Məhkəmə qərarları › İş №1(014)-124/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-124/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-124/2022 27.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs 06 avqust 1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, H.Əliyev prospekti 74 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 09 yanvar 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum olmayan vaxtda, şəraitdə və mənbədən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1.349 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış və həmin psixotrop maddə 07 yanvar 2022-ci il tarixdə, saat 20:43-dən saat 20:56-dək ünvan 1 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:45 radələrində dostları Samir, Rəşad və Fizuli ilə birlikdə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” kafesində olan kabinetlərin birində yemək yeyən zaman polis əməkdaşları onlara yaxınlaşaraq üzərlərində narkotik vasitənin olması və qəbul etmələri barədə məlumatlarının olmasını bildirdiklərini, üzərlərinə baxış keçirdiklərini, üzərlərindən qanunsuz heç bir şey aşkar olunmamasına baxmayaraq onları Ağdaş RPŞ-nə apardıqlarını, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən ona məxsus bir ədəd “Samsung” markalı mobil telefon, həmin cins şalvarın sağ yan cibindən 01 ədəd üzərində “LD” yazılmış siqaret qutusu, 03 ədəd 20 manatlıq və 01 ədəd 5 manatlıq pul əskinası, həmçinin əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən ona məxsus avtomobilin açarı aşkar olunduğunu, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd siqaret qutusu açıldığını, içərisindən 01 ədəd şəffaf rəngdə sellofan büküm aşkar edildiyini, həmin siqaret qutusununun ona məxsus olmadığını bildirsə də, polis əməkdaşlarının təzyiqi nəticəsində həmin siqaret qutusunu xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Ağdaş şəhərində yerləşən bazarın yaxınlığında keçən küçədən tapması barədə ifadə verdiyini, əslində isə içərisində narkotik vasitə olan siqaret qutusunun cibinə polis əməkdaşları tərəfindən qoyulduğu bildirdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi güdür, onun ifadəsi iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, iş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində hazırda Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili işlədiyini, əvvəllər isə Ağdaş RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti 74-də yaşayan, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, yaşadığı evində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 18:45 radələrində Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” kafedə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, həmin cins şalvarın sağ yan cibindən 01 ədəd üzərində “LD” yazılmış siqaret qutusu, 03 ədəd 20 manatlıq və 01 ədəd 5 manatlıq pul əskinası, həmçinin əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən avtomobil açarı aşkar olunduğunu, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd siqaret qutusu açıldığını, içərisindən 01 ədəd şəffaf rəngdə sellofan büküm aşkar edildiyini, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Ağdaş şəhərində yerləşən bazarın yaxınlığından keçən küçədən içərisində siqaret olan siqaret qutusu gördüyü üçün siqaret qutusunu götürdüyünü, lakin siqaret qutusunun içərəsində sellofan bükümün olmasını bilmədiyini bildirdiyini, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1.54 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm və 01 ədəd mobil telefon 02 ədəd ayrıca zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, Təqsirləndirilən şəxs və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, H.Əliyev prospekti 74-də yerləşən evə baxış keçirlidiyini, lakin Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman onun yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, Təqsirləndirilən şəxs yaşadığı evə baxış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, onun və onunla olan digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanunsuz hərəkət olunmadığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” adlı kafedə ofisiant işlədiyini, hər gün səhər 08:00 radələrində işə getdiyini, axşam isə 22-23 radələrində işdən çıxdığını, xx.xx.2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində kafedə işdə olduğunu, həmin zaman kafenin müştərisi kimi tanıdığı Afiq, Samir, Rəşad və Fizuli adlı şəxslərin gəldiklərini, onları qarşılayaraq kafedə otaqda əyləşdirdiyini və onlara qulluq göstərməyə başladığını, onlardan yemək sifarişi götürərək kafenin aşbazına bu barədə bildirdiyini, daha sonra isə kafedə digər müştərilərə qulluq göstərməyə başladığını, təxminən saat 18:45 radələrində kafeyə polis əməkdaşlarının gəldiklərini gördüyünü, həmin polis əməkdaşlarının Rəşadgilin əyləşdiyi otağa daxil olaraq Afiq, Samir, Rəşad və Fizuli adlı şəxsləri Polis Şöbəsinə dəvət etdiklərini və onların da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə kafedən çıxaraq getdiklərini polis əməkdaşlarının kafeyə gələrək onların oturduqları otağa daxil olduqdan sonra həmin şəxslərin üzərinə baxış keçirib-keçirməmələrindən məlumatının olmadığını bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/23 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1.349 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 229 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 2160K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/493 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. X3 üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki psixotrop maddə olan metamfetamin, üzərində “Vət. X1 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər maddə” sözləri yazılmış zərfin içərisindəki psixotrop maddə olan metamfetamin, üzərində “Vət. X5 üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki psixotrop maddə olan metamfetamin və üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki psixotrop maddə olan metamfetamin hər biri kimyəvi tərkib komponentlərinə görə fəqlidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində Ağdaş RPŞnin NH-də müdafiəçinin iştirakı ilə axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, həmin cins şalvarın sağ yan cibindən 01 ədəd üzərində “LD” yazılmış siqaret qutusu, 03 ədəd 20 manatlıq və 01 ədəd 5 manatlıq pul əskinası, həmçinin əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən avtomobil açarı aşkar olunmuş, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd siqaret qutusu açılmış, içərisindən 01 ədəd şəffaf rəngdə sellofan büküm aşkar edilmiş, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, H.Əliyev prospekti 74-də yerləşən evə baxış keçirlmiş, lakin Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman onun yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini və himayəsində iki azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, şübhəli şəxs kimi 07 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 1.299 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, 03 ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 1.299 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin, üç ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar