Məhkəmə qərarları › İş №1(014)-128/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-128/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-128/2024 11.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X17 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 xüsusi ittiham qaydasında verdiyi şikayətə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, əvvəllər heç bir əsaslı səbəb olmadan oğlanları ilə qrup halında birləşərək ona qarşı xuliqanlıq cinayəti törətmiş, Ağdaş Rayon Məhkəməsinin 1(014)-105/2022 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş X11 ona qarşı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində təhqir cinayətləri törətmişdir. Buna səbəb X11 və oğlanları İlkin və Ümid Hacıyevlərin ona qarşı amansızca cinayət törətdiklərinə görə onlar tərəfindən ona bərpaedilməz mənəvi zərər vurulmasına görə Ağdaş Rayon Məhkəməsinə mülki iddia tələbi ilə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1509/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq M.Hacıyev və digər cavabdehlərdən mənəvi zərərə görə 500 manat və digər ziyanlara görə müştərək qaydada cəmi 1390 manat pulun alınaraq iddiaçı xüsusi ittihamçıya verilməsi barədə qətnamə çıxarılmasıdır. X11 ona vurduqları ziyanı ödəmək istəmədiyidən həmin qətnamənin ləğv olunması üçün apellyasiya şikayəti vermişdir. X18 planlı şəkildə ona böhtan ataraq həmin qətnamənin ləğv olunması üçün əsas axtarır. X11 ona qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan təhqir cinayətini törətmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində Ağdaş Rayon Məhkəməsində X11 tərəfindən Ağdaş Rayon Məhkəməsinin e-2(014)- 1509/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinə baxış iclası keçirilmişdir. Həmin iclasdan çıxdıqdan sonra Mahir Hacıyev tərəfindən apellyasiya şikayətinin verilməsinə görə buraxılmış müddətin bərpa olunması ərizəsi təmin olunduğuna görə o, məhkəməni qazandığını zənn edərək idarə etdiyi “Vaz 21011” markalı, **-BB-*** nömrəli avtomobili ilə Ağdaş şəhəri, H.Əliyev prospektində onun idarə etdiyi avtomobillə üz-üzə gələrkən və yanından keçərkən həmin gün iki dəfə qışqıraraq və el arasında əxlaqsız məna verən əl hərəkətləri ilə onu təhqir etmiş, onun və dövlətin polisinin ünvanına nalayiq söyüşlər söymüşdür. (Bu barədə ona məxsus avtomobilə quraşdırılmış videoqeydiyyatçının yaddaşından götürülmüş videogörüntülər var). Bundan başqa Mahir Hacıyev yaşadığı S.Səlimoğlu küçəsində yaşayan qonşu və tanışların (Elşad, Elçin, küçədə meyvə mağazası işlədən Rövşən adlı şəxslərin və tanıdığı, həmçinin onu tanıyan hər kəsin) yanında ona çatdırmaları üçün nalayiq ifadələr işlətmişdir. Daha sonra Mahir Hacıyev onu xx.xx.2024-cü il tarixində Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində idarə etdiyi “Vaz 2109” markalı avtomobil ilə keçərkən nalayiq ifadələrlə insanların içində təhqir etmişdir. Həmin vaxt onun təhqir etməsini orada olan bir neçə şəxs, oğlu X13, həmçinin X5 və X14 eşitmişlər və bu barədə Ağdaş rayon Polis Şöbəsində izahat vermişlər. Mahir Hacıyevin bu hərəkətləri barədə Daxili işlər Nazirliyinə, Ağdaş rayon Polis Şöbəsinə və Ağdaş rayon prokurorluğuna şikayət etmiş, lakin ona bu barədə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verə biləcəyi bildirilmiş, X18 məhkum olduğu üçün Daxili işlər Nazirliyi tərəfindən şikayətinin surəti Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Mahir Hacıyev onun və yetkinlik yaşına çatmayan övladı X10 qarşı planladığı Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə istisna edilən, lakin Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə cinayət hesab olunan böhtan cinayətini işləmişdir. Belə ki, Mahir Hacıyev onu təhqir edərək onu öz avtomobili ilə arxası ilə getməyə məcbur etmişdir. Mahir Hacıyevdən onu söydüyü üçün dayanmasını tələb etsə də o, dayanmamış və aralarında yalnız sözlü mübahisə baş vermişdir. Lakin daha sonra X2 və oğlu X9 Mahiri döymələri barədə ərizə ilə şikayət edərək ona və övladına böhtan atmışdır. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayətləri xx.xx.2024-cü il tarixində Ağdaş şəhər sakinlərinin qarşısında və xx.xx.2024-cü il tarixində Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində onu tanıyan şəxslərin qarşısında ona qarşı işləmiş, həmçinin Mahir onun və oğlu X9 onu döyməsi barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə şikayət edərək ona və oğlu X10 böhtan atmışdır, bununla da Mahir Hacıyev onun şərəf və ləyaqətini qəsdən ləkələyərək onu nüfuzdan salmışdır. Bundan başqa Mahir Hacıyev onu təhqir etməsi, şərəf və ləyaqətini alçaltması, ona və yetkinlik yaşına çatmayan oğluna qarşı böhtan atması səbəbindən yenə də mənəvi izdirab və sarsıntı keçirmiş və ona 1000 (min) manat dəyərində mənəvi zərər dəymişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən 11 iyul 2024-cü il tarixdə keçiriləcək məhkəmənin hazırlıq iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 şikayətin əsassız olduğunu bildirib ərizənin icraata qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 xüsusi ittiham qaydasında şikayət ərizəsində qeyd etdiyi dəlilləri təsdiq edən sübutlar şikayətə əlavə edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 №- li qərarının 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CMnin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin qərarın 11-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, X7 xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmununda göstərilən xüsusatlar onun məhkəməyə təqdim etdiyi sübutlarla əhatə olunmadığından, başqa sözlə X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətlərinin olmasına dair mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə baxışının keçirilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxanda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar