Məhkəmə qərarları › İş №1(014)-125/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-125/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-125/2021 02.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1994-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Ağdam şəhəri, 20 yanvar küçəsi 22 saylı evdə qeydiyyatda olan, faktiki olaraq Ağdaş şəhəri, H.Əliyev prospekti 67-də yaşayan, barəsində 05 avqust 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03.05.2018-ci il tarixdə Ağdaş rayon Məhkəməsi tərəfindən 03 il müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş, həmin hökmə əsasən məhkumluğu ödənilməmiş və götürülməmiş 03 avqust 2021-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektindən yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,973 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, 03 avqust 2021-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən Ağdaş RPŞ-nin növbətçi hissəsinə gətirilmiş və həmin tarixdə, saat 15:45 radələrində üzərində şəxsi axtarış aparılan zaman həmin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində narkotik vasitələrin istifadəçisi olduğunu, 03 avqust 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində Ağdaş şəhərində yerləşən Qaradağlı qəbirstanlığın yaxınlığında piyada gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq ona üzərində narkotik vastələrin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm, şalvarının arxa sağ cibindən cib dəsmalı və arxa sol cibindən 02 ədəd bükülü vəziyyətdə kağız parçası aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında psixotrop maddəyə oxşar maddə aşkar olunduğunu, həmin maddənin psixotrop maddə “patı” olmasını və özünün istifadə etdiyini bildirdiyini, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini və zərfə qablaşdırıldığını, üzərində olan psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin 01 ədəd sellofan bükümdə olan psixotrop maddəni 03.08.2021-ci il tarixdə, saat təxminən 12:00 radələrində yaşadığı küçədən tapdığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Ağdaş şəhəri, H.Əliyev prospekti 67-də qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 15:00 radələrində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Elvini Ağdaş şəhərində yerləşən Qaradağlı qəbirstanlığının yaxınlığında piyada hərəkətdə olduğunu gördüklərini, həmin vaxt Elvinə yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, onun üzərində şəxsi axtarış aparılması üçün tərəfindən raportla rəhbərliyə məruzə edildiyini, raportun araşdırlması Ağdaş RPŞ-nin TB-nə həvalə edildiyini, daha sonra Ağdaş RPŞ-nin növbətçi hissəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Elvinin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Elvinin əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm, şalvarının arxa sağ cibindən cib dəsmalı və arxa sol cibindən 02 ədəd bükülü vəziyyətdə kağız parçası aşkar olunduğunu, daha sonra Elvinin üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında psixotrop maddəyə oxşar maddə aşkar olunduğunu, Elvinin həmin maddənin psixotrop maddə “patı” olmasını və özünün istifadə etdiyini bildirdiyini, həmin şəxsi axtarış zamanı Elvinin üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini və zərfə qablaşdırıldığını, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni 03.08.2021ci il tarixdə, saat təxminən 12:00 radələrində yaşadığı küçədən tapdığını bildirdiyini göstərdi. İş üzrə Şahid1 məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 03.08.2021-ci il tarixli 17/573 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,973 qram olan maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 10.09.2021-ci il tarixli 1073 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm, şalvarının arxa sağ cibindən cib dəsmalı və arxa sol cibindən 02 ədəd bükülü vəziyyətdə kağız parçası aşkar edilmiş, sellofan büküm açıldıqda içərisindən ağ rəngli toz və kristal halında maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, 03 avqust 2021-ci il tarixdə yaşadığı küçədə yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını demiş, aşkar olunmuş həmin psixotrop maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 07.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, məhkumluğu ödənilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və himayəsində iki azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oğlunun cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 03 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,923 qram psixotrop maddə metamfetamin məhv edilməldir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,923 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar