Məhkəmə qərarları › İş №1(014)-124/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-124/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-124/2021 14.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1995-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 12-də qeydiyyatda olan və Ağdaş şəhəri Məşəd küçəsi ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 15.09.2019-cu il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən 1 il müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş, həmin hökmə əsasən məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdə Ağdaş şəhəri Məşəd küçəsindən yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,386 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, 06.08.2021-ci il tarixdə saat 11:10 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhəri Məşəd küçəsində saxlanılaraq ünvan 1 12 saylı ünvanda yerləşən Ağdaş RPŞnin növbətçi hissəsinə gətirilmiş və həmin tarixdə saat 11:54 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman həmin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin sonuncunun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, evli olduğunu və iki övladının olduğunu, narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər 2017-ci ildə Azərbaycan Respublikası CM-in 185.2.1-ci və 2019-cu ildə isə 234.1-ci maddəsi ilə 1 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum olunduğunu, 20.09.2019-cu ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 1 ay 9 gün müddətində vaxtından əvvəl şərti azad edildiyini, 06.08.2021-ci il tarixdə təxminən saat 11:10 radələrində yaşadığı evin qarşısında yerləşən küçədə yol ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq ona üzərində narkotik vastələrin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 1 ədəd bənövşəyi rəngli alışqan və həmin şalvarın sağ yan cibindən 1 ədəd sellofan kisə aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd sellofan kisə açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, özünün həmin maddənin narkotik maddə olmasını və istifadə etdiyini bildirdiyini, həmin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd sellofan kisə elektron tərəzidə çəkildiyini və çəkisinin 1,98 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1 ədəd sellofan kisə zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, həmçinin üzərindən aşkar edilmiş bənövşəyi rəngli 1 ədəd alışqanın ona qaytarıldığını, şəxsi axtarışın videoçəkiliş ilə aparıldığını, protokol tərtib olunduğunu, üzərindən aşkar olan narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin 1 ədəd sellofan kisədə olan narkotik maddəni təxminən 2 gün öncə Ağdaş şəhəri Məşəd küçəsi ərazisindən tapdığını, hal-hazırda həmin narkotik maddəni konkret olaraq haradan tapmağını xatırlamadığını, heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 06.08.2021-ci il tarixdə səhər radələrində xidmətdə olduğunu, həmin zaman Ağdaş rayonu Məşəd küçəsində yaşayan və Ağdaş şəhəri M.İsayev 12 ünvanında qeydiyyatda olan, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 11:10 radələrində NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Elməddini yaşadığı küçədə yəni Ağdaş rayonu Məşəd küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, həmin vaxt Fərmanın və özünün Elməddinə yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, bundan sonra onu RPŞ-yə dəvət etdiklərini, onun üzərində şəxsi axtarış aparılması üçün tərəfindən raportla rəhbərliyə məruzə edildiyini, raportun araşdırlması RPŞnin TB-yə həvalə edildiyini, daha sonra RPŞ-nin növbətçi hissəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Elməddinin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Elməddinin əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 1 ədəd bənövşəyi rəngli alışqan və həmin şalvarın sağ yan cibindən 1 ədəd sellofan kisə aşkar olunduğunu, daha sonra Elməddinin üzərindən aşkar edilmiş 1 ədəd sellofan kisə açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, Elməddinin həmin maddənin narkotik maddə olmasını və özü istifadə etdiyini bildirdiyini, həmin şəxsi axtarış zamanı Elməddinin üzərindən aşkar edilmiş 1 ədəd sellofan kisə elektron tərəzidə çəkildiyini və çəkisinin 1,98 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı Elməddinin üzərindən aşkar olunmuş 1 ədəd sellofan kisə zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, həmin zərfin üzəri imzalandığını, Elməddinin üzərindən qeyd olunanlardan başqa iş üçün əhəmiyyət kəsb edən başqa heç bir şey aşkar olunmadığını, həmçinin onun üzərindən aşkar edilmiş bənövşəyi rəngli 1 ədəd alışqanın ona qaytarıldığını, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni özü istifadə etmək üçün üzərində saxladığını və təxminən 2 gün öncə Ağdaş şəhəri Məşəd küçəsi ərazisindən tapdığını, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və bu barədə heç bir məlumatının olmadığını, şəxsi axtarış zamanı orada müdafiəçi və digər polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparıldığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 ifadəsində Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, oğlu Elməddinin ailəli olduğunu və öz ailəsi ilə birlikdə yaşadığını, Elməddinin bir müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, bununla bağlı aralarında dəfələrlə söz-söhbət və mübahisə olduğunu, lakin buna baxmayaraq Elməddin bu mübahisələrdən nəticə çıxarmadığını, daha sonra 06.08.2021-ci il tarixdə Elməddin Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Ağdaş şəhərində üzərində narkotik vasitə gəzdirərkən saxlandığını eşitdiyini, daha sonra da Elməddini polis şöbəsinə apardıqlarını, həmin zaman onun üzərindən narkotik vasitə aşkar olunduğunu, sonra da onun barəsində həbs qətimkan tədbiri seçildiyini eşitdiyini, 09.08.2021-ci il tarixdə oğlu Elməddini buraxılmaması üçün Ağdaş rayon Prokurorluğuna ərizə ilə özünün müraciət etdiyini, Elməddinin evə gəldiyini, evdə mübahisə yaratdığını, oğlu Elməddinin tutulduğu müddət ərzində cəzaçəkmə müəssisəsində narkotik vasitələrdən uzaqlaşacağını fikirləşdiyini və bundan sonra da narkotik vasitədən istifadə etməyəcəyini, Elməddinin üzərindən aşkar olunmuş narkotik maddəni onun haradan əldə etməsi barədə heç bir məlumatının olmadığını, Elməddin evdə narkotik vasitə saxlamadığını, başqa yerdə saxlayıb-saxlamaması barədə məlumatının olmadğını, oğlu Elməddinin narkotik vasitələrdən istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Elməddinin əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 1 ədəd bənövşəyi rəngli alışqan və həmin şalvarın sağ yan cibindən 1 ədəd sellofan kisə aşkar olunmuş, daha sonra Elməddinin üzərindən aşkar edilmiş 1 ədəd sellofan kisə açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, Elməddin həmin maddənin narkotik maddə olmasını və özü istifadə etdiyini bildirmiş, həmin şəxsi axtarış zamanı Elməddinin üzərindən aşkar edilmiş 1 ədəd sellofan kisə elektron tərəzidə çəkilmiş və çəkisi 1,98 qram olmuş, daha sonra şəxsi axtarış zamanı Elməddinin üzərindən aşkar olunmuş 1 ədəd sellofan kisə zərfə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, həmin zərfin üzəri imzalanmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 06.08.2021-ci il tarixli 17/581 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kiçik sellofan paketdə, təmiz çəkisi – 1,386 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 10.09.2021-ci il tarixli, 1075 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə haları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.08.2021-ci il tarixli tələbnamədən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli 1(014)-80/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin 28.10.2018-ci il tarixli qərarı ilə cərimə cəzası qazancından 15% tutulmaqla 1 (bir) il islah işləri cəzası ilə əvəz edilib. Ağdaş Rayon Məhkəməsinin 15.09.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.07.2020-ci il il tarixli qərarı ilə 1 ay 9 gün vaxtından əvvəl şərti azad olunub. İşin materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin 31.08.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 28.10.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş islah işləri cəzasını çəkib qurtarmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 favqust 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 oktyabr 2021-ci il tarixli, 2434 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X2 – 1998-ci il təvəllüdlü; X6 – 2014-cü il təvəllüdlü; X1 – 2017-ci il təvəllüdlü. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 11:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 08 avqust 2021-ci il tarixli, 4(014)-66/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 avqust 2021-ci il tarixdən, saat 11:40-dan hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetaminin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində azyaşlı iki uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 06 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 1,386 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli şübhəli şəxs qismində saxlanıldığı 06.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,386 qram narkotik vasitə olan metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar