Məhkəmə qərarları › İş №1(014)-137/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-137/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-137/2021 21.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs X2 iştirakı ilə Təqsirləndirilən şəxs Səxavət oğlunun xx xxxx 1987-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, Vaqif küçəsi 101-də də qeydiyyatda olan və yaşayan, barəsində 26 sentyabr 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqın qənaətinə görə Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə, saat 16:15 radələrində Göyçay rayonu, Ərəbcəbirli kəndi bina 1, mənzil 1-də məskunlaşan Ağdam rayon köçkünü xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu, Məşəd kəndi ərazisindən keçən hissəsində kənar şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək özünü digər şəxslərin fövqündə tutub Zərərçəkmiş şəxs onun arvadı ilə münasibətinin olmasını bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə vuraraq, ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sol budun orta 1/3-nin bayır səthinin, sol budun aşağı 1/3-nin arxa səthinin, sol budun aşağı 1/3-nin ön səthinin, sol əlin ovuc səthinin qançırları, sol diz oynağının əzilməsi ilə nəticələnən qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq hərəkətləri etmiş, daha sonra Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi «VAZ-21901» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu, Məşəd kənd ərazisindən keçən hissəsindən talama məqsədi olmadan qanunsuz ələ keçirib ünvan 1 ünvanına qaçırmışdır. İş üzrə Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 185.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində 05 iyun 2021-ci il tarixdə yaşadığı evdə olduğunu, həmin zaman qonşusu Azərin onu çağırdığını və ona “xeyir işimiz var gəl bizdə heyvan var onu kəs” dediyini, qonşusu Azərgilə getdiyini, həmin vaxt orada Azərin kürəkəni Göyçay rayonunda yaşayan Murad adlı şəxsin ona yaxınlaşdığını və ona “Orxan səndən bir söz soruşmaq istəyirəm” dediyini, ona “buyur soruş” dediyini, həmin zaman Muradın ona “mən hər dəfə Göyçaydan Ağdaşa gələndə Niyazi adlı taksi sürücüsü səni bu ilin yanvar ayından bu vaxtadək axtarır” dediyini, Murada “bəs nə məsələdir, mən Niyazi adlı şəxsi tanımıram, o görəsən məni nə səbəbə axtarır” dediyini, Muradın ona “hətta sənin arxanca qar yağan vaxtlarda yaşadığın evə gəliblər və səni qapıdan çağırıblar, lakin sən evdə olmamısan” dediyini, həmin zaman Muraddan Niyazinin ***-***-**-** saylı mobil nömrəsini aldığını və ona öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng etdiyini, həmin zaman ona “mənəm Ağdaşdan Orxan” dediyini, bu zaman Niyazinin ona “məhkəmədə işləyən Orxansan” dediyini, ona “mən axtardığın Orxanam” dediyini, ondan harada olduğunu soruşduğunu, Niyaziyə Ağdaşda yaşadığı evdə olduğunu bildirdiyini, Niyazi adlı şəxsin “gəlirəm Ağdaşa mən deyəndə qapıya çıxarsan” dediyini, təxminən bir saat sonra həmin Niyazi adlı şəxsin ona “çıx qapıya” dediyini, bu zaman telefonla danışa-danışa qapıya çıxdığını, həmin zaman anasının da ona “Orxan sən kiminlə danışırsan” dediyini, anasına “başqa bir nəfər adam var onunla danışıram” dediyini, həmin zaman Niyazi adlı şəxsin idarə etdiyi ağ rəngli «VAZ-21901» markalı **-GK-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşdiyini, avtomobilə əyləşən zaman ona “sən məni niyə axtarırsan, qışda da qapıma gəlmisən, axı nə məsələdi” dediyini, Niyazinin avtomobilində tək olduğunu, Niyazinin ona “səbrli ol qapıdan aralaşaq deyəcəm nə məsələdi” dediyini, həmin zaman Niyazinin avtomobilin mühərrikini işə salıb arxaya vermək istəyən zaman Niyazi avtomobili sürüb getməməsi üçün anasının avtomobilin arxasında dayandığını, həmin zaman avtomobildən yerə düşdüyünü, bu vaxt Niyazi adlı şəxsin də avtomobildən yerə düşdüyünü və həmin vaxt anasının ona sillə vurmaq istədiyini, bu vaxt yaşadıqları evə girərək Niyazini vurmaq üçün əlinə nəsə götürmək istədiyini, həmçinin həmin zaman ona “dəyan bu dəqiqə səni öldürəcəm” dediyini, bu zaman NiyaziNİN üzü Bakı-Yevlax-Şamaxı yoluna tərəf qaçıb getdiyini, lakin həmin zaman içəridən heçnə tapa bilmədiyini və anasının əlində olan dəmir parçasını götürüb onun arxası ilə qaçmaq istəyərkən qonşuluqda yaşayan AğaHüseyn Əliyevin onu tutub saxladığını, bundan sonra anasının onun əlində olan dəmir parçasını onun əlindən alıb Niyazinin avtomobilinin şüşələrini sındırdığını, həmçinin onun avtomobilini müxtəlif yerlərindən vurduğunu, bundan sonra polis əməkdaşlarının onlara gəldiklərini və hadisə baş verdiyi yerdə avtomobilin şəkillərini çəkdiklərini, həmçinin anasının da Ağdaş RPŞ-nə gələrək ərizə ilə müraciət etdiyini, sonradan Niyazinin DİN-nin 102 xidmətinə həmçinin də Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək döyülməsini və avtomobilinin yararsız hala salınmasını bildirməsini eşitdiklərini, Zərərçəkmiş şəxs 05 iyun 2021-ci il tarixdə onun mobil nömrəsinə zəng edərək ünvanına nalayiq söyüşlər söyərək Ağdaş rayonuna dəvət eləməsi, təxminən 17:00 radələrində Ağdaş şəhəri, Məşəd kəndi ərazisindən keçən magistral yolla gələn zaman özünə məxsus «VAZ-21901» markalı **- GK-*** dövlət nömrə nişanlı avtomobilində olan zaman onu dəmir parçası ilə sol qoluna iki dəfə vurması, daha sonra onu avtomobilindən yerə salaraq sol ayağından bir neçə dəfə dəmir parçası vurub döydükdən sonra ona məxsus həmin avtomobilə əyləşərək sürüb qaçırdığını bildirməsi barədə yalan dediyini, elə bir şey olmadığını, Niyazinin özünün onların yaşadıqları evin qarşısına gəldiyini, arvadı Şahid2 Göyçay rayonu, Şəkər kəndində yaşadığını, arvadı Aytacın bir neçə dəfə Niyazi ilə Göyçay rayonundan Ağdaş rayonuna gəldiyini, Niyazini taksi fəaliyyəti ilə məşğul olan biri kimi tanıdığını, arvadı Aytacın bir neçə aydır ki, evdən bir körpə uşağını da qoyub getdiyini, Aytacın Niyazi ilə yaşadığını bildiyini, 2021-ci ilin mart ayında Niyazinin dostu Göyçay rayonunda taksi faliyyəti ilə məşğul olan Səbuhi ilə bir dəfə onlara gəlib onu axtardıqlarını, lakin həmin vaxt evdə olmadığını, sonra da ona zəng edib “Səbuhi adlı şəxslə gəlmişəm səni axtarıram” dediyini, evdə olmadığını ona dediyini, hətta əvvəllərdə evdə körpə uşağı olduğu üçün arvadı Aytacı qaytarması üçün Niyazi ilə aralarında söz-söhbətlərinin oldğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində etibarnamə ilə «VAZ-21901» markalı **-GK-*** dövlət nömrə nişanlı avtomobili idarə etdiyini, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, 2021-ci ilin əvvəllərində Göyçay rayonunda «Nar» marketin yanında dayandığını, həmin vaxt bir nəfər qadının ona yaxınlaşdığını və ona “məni Ləki dördyoluna apar” dediyini, həmin qadınla razılaşdığını, həmin vaxt həmin qadının ona “məni neçəyə apararsan” dediyini, həmin qadına “10 manata apararam” dediyini, lakin qadının onunla razılaşmadığını və ona “7 manat pulum var” dediyini, belə olub onunla razılaşdığını, həmin qadının avtomobilində arxada əyləşdiyini və həmin zaman onun yanında azyaşlı uşağının da olduğunu, həmçinin onun yükünün də olduğunu, həmin yüklərin bir hissəsini arxa yük yerinə, qabaq və arxa oturacaq yerlərinin bir hissəsinə yerləşdirdiyini, Ağdaş rayonu Ləki dördyolu hissəsinə çatmağa təxminən 100 metr qalmış ona sağa dönməyi bildirdiyini və öz yaşadıqları ünvanı göstərdiyini, onun yaşadığı evin qarşısına çatanda qadının yoldaşına zəng etdiyini və “yola çıx çatmışıq” dediyini, həmin vaxtı bir nəfər kişinin yola çıxdığını, onlar avtomobildən yükü boşaltdıqlarını, onun sonradan adını bildiyi Orxan adlı ərinin ona çıxarıb 6 manat pul verdiyini, ona heçnə demədiyini və avtomobilinə əyləşib çıxıb getdiyini, bir neçə ay bundan qabaq bir nəfər şəxsin ona zəng etdiyini və ona adının Orxan olduğunu bildirdiyini və onunla danışanda Ağdaşa apardığı həmin qadının əri olduğunu bildiyini, Orxan adlı şəxsin ondan harada olduğunu soruşduğunu, ona «Nar» marketin yanında olduğunu dediyini, Orxanla Göyçay rayonunda görüşdüklərini, onunla çay içdikdən sonra Orxanın çıxıb getdiyini, həmin vaxt Orxanın onun mobil nömrəsini aldığını və “taksi sifariş edən olsa sənə bildirəcəm” dediyini, təxminən bir neçə ay bundan qabaq bir nəfər şəxsin ona zəng etdiyini və ona nalayiq ifadələr işlətdiyini və ona “sən mənim arvadımla durub oturursan” dediyini, ona “mən birinci dəfə idi ki, sənin arvadını müştəri kimi Ağdaş rayonuna aparmışam, onunla heç bir əlaqəm yoxdur” dediyini, daha sonra dəfələrlə Orxanın ona zəng edərək sərxoş vəziyyətdə ona qarşı nalayiq ifadələr işlətdiyini, 05 iyun 2021-ci il tarixdə yadında qalmayan mobil nömərədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəldiyini və onunla danışandan sonra həmin şəxsin Orxan olduğunu bildiyini, Orxanın ona “mənimlə görüş” dediyini, lakin onunla görüşmək qərarına gəlmədiyini, buna baxmayaraq Orxanın onun mobil nömrəsinə dəfələrlə zəng etdiyini, bundan sonra onunla görüşmək qərarına gəldiyini, idarə etdiyi avtomobillə tək Ağdaş şəhərinə gəldiyini və Orxanın ona “yolun kənarında tikinti materialları satışı yerinə yaxın yolun kənarında saxla, mən də gəlirəm” dediyini, həmin vaxt Orxanın əlində dəmir parçası olduğunu, həmin dəmir parçası ilə onu sükan arxasında vuran zaman sol əlini qabağa verdiyini, həmin dəmir parçasının yerə düşdüyünü, bundan sonra qabaq qapını açdığını və yerə düşdüyünü, bu vaxt Orxanın onun sol ayağından dəmir parçası ilə iki dəfə vurduğunu, daha sonra bir nəfər tanımadığı şəxsin gəldiyini və onları aralaşdırmaq istədiyini, bu vaxt Orxanı əli ilə itələyib qaçdığını, Orxanın da onun arxası ilə söyərək qaçdığını, yarı yolda arxaya baxanda Orxanın geri qayıtdığını, daha sonra onun avtomobilinə əyləşdiyini və avtomobili çevirib bir küçəyə tərəf getdiyini gördüyünü, qaçaraq yaxınlıqda olan yanacaqdoldurma məntəqəsinə yaxınlaşdığını və mobil telefon istədiyini, həmin şəxsin mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdiyini, daha sonra da avtomobilini Orxan qaçırdıqdan sonra avtomobilinin şüşələrini və digər hissələrini qıraraq əmlakını məhv etdiklərini bildiyini, sonra da avtomobilin şüşələrini Orxanın anası Ətir adlı qadın qırdığını eşitdiyini, həmin vaxtı onun Redmi 9T markalı mobil telefonunda avtomobilində qaldığını, sonra da telefonunu götürdüyünü, Orxangilin evlərinin qarşısına getmədiyini, Ətir adlı qadını tanımadığını, onu görmədiyini, həmin qadının onu vurmadığını, avtomobilini Ətirin oğlu Orxanın qaçırıb apardığını, sonra da avtomobilini şüşələrini sındırdıqlarını, digər hissələrini əzdiklərini, Ətir adlı qadına heç bir xəsarət yetirmədiyini, həmçinin Orxan adlı şəxsə də heç bir xəsarət yetirmədiyini, Orxanın arvadı ilə heç bir münasibəti olmadığını, onun arvadının başqa şəxslə münasibətinin olduğunu, Göyçay rayonunda yaşayan Murad adlı şəxsi tanımadığını, avtomobilinə dəymiş ziyanın tam olaraq ödənildiyini, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Şahid1 Cəmaləddin qızı məhkəmə iclasında verdiyi ifadəsində 05 iyun 2021-ci il tarixdə, günorta radələrində Bakı şəhərindən yaşadığı evə gəldiyini, evə gəldikdən sonra nəvələri və Orxanın evdə olduqlarını gördüyünü, həmin vaxt Orxanın kiminləsə telefonla danışdığını gördüyünü, ondan “sən telefonla kimlə danışırsan” dediyini, Orxanın da ona “başqa adam var onunla danışıram” dediyini, lakin Orxanın həmin zaman kiminlə danışmasını bilmədiyini, ancaq Orxanın kimləsə qışqıra-qışqıra danışdığını və “gəlməsən kişi deyilsən, gəl” dediyini, bundan sonra orxana “sən kimlə danışırsan” dediyini, Orxanın da ona “Göyçayda bir nəfər adam var, onunla danışıram və mənə dedi ki, gəlirəm ora” dediyini, bundan sonra özünün də DİN-nin 102 xidmətinə zəng edib münaqişə olmasını bildirirək təcili polisin gəlməsini istədiyini, təxminən 20 dəqiqədən sonra qapının qarşısına küçədə ağ rəngli bir avtomobil dayandığını, bu vaxt nəvəsinin “atam çölə çıxdı” dediyini, özünün də Orxan küçəyə çıxdığını gördüyünü, onun arxası ilə küçəyə çıxan zaman Orxan sonradan adını bildiyi Niyazinin avtomobilində əyləşdiyini gördüyünü, Orxana “Orxan düş avtomobildən” dediyini, lakin Orxanın avtomobildən düşmədiyini, həmin vaxt Niyazinin avtomobili arxaya verib getmək istədiyini gördüyünü və bu zaman avtomobilin arxasında dayandığını, həmin zaman həyət qapısının girişində olan dəmir parçasını götürüb, onun avtomobilini müxtəlif yerlərindən vurduğunu, həmçinin avtomobilin şüşələrini vurub sındırdığını, Niyazi avtomobildən düşdükdən sonra da onun sol ayağından vurduğunu, bundan sonra Niyazinin üzü Bakı-Yevlax- Şamaxı yoluna tərəf qaçıb getdiyini, həmin zaman Orxanın da onun arxası ilə qaçmaq istəyərkən qonşuluqda yaşayan AğaHüseyn Əliyevin onu tutub saxladığını, bundan sonra polis əməkdaşlarının onlara gəldiklərini və hadisə baş verdiyi yerdə atomobilin şəkillərini çəkdiklərini, həmçinin də Ağdaş RPŞ-nə gələrək ərizə ilə müraciət etdiyini, sonra Niyazinin də DİN-nin 102 xidmətinə zəng etdiyini, həmçinin Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək döyülməsini və avtomobilinin yararsız hala salınmasını bildirəsini eşitdiyini bildirdi. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun qonşusu, Şahid1 isə onun anası olduğunu, 05 iyun 2021-ci il tarixdə evdə olduğunu, həmin vaxt küçədən səs eşitdiyini, küçəyə çıxanda Orxanın əlində dəmir parçası küçə ilə üzü magistiral yola tərəf qaçdığını gördüyünü, həmin vaxt ona “hara gedirsən” dediyini, Orxanın ona “mənim arxamca bir nəfər gəlibdir, gedirəm onu vuracam” dediyini, Orxana “getmə qayıt dala” dediyini, Orxanın da onun sözünə qulaq asıb arxaya qayıtdığını, Orxanın küçədə qaçan zaman onun qarşı hissəsi ilə heç kimin getmədiyini, bundan sonra Orxangilin qapısının qarşı hissəsində ağ rəngli nömrəsini bilmədiyi xarici maşın olduğunu gördüyünü, Orxanın həmin avtomobilin yanına gələndə Orxanın anası Ətir əlində dəmir parçası ilə həmin avtomobilin şüşələrini qırmağa və bəzi hissələrini də əzməyə başladığını, daha sonra hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, onlara “sizin nə probleminiz varsa sürücü ilədir, avtomobili nə üçün əzirsiniz” dediyini, sürücünün həmin vaxt orada olmadığını, bildirdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Şamaxı-Yevlax-Bakı yolunun Ağdaş rayonu, Məşəd kənd ərazisində, yolun kənarında yerləşən «Aqil XG 500» yanacaqdoldurma məntəqəsində operator vəzifəsində işlədiyini, 05 iyun 2021-ci il tarixdə işdə olduğunu, həmin gün, saat 16:25 radələrində bir nəfər şəxsin, sonradan adına bildiyi Zərərçəkmiş şəxs Ağdaş Ləki dördyolu istiqamətindən qaçaraq yanacaqdoldurma məntəqəsinə gəldiyini və ona “magistral yolun kənarında məni döyüb avtomobilimi də əlimdən alıb qaçıblar, mobil telefonum avtomobildə qaldı, sən telefonunu ver DİN-nin 102 xidmətinə zəng edib məlumat verəcəm” dediyini, bundan sonra Niyazi onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ondan aralanıb DİN-nin 102 xidmətinə məlumat verdiyini, Niyazini görən zaman onda gözlə görünən hər hansı bir xəsarət olmadığını, lakin Niyazinin bir ayağını çəkərək yeridiyini bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində Göyçay rayonu, Ərəbcəbirli kəndində yaşadığını, Niyazinin dəfələrdə ondan Orxan adlı şəxsi tanıyıb-tanımadığını soruşduğunu, 05 iyun 2021-ci il tarixdə Ağdaş rayonunda yaşayan qohumu Azərin evinə gəldiyini, həmin vaxt orada Orxanı gördüyünü, Orxana Niyazinin onu axtardığını dediyini və Niyazinin mobil telefon nömrəsini Orxana verdiyini bildirdi. İş üzrə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində 4 ildir ki, Ağdaş rayonu, Məşəd kəndində yaşayan Təqsirləndirilən şəxs Saxavat oğlu ilə ailə həyatı qurduğunu, 3 yaşında qız övladının olduğunu, Orxanın dəfələrlə sərxoş vəziyyətdə evə gəldiyini, onların bir-neçə dəfə aralarında onun sərxoş evə gəlməyinə görə söz-söhbətləri yarandığı üçün təxminən iki üç ay bundan qabaq Göyçay rayonuna anasının yanına gəldiyini, anasının yanına gələndə qız övladının da onunla birgə gəldiyini, təxminən 2-3 ay bundan qabaq Göyçay rayonundan Ağdaşa getmək üçün Göyçay rayonunda «Nar» marketin yanına gəldiyini, orada ağ rəngdə nömrəsini bilmədiyi sonradan adını bildiyi Niyazi adlı taksi sürücüsünə yaxınlaşdığını, ona Ağdaş rayonuna Ləki dördyoluna aparmağı təklif etdiyini, onunla razılaşdığını həmin vaxt ona “məni neçəyə apararsan” dediyini, Niyazinin ona “10 manata apararam” dediyini, lakin onunla razılaşmadığını, ona 7 manat pulu olduğunu dediy, daha sonra aralarında razılıq olduğunu, yükünü onun avtomobilinə yerləşdirdiyini, Ağdaş rayonuna çatanda əri Orxana “mən evə çatıram yola çıx” dediyini, sürücü Niyaziyə avtomobili küçəyə sürməyi dediyini, Niyazinin avtomobili küçəyə sürüb onların yaşadıqları evin qarşısında saxladığını, yüklərini avtomobildən düşürdüyünü, daha sonra Orxanın Niyaziyə 6 manat pul verdiyini, Niyazinin də heçnə demədən çıxıb getdiyini, Niyazini bir dəfə həmin vaxtı gördüyünü, bundan başqa Niyazi ilə aralarında hər hansı bir münasibət olmadığını, Göyçay rayonunda yaşayan Səbuhi Musayev adlı bir kişi ilə sevgi münasibəti olduğunu, əvvələr yadında qalmayan nömrəsi ilə Səbuhinin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladığını, hal hazırda da onunla heç bir münasibəti olmadığını bildirmişdir. İş üzrə şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində heç bir yerdə işləmədiyini, Niyazi ilə əvvəllər Göyçay şəhər sakini kimi münasibəti olduğunu, Şahid2 da Göyçay şəhərində yaşadığını, sonradan Ağdaşa Təqsirləndirilən şəxs ərə getdiyini, Orxanla Aytacın arasında ailə münasibətləri pozulduğundan Aytacın tez-tez Göyçay rayonuna gedib gəldiyini, həmin vaxtdan Aytacla sevgi münasibətinin yarandığını, bundan sonra onunla sevgi münasibətinin davam etdiyini, sonradan münasibətlərinin pozulduğunu, halhazırda da Aytacla heç bir münasibəti olmadığını, Orxanla da heç bir münasibətinin olmadığını, Niyazi ilə Orxanın yaşadığı evinə getmədiyini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 06.06.2021-ci il tarixli 320 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol budun orta 1/3-nin bayır səthinin, sol budun aşağı 1/3-nin arxa səthinin, sol budun aşağı 1/3-nin ön səthinin, sol əlin ovuc səthinin qançırları, sol diz oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti 05.06.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər.Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənlmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arvadı Şahid2 iş üzrə Zərərçəkmiş şəxs ilə münasibətinin olmasından şübhələnmiş, X6 Fərzəliyevin dəfələrlə ondan Orxan adlı şəxsi tanıyıb-tanımadığını soruşmasını dedikdən və onun mobil nömrəsini verdikdən sonra əlaqə saxlayıb görüşmüşdür, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu, Məşəd kəndi ərazisindən keçən hissəsində baş vermiş, hadisə yerində kənar şəxslər olmamış, heç kimi rahatlığı pozulmamışdır, Təqsirləndirilən şəxs kənar şəxslərə qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiqləmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyəti olmamış, habelə o, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakılar üçün təhlükə, qorxu və narahatçılıq yaradan hərəkətlərə yol verməmişdir, qısqanclıqdan yaranan intqam hissi ilə əlindəki silah qismində istifadə etdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərindən vuraraq ona sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə döymüşdür. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayət əməlinin əlamətlərini açıqlayaraq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur... Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq əməlinin silah və silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, belə əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibini yaradır. Xuliqanlıq cinayəti gedişində zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Bu zaman zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması CM-in 221-ci maddəsi ilə əhatə olunur, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda isə təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmusu üzrə (yəni CM-in 221-ci maddəsi ilə yanaşı həm də CM-in müvafiq olaraq 127 və ya 126-cı maddəsi ilə) tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə ...” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın əsas xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsinin və Ali Məhkəmənin istinad olunan Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırkı işin də faktiki halları Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. Təqsirləndirilən şəxs xuliqanlıq niyyətinin və xuliqanlıq davranışının olmaması ictimaitəhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq Zərərçəkmiş şəxs qarşı yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş verən və birincinin əlindəki silah qismində istifadə etdiyi dəmir parçası ilə digərinin bədəninin müxtəlif yerlərindən vuraraq sağlamlığına yüngül zərər yetirməsi ilə nəticələnmiş münaqişə şəxsi münasibətlər zəminində baş verdiyindən Təqsirləndirilən şəxs əməlində qərəzli xuliqanlıq cinayətinin tərkibi mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, şərh olunan vəziyyətdə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Təqsirləndirilən şəxs istinad edilən əməldə şəxsi münasibətlər zəminində başlanmış münaqişə (döymə) zamanı qəsdən sağlamlığa yüngül zərər vurma, yəni Azərbaycan Respublikası CM-in 128ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi müəyyən olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Səxavət oğlu Azərbaycan Respublikası CM-nin 185.1 və 128-ci maddələrində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayətləri törətmişdir, vurduğu ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Səxavət oğlunun Azərbaycan Respublikası CM-nin 185.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verillməli və o Azərbaycan Respublikası CM-nin 73.2-ci və 73-1.1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Səxavət oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut olan «VAZ-21901» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Səxavət oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 221.3-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 128-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Səxavət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və 73- 1.1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Səxavət oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan «VAZ-21901» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar