Məhkəmə qərarları › İş №1(014)-129/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-129/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-129/2021 21.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X2 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1965-ci ildə Ağdaş rayonu, Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu götürülmüş, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan, barəsində 01 iyul 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu yaşadığı Ağdaş rayonu, Dəhnə kəndində yerləşən evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan cəmi 14 ədəd-xeyli miqdarda, ümumi təmiz çəkisi 7 kiloqram 130 qram olan 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini yerə və 02 ədədini isə dibçəkdə qanunsuz olaraq 2021-ci ilin mart ayının axırlarında əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 29 iyun 2021-ci il tarixdə, saat 09:02 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı Ağdaş rayonu, Dəhnə kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli və ifadəsində narkotik vasitə olan marixuanadan istifadə etdiyini, təxminən 2021-ci ilin mart ayının sonunda Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində 02 ədəd dibçəyə və 12 ədəd olmqla ümumilikdə 14 ədəd narkotik tərkibli bitkilərin toxumlarını əkdiyini, əkdiyi narkotik tərkibli çətənə kollarını suvardığını, diblərini yumşaltdığını, 29 iyun 2021-ci il tarixdə, təxminən saat 08:40 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, həmin vaxt onlara həqiqətəndə yaşdığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini və əməlindən peşman olduğunu söylədiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən 02 ədəd dibçəyə və 12 ədəd torpağa əkib becərdiyi ümumi sayı 14 ədəd olan narkotik tərkibli kolları polis məməkdaşlarına göstərdiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli bitkilərin kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, daha sonra həmin bitkilər kisələrə qablaşdırıldığını və möhürləndiyini bildirdi. İş üzrə şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayon polis şöbəsinin PPX-nin polis nəfəri vəzifəsində işlədiyini, 29 iyun 2021-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, həmin zaman saat 08:40 radələri olduğunu, həyət qapısından Əliağanı çağırdıqlarını, Əliağanın qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə özlərində məlumat olduğunu və həyətinə baxış keçirmək istədiyiklərini bildirdiklərini, Əliağanın da buna heç bir etiraz etmədiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə aqranom Şahid5 və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Əliağanın yaşadığı evin həyətyanı sahəsindən 02 ədəd dibçəyə və 12 ədəd torpağa əkib becərdiyi ümumi sayı 14 ədəd olan narkotik tərkibli kollar aşkar edildiyini, aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardıldığını, hündürlükləri ölçüldüyünü, kisəyə qablaşdırıldığını, möhürləndiyini, baxış zamanı video çəkilişdən istifaə edildiyini, protokol tərtib olunduğunu bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində X7 Sertifikatlaşdırma Labaratoriyasında baş aqranom işlədiyini, 29 iyun 2021-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində iştirak mütəxəsis kimi iştirak etməyini xahiş etdiklərini, özünün də buna etiraz etmədiyini, bundan sonra ona hüquqlarının izah edildiyini, daha sonra Ağdaş rayonu Dəhnəxəlil kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməkdə şübhəli olduğunu və yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onların iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Əliağanın yaşadığı evin həyətyanı sahəsindən 02 ədəd dibçəyə və 12 ədəd torpağa əkib becərdiyi ümumi sayı 14 ədəd olan narkotik tərkibli kollar aşkar edildiyini, aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardıldığını, hündürlüklərinin ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyünün 52 sm, ən böyüyünün isə hündürlüyü 1,32 metr olduğunu, sonra həmin bitkilərin kisəyə qablaşdırıldığını, kisənin üzərinə imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, bu barədə protokol tərtib olunduğunu, baxışın videoçəkiliş vasitəsi ilə keçirildiyini, Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarına aqrotexnikli qulluq olunduğunu, bitkilərin dibinin yumşaldıldığını, yanlarının alaqdan təmizləndiyini, daimi suvarıldığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 29 iyun 2021-ci il tarixli 17/479 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş” sözləri yazılmış 01 ədəd sintetik kisənin içərisindəki, hündürlükləri 52 sm-dən 132 sm-dək, ümumi təmiz çəkiləri 7 kiloqram 130 qram olan 14 ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronom mütəxəssis Şahid5 29.06.2021-ci il tarixli rəyinə əsasən 14 ədəd çətənə (kannabis) bitkisinin ştillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 26.08.2021-ci il tarixli 1000 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoiddən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cinayət törədilən 29 iyun 2021-ci il tarixə cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş, lakin onun əməli Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə sasən cinayətin residivini yaratmamışdır. Ağdaş Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qanuni qüvvəsinə minmiş qərarı ilə amnistiya tətbiq edilməsinə dair Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2-ci hissəsinin 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş 11 ay 26 gün hissəsindən azad edilmiş, qeyd olunan Qərarın 3-cü hissəsinin 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürülmüşdür. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təqsirini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə sasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə məhkumluqlar nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, şübhəli şəxs kimi 29 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan çəkisi 07 kq 130 qram olan 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan çəkisi 07 kq 130 qram olan beş ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar