Məhkəmə qərarları › İş №1(014)-13/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-13/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-13/2021 17.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ İ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Ağdaş şəhəri M.Fizuli küçəsi 11-də qeydiyyatda olan və yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o 2020-ci ilin sentyabr ayının ortalarında Ağdaş şəhəri “Qozların dibi” adlanan ərazidə Qolqəti kəndinə gedən avtobusların marşrut dayanacağının yanından yerdən tapdığı ümumi təmiz çəkisi 15.82 qram narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib 01 ədəd kağız bükümdə və 01 ədəd sellofan kisənin içərisində olmaqla 07 ədəd kağız bükümdə üzərində daşımış, həmin narkotik vasitələr xx.xx.2020-ci il tarixdə saat 08.20 radələrində ünvan 1 saylı ünvanda yerləşən Ağdaş RPŞ-nin inzbati binasının növbətçi hissəsində onun üzərində aşkar edilərək götürülmüşdür.. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilən ittihamda özünü təqsirli bilərək ifadəsində subay olduğunu, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, 2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu, bununla bağlı məhkəmə tərəfindən cərimə cəzasına məhkum edildiyini, xx.xx.2020-ci il tarixdə təxminən saat 07-30 radələrində Ağdaş şəhəri “Ləki dörd yol” adlanan ərazidə yolun kənarında tanımadığı və markası yadında qalmayan taksi avtomobilinə oturub Bakı şəhərinə getmək istəyərkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız büküm, 01 ədəd sellofan kisə, 01 ədəd açılıb-bağlanan bıçaq və 01 ədəd üzük aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan kisə açılan zaman içərisindən 07 ədəd kağız büküm aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd və 07 ədd kağız bükümlər açılan zaman içərilərindən yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələri aşkar olunduğunu, həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik vasitələrin elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 3,20 qram, 3,11 qram, 2,30 qram, 3,95 qram, 2,13 qram, 1,70 qram, 2,60 qram və 1,62 qram olduğunu, sonra həmin kağız bükümlərin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, hal şahidlərinin həmin zərfə imza etdiklərini, daha sonra üzüyünün ona qaytarıldığını, axtarış zamanı fotoşəkillərin çəkildiyini, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, üzərindən aşkar edilmiş özü istifadə etmək üçün saxladığı narkotik vasitələri təxminən 3 gün əvvəl Qozların dibindən “Qolqəti” kəndinə gedən marşrut duracağının yanından yerdən tapdığını, həmin narkotik vasitələrin üzərindən aşkar olunduğu formada bir ədəd kağız bükümdə və sellofan kisənin içərisində kağız bükümlərdə olduğunu, onu həmin formada da saxladığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, üzərində şəxsi axtarış aparılan zaman orada hal şahidləri, müdafiəçi və pois əməkdaşlarının olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmədən əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyada olan xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 07:30 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri “Ləki dörd yolu” adlanan ərazidə taksi avtomobilinə əyləşib Bakı şəhərinə getmək istəyərkən onu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞnə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Anarın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Anarın əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız büküm, 01 ədəd sellofan kisə, 01 ədəd açılıb-bağlanan bıçaq və 01 ədəd üzük aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan kisə açılan zaman içərisindən 07 ədəd kağız büküm aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd və 07 ədd kağız bükümlər açılan zaman içərilərindən yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələri aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik vasitələr elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 3,20 qram, 3,11 qram, 2,30 qram, 3,95 qram, 2,13 qram, 1,70 qram, 2,60 qram və 1,62 qram olduğunu, sonra həmin kağız bükümlərin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, hal şahidlərinin həmin zərfə imza etdiklərini, daha sonra üzüyün Anara qaytarıldığını, axtarış zamanı fotoşəkillərin çəkildiyini, protokol tərtib olunduğunu, Anar və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, ilkin sorğu zamanı Anarın üzərindən aşkar edilmiş narkotik vasitəni təxminən 3 gün əvvəl Qozların dibindən “Qolqəti” kəndinə gedən marşrut duracağının yanından yerdən tapdığını, həmin narkotik vasitələr üzərindən aşkar olunduğu formada bir ədəd kağız bükümdə və sellofan kisənin içərisində kağız bükümlərdə olduğunu, onu həmin formada da özü istifadə etmək məqsədi ilə saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi, polis əməkdaşları və hal şahidlərinin olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid2 da öz ifadəsində təsdiq edərək analoji ifadə göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində xx.xx.2020-ci il tarixdə təxminən saat 08:00 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, buna heç bir etiraz etmədiyini, ondan sonra bir nəfər də, hal şahidi dəvət edildiyni, daha sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Anar adlı şəxsin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Anar adlı şəxsin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız büküm, 01 ədəd sellofan kisə, 01 ədəd açılıbbağlanan bıçaq və 01 ədəd üzük aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan kisə açılan zaman içərisindən 07 ədəd kağız büküm aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd və 07 ədəd kağız bükümlər açılan zaman içərilərindən yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələri aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik vasitələrin elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 3,20 qram, 3,11 qram, 2,30 qram, 3,95 qram, 2,13 qram, 1,70 qram, 2,60 qram və 1,62 qram olduğunu, sonra həmin kağız bükümlərin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər hal şahidinin həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı Anar adlı şəxsin üzərindən başqa heç nə aşkar edilmədiyini, bütün bunlar barədə fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, əvvəllər Anarı tanımadığını, onunla da heç bir münasibətinin olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman özü, digər hal şahidi, müdafiəçi və polis əməkdaşlarının olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid4 da öz ifadəsində təsdiq edərək analoji ifadə göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli 17/556 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 8 ədəd...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 08 ədəd ağ rəngli kağız bükümlərdə, ayrı ayrılıqda təmiz çəkiləri – 2,09 qram, 2,38 qram, 1,08qram, 1,74qram, 2,01qram, 1,17 qram, 2,85 qram və 2,50 qram, ümumi təmiz çəkiləri 15,82 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olumuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-si il tarixli 963 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik maddə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun xx xxxxxx 2021-ci il tarixli c/1-284 №-li məktubdundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubilkası Milli Məclisinin xx xxx 2013-cü il tarixli qərarı tətbiq edilmiş və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli hökmü ilə ona təyin olunmuş 1000 (min) manat cərimə cəzasından azad edilmiş və üzrəində Ağdaş rayon İcra və Probasiya Şöbəsindən heç bir öhdəlik qalmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heş bir ərizə, şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 4068 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Füzuli küçəsi 11 №-li nömrəli evdə yaşayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli Ağdaş RPŞ-nin TQ-nun təhqiqatçısı, Ruhid Yaqublu tərəfindən tərtib edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 08:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 4(014)-83/2020 saylı qərarı ilə, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəlar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə şəxsin islah olunmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 15.66 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 32 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 32 saat hüquqi xidmətə görə 192 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərcləri olan 65 manat 15 qəpik (altmış beş manat on beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmad. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli, həbsə alındığı vaxtdan xx.xx.2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 15.66 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərcləri olan 65 manat 15 qəpik (altmış beş manat on beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 32 saat hüquqi xidmətə görə 192 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: N.M.Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar