Məhkəmə qərarları › İş №1(014)-128/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-128/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-128/2022 27.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1964-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində qeydiyyatda olan və yaşayan, barəsində 28 iyul 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının sonlarında Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq xeyli miqdarda, yəni 04 ədəd narkotik tərkibli çətənə bitkisini əkib, aqrotexniki qaydada qulluq edərək yetişdirməkə kultivasiya etmiş, 26 iyul 2022-ci il tarixdə, saat 12:55-dən 13:10-dək Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində əkib aqrotexniki qaydada qulluq edərək kultivasiya etməklə yetişdirdiyi 04 ədəd torpaq sahədə olan, ümumi çəkiləri 3 kq 795 qram narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində göstərdi ki, təxminən aprel ayının əvvəllərində Aşağı Zeynəddin kəndində qəbirstanlığın yaxınlığında balaca kağız parçasında büküm tapmış və içərsinə baxdıqda bir qədər qurudulmuş marixuana olduğunu görmüşdür. Marixuananın içərisində bir neçə ədəd toxum olmuş, toxumları ayırıb cibinə qoymuş və marixuananı isə siqaretə doldurub çəkmişdir. Tapdığı toxumları yaşadığı evin həyətyanı sahəsində heç kəsin görməyəcəyi yerdə torpağa əkmiş, əkdiyi toxumların çətənə bitkisinə məxsus olduğunu bilmiş və vaxtlı vaxtında həmin bitkiləri sulayıb yetişdirmişdir. O, məqsədinin bitkiləri yetişdirdikdən sonra şəxsi istifadəsi üçün saxlamaq olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 11-12 radələrində yaşadığı evin yerləşdiyi küçədə olan zaman polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələri əldə edib saxlamaqda və becərilməsində şübhəli olduğu üçün Polis şöbəsinə dəvət etmiş, Polis şöbəsinə gəldikdən sonra ona üzərində şəxsi axtarış aparılacağı üçün müdafiəçi dəvət etmişlər. Üzərində video çəkiliş ilə şəxsi axtarış aparılmasına etiraz etməmiş, şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkdiyini etiraf etmiş və bu məqsədlə polis əməkdaşları ilə birlikdə Aşağı Zeynəddin kəndində yaşadığı evin həyətinə gəlmiş, həyətyanı sahədə əkdiyi çətənə kollarının olduğu yeri polis əməkdaşlarına göstərmiş, həmin şitillərə baxış keçirilərək götürülmüş və qablaşdırılmışdır. İş üzrə şahid Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində yaşayan xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olmuş, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və tərəfindən müvafiq sənədləşmələr aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getmiş, həmin zaman saat 11:12 radələri olmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçədə olduğunu görmüş və ona yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik vasitələri əldə edib saxlamaqda və becərilməsində şübhəli olduğunu bildirmiş və onu Ağdaş RPŞ-nə dəvət etmişlər. Bəybala Məmədov onlarla birlikdə Ağdaş RPŞ-nə gəlmişdir. Ağdaş RPŞ-də Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində Bəybala Məmədovun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkdiyini etiraf etmiş və bu məqsədlə Bəybala, X2 və müdafiəçi ilə birlikdə Aşağı Zeynəddin kəndində yaşadığı evin həyətinə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə aqranom Arif Səmədov və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 04 ədəd torpaqda əkilmiş vəziyyətdə olan çətənə kolları aşkar edilmiş, həmin vaxt X2 çətənə bitkisinin kollarına baxış keçirərək həmin çətənə kollarına aqrotexniki qaydada quluq edilməsi barədə rəy vermişdir. Daha sonra 04 ədəd çətənə bitkiləri kökündən çıxarılmış və hündürlükləri ölçülmüş, bitkilərin hündürlükləri ən kiçiyinin 210 sm, ən hündürünün isə 260 sm olmuş, bundan sonra aşkar edilmiş 04 ədəd çətənə bitkiləri sellofan torbaya qablaşdırılaraq üzərinə möhür vurulmuşdur. Baxış videoçəkiliş vasitəsi ilə aparılmış, daha sonra bu barədə protokol tərtib olunmuşdur. İş üzrə şahid Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, X3 sertifikatlaşdırma Labaratoriyasında baş aqranom işləyir. xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində qeydiyyatda olan, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində mütəxəsis kimi iştirak etməyini xahiş etmişlər. Özü də etiraz etməmiş və bundan sonra ona hüquqları izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində 04 ədəd torpaqda əkilmiş vəziyyətdə olan çətənə kollarını aşkar edilmişdir. Həmin vaxt onun tərəfindən çətənə bitkisinin kollarına baxış keçirərək həmin çətənə kollarına aqrotexniki qaydada quluq edilməsi barədə rəy vermişdir. Daha sonra 04 ədəd çətənə bitkiləri kökündən çıxarılmış və hündürlükləri ölçülmüşdür. Bitkilərin hündürlükləri ən kiçiyinin 210 sm, ən hündürünün isə 260 sm olmuş, bundan sonra aşkar edilmiş 04 ədəd çətənə bitkiləri sellofan torbaya qablaşdırılaraq üzərinə möhür vurulmuşdur. Baxış videoçəkiliş vasitəsi ilə aparılmış, daha sonra bu barədə protokol tərtib olunmuşdur. Bəbyala Məmmədovun yaşadığı evin həyətyanı sahəsindən cəmi 04 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürülmüş, Bəbyala Məmmədovun əkdiyi çətənə kollarına aqrotexniki qaydada qulluq olunmuş, yanları alaqdan təmizlənmiş, daimi suvarılmışdır. İş üzrə məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/590 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd sintetik kisənin içərisindəki, uzunluqları 210 sm-dən 260 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 03 kiloqram 795 qram olan 04 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aqronom rəyinə əsasən 04 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1414 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə aqronomun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 04 ədəd torpaqda əkilmiş vəziyyətdə olan çətənə kollarını aşkar edilmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə kolları kökündən çıxardılmış və hündürlükləri ölçülmüş, ən kiçiyinin hündürlüyü 210 sm, ən böyüyünün isə hündürlüyü 260 sm olmuş, daha sonra həmin çətənə kolları sellofan torbaya qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Tələbnamədən ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs il dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 26 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 3.794.80 qram olan 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, 02 ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 3.794.80 qram olan altı ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin, iki ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar