədəd sellofan paket” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 98,74 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 20.08.2021-ci il tarixli 980 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Psixonevroloji Dispanserinin 20.08.2021-ci il tarixli 487 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmi cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən verilmiş 12.07.2021-ci il tarixli 954 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “Emosional davamsız tip şəxsiyyət pozuntusu” diaqnozu ilə ruhi qeydiyyatda olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi X1 verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Şəhər İnzibati Ərazi X1 verilmiş 30 iyul 2021-ci il tarixli 2283 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 14 №-li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X3 -atası; X2-anası; X4 -qardaşı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 iyun 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayıb, daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olmasını, cinayət əməli törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırkı vaxtda anlaqlığı istisna etməyən emosional, davamsız, şəxsiyyət pozuntusu xəstəliyini keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 10.06.2021-ci il tarixdən 11.06.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 98.69 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 12 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə 72 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs oğlundan iş üzrə məhkəmə xərci olan 51.06 (əlli bir manat altı qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ41NABZ******************** nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 10.06.2021-ci il tarixdən 11.06.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və Ağdaş rayon narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan və ekspertiza tədqiqatından sonra qalan 98.69 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan iş üzrə məhkəmə xərci olan 51.06 (əlli bir manat altı qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ41NABZ******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs oğluna göstərilmiş 12 saat hüquqi xidmətə görə 72 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: N.M.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar