Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-125/2023 22.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1988-ci ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 7,38 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 20:05 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 20:59-dan 21:18-dək ünvan 2 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 7,38 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən 15 ilə yaxındır ki, narkotik vasitə olan və nəşə aldındırdığı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, lakin narkotik vasitə istifadə etmədiyi zamanlarda bədənində hər hansı bir ağrının olmadığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndindən keçən su arxının kənarında siqaret çəkən zaman yaxınlıqda ağ rəngli sellofan bükümün və bükümün içərisində nəsə olduğunu görmüş, həmin sellofanın onun diqqətini çəkdiyi üçün sellofan bükümü götürmək qərarına gəldiyini, bükümü götürdüyünü və açdığını, bu zaman həmin bükümün içərisində yaşıl rəngli bitki kütləsinin olmasını gördüyünü, daha sonra həmin bitki kütləsini iylədiyini və “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olmasını bildiyini, buna görə də həmin narkotik vasitəni götürərək üzərində saxlayaraq daha sonra istifadə etmək qərarına gəldiyini, bundan təxminən 2-3 saat sonra Ləki qəsəbəsi ərazisində yolun kənarında olan kafenin qarşısına getdiyini, bundan təxminən 10-15 dəqiqə sonra 2 nəfər şəxsin ona yaxınlaşdığını, həmin şəxslərin özlərini təqdim edərək Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını, ona üzərində narkotik vasitə saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onlarla birlikdə Ağdaş RPŞ-yə getməli olduğunu söylədiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, onun da həmin vaxt heç bir çıxış yolunun olmadığını dərk edərək polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəldiyini, daha sonra ona üzərində narkotik vasitə saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu izah etdiklərini, onun da polis əməkdaşlarına həmin vaxt həqiqətən də üzərində narkotik vasitə olmasını bildirdiyini, bundan sonra təhqiqatçı tərəfindən ona müdafiəçi ilə təmin edilmək hüququ izah edildiyini, onun da təhqiqatçıya maddi imkanın olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra ona vəkillərin siyahısının təqdim edildiyini, onun da vəkillərin siyahısından adını əvvəllər eşitdiyi vəkil Müdafiəçi ona dövlət hesabına müdafiə etməsini istədiyini bildirdiyini, bundan sonra Müdafiəçi dövlət hesabına ona müdafiəçi təyin edildiyini, sonra RPŞ-nin inzibati binasında onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələrinin izah edildiyini, bundan sonra təhqiqatçının ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoymasını təklif etdiyini, buna görə də özünün həmin vaxt üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etdiyini, həmin vaxt əyində olan qara rəngli şalvarın sol yan cibindən alışqanı, sağ yan cibindən 1 ədəd 5 manatlıq pul əskinasını və sellofan bükümü, həmin şalvarın sol arxa cibindən “Nokia” markalı mobil telefonu masanın üzərinə qoyduğunu, daha sonra polis əməkdaşının onun üzərində şəxsi axtarış apardığını, lakin üzərindən başqa qanunsuz olaraq saxladığı hər hansı əşya və ya predmet aşkar edilmədiyini, bundan sonra polis əməkdaşının üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümü açdığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsinin aşkar edildiyini, polis əməkdaşına həmin bitki kütləsinin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə yaşadığı kəndin ərazisində su arxının kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra həmin sellofan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 7,6 qram olduğunu, daha sonra həmin sellofan bükümdə olan bitki kütləsinin kağız zərfdə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, həmçinin ona məxsus mobil telefonun da kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə qeydə alındığını və şəxsi axtarışın aparılmasına dair protokolun tərtib edildiyini, onların həmin protokolu imzaladığını və bundan sonra şəxsi axtarışın başa çatdığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nün polis nəfəri işlədiyini, 07 iyun 2023-cü il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu, buna görə də müvafiq sənədləşmələr aparılaraq əməliyyat qrupunun yaradıldığını, həmin gün saat 20:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq üzərində saxlayaraq daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsində olmasını gördüklərini, buna görə də onların bir qədər Təqsirləndirilən şəxs gözlədiklərini, daha sonra Təqsirləndirilən şəxs küçənin kənarı ilə gəlməsini gördüklərini, onların Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitəni qanunsuz olaraq saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu və həmin məlumat ilə əlaqədar olaraq onlarla birlikdə Ağdaş RPŞ-yə getməli olduğunu izah etdiklərini, Təqsirləndirilən şəxs əvvəlcə buna etiraz edərək üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə olan məlumatın yalnış olduğunu bildirdiyini, buna görə də onlar Təqsirləndirilən şəxs məlumatın yoxlanılacağını və təsdiqini tapmayacağı təqdirdə sərbəst buraxılacağını izah etdiklərini, həmçinin Təqsirləndirilən şəxs onlarla birlikdə RPŞ-yə getməli olduğunu bir daha izah etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs başqa bir çıxış yolu olmadığını dərk etdiyini və onlarla birlikdə RPŞ-yə gələcəyini bildirdiyini, sonra onların birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmaq, həmçinin maddi imkanının olmadığı təqdirdə dövlət hesabına müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, Təqsirləndirilən şəxs da maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, sonra Təqsirləndirilən şəxs vəkillərin siyahısının verildiyini, daha sonra ona dövlət hesabına müdafiəçi təyin edildiyini və müdafiəçinin də RPŞ-yə dəvət edildiyini, müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu və dərhal sonra onun üzərində şəxsi axtarışın keçirilməsinə başlanıldığını, şəxsi axtarışın keçirilməsinin videoçəkiliş vasitəsi ilə qeydə alındığını, şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş hüquqları və vəzifələrinin izah edildiyini, daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu izah etdiyini və üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini təklif etdiyini, Təqsirləndirilən şəxs da üzərində olan əşyaları bir-bir masının üzərinə qoymağa başladığını, onun əvvəlcə həmin vaxt əynində olan qara rəngli şalvarın sol yan cibindən alışqanı, sağ yan cibindən 5 manatlıq pul əskinasını, 1 ədəd sellofan bükümü, sol arxa cibindən isə mobil telefonu masanın üzərinə qoyaraq təqdim etdiyini, daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apardığını, lakin onun üzərində başqa hər hansı bir əşya və ya predmetin aşkar edilmədiyini, bundan sonra sellofan bükümün açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik qurudulmuş marixuanaya bənzər bitki kütləsinin aşkar edildiyini, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 7,6 qram olduğunu, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurdulmuş marixuanaya bənzər bitki kütləsi və mobil telefonun ayrı-ayrı zərflərdə qablaşdırılaraq götürüldüyünü, şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilərək ucadan oxunduğunu, heç kimin əlavə və ya düzəlişi olmadığından həmin protokolu imzalandığını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndinin ərazisindən keçən su kanalının kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumatın daxil olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 da iş üzrə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin inzibati binasında polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən alışqan, sağ yan cibindən 5 manatlıq pul əskinası, 1 ədəd sellofan büküm, sol arxa cibindən isə mobil telefon aşkar edilmiş, sellofan bükümün içərisində isə yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar olunmuş, daha sonra elektron tərəzidə çəkilmiş, çəkisi 7,6 qram olmuş, bundan sonra həmin bitki kütləsi və mobil telefon kağız zərflərdə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/445 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan büküm” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 7,38 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1137 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-916/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon mərkəzi xəstəxanası X8in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 iyun 2023-cü il tarixli, 5-32- 12/2-408/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: arvadı- X5; qızı – xx.xx.2017-ci il təvəllüdlü X6; oğlu – xx.xx.2018-ci il təvəllüdlü X3 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:25-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 13:00-da tanış edilmişdir Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı, 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 7,33 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı, 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalı və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 7,33 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-125/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-125/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver