Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-132/2022 14.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – X4, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, himayəsində 2 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, “Vətən Müharibəsi” iştrakçısı, İİİ qrup Müharibə əlili, Ağdaş şəhəri M.P.Vaqif küçəsi 46-da yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 dekabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,295 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış və həmin psixotrop maddə xx.xx.2022-ci il tarixdə saat 10:40-dan saat 10:56-dək ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol döş cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində 2020-ci ilin dekabr ayında Bakı şəhərində ruhi-əsəb dispanserində müalicə aldığını,“İkinci Vətən” müharibəsində iştirak etdiyini, İİİ qrup əlil olduğunu və hərbidən təxris olunduqdan sonra 3 ay Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Psixonevroloji stasionar vəziyyətdə yatdığını,yaxın qohumlarının heç birinin ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, heç kimə narkotik vasitə satmadığını, əvvəllər məhkum olunmadığını, hal hazırda idarə etdiyi avtomobillə Ağdaş, Göyçay və Qəbələ rayonlararası taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinin maddi təlabatını ödədiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı Ağdaş şəhəri P.M.Vaqif küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vastənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini, onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, narkotik vasitə olan metafetamindən istifadə etmədiyini, əvvəllər marixuandan istifadə etdiyini, narkotik vasitənin onun üzərinə Samit adlı polis əməkdaşı tərəfindən qoyulduğunu, ona hədə-qorxu gəldiklərinə görə ibtidai istintaqda fərqli ifadə verdiyini göstərmişdir. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan AR CPM-nin 327-ci maddəsinə əsasən onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, 2020-ci ilin dekabr ayında Bakı şəhərində ruhi-əsəb dispanserində müalicə aldığını, yaxın qohumlarının heç birinin ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı Ağdaş şəhəri P.M.Vaqif küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vastənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini, onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli jiletin sol döş cibindən 01 ədəd sellofan büküm, həmin jiletin sol iç cibindən ona məxsus həblərin olduğu şüşə qab, əynində olan qara rəngli jaketin sol yan cibindən alışqan, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ona məxsus hərbi bilet və 181 manat pul, həmin şalvarın sağ yan cibindən elektron yaddaş kartı, həmin şalvarın sağ arxa cibindən avtomobil açarı və sol arxa cibindən isə boş kağız aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan bükümün içərisindəki ağ rəngli kristal halında olan maddənin “patı” adlanan narkotik maddə olduğunu, həmin maddəni təxminən 3 gün əvvəl yaşadığı evin yerləşdiyi küçədən tapdığını və yadından çıxdığı üçün cibində qaldığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1.42 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm və 01 şüşə qabda olan 14 ədəd həblər 02 ədəd ayrıca zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını, İkinci Qarabağ müharibəsində iştirak etdiyini, İİİ qrup əlil olduğunu və hərbidən təxris olunduqdan sonra 3 ay Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Psixonevroloji stasionar vəziyyətdə yatdığını, üzərindən aşkar olunan həbləri həkim resepti əsasında alaraq istifadə etdiyini, ona ifadəsinin alınmasında heç bir güç tətbiq edilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-na məlumat daxil olduğunu, həmin məlumat asasında həmin tarixdə Şahid1 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 10:00 radələrində CAB-nin əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs M.P.Vaqif küçəsində piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nǝ dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Ayxanın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ayxanın əynində olan qara rəngli jiletin sol döş cibindən 01 ǝdəd sellofan büküm, həmin jiletin sol iç cibindən həblər olan şüşə qab, əynində olan qara rəngli jaketin sol yan cibindən alışqan, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ona maxsus hərbi bilet və 181 manat pul, həmin şalvarın sağ yan cibindən elektron yaddaş kartı, həmin şalvarın sağ arxa cibindən avtomobil açarı və sol arxa cibindən isə boş kağız aşkar edildiyini, həmin aşkar edilmiş sellofan bükümün açıldığını və içərisindən ağ rəngli kristal halında olan maddə aşkar edildiyini, Ayxanın həmin maddənin "patı" adlanan narkotik maddə olduğunu, həmin maddəni təxminən 3 gün əvvəl yaşadığı evin yerləşdiyi küçədən tapdığını və yadından çıxdığı üçün cibində qaldığını bildirdiyini, həmin maddənin elektron tərəzidə çəkildiyini və çəkisinin 1.42 qram olduğunu, sonra həmin maddənin zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, şəxsi axtarış zamanı Ayxanın üzərindən aşkar edilmiş 01 şüşə qabda olan 14 ədəd həblər 02 ədədin ayrıca zərfə zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, həmçinin Ayxanın üzərindən aşkar edilmiş aşkar edilmiş alışqanın, məxsus hərbi bilet, 181 manat pul, elektron yaddaş kartı və avtomobilin açarı iş üçün maddi sübut əhəmiyyət daşımadığından ona geri qaytarıldığını, şəxsi axtarış videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs protokollara imza etdiklərini, ilkin sorğu zamanı Ayxanın həmin narkotik maddəni təxminən 3 gün əvvəl yaşadığı evin yerləşdiyi küçədən tapdığını və yadından çıxdığı üçün cibində qaldığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, həmin vaxt orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını, daha sonra öz xidməti faəliyyətinə davam etdiyini, Təqsirləndirilən şəxs yalan ifadə verdiyini, buna səbəb onun məsuliyyətdən boyun qaçırmasının olduğunu, Təqsirləndirilən şəxs hədələmədiyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 11 fevral 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 10:40-dan saat 10:56-a dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli jiletin sol döş cibindən 01 ədəd sellofan büküm, həmin jiletin sol iç cibindən ona məxsus həblərin olduğu şüşə qab, əynində olan qara rəngli jaketin sol yan cibindən alışqan, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən Ayxana məxsus hərbi bilet və 181 manat pul, həmin şalvarın sağ yan cibindən elektron yaddaş kartı, həmin şalvarın sağ arxa cibindən avtomobil açarı və sol arxa cibindən isə boş kağız aşkar edilmiş, aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1.42 qram olmuş, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm və 01 şüşə qabda olan 14 ədəd həblər 02 ədəd ayrıca zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurularaq götürülmüşdür. “Şəxsi axtarış keçirilməsi haqqında” 11 fevral 2022-ci il tarixli videodiskə baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10:40-da ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında aparılan şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitəninin ona məxsus olmasını bildirmiş, həmçinin müdafiəçisi X1 “Ləyaqətinizi alçaldan rəftara məruz qalmısınızmı, sizə işgəncə verilmişdirmi, zorla ifadə verməyə məcbur edilmisinizmi? məzmununda verdiyi suallara cavabında Təqsirləndirilən şəxs “Xeyr, mənimlə qeyri-insani rəftar olunmayıb, heç bir təsir, hədə-qorxu göstərilməyib” cavabını vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/137 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan büküm...” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 1,295 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin xx.xx.2022-ci il tarixli 6/1018 saylı rəyində göstərilmişdir ki, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həblər olan şüşə qab..”..yazı və imzalar olan zərfdə 1 ədəd üzərində “левомепро....зин 25 мг.....” yazılan şüşə qabda ümumi sayı 14 ədəd ağ rəngli, dairəvi formalı həblər güclü təsir edən maddə- levomepromazin olub, 14 ədəd həbdə “levomepromazin” təsiredici maddəsinin ümumi miqdarı 0.35 qramdır. Levomepromazin 18 mart 2016-cı ol tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına”(1 nömrəli əlavə) daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1362 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Pisxonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 102 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və şifahi olaraq ərizə şikayəti daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 fevral 2022-ci il tarixli 499 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.P.Vaqif küçəsi 46 №li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X12- atası; X2- anası; X5yoldaşı; xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X6r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 102 saylı məktubdan görünür ki, ünvan 5 ünvanda yaşayan, xx.xx.1992-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Mülayim dərəcə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ/G.22-3- 2022-534 saylı məktubdan görünür ki, ünvan 5 ünvanda yaşayan, xx.xx.1992-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 23 avqust 2021-si il tarixli 18733 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs “Mülayim dərəcə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, psixotik daxilolmalarla depressiv sindrom, susidal cəhdlər, gərginlik tip baş ağrısı” xəstəliyi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X16 Filialı Ağdaş Rayon şöbəsinin 12 dekabr 2022-ci il tarixli **********3 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Müharibə əlillərinə İİİ-cü (üçüncü) dərəcə əlil kimi 300 (üç yüz) manat Prezident təqaüd alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X16 Filialı Ağdaş Rayon şöbəsinin 12 dekabr 2022-ci il tarixli **********0 saylı arayışından görünür ki, X3 X7 görə 200 (iki yüz) manat müavinat və Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxlərə qulluğa görə 80 (səksən) manat təqaüd verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 fevral 2022-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 10:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 12 fevral 2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və həmin tarixdən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetamin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı üzərindən aşkar edilərək götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamini xx.xx.2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılan zaman Samit adlı polis əməkdaşının ona hədə-qorxu gəlməsindən sonra ona məxsus olmasını bildirməsi barədə göstərdiyi xüsusatlara, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə qiymət verən məhkəmə hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterlidir, onun ittihamda göstərilən cinayət əməlini törətməsini təsdiq edən və şübhə doğurmayan digər sübutlarla təkzib olunur. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qismində ifadəsində özünü təqsirli bilməməsi, istintaq zamanı şəxsi axtarış protokolu, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadəsi, şahid ifadələri tam sübuta yetirildiyindən həmin xüsusatlar da onun özünün müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan şəraitdə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,295 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, əməlin cinayət olmasını aradan qaldıran və cinayət məsuliyyətindən azad edən hallar yoxdur, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, ikinci “Vətən müharibəsi iştirakçısı” olmasını, himayəsində biri şikəst olmaqla iki az yaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Göyçay və Qəbələ rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdən 12 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan 1,245 qram metamfetamin məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə 90 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 157 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdən 12 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək Ağdaş şəhəri M.P.Vaqif küçəsi 46-da yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Göyçay və Qəbələ rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs Ağdaş rayon Narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 1,245 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 157 manat 10 qəpik məbləğində pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-132/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-132/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver