Məhkəmə qərarları › İş №1(014)-14/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-14/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-14/2022 09.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1966-cı ildə Ağdaş rayonunun Ərəbocaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Ağdaş Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən 02.11.2021-ci il tarixdə Ağdaş rayon Ərəbocaq kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının üzərindən keçən körpünün yaxınlığından yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,981 qram olan psixotrop maddə hesab edilən metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq, daşımış və həmin psixotrop maddə 03.11.2021-ci il tarixdə saat 11:48-də ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, narkotik vasitələri qanunsuz olaraq üzərində saxladığına görə barəsində 2021-ci ilin may ayında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlandığını, buna görə 30.06.2021-ci il tarixdə ona Ağdaş Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğunu, 02.11.2021-ci il tarixdə yaşadığı kənddən keçən Şirvan kanalının üzərindəki körpünün yaxınlığından keçərkən yerdə bir ədəd sellofan büküm və bir ədəd boş şpris gördüyünü, əyilib həmin bükümü və şprisi götürdüyünü, sellofan bükümün içərisinə baxan zaman içərisində psixotrop maddə olan “patı”, yəni metamfetamin olduğunu gördüyünü və götürüb özü istifadə etmək üçün üzərində saxladığını, 03.11.2021-ci il tarixdə təxminən saat 11:20 radələrində Ağdaş şəhəri S.Vurğun küçəsində olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vastənin və psixotrop maddənin olması və qəbul etməsi barədə məlumatlarının olmasını bildirdiklərini, onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli pencəyin sol yan cibindən 1 ədəd sellofan büküm, 1 ədəd boş şpris və 1 ədəd 5 manatlıq pul əsginası aşkar olunduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümün içərisindəki maddənin “patı” yəni metamfetamin olduğunu, həmin bükümü və şprisi Şirvan kanalının üzərindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında psixotrop maddə olan “patı” yəni, metamfetaminə bənzər maddə aşkar olunduğunu, həmin 1 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1,19 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm və 1 ədəd boş şpris ayrı-ayrı zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçılar həmin zərfə imza etdiklərini, şəxsi axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını, polis əməkdaşları onu RPŞ-yə dəvət edən zaman orada özü, Əkrəm və Mehdi adlı şəxsin olduğunu, daha sonra Əkrəmin də üzərinə baxış keçirildiyini və onun da üzərindən narkotik vasitə aşkar edildiyini bildiyini, Əkrəmin üzərində narkotik vasitə olan heroin olduğunu bilmədiyini, təsadüfən görüşdüklərini və ona anasının vəfatı ilə əlaqədar başsağlığı vermək üçün ona yaxınlaşdığını, Əkrəm və Mehdinin onun üzərində psixotrop maddə olduğunu bilmədiyini, ona ifadəsinin alınmasında heç bir təzyiq olunmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 03.11.2021-ci il tarixdə Ağdaş rayonunun Ərəbocağı kəndində qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, Təqsirləndirilən şəxs həmin gün saat 11:20 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ağdaş şəhəri S.Vurğun küçəsində olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Xamisin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Xamisin əynində olan qara qəngli pencəyin sol yan cibindən 1 ədəd sellofan büküm, 1 ədəd boş şpris və 1 ədəd 5 manatlıq pul əsginası aşkar olunduğunu, şəxsi axtarış zamanı Xamisin aşkar edilmiş 1 ədəd sellofan bükümün içərisindəki maddənin “patı” yəni, metamfetamin olduğunu, həmin bükümü və şprisi Şirvan kanalının üzərindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında psixotrop maddə olan “patı” yəni, metamfetaminə bənzər maddə aşkar olunduğunu, həmin 1 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 1,19 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm və 1 ədəd boş şpris ayrı-ayrı zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, həmin zərflər iştirakçılar və Xamis tərəfindən imzalandığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs protokola imza etdiklərini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə heç bir məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs RPŞ-yə dəvət edən zaman yaxınlıqda Mehdi və Əkrəm adlı şəxslər olduğunu, sonradan Xamisin onlara Mehdi və Əkrəmlə təsadüfən görüşdüklərini, Mehdi və Əkrəmin ona anasının ölümünə görə başsağlığı vermək üçün yaxınlaşdıqlarını bildiyini, Xamisi saxlayan zaman onların bir birindən aralandıqlarını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarış videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Xamisin əynində olan qara qəngli pencəyin sol yan cibindən 1 ədəd sellofan büküm, 1 ədəd boş şpris və 1 ədəd 5 manatlıq pul əsginası aşkar olunmuş, şəxsi axtarış zamanı Xamis üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümün içərisindəki maddənin “patı” yəni, metamfetamin olduğunu bildirmiş, həmin bükümü və şprisi Şirvan kanalının üzərindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında psixotrop maddə olan “patı” yəni, metamfetaminə bənzər maddə aşkar olunmuş, həmin 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1,19 qram olmuş, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm və 1 ədəd boş şpris ayrı-ayrı zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, həmin zərflər iştirakçılar və Xamis tərəfindən imzalanmış, şəxsi axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 03.11.2021-ci il tarixli, 17/785 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...büküm...” sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 0,981 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...şpris...” sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd 1ml-lik şprisin içərisindən aşkar edilmiş cüzi miqdarda olan maye qalığı – heroin məhlunun qalığıdır. Həmin heroin məhlunun qalığı cüzi miqdarda olduğuna görə tərkibindəki heroinin quru maddəsinin təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 22.12.2021-ci il tarixli, 1545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15.11.2021-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 1(014)-93/2021 saylı hökmü ilə 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli, c/i-254 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 1(014)-93/2021 saylı hökmü ilə ona təyin edilmiş cəzanın 1 (bir) il 5 (beş) ay 11 (on bir) gün çəkilməmiş hissəsi qalmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ərəbocağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 noyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ərəbocağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 noyabr 2021-ci il tarixli, 261 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Ərəbocağı kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası - X1 – 1937-ci il təvəllüdlü; arvadı - X2 – 25.01.1971-ci il təvəllüdlü; oğlu - Təqsirləndirilən şəxs – 25.10.1989-cu il təvəllüdlü. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 11:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 4(014)-89/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetaminin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ağdaş Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 1(014)-93/2021 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 5 (beş) ay 11 (on bir) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 8 (səkkiz) ay 20 (iyirmi) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli şübhəli şəxs qismində saxlanıldığı 03 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 0,931 qram psixotrop maddə metamfetamin və 1 ədəd 1 ml-lik şpris məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağdaş Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 1(014)-93/2021 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 5 (beş) ay 11 (on bir) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 8 (səkkiz) ay 20 (iyirmi) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli şübhəli şəxs qismində saxlanıldığı 03.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,931 qram psixotrop maddə metamfetamin və 1 ədəd 1 ml-lik şpris məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar