Məhkəmə qərarları › İş №1(014)-119/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-119/2022

02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-119/2022 02.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəliliov Elçin Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə, 2022-ci ilin fevral ayının ortalarında günorta saatlarında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarından keçməklə həyətinə qanunsuz daxil olub, artezian quyusunun üzərində olan bir ədəd 40 manat dəyərində “Leo” markalı “LKm60-1” model 0,37 kv. su mühərrikini oğurladıqdan bir neçə gün sonra, eyni niyyətlə günorta saatlarında eyni həyətdə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin arxa hissəsində yerləşən və qapı kimi istifadə olunan taxta dikti açmaqla qanunsuz daxil olub, qonaq otağından 1 ədəd 70 manat dəyərində soyuducu mühərriki, 1 ədəd “Elif” markalı 100 manat dəyərində ətçəkən maşın, 1 ədəd 75 manat dəyərində “İphone 5s” model mobil telefon, 1 ədəd 20 manat dəyərində “Nokia” markalı mobil telefon, 1 ədəd 70 manat dəyərində “Acer” markalı kompüter monitoru, 1 ədəd 20 manat dəyərində internet modemi, 1 cüt 50 manat dəyərində kompüter səsgücləndiricisi, 1 cüt 320 manat dəyərində qızıl sırğanı gizli talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 765 (yeddi yüz altmış beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Anaranın yaşadığı həyət ilə onun yaşadığı həyətin arasında dəmir hasar vardır. 2022-ci ilin fevral ayının sonlarında Anaranın yaşadığı həyətdən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə onun yaşadığı evin həyətinə keçib artezian quyusunun üzərində olan 1 ədəd su motorunu oğurlamış və aparıb Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan Elşad adlı şəxsə 30 manata satmışdır. Ertəsi gün axşam radələrində Anara onun yaşadığı evə gələrək su motorunu oğurladığını bildiyini və həmin motoru geri qaytarmağını tələb etmişdir. Müxtəlif bəhanələrlə Anaranı yayındırmış və motoru kimin oğurladığını maraqlanacağını demişdir. Bundan bir neçə gün sonra yenə də oğurluq etmək məqsədi ilə Anaranın yaşadığı evə həmin evin arxa tərəfində olan taxta qapıdan daxil olmuş, daha sonra həmin evdən 1 ədəd soyuducu motoru, 1 ədəd ətçəkən maşın, 1 ədəd “İphone” markalı mobil telefon, 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd kompüter monitoru, 1 cüt kompüter səs dinamiki və 1 ədəd modem oğurlamış, mobil telefonları özündə saxlamış, digər əşyaları isə Elşad adlı şəxsə 50 manatın müqabilində vermişdir. Bundan sonra Anara yenə də onlara gəlmiş, həmin vaxt özü evdə olmamışdır. Anaradan oğurladığı “İphone” markalı mobil telefonu stolun üzərinə qoymuşdur. Həmin telefonu Anara stolun üzərində görmüş və onu götürmüşdür. Daha sonra isə Elşadgilə gedərək ondan oğurladığı əşyaları Elşada veribverməməyini soruşmuşdur. Bildiyinə görə həmin gün Elşad ona satdığı 1 ədəd ətçəkən maşını qaytarıb vermiş, bundan əlavə Anara onlardan “İphone” markalı mobil telefonu götürərkən onun paltarlarını evdən götürüb yaşadıqları evin həyətində yandırmışdır. Həmin vaxt Anaradan oğurladığı Nokia markalı sadə mobil telefon pencəyinin cibində yanmışdır. Anara yaşadığı ev ilə onun yaşadığı evin arasında dəmirdən arakəsmə olmuş, lakin həmin arakəsmə həyətin sonuna qədər olmamış, Anaranın həyətinə arakəsmənin həmin açıq olan hissəsindən daxil olmuş, həmçinin onun yaşadığı evinə isə evin arxa tərəfindən olan taxta qapıdan daxil olmuşdur. Hər iki oğurluğu tək etmiş, hər iki oğurluğu edən zaman onu görən olmamışdır. Anaranın evindən qızıl sırğadan başqa göstərilən əşyaların hamısını özü oğurlamış, onun evindən qızıl sırğa oğurlamamışdır. Elşada həmin əşyaların oğurluq olması ilə bağlı heç nə bildirməmiş, Elşada həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral ayının ortalarında övladını müalicə etdirmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərindən qayıtdıqdan sonra təxminən 1 həftə əmisigildə qalmış, həmin zaman qızını da müalicə elətdirmişdir. Bundan sonra yaşadığı evə gəlmiş, həmin vaxt həyətindən ona məxsus olan 1 ədəd “Leo” markalı su motorunun oğurlandığını görmüşdür. Həmin su motorunun oğurlanmasında qonşusu Məhəmməd adlı şəxsdən şübhələnmişdir. Bu məqsədlə Məhəmmədgilə getmiş və Məhəmmədə su motorunu onun oğurlamasından şübhələndiyini bildirmiş və su motorunu geri qaytarmasını tələb etmişdir. Məhəmməd isə ona “onun nə böyük əhəmiyyəti var ki, sən bir ədəd su motorundan ötrü məndən polisə şikayət edərsən?” demişdir. Məhəmmədə ondan polisə şikayət edəcəyini bildirmiş və bundan sonra çıxıb getmişdir. Ertəsi gün bir də Məhəmmədin yaşadığı ünvana getmiş və bir də yenidən ona motoru geri qaytarmasını bildirmişdir. Məhəmməd də ona motoru onun yanına gələn uşaqlardan biri götürmüş olacağını, motoru axtarıb tapıb qaytaracağını bildirmişdir. Həmin vaxtlarda Məhəmmədgilin evinin qarşısında Elşad adlı şəxsi görmüş, onunla söhbət edən zaman ona Məhəmmədi tapmasını, onun motorunu oğurladığını, motorunu qaytarmasını, yoxsa ondan şikayət edəcəyini bildirmişdir. Elşad da ona şikayət eləməməsini bildirmişdir. Həmin gün polisə müraciət etmiş, polis əməkdaşları gəlib Məhəmmədi aparıb izahatını almış, polislər Məhəmmədi aparıb izahatını alandan sonra su motorunu Məhəmməd oğlurladığını bilmişdir. Həmin vaxt su motoru Elşadda olduğu üçün Elşad ona şikayət etməməsini bildirmiş, bunu sonradan başa düşmüşdür. Həmin günü axşam evə girəndə evindən bəzi əşyalarının oğurlanmasını görmüşdür. Belə ki, evində olan stolun üzərində “İphone 5S” markalı mobil telefon, 1 ədəd “Nokia” markalı telefon, 1 ədəd işlək vəziyyətdə olan adı yadında qalmayan kompüter monitoru, 1 ədəd işlək vəziyyətdə olan adı yadında qalmayan modem, bir ədəd evdə olan “Star” markalı soyuducunun arxasından çıxarılmış motor, evdə olan qızına məxsus kiçik tumbanın siyirməsində olan 1 cüt qızıl sırğa, ətçəkən maşın və 1 cüt səs dinamiki oğurlanmışdır. Həmin əşyaları da Məhəmmədin oğurladığını başa düşmüşdür. Dərhal Məhəmmədin bacısına və anasına bu barədə məlumat vermiş, daha sonra Məhəmmədi çağırmış, lakin Məhəmməd evdən qaçmışdır. Həmin vaxt əşyalarını dəqiq olaraq Məhəmməd oğurladığını başa düşmüş, həmin vaxt Məhəmmədin anası Nəzakət ilə söhbət etmək üçün onların evlərinə girmiş, həmin vaxt “İphone 5S” markalı telefonunu Məhəmmədin evində stolun üzərində görmüş və telefonu götürmüşdür. Daha sonra Məhəmmədin bacısına zəng etmiş, Məhəmmədin bacısı Nigar ona ət maşınının başlığı axşam evində olduğunu bildirmişdir. Həmin gün hadisədən sonra Məhəmmədi görməmiş və axşamüstü Elşadgilə getmişdir. Elşad evdə olmamış, onun anasına evindən əşyaları oğurlandığını bildirmişdir. Elşad və Məhəmmədin həmişə brlikdə olduğu üçün onun evinə birlikdə girdiklərini düşünmüş, Elşadın anası ilə söhbət edən zaman Elşadın anası ona bunlardan xəbəri olmadığını, Elşad gələn kimi onunla söhbət edəcəyini bildirmişdir. Həmin gün axşam Elşad və anası onun yaşadığı evə gəlmişdir. Elşadın anası ona ət maşının onlarda olduğunu, Elşad onu ayaqyolunun arxasına qoyduğunu, gətirdiyini bildirmiş və ət maşınını ona vermişdir. Ertəsi gün Elşadın anası onun yaşadığı evə gəlmiş və soyuducunun motorunu gətirib həyətə tulladıqlarını bildirmişdir. Su motoru “Leo” markalı olmuş, onu təxminən 3-4 il bundan qabaq 100 manata almışdır. Soyuducu “Star” markalı soyuducu olmuş, onun motoru mağazadan alanda üzərində olmuş, mağazadan soyuducunu işlənməmiş almış, Məhəmməd soyucununun motorunu onun üzərindən söküb götürmüşdür. Ətçəkən maşın “Elif L-585” markalı ətçəkən maşın olmuş, həmin ətçəkən maşını 430 manata təxminən 6 ay bundan qabaq almışdır. “İphone 5S” markalı telefonu 5 il bundan qabaq almış, həmin telefon işlək vəziyyətdə olmuş, onu Məhəmmədgildən götürən zaman ekranı qırılmış, özü də işlək vəziyyətdə olmamışdır. “Nokia” markalı telefonu sadə “Nokia” olmuş, həmin telefonu təxminən 50 manata almışdır. Kompüter monitorunun markası “Acer” markalı olmuş, lakin modemi markasını bilmir, lakin həmin modemi 50 manata almışdır. 1 cüt qızıl sırğa isə qızına məxsus olmuş və həmin sırğanı 320 manata almış, həmin sırğanın neçə qram olduğunu və əyyarını bilmir. 1 cüt kompüter səs dinamikini kompüteri alan zaman üzərində almışdır. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs da tanıyır. Məhəmməd Anaranın qonşusudur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ondan 80 manat borc pul almışdır. Məhəmməd ondan borc alarkən 3-4 gün ərzində borcunu qaytaracağını söyləmişdir. Aradan 3-4 gün keçdikdən sonra bir neçə dəfə Məhəmmədlə əlaqə saxlamış və ondan borcunu qaytarmasını istəmişdir. Məhəmməd də ona bir neçə gün gözləməyini söyləmiş, daha sonra xx.xx.2022-ci il tarixdə Məhəmməd onunla telefon əlaqəsi saxlayaraq onda su motorunun olduğunu, həmin su motorunun 30 manat dəyərində olduğunu və ona olan borcunun əvəzinə su motorunu verə biləcəyini demişdir. Özü də onunla razılaşmış, daha sonra Məhəmməd onun yaşadığı evə gələrək ona “Leo” markalı su motoru vermiş və ona olan 80 manat borcundan 30 manatını silməsini bildirmişdir. Özü də onunla razılaşaraq su motorunu ondan götürmüşdür. Həmçinin, həmin zaman ondan su motorunun oğurluq olub-olmadığını soruşmuş, Məhəmməd də ona həmin su motorunun özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 14:00 radələrində Məhəmməd onun yaşadığı evə gəlmiş və onda elektrikli ət çəkən maşın, soyuducu motoru, kompüter monitoru və səs dinamiki, “wi-fi” modemi olmasını və borcunun qarşılığı həmin əşyaları ona verə biləcəyini söyləmişdir. Özü də Məhəmmədə onun əşyalarını istəmədiyini və ona pulunu qaytarmasını söyləmiş, Məhəmməd də həmin vaxt onun gətirdiyi əşyaların onda girov kimi qalmasını və ona borcunu qaytaran zaman əşyaları götürcəyini söyləmişdir. Özü də razılaşmış və həmin əşyaları həyətində olan ayaqyolunun arxasındakı ǝl arabasının içərisinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evə gələn zaman anası Südabə ona bir az əvvəl Zərərçəkmiş şəxs yaşadıqları evə gəldiyini və Təqsirləndirilən şəxs ona məxsus ət çəkən maşını oğurlamasını söylədiyini bildirmiş və ondan Məhəmməddən nəsə alıb-almamağını soruşmuşdur. Özü də Məhəmmədən aldığı əşyaları anası Südabəyə göstərmiş və onları Məhəmmədin ona 80 manat borcuna görə girov qoymasını söyləmiş və ət çəkən maşın Anaranındırsa, aparıb həmin ət çəkən maşını Anaraya qaytarmağı söyləmişdir. Elə həmin vaxt Məhəmmədin ona veriyi elektrikli “Elif” markalı ət çəkən maşını anası Südabə ilə birlikdə aparıb Anaraya göstərmiş, Anara da həmin ət çəkən maşının ona məxsus olmasını söyləmişdir. O da ət çəkən maşını Anaraya verib geri qayıtmışdır. Həmin vaxt evdə olarkən Məhəmməd ona verdiyi digər əşayaların da oğurluq ola biləcəyini fikirləşmiş və onları Məhəmmədə qaytarmaq qərarına gəlmişdir. Həmin əşyaları götürüb Məhəmmədin evinə getmişdir. Lakin Məhəmmədin evinin çöl qapısı bağlı olmuş və evdə heç kim olmamışdır. O da Məhəmmədin yaşadığı evin həyətinin divarının üstündən ondan aldığı əşyaları əlini uzadıb həyətindəki hasarın basdırmasına asmışdır. Həmin əşyalar sellofan torbada olmuşdur. Daha sonra yaşadığı evə qayıtmışdır. Məhəmməd həmin əşyaları ona borcunun əvəzinə girov kimi vermiş, həmin əşyaların oğurluq olmasından xəbəri olmamış, Məhəmməd həmin əşyaları ona verərkən onların onun xalasına məxsus olmasını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022 tarixli, 9/2555 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 285 manat, qərarda qeyd edilən tədqiqata təqdim edilməyən 4 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 160 manat müəyən olunur. 1 cüt qızıl sırğanın kütləsi, əyarı və sair məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 28 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 28 mart 2022-ci il tarixli, № 157 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 46 saylı evdə yaşamaqla ailə tərkibi anası xx.xx.1970ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:00da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 4(014)-31/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və 08 mart 2022-ci il tarixdə tutulmuş Təqsirləndirilən şəxs həbsdən dərhal azad edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli, 4(107)-22/2022 saylı qərarından görünür ki, Ağdaş rayon prokuroru, ədliyyə müşaviri Tural İbrahimov tərəfindən verilmiş protestin təmin edilməsi, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 4(014)-31/2022 nömrəli qərarının ləğv edilməsi, xx.xx.1996-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdən 10 mart 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddət nəzərə alınmaqla barəsində 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi, həbsdə olmanın əvvəlinin tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 mart 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Ağdaş rayon ərazisində tutulmaqla Ağdaş RPŞ-yə gətirilmiş, Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə təhvil verilməsi üçün Ağdaş RPŞ-yə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, dəymiş zərəri qismən ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdən 10 mart 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan, yəni 25 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd ətçəkən maşını, 1 ədəd soyuducu motoru, 1 ədəd su motoru və 1 ədəd “İphone 5S” markalı mobil telefonun Zərərçəkmiş şəxs olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bıiinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdən 10 mart 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd ətçəkən maşını, 1 ədəd soyuducu motoru, 1 ədəd su motoru və 1 ədəd “İphone 5S” markalı mobil telefonun zərərçəkmış şəxs Zərərçəkmiş şəxs olması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar