Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-123/2023 27.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1974-cü ildə Ağdaş rayonu, Ərəbocağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş və ya götürülmüş, Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi 63 qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 13,39 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Y.Nəbiyev küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 11:51-dən 12:08dək ünvan 1 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli dəri gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 13,39 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyinin olmadığını, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə iki dəfə məhkum edildiyini, təxminən 30 ilə yaxındır narkotik vasitə, yəni qurudulmuş marixuana istifadə etdiyini, lakin bir neçə müddət istifadə etmədiyini, həmçinin özünün böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyini, buna görə də bədənində ağrıların baş verdiyini, lakin narkotik vasitə qəbul etdikdən sonra ağrılarının azaldığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində yaşadığı evin yerləşdiyi Ağdaş şəhəri, Y.Nəbiyev küçəsində olan zaman iki nəfər şəxsin ona yaxınlaşdığını, həmin şəxslərin özlərini təqdim edərək Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını, ona üzərində narkotik vasitə saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onlarla birlikdə Ağdaş RPŞ-yə getməli olduğunu söylədiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, özünün də həmin vaxt heç bir çıxış yolunun olmadığını dərk etdiyini və polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəldiyini, RPŞ-də ona dövlət hesabına müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra ona dövlət hesabına müdafiəçi təyin edildiyini və daha sonra şübhəli şəxs qismində tutulduğunu, RPŞ-nin inzibati binasında hazırda xatırlamadığı boş otaqda onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarışın videoçəkiliş ilə qeydə alındığını, əvvəlcə polis əməkdaşının ona hüquqlarını izah etdiyini, bundan sonra ona üzərində narkotik vasitə saxlaması və daşıması barəsində onlara məlumat daxil olduğunu və buna görə də şübhəli şəxs qismində tutulduğunu bildirdiyini, həmçinin ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoymasını tələb etdiyini, buna görə də o əvvəlcə əynində olan qara rəngli dəri qış gödəkcəsinin sol iç cibində olan 1 ədəd sellofan bükümü və həmin gödəkcənin sağ yan cibindən isə “Samsung” markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etdiyini, daha sonra polis əməkdaşının onun üzərində şəxsi axtarış apardığını, lakin üzərindən qanunsuz olaraq saxladığı hər hansı əşya və ya predmet aşkar edilmədiyini, bundan sonra polis əməkdaşının onun üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümü açdığını, içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsinin aşkar edildiyini, polis əməkdaşına həmin bitki kütləsinin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağdaş rayonu, Qaradağlı kəndində artezana gedən zaman yolun kənarından tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra həmin sellofan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 21,7 qram olduğunu, daha sonra həmin sellofan bükümdə olan bitki kütləsinin kağız zərfdə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, həmçinin ona məxsus mobil telefonun da kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və onların həmin protokolu imzaladıqlarını, bundan sonra şəxsi axtarışın başa çatdığını bildirmişdir. Əməlindən peşmandır. Ona həbslə nəticələnməyən cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 20 aprel 2023-cü il tarixdə ona ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, buna görə də tərəfindən müvafiq sənədləşmələr aparıldığını və əməliyyat qrupu yaradıldığını, həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq üzərində saxlayaraq daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ağdaş RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi Ağdaş şəhəri, Y.Nəbiyev küçəsinə getdiklərini, Təqsirləndirilən şəxs həmin küçə ilə yaşadığı evə tərəf gəldiyini gördüklərini, buna görə də Təqsirləndirilən şəxs yaxınlaşdıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdən bir qədər aralıda olduğunu, onların Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitəni qanunsuz olaraq saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu və həmin məlumat ilə əlaqədar olaraq onlarla birlikdə Ağdaş RPŞ-yə getməli olduğunu izah etdiklərini, Təqsirləndirilən şəxs əvvəlcə buna etiraz edərək üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə olan məlumatın yalnış olduğunu bildirdiyini, buna görə də onların Təqsirləndirilən şəxs məlumatın yoxlanılacağını və təsdiqini tapmayacağı təqdirdə sərbəst buraxılacağını izah etdiklərini, həmçinin Təqsirləndirilən şəxs onlarla birlikdə RPŞ-yə getməli olduğunu bir daha izah etdiklərini, Təqsirləndirilən şəxs başqa bir çıxış yolunun olmadığını dərk etdiyini və onlarla birlikdə RPŞ-yə gələcəyini bildirdiyini, bundan sonra onların Ağdaş RPŞ-yə gəldiklərini, RPŞ-də Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmaq, həmçinin maddi imkanı olmadığı təqdirdə dövlət hesabına müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, Təqsirləndirilən şəxs da maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs vəkillərin siyahısının verildiyini, daha sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildiyini və müdafiəçi də RPŞ-yə dəvət edildiyini, müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu və dərhal sonra onun üzərində şəxsi axtarışın keçirilməsinə başlanıldığını, şəxsi axtarışın keçirilməsinin videoçəkiliş vasitəsi ilə qeydə alındığını, şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş hüquqları və vəzifələrinin izah edildiyini, daha sonra təhqiqatçının Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu izah etdiyini və üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini təklif etdiyini, Təqsirləndirilən şəxs da üzərində olan əşyaları bir-bir masının üzərinə qoymağa başladığını və əvvəlcə həmin vaxt əynində olan qara rəngli dəri qış gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan bükümün və həmin gödəkcənin sağ yan cibindən isə “Samsung” markalı mobil telefonu masanın üzərinə qoyduğunu, daha sonra təhqiqatçının Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apardığını, lakin onun üzərində başqa hər hansı bir əşya və ya predmetin aşkar edilmədiyini, bundan sonra sellofan bükümün açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik qurudulmuş marixuanaya bənzər bitki kütləsinin aşkar edildiyini, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 21,7 qram olduğunu, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurdulmuş marixuanaya bənzər bitki kütləsinin və mobil telefon ayrı-ayrı zərflərdə qablaşdırılaraq götürüldüyünü, şəxsi axtarışın keçirilməsinə dair protokolun tərtib edildiyini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi 63 ünvanında yerləşən evə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq saxladığı hər hansı əşya, predmet və ya maddə aşkar edilmədiyini, baxışın videoçəkiliş vasitəsi ilə qeydə alındığını, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini və ucadan oxunduğunu, heç kimin əlavə və ya düzəlişi olmadığından həmin protokolu imzaladıqlarını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işlədiyini, 20 aprel 2023-cü il tarixdə Ağdaş RPŞ-nin inzibati binasının qarşısında olan zaman RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ona şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması, daşıması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutulduğunu, üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin aşkar edilərərk götürüldüyünü, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış istintaq hərəkətinin keçiriləcəyi barədə məlumat verdiyini, həmin vaxt təhqiqatçının ona baxışın keçirilməsində iştirak etmək istəyib-istəmədiyini soruşduğunu, özünün də təhqiqatçıya baxışda iştirak etmək istədiyini bildirdiyini, bundan sonra polis əməkdaşları, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə baxışın keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evə getdiklərini, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildiyini, baxış zamanı zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq saxladığı hər hansı əşya, predmet və ya maddə aşkar edilmədiyini, baxışın videoçəkiliş vasitəsi ilə qeydə alındığını, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini və ucadan oxunduğunu, heç kimin əlavə və ya düzəlişi olmadığından həmin protokolu imzaladıqlarını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmadığını bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri qış gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan bükümü və həmin gödəkcənin sağ yan cibindən isə “Samsung” markalı mobil telefon aşkar edilmiş, sellofan bükümün içərisində isə yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar olunmuş, daha sonra elektron tərəzidə çəkilmiş, çəkisi 21,7 qram olmuş, bundan sonra həmin bitki kütləsi və mobil telefon kağız zərflərdə qablaşdırılımış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxışa keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq saxladığı hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/363 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli sellofan büküm” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 13,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-сü il tarixli, № 962 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-782/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində “Həşiş qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 iyun 2023-cü il tarixli, № 723 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamaqla ailə tərkibi 1975-ci il təvəllüdlü X3, 1999-cu il təvəllüdlü X5 və 2003cü il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 20 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 11:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 11:30-da tanış edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10in 2 saylı X9 filialı Ağdaş rayon Qəbul şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-M-125125/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10in 2 saylı X9 filialından İİ (ikinci) dərəcəli əlilliyə görə hər ay 220 (iki yüz iyirmi) manat sosial müavinət alır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, İİ dərəcəli əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 13,29 qram qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat, əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 13,29 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-123/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-123/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver