Məhkəmə qərarları › İş №1(014)-130/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-130/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-130/2024 19.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxs X4 iştirakları ilə X4 Azərbaycan Respublikasını CM-in 148.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, 17 oktyabr 1990cı ildə Ağdaş rayon Aşağı Ləki kəndində anadan olmuşdur. Hal-hazırda Ağdaş rayon Aşağı Ləki kəndidə yaşayır. Şikayət olunan X1 rayonunun Qarağan-Şıxlar kəndində yaşayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma ilə Canahgir onun barəsində yalan olduğunu bilə-bilə müxtəlif ünvanlara və internet səhifələrində onun şərəfinə nalayiq sözlər yazaraq Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə görə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə xarakterli və şantaj edərək onu uşaqları ilə hədələmişdir. Daha sonra o, Ağdaş şəhər “Region” kursuna hazırlığa getmiş, həmin ərəfələrdə Cahagir onun telefonunu hardansa alaraq təxminən fevral ayında Cahangir adlı şəxs ona “Whatsapp” vasitəsi ilə yazaraq onu narahat etmişdir. Neçə dəfələrlə o, yazmamağı desə də, onu hədələyərək yazmağa davam edirdi. Həmin “Whatsapp” proqramı ilə yazılan SMS-ləri məhkəməyə təqdim edəcəkdir. Ona “banditizm” və bəzi polis nəfərin polis vərəqəsini göstərərək ona “sənin başına oyun açacağam” dedi. Bir müddət yazdıqdan sonra cavab vermədikdə onun uşaqlarını ölümlə və qaçırtmaqla hədələyərək ondan ayrılmamasnı tələb etdi. O, “1 inci” adlı lombardda işləmişdir. Orada tanıdığı Elnur adlı şəxsdən xahiş etmişdir ki, Cahangirlə danışsın ki, onu narahat etməsin. İş yoldaşı Elnur Cahangirə zəng edəndən sonra Elnuru da şikayət edib Ağdaş rayon polisinə ki, onu ölümlə hədələyib. Elnurun “Whatsapp” nomrəsinə də nalayiq sözlər yazaraq onun adına ləkə salmaq üçün başqa şəxslərin də adını yazmışdır. Hətta onu narahat etməməsi üçün telefon nömrəsini dəyişmiş, Cahangir internet səhifələrində, atasına, anasına onu pozğun deyərək onun şərəf və ləyaqətini təhqir edir. Cahangirin dediyinə görə ayrıldığı yoldaşının evində başqa insanlarla görüşdüyünü bildirərək nalayiq sözlərlə onu təhqir etmişdir. Və tanımadığı insanlara onun şəkillərini və onun pozğun olduğunu və başqa əlavə başqa şəxslərin nömrəsini ataraq onun atasına, anasına və uşaqlarının atasına (keçmiş yoldaşına) nömrəsini ataraq onun şərəfinə ləkə salmışdır. Bundan sonra “102” qaynar xəttə zəng edərək müraciət etmiş və şikayət barəsində məlumat vermişdir. Onun 2 qız övladı var, uşaqları məktəbə getməyə qorxurlar. Onun ailəsi dağılıb, internet səhifələrində onun keçmiş yoldaşının atasına və kənd camaatına onu pozğun kimi qələmə verib. xx.xx.2024-cü ildə onun şəkillərini internet vasitəsi ilə pozğun kimi paylaşıb. “Tik-tok” sosial şəbəkəsində “Dilli məclis” adlı “İnstagram” sosial şəbəkəsi “fedailer teror təşkilatıdır” adlı səhifədə ona təhqiredici nalayiq sölər yazaraq onu hədələmişdir. “Tik-tok” sosial şəbəkəsində onun şəkillərini və onu pozğun yazaraq şərəfinə ləkə salmışdır. Həmin günü gedib Ağdaş şəhər prokurorluğuna onun haqqında şikayət etmişdir. Sonra da Ağdaş rayon Polis şöbəsinə müraciət etmiş ki, onun şəkillərini internet sosial şəbəkələrindən silsin. Anası bu sosial şəbəkələrdə paylaşımları görərək ölümcül vəziyyətə düşmüşdür, çox narahat olmuşdur və təcili yardım gəlmişdir. Polisə şikayət edəndən sonra sosial şəbəkələrdən onun şəkillərini və ona aid təhqiramiz sözləri silmişdir. Bir müddət keçdikdən sonra eyni hadisələr oldu. Bu insanın ağlı başındadır. Hər elədiyi hərəkətləri bilə-bilə edir. Xahiş edir ki, Cahangir adlı şəxs barəsində tədbir görülsün. Bildirir ki, şikayət olunan şəxsin barəsində yaydığı məlumatlar həqiqətə uyğun olmayan, böhtan atma və təhqir xarakterli məlumatlar olduğundan Mahmudov Cahangirin müvafiq əməllərinə görə barəsində cinayət işinin başlanması, məsuliyyətə cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün tədbirlər görülməsi, qeyd olunan yalan məlumatları təkzib etməklə ondan üzrxahlıq etməsi, həmçinin barələrində şərəfinə ləkə salaraq xarakterli məlumatlar yaymaqla onun şərəf və ləyaqətinə zərər vuran, cəmiyyətin üzvləri arasında nüfuzuna xələl gətirən hərəkətləri nəticəsində vurduğu mənəvi ziyana görə cavabdehlik daşıması üçün hazırkı ərizə ilə müraciət edir. Barəsində internet səhifələrində ona qarşı şərəfini ləkələmək ilə əlaqədar təhqiqat zamanı da X5 bu faktı bilə-bilə onun barəsində yazdığını, yaydığını özü də bu və ya başqa formada etiraf etmişdir. X5 barəsində yaydığı böhtan və ya təhqir xarakterli məlumatlar Ağdaş rayon Polis şöbəsinin təhqiqat qrupu tərəfindən araşdırılmış və həmin faktlar öz təsdiqini tapmışdır. Bildirir ki, Mahmudov Cahangir faktiki olaraq rəsmi dövlət orqanlarına, xüsusilə də onun tabe olduğu, digər respublika hüquq mühafizə orqalarına yalan olduğunu bilə-bilə yazdığı böhtan və ya təhqir xarakterli məlumatlarda rəsmi şəkildə onun haqqında yalan məlumatlar verərək onun şərəf və ləyaqətini təhqir edərək onun şərəfinə ləkə salmışdır. Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində yaşayan X2 yalan olduğunu bilə-bilə yazdığı böhtan və ya təhqir xarakterli məlumatlarda onun haqqında pozğun olaraq internet səhifələrində paylayaşaq öldürməkdən pis edən və uşaqları qaçırtmaqla hədələyərək ona nalayiq sözlərlə təhqir əməlinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmədən belə şəxslərin layiq olduğu cəzanı verilməsini, Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə cinayət işi başlamaqla məhkəmə istintaqı aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 ifadəsində şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 izahatında X6 ilə 2024-cü ilin fevral ayında danışdığını, 14 fevral – Sevgililər günü ilə əlaqədar Röyaya 100 manat pul verdiyini, daha sonra Röyaya başqa zənglər gəldiyindən onunla ayrıldığını, Röyanı heç vaxt təhqir etmədiyini, adları göstərilən sosial şəbəkə hesablarının ona məxsus olmadığını, buna görə də xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə təqdim olunmuş sübutlarla birlikdə baxaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli, xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün istintaq aidiyyəti üzrə Ağdaş rayon prokurorluğuna göndərilməlidir. Belə ki, işin materiallarından göründüyü kimi hazırkı halda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən şikayətdə göstərilmiş məlumatlar və şikayətə əlavə edilmiş sosial şəbəkələrdən çıxarışlar saxta hesablardan yayılmışdır. Həmin məlumatların böhtan xarakterli olması müəyyən edilərsə, həmin məsələyə xüsusi ittiham qaydasında deyil, ictimai-xüsusi ittiham qaydasında baxıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156-158, 163, 169-1, 175-177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 215.3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-113, 120-125, 126.3, 135- 138, 145, 146, 148-1, 149, 154-162, 162-1 (cinayət işi prokurorluqda başlandıqda), 163, 164, 165.2, 165-2, 165-3, 166.2, 169-1, 179, 189-1, 190, 191, 192-2, 193-1 (cinayət işi prokurorluqda başlandıqda), 195, 195-1, 195-2, 202 - 203-1, 208, 210-212, 222, 223, 262, 268, 286-288, 290-302, 304, 307-315, 316-2.1, 317, 317-1.2, 318-1, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Beləliklə, Məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasını CM-in 148.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli, xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün istintaq aidiyyəti üzrə Ağdaş rayon prokurorluğuna göndərilməlidir. Yuxanda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 299, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasını CM-in 148.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün istintaq aidiyyəti üzrə Ağdaş rayon prokurorluğuna göndərilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar