Məhkəmə qərarları › İş №1(014)-135/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-135/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-135/2021 16.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, İstiqlal küçəsində qeydiyyatda olan və yaşayan, barəsində 31 may 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 2021-ci ilin may ayının əvvələrində saat 20:00 radələrində Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən fərdi yaşayış evinə daş hasardan keçib qanunsuz daxil olaraq evdən 450 manat dəyərində 600 metr 4 mm diametrli, 52 manat 50 qəpik dəyərində 50 metr 6 mm diamertli olmaqla cəmi 502 manat 50 qəpik dəyərində mis elektrik naqillərini oğurlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 2021-ci ilin may ayının əvvələrində Ağdaş rayonu, Qolqəti kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus olan Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən fərdi yaşayış evinə daş hasardan keçib qanunsuz daxil olaraq evin zirzəmisindən 840 manat dəyərində 800 metr 6 mm diametrli mis tərkibli elektrik naqilini və bir ədəd istifadə olunmuş 15 manat dəyərində hidroforu, yəni sonuncuya məxsus 855 manat dəyərində əmlakı oğurlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 12 may 2021-ci il tarixdə, saat 20:00 radələrində Mingəçevr şəhəri, N.Nərimanov prosperkti ev 55 mənzil 42-də yaşayan Zərərçəkmiş şəxs3 məxsus Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən fərdi yaşayış evinə daş hasardan keçib qanunsuz daxil olaraq evdən 300 manat dəyərində 400 metr 4 mm diametrli mis tərkibli elektrik naqilini və bir ədəd istifadə olunmuş 140 manat dəyərində 7 litr su tutumlu samovarı, yəni sonuncuya məxsus 440 manat dəyrində əmlakı oğurlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 24 may 2021-ci il tarixdə, saat 19:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti 163/10-da yaşayan Zərərçəkmiş şəxs2 məxsus Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən fərdi yaşayış evinə daş hasardan keçib qanunsuz daxil olaraq evdən 48 manat dəyərində 100 metr 2.5 mm diametrli, 600 manat dəyərində 800 metr 4 mm diametrli mis tərkibli elektrik naqilini, 2 ədəd hər biri 20 manat dəyərində «perenoska»nı və bir ədəd istifadə olunmuş 100 manat dəyərində 5 litr su tutumlu samovarı, yəni sonuncuya məxsus 788 manat dəyərində əmlakı oğurlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının axırlarında Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Mədəniyyət evinin yanından yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kağız bükümdə təmiz çəkisi 0,206 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayaraq, daşımış və həmin narkotik vasitə 29 may 2021-ci il tarixdə, saat 19:47 radələrində ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində Ağdaş şəhəri İstiqlal küçəsində 4 evdən oğurluq etdiyini, 2021-ci ilin may ayının əvələrində oğurluq etmək niyyəti ilə Zərərçəkmiş şəxs1 məxsus Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən evin sağ tərəfindən daş hasadan aşıb evin həyətinə və oradan da onun evinə girdiyini, Ramilin evinin qapısı olmadığından mis elektrik naqillərini kəsib onları evin divarının içərisində olan kapron borulardan dartıb çıxardığını, daha sonra onları aparıb Padar meşəsində yandırdığını və misini götürüb evə gətirdiyini, bundan sonra həmin misi satmaq məqsədilə özündə saxladığını, bundan sonra 2021-ci ilin may ayının əvələrində Elman Yusubovun Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən daş hasarından aşaraq evinin həyətinə girdiyini, həmin evdə adam yaşamadığını bildiyini, evin həyətinə girdikdən sonra evin zirzəmisinə girdiyini, zirzəminin açıq olduğunu, zirzəmidən evin işıq sistemi üçün çəkilmiş mis elektrik naqillərini sökdüyünü və aparıb kənarda Padar meşəsində əritdiyini və özündə saxladığını, bundan əlavə 2021-ci ilin may ayının əvvəllərində Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən Zərərçəkmiş şəxs3 evinin daş hasarından aşaraq həyətə daxil olduğunu, bundan sonra pəncərədən evə daxil olduğunu və evin yuxarısından evin işıqlandırılması üçün çəkilmiş mis elektrik naqillərini oğurladığını və həmin misi də əridib özündə saxladığını, sonuncu dəfə 24 may 2021-ci il tarixdə, saat təxminən 19:00 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 evindən oğurluq etmək qərarına gəldiyini, həmin evin həyətinə daş hasardan aşıb keçdiyini, daha sonra pəncərədən evə içəri daxil olduğunu, evdə nərdivan olduğunu gördüyünü, onu götürdüyünü və hamama keçdiyini, hamamda nərdivanla evin tavan hissəsinə qalxdığını, evin tavan hissəsində və divarda olan elektrik naqilləri əlindəki kəlbətinlə kəsib götürdüyünü, həmçinin onun evindən 2 ədəd perenoskaları da götürdüyünü, daha sonra həmin elektrik naqilləri və perenoskaları torbaya yığıb Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində yerləşən meşəyə aparıb onları yandırdığını, bundan sonra mis kimi satmaq istədiyini, bundan sonra əvvəlcədən oğurladığı misi də bir yerə qatıb 26 may 2021-ci il tarixdə, təxminən saat 13:30 radələrində Ağdaş şəhəri, Qəbələ dörd yolu adlanan yerdə Şahid4 adlı taksi sürücüsünə yaxınlaşdığını, bir ədəd içərisində həmin elektrik naqillərindən qalan mis olan sellofan torbanı Ceyhun adlı şəxsə satması üçün Mənsura verdiyini, bundan sonra Şahid4 özünə məxsus VAZ 21015 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib çıxıb getdiyini, özünün də Mənsuru Ağdaş şəhəri, Qəbələ dörd yolu adlanan yerdə gözlədiyini, təxminən 20 dəqiqə sonra Mənsurun gəldiyini və ona 120 manat pul verdiyini, 27 may 2021ci il tarixdə yenidən Mənsur ilə görüşdüyünü və ona bir ədəd içərisində həmin elektrik naqillərindən qalan mis olan sellofan paketi verdiyini, Mənsurun da həmin sellofan torbadaki misi aparıb Ceyhun adlı şəxsə satdığını və ona 55 manat pul verdiyini, 29 may 2021-ci il tarixdə təxminən saat 19:00 radələrində Ağdaş şəhərində H.Əliyev adına parkın yaxınlığında yol ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd 1 manatlıq və 01 ədəd 5 manatlıq pul əskinasları, şalvarın qabaq sol cibindən isə üzərinə “LD” yazılmış siqaret qutusunun aşkar edildiyini, daha sonra həmin siqret qutusu açılan zaman içərisindən 01 ədəd bükülmüş kağız parçası, 01 ədəd üzərində telefon nömrəsi olan kağız parçası, 01 ədəd falqa parçası və 01 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edildiyini, bundan sonra aşkar olunmuş həmin maddənin elektron tərəzidə çəkildiyini və zərfə qablaşdırıldığını, lakin üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını və cibinə polis əməkdaşları tərəfindən qoyulduğunu, üzərindən aşkar edilmiş digər digər əşyaların onun özünə qaytarıldığını, oğurluq edən zaman onu heç kimin görmədiyini, oğurluğu tək etdiyini, Elman, Ramil, Vüsal və Pərviz adlı şəxslərin evlərindən mis elektrik naqillərini və perenoskaları oğurladığını, lakin Elman adlı şəxsin evindən bir ədəd hidrofor, Pərviz adlı şəxsin evindən 01 ədəd samovar və Vüsal adlı şəxsin evindən 01 ədəd samovarı oğurlamadığını, mis elektrik naqillərini kəsdiyi kəlbətini tulladığını, hara tulladığının yadında olmadığını, Ceyhunla yaxşı münasibəti olmadığı üçün misi özünün Ceyhuna satmaq istəmədiyini, Mənsur vasitəsilə satdığını bildirdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclasında verdiyi ifadəsinin Zərərçəkmiş şəxs4 evindən bir ədəd hidroforu, Zərərçəkmiş şəxs2 evindən 01 ədəd samovarı və Zərərçəkmiş şəxs3 evindən 01 ədəd samovarı oğurlamadığı, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin cibinə polis əməkdaşları tərəfindən qoyulması barədə hissəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, onun ifadəsi ibtidai istintaq zamanı üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olan heroin olduğu, özü istifadə etmək üçün üzərində saxladığı, həmin narkotik vasitəni 29 may 2021-ci il tarixdə Ağdaş şəhərində yerləşən mədəniyyət evinin qarşısındakı səkinin yanındakı bordyorun üstündən tapdığı barədə verdiyi ifadəsi, iş üzrə zərərçəkmiş şəxslərin ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayətləri törətməsi tam sübuta yetirlir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayonu, Qoşaqovaq kəndində ailəsi ilə birlikdə yaşadığını, həmçinin Ağdaş şəhəri, İstiqlal küçəsində də evinin olduğunu, həmin evdə heç kimin yaşamadığını və hal hazırda həmin evin təmir olunduğunu, həmin həyət evinin həyətinin dörd yanının daş hasar olduğunu və dəmirdən giriş qapısının olduğunu, həyətdə it olmadığını, həyətinin dörd tərəfi bağlı olsa da evinin qapısı və pəncərələri olmadığından içəri rahat girmək mümkün olduğunu, hər gün gedib həmin həyəti yoxladığını, evinə təzəliklə divar ilə elektrik naqilləri çəkdirdiyini, lakin naqillərin üzərinə hələ sıvaq vurdurmağa macal tapmadığını, 2021-ci ilin may ayının axırlarında dəqiq yadında olmayan tarixdə evə getdiyini, bu zaman özünə məxsus həmin evin içərisindən elektrik naqillərini divardan çəkib çıxarılaraq oğurlandığını gördüyünü, əvvələcə bu barədə polisə müraciət etmədiyini, daha sonra isə müraciət etmək qərarına gəldiyini, evindən oğurluğu Təqsirləndirilən şəxs törətdiyini sonradan bildiyini, evindən 2021ci ilin may ayının axırlarında Dünyamin adlı şəxs tərəfindən 600 metr 4 mm mis tərkibli elektrik naqili, 50 metr isə 6 mm mis tərkibli elektrik naqili oğurlandığını, oğurluq nəticəsində ona təxminən 500 manat maddi ziyan dəydiyini, hazırda həmin ziyanın ödənilmədiyini, iş üzrə Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində ailəsi ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospekti-163/10-da yerləşən evdə yaşadığını, ünvan 4 ünvanında yerləşən həyət evinin olduğunu, həmin evdə heç kimin yaşamadığını, həmin evin hazırda təmir olunduğunu, həmin evin həyətinin dörd yanının daş hasar olduğunu və dəmir qapılarının olduğunu, həyətdə it olmadığını, 25 may 2021-ci il tarixdə, saat 07:00 radələrində ünvan 4 ünvanında yerləşən həyət evinə baş çəkmək üçün getdiyini, evə daxil olan zaman hamamın içərisində nərdivan gördüyünü, daha sonra evin arxa tərəfinə baxan pəncərənin açıq olmasını gördüyünü, bundan sonra nərdivanla evin tavanına çıxdığını, orada elektrik naqillərin kəsilib aparılmasını aşkar etdiyini, dərhal Azərbaycan Respublikası DİN-in 102 Xidmətinə zəng vurduğunu və evindən oğurluq olmasını bildirdiyini, daha sonra evə ətraflı baxış keçirən zaman evin mətbəxindən olan 5 litr su tutumlu dəmir samovarın da oğurlandığını gördüyünü, evindən 24 may 2021-ci il tarixdən 25 may 2021-ci il tarixə keçən gün oğurluq edildiyini, belə ki, 24 may 2021-ci il tarixdə gündüz radələrində evə getdiyini, həmin vaxt samovar və elektrik naqillərinin yerində olduğunu, 25 may 2021-ci il tarixdə səhər radələrində gedəndə isə elektrik naqilləri və samovarın yerində olmadığını gördüyünü, evindən təxminən 100 metr 2.5 mm mis tərkibli elektrik naqili, 800 metr 4 mm mis tərkibli elektrik naqili, 02 ədəd hər biri 20 metr uzunluğunda 30 manat dəyərində perenoskalar, 01 ədəd 150 manat dəyərində 5 litr su tutumlu samovarın oğurlandığını, oğurluq nəticəsində ona təxminən 600 manat maddi ziyan dəydiyini, hazırda həmin ziyanın ödənilmədiyini, iş üzrə Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində Mingəçevir şəhərində yaşadığını, həmçinin Ağdaş şəhəri, İstiqlal küçəsində də evinin olduğunu, həmin evdə heç kimin yaşamadığını və hal-hazırda həmin evin təmir olunduğunu, həmin həyət evinin həyətinin dörd yanının daş hasar olduğunu və dəmirdən giriş qapısı olduğunu, evinin dörd tərəfinin bağlı olduğunu, evin qapısının və plastik pəncərələrinin olduğunu, tez-tez gedib həmin evi yoxladığını, 12 may 2021-ci ildə evə baxmaq üçün getdiyini, həyətin darvazasını açan kimi evdən qarşı tərəfə olan plastik pəncərəsi açıq olduğunu, evdən oğurluq olduğunu başa düşdüyünü, evin içərisinə girib baxan zaman evdən elektrik kabellərinin damdan kəsildiyini və daha sonra dartılaraq evin içərisində divarda olan borunun içərində olan kabellər də çırxarılıb oğurlandığını gördüyünü, bundan başqa evdən 07 litrlik bir ədəd samovarın da oğurlandığını gördüyünü, daha sonra DİN-nin 102 xidmətinə zəng vurduğunu, evinə oğurluqdan qabaq sonuncu dəfə 10 may 2021-ci il tarixdə baxdığını, daha sonra 12 may 2021-ci il tarixdə baxdığını, həmin vaxt oğurluq edildiyini gördüyünü, evindən oğurluğun 10-12 may 2021-ci il tarixləri arasında olduğunu, evindən təxminən 400 metr 4-lük kabel, bir ədəd 07 litrlik samovar oğurlandığını, oğurluq nəticəsində ona təxminən 1000 manat maddi ziyan dəydiyini, hazırda həmin ziyanın ödənilmədiyini, iş üzrə Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirdi.. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayonu, Qolqəti kəndində ailəsi ilə birlikdə yaşadığını, həmçinin Ağdaş şəhəri, İstiqlal küçəsində də evinin olduğunu, həmin evdə heç kimin yaşamadığını və hal hazırda həmin evin təmir olunduğunu, həmin həyət evinin həyətinin dörd yanı daş hasar olduğunu və dəmirdən giriş qapısının olduğunu, evinin dörd tərəfi bağlı olduğunu, evin qapısının və plastik pəncərələrinin olduğunu, tez tez gedib həmin evi yoxladığını, 2021-ci ilin may ayının axırlarında evə baxmaq üçün getdiyini, həmin zaman hər şeyin yerində olduğunu, daha sonra ertəsi gün bir də evə baxmaq üçün getdiyini, həyətin qapısını açıb həyətə girəndə evin sağ tərəfinə nərdivan söykənildiyini gördüyünü, tez həmin yerə baxdığını və həmin yerdə pəncərənin açıldığını gördüyünü, evindən oğurluq olduğunu başa düşdüyünü, evin içərisinə girib baxdığını və evdən təxminən 800 metr 6 mm mis tərkibli elektrik naqili, 01 ədəd istifadə olunmuş hidrofor oğurlandığını gördüyünü, bir neçə gün həmin əmlakımın oğurlayanı axtardığını, lakin tapa bilmədiyini, daha sonra polislərin onlara gələrək ona evindən oğurluq olduğunu və həmin oğurluğu Təqsirləndirilən şəxs törətdiyini bildirdiklərini, evindən 2021-ci ilin may ayının axırlarında Təqsirləndirilən şəxs tərəfindən 800 metr 6 mm mis tərkibli elektrik naqillər, 01 ədəd istifadə olunmuş hidrofor oğurlandığını, oğurluq nəticəsində ona təxminən 2500 manat maddi ziyan dəydiyini, hazırda həmin ziyanın ödənilmədiyini, iş üzrə Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 29 may 2021-ci il tarixdə Ağdaş şəhəri, İstiqlal küçəsi ünvanında qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 19:00 radələrində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev adına parkın yaxınlığında piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Dünyaminin əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd 1 manatlıq və 01 ədəd 5 manatlıq pul əskinasları, şalvarın qabaq sol cibindən isə üzərinə “LD” yazılmı siqaret qutusu aşkar edildiyini, daha sonra həmin siqret qutusu açılan zaman içərisindən 01 ədəd bükülmüş kağzı parçası, 01 ədəd üzərində telefon nömrəsi olan kağız parçası, 01 ədəd falqa parçası və 01 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edildiyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini və zərfə qablaşdırıldığını, ilkin sorğu zamanı Dünyamin Adbullayevin həmin narkotik maddələri 29 may 2021-ci il tarixdə Ağdaş şəhərində yerləşən mədəniyyət evinin qarşısındakı səkinin yanındakı bordyorun üstündən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, onun tərəfindən, yaxud da digər polis əməkdaşı Şahid2 tərəfindən iş üzrə Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanunsuz hərəkətlər edilmədiyini, onun dediklərinin şər-böhtan olduğunu göstərdi. İş üzrə Şahid2 məhkəmə iclasında şahid Paşayev Mehman Paşa oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş şəhəri, Bakı dördyolunda dəmir məmulatı yığmaqla məşğul olduğunu, Şahid4 tanıdığını, 2021-ci ilin may ayının axırlarında Şahid4 onun yanına gəldiyini və onda özünə məxsus olan mis məmulatı olduğunu dediyini, özünün də həmin misi çəki ilə aldığını və ona 120 manat pul verdiyini, ertəsi gün Mənsurun onun yanına bir dəfə də gəldiyini və yenə də mis gətirdiyini, ikinci dəfə Mənsurun gətirdiyi mis üçün ona 55 manat pul verdiyini, Mənsurun ona hər iki dəfə satdığı misin özünə məxsus olduğunu dediyini, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən Elman, Ramin, Pərviz və Vüsal adlı şəxslərə məxsus fərdi yaşayış evlərindən oğurladığı mis elektrik naqillərindən əldə etdiyi misi Mənsur adlı şəxs vasitəsilə ona satmasının müəyyən edilməsi ilə bağlı heç bir məlumatının olmadığını, ona Mənsurun mis gətirib satdığını, həmin misin Mənsurun özünə məxsus olduğunu bildirdiyini göstərdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 may 2021-ci il tarixli 17/384 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü-ağ rəngli büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,206 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2021-ci il tarixli 968 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 avqust 2021-ci il tarixli 9/5811 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı qaydada müəyən edilir: 1 metr 2,5 mm diametrli mis elektrik naqili 0,48 manat, 1 metr 4 mm diametrli mis elektrik naqili 0,75 manat, 1 metr 6 mm diametrli mis elektrik naqili 1,05 manat, 02 ədəd hər biri 20 metr uzunluğunda elektrik kabel (perenoska) 40,00 (2x20m) manat, 01 ədəd 5 litr tutumlu samovar 100 manat, 01 ədəd 7 litr tutumlu samovar 140 manat, 01 ədəd istifadə olunmuş hidrofor 15 manat. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd 1 manatlıq və 01 ədəd 5 manatlıq pul əskinasları, şalvarın qabaq sol cibindən üzərinə «LD» yazılmış siqaret qutusu aşkar edilmiş, siqaret qutusu açılan zaman içərisindən bir ədəd bükülmüş kağız parçası, 01 ədəd üzərində telefon nömrəsi olan kağız parçası, 01 ədəd falqa parçası və bir kağız büküm aşkar edilmiş, həmin kağız büküm açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristall halında olan maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demiş, aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini qismən etiraf etməsini və cavanlığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsin əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən barəsində təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 29 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 119 manat 10 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, vurulmuş 2585.50 manat ziyanın ödənilməməsi nəzərə alınmalı, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,156 qram narkotik vasitə olan heroin məhv edilməli, bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzalar qismən toplanılsın və qəti cəza, iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 29 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 119 manat 10 qəpik (yüz on doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə vurulmuş 2585.50 manat ziyanın ödənilməməsi nəzərə alınsın. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,156 qram narkotik vasitə olan heroin məhv edilsin, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar