Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-137/2023 05.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Ağdaş rayonunun Yuxarı Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişdir. Belə ki, o, vahid niyyətlə özgə əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə 2022-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri, A.Heydərov küçəsində yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, ordan da tövləyə daxil olaraq həmin yerdən 01 ədəd 2 metr enində 2.5 metr uzunluğunda rus istehsalı dəmirdən 200 manat dəyərində barmaqlığı, 10 mm ölçüdə 10 metr uzunluğunda, rus istehsalı 100 manat dəyərində dəmir armaturu, 1 metr uzunluğunda 0,5 metr enində 5 mm qalınlığında rus istehsalı olan hər birinin qiyməti 60 manat olmaqla ümumilikdə 120 manat dəyərində odun sobalarını, 0,80 metr uzunluğunda 0.4 metr enində 4 mm qalınlığında rus istehsalı olan hər birinin qiyməti 60 manat olmaqla ümumilikdə 180 manat dəyərində yağ sobalarını gizli yolla oğurlamış, bundan sonra eyni niyyətlə 2022-ci ilin dekabr ayının sonlarında həmin evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, oradan həmin evin həyətində yerləşən hamam otağına qanunsuz daxil olaraq 50 metr uzunluğunda 4 mm qalınlığında 40 manat dəyərində mis elektrik naqili, 01 ədəd, işlək vəziyyətdə qazla işləyən 130 manat dəyərində su qızdırıcını, 01 ədəd işlək vəziyyətdə olan “NORD” markalı soyuducunun 70 manat dəyərində mühərrikini, həmin evin həyətindən isə 01 ədəd işlək vəziyyətdə “Aqadel” markalı 150 manat dəyərində su mühərrikini gizli yolla oğurlayaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 990 (doqquz yüz doxsan) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, onunla qonşuluqda yaşadığını, lakin təxminən 5-6 ay əvvəl ailəsi ilə birlikdə yaşamaq üçün Sumqayıt şəhərinə köçdüyünü, təxminən 2022-ci ilin dekabr ayının sonlarında pulu olmadığı üçün qonşuluqda evi olan Məhmədiyə təxminən 5-6 aydır Sumqayıt şəhərində yaşadığını, ona məxsus yaşayış olmayan evə daxil olaraq oradan oğurluq etməyi planlaşdırdığını, buna görə də hazırda 2022-ci ilin dekabr ayının sonlarında təxminən saat 17-18 radələrində tək Məhmədiyəyə məxsus Ağdaş şəhəri, A.Heydərov küçəsində yerləşən evin həyətinin kənarında çəkilmiş hasardan keçərək həyətə daxil olduğunu, daha sonra həmin evin həyətində yerləşən tövləyə daxil olduğunu, tövlədən 6 ədəd 3 metrlik armatur, 1 ədəd dəmir barmaqlıq, 2 ədəd dəmir odun peçi, 3 ədəd yağ peçini özü ilə götürdüyünü, qalan əşyaları özü ilə götürə bilmədiyi üçün daha sonra gəlib götürməyi fikirləşdiyini, bundan sonra oğurladığı əşyaları hasarın üzərindən yola yığdığını, bundan sonra isə oğurladığı əşyaları həmin vaxt oradan keçən tanımadığı bir taksi ilə Ağdaş şəhəri, Padar küçəsində yaşayan, metal qəbulu ilə məşğul olan Həsən adlı şəxsin metal qəbul etdiyi yaşadığı ünvana apardığını, həmin əşyaları taksidən Həsən adlı şəxsin metal qəbulu məntəqəsinin qarşısına düşürdüyünü, bundan sonra Həsən adlı şəxsə gətirdiyi metaldan olan əşyaları satmaq istədiyini, Həsənin isə ondan həmin əşyaları haradan əldə etdiyini soruşduğunu, özünün də ona həmin əşyaları zibilliklərdən yığdığını söylədiyini, daha sonra Həsənin həmin əşyaları tərəzidə çəkdiyini və ona 100 manat pul verdiyini, həmin 100 manat pulu götürərək oradan uzaqlaşadığını və pulu öz şəxsi xərcləri üçün xərclədiyini, bundan bir gün sonra təxminən saat 18 radələrində yenə də Məhmədiyəyə məxsus evin həyətinə, həyətin kənarında çəkilmiş hasardan aşaraq həyətə daxil olduğunu, daha sonra həmin evin həyətində yerləşən hamama daxil olaraq ora baxdığını, bu zaman hamamda “pitminutka”, yəni su qızdırıcısının olmasını gördüyünü və həmin su qızdırıcısını sökdüyünü, bundan sonra həmin hamamda bir ədəd soyuducu matoru və bir topada elektrik naqilini götürdüyünü, evin həyətində isə su marotunun olmasını görərək onu da oğurladığını, daha sonra yenə də əvvəl olduğu kimi oğurladığı əşyaları əvvəlcə hasardan yola yığdığını, bundan sonra isə həmin küçədən keçən tanımadığı bir taksini əl edərək saxlatdığını, həmin əşyaları taksiyə yığaraq yenə də Həsən adlı şəxsə apardığını, orada elektrik naqilini, su qızıdırıcını (pitiminutka), su matoru və soyuducu matorunu da Həsən adlı şəxsə satdığını, Həsənin də bunun müqabilində ona 120 manat pul verdiyini, bundan sonra həmin 120 manat pulu özü üçün xərclədiyini, 2022-ci ilin dekabr ayının sonlarında iki dəfə olmaqla onunla qonşuluqda yaşayan Məhəmədiyə Əhmədova məxsus evin həyətinə daxil olaraq oradan evin həyətində yerləşən tövlədən 6 ədəd 3 metrlik armatur, 01 ədəd dəmir barmaqlıq, 5 ədəd dəmir peçi, daha sonra həmin evin həyətində yerləşən hamamdan “pitminutka”, yəni su qızdırıcısı, bir ədəd soyuducu matoru və bir topada elektrik naqilini, evin həyətində isə su marotunu oğurladığını, oğurladığı əşyaları Ağdaş şəhəri, Padar küçəsində metal qəbulu ilə məşğul olan Həsən adlı şəxsə ümumilikdə 220 manata satdığını, həmin əşyaları tanımadığı taksilərlə apardığını, Həsən adlı şəxsə həmin əşyaların bir hissəsini zibillikdən yığdığını, bir hissəsini isə yaşadığı evdən apardığını söylədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ünvan 1 ünvanınında ona məxsus fərdi yaşayış evi olduğunu, lakin 2022-ci ilin iyun ayından etibarən ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşadığını, buna görə də ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin nəzarətsiz qaldığını, buna baxmayaraq hərdən gələrək evinə baş çəkdiyini və yenidən Sumqayıt şəhərinə qayıtdığını, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Ağdaş şəhərində özünə məxsus evə baş çəkmək üçün gəldiyini, yaşadığı evin həyətinə həyətin taxtadan olan giriş qapısından daxil olduğunu, bundan sonra həyətə və evin kənarlarına, həmçinin tövləyə baxdığını, tövləyə baxan zaman tövləyə qoyduğu dəmir barmaqlıq, təxminən 6 ədəd 3 metr uzunluğunda armatur, 02 ədəd dəmir odun və 03 ədəd yağ peçinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etdiyini, daha sonra yaşadığı evin həyətinə və həyətdə yerləşən hamama baxdığını, bundan sonra onun yaşadığı evin həyətində yerdən artezian suyunun çıxarılması üçün quraşdırılmış “kaçalka”nın Aqadel markalı matoru, həmçinin yaşadığı evin həyətində yerləşən hamamın içərisindən təxminən 50 metr uzunluğunda mis kabelin, 01 ədəd su qızdırıcı “pitiminutka” və işlətmədiyi üçün hamama qoyduğu soyuducunun matorunun da naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etdiyini, bundan sonra dərhal DİN-in 102 xidmətinə məlumat verdiyini, özünə məxsus yaşayış evinin həyətində yerləşən hamamın içərisindən 50 metr uzunluğunda, 4 mm-lik 40 manat dəyərində mis elektrik naqili, 01 ədəd, 130 manat dəyərində, işlək vəziyyətdə olan qazla işləyən su qızdırıcı (pitiminutka), 01 ədəd, işlək vəziyyətdə olan NORD markalı soyuducunun 70 manat dəyərində matoru, evin həyətindən 01 ədəd “Aqadel” markalı 150 manat dəyərində işlək vəziyyətdə olan su matoru, həmin evin həyətində yerləşən tövlənin içərisindən 200 manat dəyərində 01 ədəd, eni 2 metr və uzunu 2,5 metr olan, rus materialından barmaqlıq və 10 mm-lik ölçüdə 100 manat dəyərində 10 metr armatur, 02 ədəd 1 metr uzunluğunda 0,5 metr enində 5 mm qalınlığında rus istehsalı olan hər biri 60 manat dəyərində odun sobasını və 03 ədəd 0,80 metr uzunluğunda 0,4 metr enində 4 mm qalınlığında rus istehsalı hər biri 60 manat dəyərində yağ peçi oğurlandığını, özünə məxsus evdən oğurluq hadisəsinin konkret olaraq nə vaxt baş verməsi barədə onun heç bir məlumatı olmadığını, sonuncu dəfə xx.xx.2023cü il tarixdə 19 radələrində yaşadığı evə baş çəkmək üçün gələn zaman ona məxsus evdən oğurluq hadisəsinin baş verməsini aşkar etdiyini, bundan əvvəl sonuncu dəfə təxminən 2022-ci ilin dekabr ayının ortalarında Ağdaş şəhərinə gələrək evə baş çəkdiyini və elə həmin gün də geriyə qayıtdığını, ona məxsus hazırda yaşayış olamayan evdən baş vermiş oğurluq nəticəsində ona təxminən 990 manat məbləğdə maddi ziyan dəydiyini, əvvəlcə həyəcanlı olduğu üçün həmin formada ərizə verdiyini, lakin sonradan ona məxsus evdən oğurlanmış əşyaları dəqiqləşdirdiyini və qiymətlərini hesabladığını, şübhələndiyi şəxs və ya şəxslərin olmadığını, oğurluq baş verən evin ona məxsus olduğunu və oğurlanmış əşyaların da faktiki sahibinin özü olduğunu billdirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə poçt vasitəsi ilə teleqram ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmamasının, ona dəymiş zərərin ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində yaşadığı evin həyətində metal qəbulu məntəqəsinin olduğunu, həmin məntəqədə dəmir metal qəbul etdiyini və onları satdığını, Təqsirləndirilən şəxs tanımadığını, onunla hər hansı bir ədavəti və düşmənçiliyinin olmadığını, Rövşənin 2022-ci il dekabr ayının sonlarında işlədiyi emalatxanaya gələrək ona 6 ədəd 3 metrlik armatur, 1 ədəd dəmir barmaqlıq, 2 ədəd dəmir odun peçi, 3 ədəd yağ peçini satmaq istədiyini bildirdiyini, özünün də həmin əşyaların kimə məxsus olmasını, oğurluq olub olmamasını soruşduğunu, həmin zaman Rövşən adlı şəxsin ona əşyaların bir hissəsinin özünə məxsus olduğunu, bir hissəsini isə zibillikdən yığdığını bildirdiyini, özünün də onun dediklərinə inandığını və həmin əşyaları ondan 100 manat müqabilində aldığını, daha sonra Rövşənin həmin 100 manat pulu alaraq çıxıb getdiyini, təxminən aradan 1 gün keçdikdən sonra Rövşənin yenə də onun işlədiyi sexə gələrək “pitminutka”, yəni su qızdırıcısı, bir ədəd soyuducu matoru, bir topada elektrik naqili, 01 ədəd su marotu gətirdiyini, həmin əşyaları satmaq istədiyini bildirdiyini, həmin əşyalara baxaraq əşyaları haradan əldə etməsini, həmçinin oğurluq olub olmaması barədə soruşduğunu, Rövşənin də ona əşyaların özünə məxsus olduğunu, yaşadığı evdən gətirdiyini, lazım olmadığı üçün satdığını, heç birinin oğurluq olmadığını dediyini, özünün də onun sözlərinə inanaraq həmin əşyaları ondan 120 manata alacağını bildirdiyini, daha sonra Rövşən ondan 120 manat pulu alaraq çıxıb getdiyini, Təqsirləndirilən şəxs ona satmış olduğu əşyaların oğurluq olmasını bilmədiyini, Rövşəndən bu barədə soruşanda ona əşyaların bir hissəsinin özünə məxsus olduğunu, bir hissəsini isə zibilliklərdən yığıdığını bildirdiyini, Təqsirləndirilən şəxs həmin əşyaları ona nə ilə və kimlə gətirməsini bilmədiyini, Rövşəni görəndə onun yanında heç kimin olmadığını, ola bilsin ki, onu gətirən avtomobilin onu düşürdükdən sonra çıxıb getdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 28 aprel 2023-cü il tarixli, ƏQ-54/2023 nömrəli məktubdan görünür ki, 50 metr uzunluğunda, 4 mm-lik mis elektrik naqil 40 (qırx) manat dəyərində; 01 ədəd işlək vəziyyətdə olan qazla işləyən su qızıdırıcı (pitminutka) 130 (yüz otuz) manat dəyərində; 01 ədəd işlək vəziyyətdə olan NORD markalı soyuducunun matoru 70 (yetmiş) manat dəyərində; 01 ədəd Aqadel markalı işlək vəziyyətdə olan su matoru 140 (yüz qırx) manat dəyərində; 01 ədəd eni 2 metr və uzunluğu 2,5 metr olan rus materialından hazırlanmış barmaqlıq 180 (yüz səksən) manat dəyərində; 10 mm-lik ölçüdə 10 metr armatur 80 (səksən) manat dəyərində; 02 ədəd bir metr uzunluğunda 0,5 metr enində 5 mm qalınlığında rus istehsalı olan odun sobası hər biri 60 (altmış) manat dəyrində: 03 ədəd 0,80 metr uzunluğunda, 0,4 metr enində 4 mm qalınlığında rus istehsalı olan yağ peçi hər biri 50 (əlli) manat dəyərində olmuşdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 iyul 2023-cü il tarixli, 853 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: atası – X2; anası – X1 ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-665/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ziyanın ödənilməsini və zərərçəkən şəxslə barışmasını, əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-137/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-137/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver