Məhkəmə qərarları › İş №1(014)-13/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-13/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-13/2024 17.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibləri - X2 və Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Mütəxəsis - psixoloq X3, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi, anası Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxxxx 2009-cu ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonunda yeni məhlələrdə kirayədə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq binaya daxil olaraq özgənin əmlakını gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi tamah niyyəti ilə 04 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus mobil telefon aksesuarları satılan mağazaya qapısını vintaçanla açmaq yolu ilə qanunsuz olaraq daxil olub oradan 01 ədəd 220 manat dəyərində Çin istehsalı “Speaker” NDR-Q08 markalı karaoke aparatını və mağazada olan masanın çəkməsindəki pul qabından 1985 manat nəğd pulu gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2205 manat məbləğində maddi ziyan vurmuşdur. Qanuni nümayəndəsi Qanuni nümayəndə və mütəxəssisin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2-3 ildir ki, oğurluq edir, bununla bağlı bir neçə dəfə Bakı şəhərində saxlanılmış, lakin yaşı çatmadığı üçün cinayət məsuliyyətinə cəlb edilməmişdir. 03 sentyabr 2023-cü il tarixdə təxminən saat 20 radələrində Bakı şəhərində olan zaman dostu Turalla oğurluq etmək qərarına gəlmişlər. Lakin Bakı şəhərində oğurluq etmək çətin olduğu üçün rayonlardan birinə gedərək oğurluq etmək və geri qayıtmaq qərarına gəlmişlər, onlar birlikdə taksi ilə avtovağzala gedib, avtobusa minib Ağdaşa gəlmişlər. Ağdaşın küçələrində oğurluq etmək üçün mağaza axtararkən, plastik qapısı olan və içərisində telefon aksessuarları olan bir mağaza görmüşlər. Tural ağacın arxasında gizlənib kənar şəxs gələcəyi təqdirdə ona xəbər verəcəkdi. Həmin mağazanın qapısı trosla bağlandığından, o, üzərində olan vintaçanla qapını açıb içəri girmişdir. Daha sonra o, süyürməni açmış və orada pul kisəsinin olduğunu və pul kisəsinin içərisində 1985 manat pul olduğunu görmüşdür. Pul kisəsindən pulları götürmüş, sonra da karaoke aparatını götürüb mağazadan çıxmışdır. Bundan sonra o, Turalla yol maşını ilə Bakı şəhərinə getmiş, Tural həmin puldan ona 600 manat pul vermiş və onu maşında yata-yata qoyub qaçmışdır. Həmin vaxtdan bugünədək o, Turalı görməmişdir. 28 dekabr 2023-cü il tarixdə məhkəmə iclasında sualları cavablandırarkən Təqsirləndirilən şəxs bildirdi ki, o, bundan əvvəl bir neçə dəfə oğurluq etdiyindən, həmçinin bundan əvvəl Turalla başqa oğurluq etdiyindən, hadisələri qarışdırmış, Turalla əslində Bakı şəhərində birlikdə oğurluq etmişlər, Ağdaş şəhərində tək oğurluq etmişdir. O, elə başa düşmüşdür ki, ondan Bakıda olan iş soruşulur ona görə də Turalın adını çəkmişdir. Karaoke aparatını tanımadığı şəxsə satmış, pulları isə xərcləmişdir. Hazırda əməlindən peşmandır, Azadın pulunu hissə-hissə ödəyəcəyinə söz verir, ona köməklik edib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, həyat yoldaşı Ağca Abdurahmanovaya məxsus Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən mobil telefon aksessuarları satılan mağazanı işlədir, hər gün səhər saat 08-də mağazanı açır və axşam saat 20 radələrində bağlayaraq yaşadığı evə gedir. Sonuncu dəfə 03 sentyabr 2023-cü il tarixdə təxminən saat 20 radələrində həmişəki kimi mağazanı bağlamış və yaşadığı evə getmişdir. Mağazanın giriş qapısı plastik materialdan hazırlanmış şüşəli qapıdan və plastik materialdan hazırlanmış şüşəli pəncərədən ibarətdir. Qapı və pəncərədə dəmir barmaqlıq yoxdur, mağazanın qapısı açarla bağlanır. 03 sentyabr 2023-cü il tarixdə də qapını açarla bağlamış və çıxıb evinə getmişdir. 04 sentyabr 2023-cü il tarixdə saat 06 radələrində evdən onu çağırmışlar ki, mağazanın qapısı açıqdır. AVM onların mağazasının qonşuluğunda yerləşir. Sonra taksi çağırmış, mağazaya getmiş, mağazanın giriş qapısının açıq olduğunu görmüşdür. Əlini heç nəyə vurmamış, dərhal mağazaya daxil olmuş, bundan sonra kassaya, yəni mağazada yerləşən stolun çəkməcəsinə baxmış, sonra çəkməcədə olan pul kisəsinin içərisinə baxmış və görmüş ki, orada olan 1985 manat pulu götürüblər. Bundan sonra dərhal Ağdaş rayon Polis şöbəsinə bu barədə məlumat vermişdir. Bundan sonra mağazaya diqqətlə baxmış və həmin vaxt mağazadan 01 ədəd “Speaker NDR-Q08” markalı karaoke aparatının da oğurlanmasını aşkar etmişdir. Ağdaş RPŞ-nin əməkdaşları mağazaya gəlmiş, hadisə yerinin müayinəsini aparmış, fotoşəkillər çəkmiş və müxtəlif yerlərdən əl-barmaq izləri götürmüşlər. Sonra təhlükəsizlik kamerasına baxılmış və mağazadan oğurluq edənin bir uşaq olması məlum olmuşdur. Hətta Rəşad adlı bir oğlan da ona səhər tezdən bir oğlanın əlndə kolonka getdiyini gördüyünü, ancaq həmin oğlanın yol süpürənlərdən olduğunu güman etdiyini demişdir. Bu oğurluq nəticəsində ona ümumilikdə 2205 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə baxışı iclasında sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, Muradın Ağdaşa kiminlə gəldiyini bilmir, təhlükəsizlik kamerasında bir tək Murad görünür, hətta Rəşad da ona bir uşağın əlində aparat getdiyini demişdir. Hazırda Muradgilin ona dəymiş ziyanı ödəmələrini tələb edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Murad dəfələrlə müxtəlif yerlərdən oğurluq edib, lakin məsuliyyətə cəlb olunması üçün yaşı çatmadığından polislər onu azad etmişlər. Sonuncu dəfə Ağdaş Rayon Polis Şöbəsindən ona zəng vurub Muradın oğurluq etdiyini və polis şəbəsində olduğunu bildirib onu dəvət etmişlər, o, dərhal Ağdaş Rayon Polis Şəbəsinə gəlmiş, Murad onun iştirakı ilə dindirilmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Murad həmin vaxt hadisəni danışarkən oğurluq edərkən tək olduğunu bildirmişdir. Lakin məhkəmə baxışında Turalın adını çəkdikdən sonra, o, evlərində Muraddan Turalla bağlı soruşduqda Murad hadisələri səhv saldığını, əslində Turalla Bakı şəhərində bir yerdə oğurluq etdiyini bildirmişdir. Murad ona daim yalan danışdığından artıq Muradın heç bir sözünə inanmır. Onlar zərərçəkmiş şəxsin pulunu hissə-hissə ödəyəcəklər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Mənzil Kommunal Təsərrüfat İdarəsində süpürgəçi işləyir. 2023-cü ilin sentyabr ayında gecə saat 4-5 radələrində ona təhkim olunmuş ərazini süpürərkən bir nəfərin əlində kolonka getdiyini görmüşdür. Həmin şəxsin üzünü tam görməsə də Murad boylarında olardı. Həmin vaxt o, Azadın mağazasının 50 metr kənarını süpürmüşdür. Muradın yanında başqa adam olmamışdır, o, tək olmuşdur, yanında başqa adam olsaydı, o, görərdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi alınarkən onun anası Qanuni nümayəndə onun yanında olmuşdur. Bu iş materiallarında olan hadisə yerinə baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərlə öz təsdiqini tapır. Həmçinin, qətimkan tədbirinin şərtləri də Qanuni nümayəndə izah olunmuş və o, öz imzası ilə bunu təəsdiq etmişdir. Eyni zamanda, Murad ona Azadın mağazasından oğurluq etdiyini etiraf etmişdir və bu zaman Tural adlı şəxsin adını çəkməmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 04 sentyabr 2023cü il tarixli protokoldan görünür ki, baxış zamanı hadisə yerinin Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus mobil telefon aksesuarları satılan “Azad Telekom” mağazasının olması, mağazanın girişinin plastik qapıdan və şüşədən ibarət olması, mağazanın giriş qapısından içəridə sağ və sol tərəfdə, həmçinin qarşıda mobil telefon aksesuarlarının, həmçinin mobil telefon və elektron cihazlarının olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-71/2023 nömrəli məktubundan görünür ki, 07 sentyabr 2023-cü il tarixinə 01 ədəd “Speaker” NDR-Q08 markalı karaoke aparatının orta bazar qiyməti 165 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubdan görünür ki, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş və tədqiqata təqdim edilmiş əl izlərinin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilməsi nəticəsində əl izlərindən 06 ədədi xx.xx.2009-cu ildə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu, sol əlinin isə şəhadət (02 dəfə), orta (02 dəfə) və adsız barmaqları ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-də 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və həmin cinayət işinin icraatına xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddəsinə əsasən xitam verilmiş, Xəzər RPİ-də 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və həmin cinayət işinin icraatına xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhəri 1 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 07 oktyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhəri 1 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 07 oktyabr 2023-cü il tarixli 5- 9-1/2-607/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nizami prospekti, ev 227-də qeydiyyatdadır və onun ailə tərkibi anası Qanuni nümayəndə ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti Tural adlı şəxslə birlikdə törətməsinə münasibətdə qeyd edir ki, həmin fakt məhkəmə istintaqı zamanı öz təsdiqini tapmır. Belə ki, Zərərçəkmiş şəxs təhlükəsizlik kameralarında bir tək Təqsirləndirilən şəxs olduğunu görmüş, şahid Rəşad Məmmədov da Təqsirləndirilən şəxs hadisə yerindən gedərkən yanında heç kimin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs isə hazırki cinayəti Turalla birlikdə törətdiyi oğurluq cinayətləri ilə səhv saldığını və hazırki cinayəti özünün tək törətdiyni bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ziddiyyətli ifadələr verməsinə münasibətdə qeyd edir ki, o, yetkinlik yaşına çatmayan şəxsdir, hazırda onun 14 yaşı var, valideyn nəzarətindən kənar həyat tərzi yaşayır, bir neçə dəfə oğurluq etmiş, məhkəmə iclasında iştirak edən psixoloqun da dediyi kimi yalan söyləməyə meyillidir və bu səbəbdən bu cür qarışıq ifadələr verə bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008ci il tarixli 6 №-li qərarında məhkəmələrə izah olunur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun həyat və tərbiyə şəraitini, əqli və psixiki inkişaf səviyyəsi, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəzanın həddi müəyyən edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 20:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut – cinayət işinin materiallarında saxlanılan əl-barmaq izlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 102 (yüz iki) manat pul köçürülməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 20:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut – cinayət işinin materiallarında saxlanılan əl-barmaq izlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 102 (yüz iki) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar