Məhkəmə qərarları › İş №1(014)-130/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-130/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-130/2023 22.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx xxxxxxxx 1979-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Ağdaş şəhəri, İ.Millətoğlu küçəsi 41 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 8,61 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, İ.Millətoğlu küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 16:00-dan 16:26-dək ünvan 1 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 8,61 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən 20 ildən çoxdur ki, “nəşə” adlandırdığı narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini, bununla bağlı bir neçə dəfə müalicə aldığını, lakin narkotik vasitə istifadə etməyən zaman əsəblərinin gərgin olduğunu, həmçinin bədənində yüngül ağrıların olduğunu, onun yaşadığı evin yaxınlığında qəbiristanlıq yerləşdiyini, həmin qəbiristanlığı təmizlədiyini, tutulmamışdan təxminən 2-3 gün əvvəl qəbiristanlığın giriş qapısından içəridə yerləşən qamışlığın yaxınlığında sellofan büküm olmasını gördüyünü, qəbiristanlığın təmizlik işlərinə də baxdığı üçün həmin sellofanın içərisində zibil olmasını fikirləşərək həmin sellofanı oradan götürərək zibilliyə atmaq istədiyini, həmin sellofanı götürdükdən sonra sellofanın içərisində bitki kütləsinin olmasını gördüyünü, buna görə də həmin bükümü açdığını, bu zaman sellofanın içərisindəki bitki kütləsinin “nəşə”yə, yəni qurudulmuş marixunaya bənzər bitki kütləsinin olmasını gördüyünü, həmin bitki kütləsini iylədikdən sonra bitki kütləsinin həqiqətən də “nəşə” olmasını bildiyini, bundan sonra həmin sellofan bükümü götürərək üzərində saxladığını, həmin gün isə bir qədər istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 15:00 radələrində yaşadığı evin yerləşdiyi Ağdaş şəhəri, İ.Millətoğlu küçəsində piyada yol gedən zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını, özlərini təqdim edərək Ağdaş RPŞ-nin cinayət-axtarış bölməsinin əməkdaşları olduqlarını, ona üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə onlarda əməliyyat məlumatının olduğunu və buna görə də onlarla birlikdə Ağdaş RPŞyə getməli olduğunu izah etdiklərini, başqa bir çıxış yolunun olmadığını və üzərində olan narkotik vasitəni tullaya bilməyəcəyini bildiyi üçün polis əməkdaşlarına üzərində “nəşə” olmasını bildirdiyini, daha sonra polis əməkdaşları ilə Ağdaş RPŞ-yə getməyə razılıq verdiyini, RPŞ-yə gəldikdən sonra orada ona müdafiəçidən istifadə etmək hüququnun izah edildiyini, o, da maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra ona Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edildiyini, o, da həmin vəkillərin siyahısından əvvəllər adını eşitdiyi Müdafiəçi onun hüquqlarını dövlət hesabına müdafiə etməsini istədiyini bildirdiyini, buna görə də Müdafiəçi ona dövlət hesabına müdafiəçi təyin edilediyini, bundan sonra onun şübhəli şəxs qismində tutulduğunu, daha sonra RPŞ-nin inzibati binasında xidməti otaqda onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı təhqiqatçının ona hüquqlarını izah etdiyini və üzərində olan əşyaları bir-bir masının üzərinə qoymasını təklif etdiyini, buna görə də onun həmin vaxt əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinasları və 1 ədəd 20 qəpik, həmin şalvarın sağ yan cibindən 1 ədəd açar və 1 ədəd sellofan bükümü təqdim etdiyini, təhqiqatçının ondan sellofan bükümün içərisindəki kütlənin nə olmasını soruşduğunu, onun da təhqiqatçıya həmin bükümün içərisindəkinin “nəşə” olmasını bildirdiyini, daha sonra polis əməkdaşının onun üzərində şəxsi axtarış apardığını, lakin üzərindən qanunsuz olaraq saxladığı başqa hər hansı əşya və ya predmet aşkar edilmədiyini, bundan sonra polis əməkdaşının onun üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümü açdığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsinin aşkar edildiyini, polis əməkdaşına həmin bitki kütləsinin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 3 gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən qəbiristanlığın giriş hissəsindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra həmin sellofan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 8,8 qram olduğunu, daha sonra həmin sellofan bükümdə olan bitki kütləsinin kağız zərfdə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, həmçinin ona məxsus pul əskinaslarının kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, şəxsi axtarışın videoçəkliş vasitəsi ilə qeydə alındığını və şəxsi axtarışın aparılmasına dair protokolun tərtib edildiyini, onların həmin protokolu imzaladıqlarını, bundan sonra şəxsi axtarışın başa çatdığını, bundan sonra ona yaşadığı ünvana da baxış keçirilməsinin təklif edildiyini, onun da polis əməkdaşlarına yaşadığı evdə qanunsuz olaraq heç bir şey saxlamadığını bildirdiyini və yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, həmçinin bu barədə ərizə yazdığını, daha sonra onun yaşadığı Ağdaş şəhəri, İ.Millətoğlu küçəsi 41 ünvanında yerləşən evə baxış keçirildiyini, baxış zamanı onun yaşadığı evdən qanunsuz olaraq saxladığı hər hansı əşyanın aşkar edilmədiyini, bununla da baxışın başa çatdığını, baxışın keçirilməsinin videoçəkilişlə qeydə alındığını və bu barədə protokol tərtib edildiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 20 iyun 2023-cü il tarixdə həmin vaxt Ağdaş RPŞ-nin Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu, buna görə də Şahid2 tərəfindən müvafiq sənədləşmələr aparıldığını və əməliyyat qrupu yaradıldığını, onun da yaradılmış əməliyyat qrupuna daxil edildiyini, həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq üzərində saxlayaraq daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirildiyini, tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri və daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Ağdaş şəhəri, İ.Millətoğlu küçəsində yerləşən evində olmasının müəyyən edildiyini, bundan sonra onların həmin küçəyə getdiyini, təxminən saat 15:20 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdən çıxaraq üzü Ağdaş şəhəri istiqamətində getməsini gördüklərini, Təqsirləndirilən şəxs onların olduğu yerə çatanda dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdiklərini və Ağdaş rayon polis şöbəsinin əməliyyat müvəkkiləri olduqlarını bildirdiklərini, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə RPŞ-yə əməliyyat məlumatın daxil olmasını izah etdiklərini, həmçinin daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə onlarla birlikdə Ağdaş RPŞ-yə getməli olduğunu bildirdiklərini, Təqsirləndirilən şəxs səmimi şəkildə etiraf edərək özü istifadə etmək üçün üzərində “nəşə”, yəni narkotik vasitə olmasını bildirdyini və onlarla birlikdə Ağdaş rayon polis şöbəsinə getməyə heç bir etiraz etmədiyini, bundan sonra onların Ağdaş RPŞ-yə gələrək Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verdiklərini, RPŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edildiyini, Təqsirləndirilən şəxs həmin siyahıya baxaraq Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi onun hüquqlarını dövlət hesabına müdafiə etməsini istədiyini bildirdiyini, buna görə də Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilməsi barədə qərar qəbul edildiyini və Müdafiəçi bu barədə məlumat verilərək RPŞ-yə dəvət edildiyini, müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu və dərhal üzərində şəxsi axtarışın aparılmasına başlanıldığını, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə qeydə alındığını, şəxsi axtarışa başladıqdan dərhal sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin izah edildiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında şübhəli şəxs qismində tutulduğunu və buna görə də şəxsi axtarışa məruz qaldığının bildirildiyini, daha sonra ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsinin təklif edildiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərində “nəşə” olmasını bildirdiyini və həmin vaxt əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinaslarını və 1 ədəd 20 qəpiyi, həmin şalvarın sağ yan cibindən 1 ədəd açar və 1 ədəd sellofan bükümü masanın üzərinə qoyaraq təqdim etdiyini, daha sonra təhqiqatçının Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apardığını, lakin onun üzərində qeyd edilənlərdən başqa hər hansı bir əşya və ya predmetin aşkar edilmədiyini, bundan sonra sellofan bükümün açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik qurudulmuş marixuanaya bənzər bitki kütləsinin aşkar edildiyini, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 8,8 qram olduğunu, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurdulmuş marixuanaya bənzər bitki kütləsi və pul əskinaslarının ayrı-ayrı zərflərdə qablaşdırılaraq götürüldüyünü, üzərindən aşkar edilmiş açarın isə onun özünə qaytarıldığını, şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edildiyini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, İ.Millətoğlu küçəsi 41 ünvanında yerləşən evə baxış keçirilməsinin ona təklif edildiyini, Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı bir qanunsuz əşya və ya predmet saxlamadığını bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini və bu barədə ərizə yazdığını, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq saxladığı hər hansı əşya, predmet və ya maddənin aşkar edilmədiyini, baxışın videoçəkiliş vasitəsi ilə qeydə alındığını, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini və ucadan oxunduğunu, heç kimin əlavə və ya düzəlişi olmadığından həmin protokolu imzaladıqlarını, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 da iş üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin inzibati binasında polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Anar Osmanovun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinaslarını və 1 ədəd 20 qəpiyi, həmin şalvarın sağ yan cibindən 1 ədəd açar və 1 ədəd sellofan aşkar edilmiş, sellofan bükümün içərisində isə yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar olunmuş, daha sonra elektron tərəzidə çəkilmiş, çəkisi 8,8 qram olmuş, bundan sonra həmin bitki kütləsi və mobil telefon kağız zərflərdə qablaşdırılımış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur, axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni tapdığını və özünə məxsus olduğunu bildirmiş, şəxsi axtarış videokamera vasitəsilə videoqeydə alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/490 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli narkotik...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 8,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1185 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müaicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-1010/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX X11in poliklinika şöbəsində ruhi-əsəb və narkolofi xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 iyul 2023-cü il tarixli, 813 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, İ.Millətoğlu küçəsi 41 ünvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: arvadı- X1; oğlu – X5; qızı – X2 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 20 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 13:20-də tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, himayəsində bir az yaşlı övladının olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 8,56 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 8,56 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar