Məhkəmə qərarları › İş №1(014)-12/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-12/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-12/2025 28.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, X1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci ildə Ağdaş rayonunun Şordəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, evli, Ağdaş rayonunun Şordəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X7 yaşayış evinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq vahid niyyətlə talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını vahid niyyətlə gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 10 radələrində qayınatası Zərərçəkmiş şəxs1 Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən evinə və evin yataq otağındakı saxlanc yeri hesab olunan taxta dolaba qıfılının keçəcəyini 1 (bir) ədəd dəstəyi yaşıl-göy rəngli kəlbətin vasitəsi ilə sındırıb qanunsuz daxil olaraq oradan qayınatası Zərərçəkmiş şəxs1 məxsus 450 (dörd yüz əlli) manat nağd pulu və qaynı Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 700 (yeddi yüz) manat dəyərində “Honor X9b” markalı mobil telefonu vahid niyyətlə gizli olaraq talayıb ümumilikdə 1150 (min yüz əlli) manat dəyərində əmlakı oğurlamaqla zərəçəkmiş Zərərçəkmiş şəxs1 450 (dörd yüz əlli) manat və zərərçəkmiş Zərərçəkmiş şəxs2 700 (yeddi yüz) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X7 izahatında özünü Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bildiyini, baş vermiş oğurluq hadisəsi onun tərəfindən törədilməsi məlum olduqdan sonra həyat yoldaşı X8 ayrılaraq ata evinə geri qayıtdığını, lakin hal-hazırda rəsmi qaydada boşanmadıqlarını, hal-hazırda da anası və qardaşı Ayxanla birlikdə Ağdaş rayonu, Şordəhnə kəndində yaşadığını, həmin hadisəyə qədər isə həyat yoldaşı X11 ilə birlikdə Ağdaş rayonu, Nehrəxəlil kəndində qaynı X9 və qayınatası Zərərçəkmiş şəxs1 məxsus evlərlə qonşuluqda ayrı evdə yaşadıqlarını, belə ki, qaynı Hüseyn boşandığı üçün 2 övladı ilə birlikdə yeni tikilmiş evdə, qayınatası Zərərçəkmiş şəxs1, qayınanası Şahid və digər qaynı Zərərçəkmiş şəxs2 isə köhnə tikilmiş evdə birlikdə yaşadıqlarını, həyat yoldaşı X10 bir müddətdir ki, işi ilə əlaqədar olaraq Kəlbəcər rayonunda müvəqqəti yaşadığını, ay ərzində təxminən 1 dəfə Ağdaş rayonuna yaşadıqları evə gələrək təxminən 1-2 gün qalıb işə geri qayıtdığını, mütəmadi olaraq səhər, günorta və axşam yeməklərini qayınatası Rasimin, qayınanası Nailənin və qaynı Məhəmmədin yaşadığı evin mətbəxində birlikdə yediklərini, xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 8 radələrində səhər yeməyi yemək üçün qayınatası və qayınanasının yaşadığı evin mətbəxinə gəldiyini, həmin vaxt mətbəxdə qayınanası, qayınatası, qayınları Məhəmməd və Hüseynin, həmçinin Hüseynin 02 övladı yemək yediyini, salamlaşaraq onların oturduğu stolda əyləşib yemək yeməyə başladığını, qaynı Məhəmmədin təxminən 1 ay bundan əvvəl Ağdaş şəhəri ərazisində olan mağazaların birindən “Honor” markalı yeni (işlənməmiş) mobil telefon aldığını, onun mütəmadi olaraq işləməyə gedərkən telefonunun qırılmaması üçün anası Nailəyə saxlaması üçün verdiyini, əvvəlki mobil telefonu işlədiyi zaman maşının təkərləri altında qalaraq qırıldığı üçün yeni aldığı mobil telefonu işə aparmadığını, qayınanası Nailənin Məhəmmədin yeni aldığı həmin mobil telefonu onlara məxsus yataq otağında olan taxta dolabın içərisinə qoyaraq kilidlədiyini və qıfılın açarını özündə saxladığını, yemək yeyib bitirdikdən sonra Məhəmmədin həmin telefonu anasına verərək evdən çıxıb işləmək üçün getdiyini, qayınanası Nailənin həmin mobil telefonu götürərək yataq otağına keçib otaqda olan həmin dolaba qoyub dolabı kilidlədiyini və açarı özündə saxladığını, həmin vaxt bunları gördüyünü, həmin vaxt evdən Məhəmməddən başqa da Hüseynin və onun 2 övladının da çıxdığını, bundan sonra qayınanası ilə birlikdə qabları yuyub evi yığışdırmağa başladıqlarını, həmin vaxt qayınatası Rasimin evdə olduğunu, Rasimin onlara onların yaşadığı evin arxasında olan xurma ağaclarında olan meyvələri yığmağı təklif etdiyini, onunla razılaşaraq ev işlərini bitirdikdən sonra təxminən 09 radələrində qayınanası və qayınatası ilə birlikdə həmin evin arxasına keçərək xurma yığmağa başladıqlarını, təxminən 10-15 dəqiqə sonra qayınatası Rasimə zəng gəldiyini, onun telefonla danışıb qurtardıqdan sonra onlara işi olduğunu bildirərək evin qarşısında olan “Qazel” markalı yük avtomobilinə əyləşərək evi tərk etdiyini, özlərinin xurma yığmağa davam etdiklərini, Rasim getdikdən təxminən 10 dəqiqə sonra qayınanası Nailəyə qarnının ağrımasını bildirdiyini, bu səbəbdən evin qarşısına keçib paltarların quruması üçün asılan ipdə olan yaylığı götürüb qarnına bağlayıb gələcəyini bildirərək evin qarşısına keçdiyini, təxminən 5 dəqiqə sonra yaylıqla qarnını bağlayıb qayınanasının yanına gəlib onunla xurma yığmağa başladığını, xurma yığarkən qayınatası və qayınanasına məxsus evin yataq otağında olan taxta dolabdan qaynı Məhəmmədə məxsus “Honor” markalı mobil telefonu və həmin dolabın içərisində olan qayınatası Rasimə məxsus pul əsginaslarını oğurlamaq qərarına gəldiyini, təxminən yarım saat sonra qayınanası Nailəyə başının ağrıdığını bildirdiyini, qayınanasının ona onların yaşadığı evə gedərək çay içməyini, başının ağrısı kəsdikdən sonra onun yanına gəlməyini dediyini, bundan sonra həmin evə getdiyini, sonra həmin evin mətbəxində çay içdiyini, çay içib qurtardıqdan sonra yataq otağına keçdiyini, taxta dolabın kilidli olub-olmamasına əmin olmaq üçün əli ilə yenidən yoxladıqda dolabın qıfılının kilidli olduğunu gördüyünü, qıfılın keçəcəyini sındırmaq üçün əvvəlcədən yerini bildiyi kəlbətini götürmək üçün mətbəxə keçdiyini, mətbəxdə olan dolabın üstündən kəlbətini götürüb geri qayıtdığını, kəlbətin vasitəsi ilə dolabın qıfılının keçəcəyini sındırıb dolabın qapısını açdığını, dolabı açdıqdan sonra Məhəmmədə məxsus “Honor” markalı mobil telefonu dolabın içərisindən götürdüyünü, telefonu götürdükdən sonra dolabda bükülü vəziyyətdə pul əsginaslarının olduğunu da gördüyünü və tez pulları da götürərək sayıb telefonla birlikdə cibinə qoyduğunu, pulları saydıqdan sonra 8 ədəd 50 manatlıq və 5 ədəd 10 manatlıq pul əsginasları olmaqla ümumilikdə 450 (dörd yüz əlli) manat pul olduğu ona məlum olduğu, həmin pul əsginaslarını və mobil telefonu oğurlamaqda məqsədinin mobil telefonu da satıb ondan əldə edəcəyi pul vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləyəcəyini, ondan şübhələnməmələri üçün dərhal dolabın içərisində olan sənədləri boşaldaraq oranı dağınıq hala salıb kəlbətini də götürüb həmin otaqdan çıxdığını, kəlbətini götürdüyü yerə mətbəxdə olan dolabın üzərinə qoyub həyətə çıxaraq telefonu evlə təxminən 5 metr məsafədə yerləşən tövləyə yerdə olan samanların üstündə gizlədib tövlədən çıxdığını, oğurladığı pulların isə cibində qaldığını, sonra yaşadığı evə gedərək pulları yataq otağında olan dolabda olan şalvarının cibinə qoyaraq qayınanasının yanına gəldiyini, ona başının ağrısının kəsdiyi üçün geri qayıtdığını bildirdiyini, qayınanasının yanından getməyinin və ora geri qayıtmağının təxminən 10-15 dəqiqə vaxt çəkdiyini, yenidən xurma yığmağa davam etdiklərini, biraz sonra qayınanasının günorta yeməyinin vaxtına az qaldığını, birazdan uşaqların evə gələcəyini bildirərək işlərini yekunlaşdıraraq evə gedib yemək hazırlamaqlarının ona dediyini, təxminən saat 11 radələrində işlərini bitirərək qayınanasına məxsus evə gəldiklərini, qayınanası Nailənin yataq otaqlarında olan televizoru yandırmaq üçün yataq otağına daxil olduğunu, özünün həmin vaxt həmin evin mətbəxində olduğunu, qayınanasının həyəcanlı şəkildə mətbəxə keçərək ona olanlar barədə tələsik məlumat verib dərhal evin darvazasından çölə çıxaraq küçənin başına tərəf getdiyini, biraz sonra qayınanası Nailənin evə gəldiyini, sonra qayınanası Nailənin telefonla qayınatası Rasimə zəng edərək yaşadıqları evdə oğurluq olması barədə məlumat verdiyini, təxminən saat 13 radələrində qayınatası Rasimin evə gəldiyini və qayınanası Nailəyə yaxınlaşaraq nə baş verməsini soruşduğunu, qayınanası Nailənin də ona olanlar barədə məlumat verdiyini, bu vaxt özünün onların yanında yaşadıqları evin həyətində olduğunu, bundan sonra qayınatası Rasimin polisə məlumat verdiyini, daha sonra qayınatası Rasimin və qaynı Məhəmmədin baş vermiş oğurluq hadisələri barədə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiklərini, sonradan polis əməkdaşları tərəfindən araşdırma aparılarkən həmin oğurluq hadisələrinin onun tərəfindən törədildiyinin məlum olduğunu, etdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs X4 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, şahidin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşadığını, həmin evdə o, həyat yoldaşı Şahid və oğlu Zərərçəkmiş şəxs2 ilə birgə yaşadığını, xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, mütəmadi olaraq qazandığı pulları həyat yoldaşı Nailəyə saxlaması üçün verdiyini, Nailənin də həmin pulları yaşadığı evin yataq otağında olan taxta dolaba qoyaraq orada saxladığını, Nailənin mütəmadi olaraq həmin dolabı qıfılla kilidləyərək açarını özündə saxladığını, ona pul lazım olduqca həyat yoldaşı Nailəyə bunu bildirirək ondan pul aldığını, özünün “Qazel” markal yük maşını olduğunu, iş olduqca həmin yük avtomobili ilə müəyyən şəxslərin yüklərini pul qarşılığında daşıdığını, yaşadığı evin həyətində öz evindən başqa digər oğlu Hüseynə məxsus ev olduğunu, Hüseynin boşandığı üçün 2 övladı ilə birlikdə həmin evdə yaşadığını, digər oğlu Aslanın isə həyat yoldaşı Şəlalə ilə birlikdə onlarla qonşuluqda yerləşən digər evdə yaşadıqlarını, hal-hazırda Aslanın bir neçə müddətdir ki, işləmək üçün Kəlbəcər rayonunda yaşadığını və hal-hazırda da onun Kəlbəcər rayonunda olduğunu, xx.xx.2024-cü il tarixdə saat təxminən 7 radələrində yuxudan oyandığını, mütəmadi olaraq səhər, günorta və axşam yeməklərini onların da öz yaşadıqları evə gələrək ona məxsus evin mətbəxində yediklərini, eyni qayda olaraq xx.xx.2024-cü il tarixdə səhər təxminən 8 radələrində hamısı birlikdə səhər yeməyi yediklərini, yemək yeyib qurtardıqdan sonra övladları Məhəmmədin, Hüseynin və Hüseynin 2 övladının evdən çıxıb getdiklərini, bundan sonra evdə o, həyat yoldaşı və gəlini Şəlalənin qaldığını, o həmin zaman onlara yaşadıqları evin arxa tərəfində olan xurma ağacından meyvələri yığmaqlarını onlara təklif etdiyini, onların da onunla razılaşaraq evi yığışdırdıqdan sonra təxminən səhər 09 radələrində onlarla birlikdə evin arxa tərəfinə gələrək xurma yığmağa başladıqlarını, təxminən 10-15 dəqiqə sonra onun mobil telefonuma zəng gələrək yaşadığı kənddə yük aparmaq lazım olunduğu ona bildirildiyini, həmin şəxslə razılaşaraq bu barədə gəlininə və həyat yoldaşına bildirərək evin qarşısında olan yük avtomobilinə əyləşərək deyilən yerə getdiyini, evdən çıxarkən evdə gəlini Şəlalədən və həyat yoldaşından başqa heç kimin olmadığını, deyilən yerdən yükü yığaraq Ağdaş şəhəri ərazisində “Qəbələ 4 yolu” ərazisi deyilən yerin yaxınlığına boşaltmaq üçün gəldiyini, yükü boşaltmağa başlamazdan əvvəl həyat yoldaşı Nailənin mobil telefonuna zəng edərək yaşadıqları evdən oğurluq olmasını ona dediyini, dərhal yükü boşaltdıqdan sonra təxminən günorta 13 radələrində yaşadığı evə gəldiyini, həyat yoldaşı Nailəyə yaxınlaşaraq nə baş verməsini soruşduğunu, Nailənin ona evdən oğurluq olduğunu oğurluq nəticəsində yataq otağında olan taxta dolabın qıfılının keçəcəyi sındırılaraq oğlu Məhəmmədə məxsus mobil telefonun və ona məxsus 450 (dörd yüz əlli) manat pulun oğurlandığını ona dediyini, bundan sonra bu barədə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, sonradan həmin oğurluq hadisəsini onlarla qonşuluqda yaşayan oğlu X5 həyat həyat yoldaşı X7 tərəfindən törədilidyinin onlara məlum olduğunu, X7 barəsində heç bir şikayət və tələbinin olmadığını, hal-hazırda ona məxsus olan həmin 8 ədəd 50 manatlıq və 5 ədəd 10 manatlıq olmaqla ümumilikdə 450 (dörd yüz əlli) manat pul ona geri qaytarıldığından onunla barışdığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, təxminən 1 ay bundan əvvəl Ağdaş şəhəri ərazisində olan telefon dükanlarının birindən 700 (yeddi yüz) manat dəyərində yeni (işlənməmiş) vəziyyətdə olan “Honor X9b” markalı mobil telefon aldığını, hal-hazırda yaşadığı Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində xurma sezonu ilə əlaqədar müxtəlif bağlarda xurma yeşikləməklə məşğul olduğunu, əvvəlki telefonu iş zamanı maşının təkərinin altında qalıb yararsız hala düşdüyündən yeni aldığı telefonu gündəlik olaraq işə getməmişdən əvvəl anası Nailəyə saxlaması üçün verdiyini, anasının da həmin telefonu yaşadıqları evin onlara məxsus olan yataq otağında olan taxta dolaba qoyduğunu, anası Nailənin mütəmadi olaraq həmin dolabı qıfılla kilidləyərək açarını özündə saxladığını, işdən evə qayıtdıqdan sonra həmin dolabın qıfılını anasının açarla açıb telefonunu ona geri vediyini, yaşadığı evin həyətində onların yaşadığı evdən başqa qardaşı Hüseyn boşandığı üçün 02 övladı ilə birlikdə, onlarla qonşuluqda isə qardaşı Yasinin həyat yoldaşı Şəlalə ilə birgə yaşadığını, hal-hazırda qardaşı Aslanın bir neçə müddətdir ki, işləmək üçün Kəlbəcər rayonunda yaşadığını və hal-hazırda da onun Kəlbəcər rayonunda olduğunu, mütəmadi olaraq səhər, günorta və axşam yeməklərini onların da özlərinin yaşadığı evə gələrək onlara məxsus evin mətbəxində birlikdə yediklərini, xx.xx.2024-cü il tarixdə saat təxminən 7 radələrində yuxudan oynaraq işə getmək üçün hazırlaşdığını, eyni qayda olaraq səhər təxminən 8 radələrində hamının birlikdə səhər yeməyi yediyini, yemək yeyib qurtardıqdan sonra özünə məxsus olan “Honor X9b” markalı mobil telefonu saxlaması üçün anasına verərək təxminən 8-də evdən çıxıb işləmək üçün kənd ərazisində olan evlərin birinə xurma yeşikləmək üçün getdiyini, saat təxminən günorta 14 radələrində evə gəldiyini, həmin vaxt evdə polis əməkdaşlarının olduğunu gördüyünü, anasına yaxınlaşaraq nə baş verməsini soruşduğunu, anasının ona yaşadıqları evdə onların yataq otağında olan taxta dolabdan həmin dolabın qıfılının keçəcəyinin sındırılaraq ona məxsus mobil telefonun və atası Rasimə məxsus 450 (dörd yüz əlli) manat pulun oğurlandığını bildirdiyini, atası və özü bundan sonra bu barədə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiklərini, sonradan həmin oğurluq hadisəsini onlarla qonşuluqda yaşayan qardaşı X10 həyat yoldaşı X7 tərəfindən törədildiyinin onlara məlum olduğunu, hazırda X4 oğurladığı həmin mobil telefonun onun xahişi ilə ona geri qaytarıldığını, həmin 1 ədəd “Honor X9b” markalı mobil telefonun ona məxsus olduğunu, bu səbəbdən X7 ilə barışdığını və onun barəsində heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Ağdaş rayonu, Nehrəxəlil kəndində ailəsi ilə birlikdə yaşadığını, həmin evdə o, həyat yoldaşı Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs2 ilə birgə yaşadığını, xx.xx.2024-cü il tarixdə oğlu Məhəmmədin və həyat yoldaşı Rasimin Ağdaş RPŞ-yə ərizə ilə etdikləri müraciətlərlə tanış olduğunu, oğlu Məhəmmədin təxminən 1 ay bundan əvvəl yeni (işlənməmiş) mobil telefon aldığını və Məhəmmədin telefonu mütəmadi olaraq evdən çıxarkən qırılmamasından ötəri saxlamağı üçün ona verdiyini, Məhəmmədin bundan əvvəlki mobil telefonunun iş zamanı maşın təkərləri altında qaldığı üçün sındığını bu səbəbdən yeni aldığı mobil telefonu işə aparmadığını, həmin mobil telefonu yataq otağında olan taxta dolabda saxladığını, həmin dolabı mütəmadi olaraq qıfılla kilidlədiyini və həmin qıfılın açarını özündə saxladığını, bundan başqa həyat yoldaşı Rasimin də gündəlik olaraq qazandığı pulları saxlamağı üçün ona verdiyini və o həmin pullarıda Məhəmmədə məxsus mobil telefonla eyni dolabda saxladığını, lazım olduqca Rasimin ondan pul alaraq evin və şəxsi ehtiyaclarını o pullarla qarşıladığını, yaşadıqları evin həyətində o, evdən başqa digər oğlu Hüseynə məxsus ev olduğunu, Hüseynin boşandığı üçün 2 övladı ilə birlikdə orda yaşadığını, digər oğlu Yasinin isə həyat yoldaşı Şəlalə ilə birlikdə onlarla qonşuluqda yerləşən evdə yaşadığını, hal-hazırda Aslanın bir neçə müddətdir ki, işləmək üçün Kəlbəcər rayonunda yaşadığını və hal-hazırda da onun Kəlbəcər rayonunda olduğunu, xx.xx.2024-cü il tarixdə saat təxminən 6 radələrində yuxudan oyandığını, bundan sonra səhər yeməyi yeyiləcəyi üçün yemək hazırlamağa başladığını, mütəmadi olaraq səhər, günorta və axşam yeməklərini onların da yaşadıqları evə gələrək həmin evin mətbəxində birlikdə yediklərini, eyni qayda olaraq xx.xx.2024-cü il tarixdə səhər təxminən 8 radələrində hamısının birlikdə səhər yeməyi yediklərini, yemək yeyib qurtardıqdan sonra Məhəmmədin ona məxsus yeni aldığı “Honor” markalı mobil telefonu ona verdiyini və həmin telefonu yataq otağında olan taxta dolaba qoyaraq həmin dolabı açarla kilidləyib açarı özündə saxladığını, övladları Məhəmmədin, Hüseynin və Hüseynin 2 övladının evdən çıxıb getdiklərini, bundan sonra evdə onun, həyat yoldaşı Rasimin və gəlini Şəlalənin qaldığını, həmin vaxt həyat yoldaşı Rasimin onlara yaşadıqları evin arxa tərəfində olan xurma ağacından meyvələri yığmalarını təklif etdiyini, onunla razılaşaraq evi yığışdırdıqdan sonra təxminən səhər saat 09 radələrində gəlini Şəlalə, həyat yoldaşı Rasim ilə birlikdə evin arxa tərəfinə gələrək xurma yığmağa başladıqlarını, təxminən 10-15 dəqiqə sonra Rasimin mobil telefonuna zəng gəldiyi üçün onlara işi olduğunu bildirirək evin qarşısında olan “Qazel” markalı yük avtomobilinə əyləşərək çıxıb getdiyini, Şəlalə ilə xurma yığmağa davam etdiklərini, Rasim getdikdən təxminən 10 dəqiqə sonra Şəlalənin ona qarnı ağrımasını, bu səbəbdən evin qarşı tərəfində olan paltarları qurutmaq üçün asılan ipdən yaylıq götürüb qarnını bağlayacağını bildirdiyini, sonra onun təxminən 5 dəqiqə sonra qarnına yaylıq bağlanmış şəkildə yanına gəldiyini, yenidən birlikdə xurma yığmağa davam etdiklərini, təxminən yarım saat sonra Şəlalənin ona başının ağrımasını bildirdiyini, Şəlaləyə gedib özlərinə məxsus evdə çay içməsini bildirərək başının ağrısı kəsdikdən sonra geri gəlməsini dediyini, bundan sonra Şəlalənin onun yanından getdiyini, təxminən 10-15 dəqiqə sonra Şəlalənin geri qayıdaraq onlara məxsus evdə çay içdiyini və başının ağrısının kəsdiyini dediyini, yenidən xurma yığmağa davam etdiklərini, ona günorta olduğunu, uşaqların evə gələcəyini bildirirərək işlərini yekunlaşdırıb evə gedib günorta yeməyi hazırlamalarının lazım olduğunu bildirdiyini, təxminən 11 radələrində Şəlalə ilə yaşadıqları evə gəldiklərini, evə daxil olaraq dərhal televizoru yandırmaq üçün yataq otağına keçdidiyini, həmin vaxt yataq otağında olan taxta dolabın qıfılının keçəcəyinin qırıldığını və içərisində olan sənədlərin dağınıq formada yerdə olduğunu gördüyünü, dərhal dolaba və yerdə olan sənədlərə baxmağa başladığını, həmin zaman Məhəmmədə məxsus ona saxlaması üçün verdiyi mobil telefonun və həyat yoldaşına məxsus 450 manat pulun orda olmadığını gördüyünü, mətbəxə keçərək Şəlaləyə bu barədə məlumat verib dərhal çölə çıxaraq küçənin başında olan marketin kamerasına baxmaq üçün qaçaraq həmin marketə getdiyini, orada işləyən Rübabə adlı qadına evindən oğurluq olmasını, bu səbəbdən dükanın kamerasını açmasını bildirdiyini, Rübabənin ona kameradan başı çıxmadığını, yalnız oğlu Adəmin gələndən sonra baxa biləcəklərini ona dediyini, yoldan evə qayıdaraq telefonla həyat yoldaşı Rasimə zəng edərək evdə oğurluq olmasını bildirdiyini, bundan sonra Rasimin təxminən saat 13 radələrində evə gəldiyini, ondən nə baş verməsini soruşduğunu, ona yaşadıqları evdə oğurluq baş verdiyini, yataq otaqlarında olan taxta dolabın qıfılının keçəcəyinin qırılaraq içərisindən ona məxsus 450 (dörd yüz əlli) manat pulun və Məhəmmədə məxsus mobil telefonun oğurlandığını bildirdiyini, bundan sonra oğlu Məhəmmədin və həyat yoldaşı Rasimin ərizə ilə Ağdaş RPŞ-yə müraciət etdiklərini, sonradan həmin oğurluq hadisəsini onlarla qonşuluqda yaşayan oğlu X10 həyat yoldaşı X4 törətməsinin məlum olduğunu bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2024-cü il tarixli, ********* saylı ekspert rəyindən görünür ki, 1 ədəd, 2024-cü il istehsallı, 256 GB yaddaş tutumlu, “Honor X9b” markalı mobil telefonun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq, 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 370 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu Şordəhnə kənd inzibati ərazi dairə üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, X7 yaşadığı ünvanda qonşularla və kənd sakinləri ilə münasibətlərimüsbət xarakterizə olunur. Onun barəsində Ağdaş rayonu Şordəhnə kənd inzibati ərazi dairə üzrə nümayəndəliyinə yazılı və yaxud şifahi müraciətlər daxil olmamışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2024-cü tarixli arayışından görünür ki, X7 “Ağdaş rayon mərkəzi xəstəxanası” X15 Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 00:30-da X7 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə saat 00:15-də X4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Ağdaş RPŞ-nin MSYdən həbsdən azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, X4 törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə tamamilə sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X6 cəza təyin edərkən ziyanın ödənilməsini və zərərçəkən şəxslərlə barışmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X4 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, X7 məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə X6 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət X4 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. X7 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. X4 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 1 ədəd kəlbətin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 8 (səkkiz) ədəd 50 manatlıq və 5 (beş) ədəd 10 manatlıq pul əsginasları olmaqla ümumilikdə 450 (dörd yüz əlli) manat pulun Zərərçəkmiş şəxs1, 1 ədəd “Honor X9b” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxslər X3 50 (əlli) manat ekspertiza xərci müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət X4 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. X7 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X4 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 8 (səkkiz) ədəd 50 manatlıq və 5 (beş) ədəd 10 manatlıq pul əsginasları olmaqla ümumilikdə 450 (dörd yüz əlli) manat pulun Zərərçəkmiş şəxs1, 1 ədəd “Honor X9b” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 1 ədəd kəlbətin məhv edilsin. X3 ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar