Məhkəmə qərarları › İş №1(014)-125/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-125/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-125/2024 08.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X13 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, subay, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu ilə üzərində qəti olaraq 07 ay müddətə azadlıqdan məhrumetmə növündə cəza saxlanılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin X4 həbsdə saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və şəraitdə, satış məqsədi olmadan, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 17,67 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, 26 may 2024-cü il tarixdə saat 21:55də Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Ləki Qəsəbəsi, C.Məmmədov küçəsində saxlanılaraq Ağdaş rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd kiçik sellofan paketdə təmiz çəkisi 17,67 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafı, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 2-ci Qarabağ müharibəsində iştirak edərkən narkotik vasitələrdən istifadə etməyə başlamış və bundan sonra onda asılılıq yarandığından narkotik vasitə qəbul etməyəndə əsəbi olurdu. 25 may 2024-cü il tarixdə təxminən günorta saatlarında Ağdaş rayonu, Ləki Qəsəbəsi ərazisində hərəkətdə olarkən su kanalının yaxınlığında yerdə sellofan paket olduğunu görmüş, həmin paketi açıb baxdıqda içərisində qurudulmuş marixuana olmasını bilmiş və həmin sellfona paketi kolluqda gizlətmişdir. Daha sonra həmin narkotik vasitənin bir hissəsini istifadə etmiş qalan hissəsini isə daha sonra istifadə etməsi üçün cibinə qoymuşdur. 26 may 2024cü il tarixdə təxminən saat 21 radələrində Ağdaş rayonu, Ləki Qəsəbəsi, C.Məmmədov küçəsində hərəkətdə olan zaman cibində olan narkotik vasitəni istifadə etmək istəyərkən, polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Ağdaş rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Axtarışa başlanmazdan əvvəl o, əynindəki göy rəngli gödəkçənin sol iç cibində 01 ədəd sellofan paketi çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman heç bir əşya aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan paket polis əməkdaşı tərəfindən açılmış, içərisində marixuana aşkar edilmişdir. Sellofan paket içərisindəki narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edildikdən sonra kağız zərfdə qablaşdırılaraq, möhürlənib götürülmüş, üzərindən aşkar olunmuş digər əşyalar isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs daha sonra törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 26 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş, məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsində saxlanılaraq Ağdaş rayon Polis Şöbəsinə gətirilmişdir. X14 Əliyevə seçdiyi müdafiəçi təyin olunmuşdur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edib, onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edərək üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, eləcə də hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üstündə ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o da əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 02 ədəd siqaret dənəsini, 01 ədəd sellofan paketi və həmin gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Ruslanın üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Ruslanın üzərindən aşkar olunmuş 01 ədəd sellofan paket narkotik vasitəyə bənzər bitki kütləsi ilə birgə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilərək kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Əhmədov X5 Rauf Rafayıl oğlunun ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 26 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 02 ədəd siqaret dənəsini, 01 ədəd sellofan paketi və həmin gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxararaq təqdim etmiş, şəxsi axtarış aparılan zaman üzərindən hər hansı əşya aşkar olunmamışdır. 01 ədəd sellofan paket açılmış və içərisində yaşıl rəngli, spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olması müəyyən olunmuş, elektron tərəzidə çəkilmiş və kağız zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Məhkəmə-bioloji ekspertizasının 27 may 2024-cü il tarixli, 3-16-16-2-17/481 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik...” sözlər, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kiçik sellofan paketdə, təmiz çəkisi – 17,67 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 06 iyun 2024-cü il tarixli, 1008 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 12 iyun 2024-cü il tarixli, 18-1-22/2-767/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 30 aprel 2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və ********** nömrəli cinayət işi məhkəməyə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 1(014)-56/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Ağdaş Rayon Məhkəməsinin 1(014)-114/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 1(014)-56/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay 6 (altı) gün hissəsi sonuncu hökmlə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrm etmə cəzası ilə qismən birləşdirilmiş, üzərində qəti olaraq 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ləki Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli, 5-32-12/2-350/2024 saylı arayışdan görünür ki, ünvan 2 ünvanda yaşayan xx xxxxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi – anası 23 iyul 1974-cü il təvəllüdlü X8, qardaşı 07 dekabr 1994-cü il təvəllüdlü X11 və bacısı 21 noyabr 2004-cü il təvəllüdlü X3 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ləki Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli, 5-32-12/2-351/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Medalın İ-21086 saylı Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. “Azərbaycan Vətən Müharibəsi X7” № 76552 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin üzvüdür. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 26 may 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 28 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2024-cü il tarixdə saat 22:21-də şübhəli şəxs qismində tutulmuş, 28 may 2024-cü il tarixdə, saat 10:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə saat 10:30-da təqsirləndirilən şəxs qismində dindirilmiş və saat 13:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. 21 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 17,67 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 17,65 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, 26 may 2024-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolu, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskini, maddi sübutu, yuxarıda qeyd edilən ekspert rəylərini, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməni, 21 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri və birbiri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Yuxarıda qeyd olunan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısına əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin 5 qram və ondan artıq hissəsi (500 qramadək) xeyli miqdar hesab edilir. Məhkəmə, iş materiallarında olan sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş materiallarına istinad edib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, “Vətən müharibəsi”ndə iştirak etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər (Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 1(014)-56/2023 saylı hökmünə əsasən) azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını, cəza çəkdiyi müddət ərzində yenidən qəsdən cinayət törətməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, cinayət qanunvericiliyi ilə qadağan olunmuş ictimai təhlükəli əməli yenidən törətməklə islah olunmadığını nümayiş etdirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edilmişdir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilmişdir ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 1(014)-56/2023 saylı hökmünə əsasən müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə müvafiq olaraq onun hazırki iş üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayətin residivini yaradan hallar kimi nəzərə alına bilməz. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 18 aprel 2023-cü il tarixli, 1(014)-56/2023 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay 6 (altı) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 3 (üç) ay 3 (üç) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edillərək, ona təyin edilmiş 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs hazırki iş üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan görünür ki, o, satış məqsədi olmadan, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 17,67 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımaqla törədiyi cinayət əməlini 26 may 2024-cü il tarixdə, yəni Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 16-cı bəndində göstərilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Yuxarıda qeyd edilənlərə əsaən məhkəmə belə qənaətə gəlir ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-114/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək və 26 may 2024-cü il tarixdən 28 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı cəmi dörd gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı real olaraq çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli hökm çıxarılan gündən, yəni 25 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 06 iyun 2024-cü il tarixli, 1008 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyini, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunu və ərazi narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Ağdaş rayon X9 Hüquqi Şəxsinə göndərilməlidir. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən, 197.1.4cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 17,67 çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 17,65 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB**********60003436 60, VÖEN ********** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağdaş Rayon Məhkəməsinin 1(014)-114/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək və 26 may 2024-cü il tarixdən 28 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı cəmi dörd gün müddət ona təyin edilən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi dövrdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 17,65 qram qurudulmuş marixuana məhv edilsin, 01 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB**********60003436 60, VÖEN ********** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar