Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-14/2023 27.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxx 1976-cı ildə Ağdaş rayonu, Malay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu götürülmüş, Ağdaş rayonu, Malay kəndində qeydiyyatda olan və yaşayan, barəsində 26 sentyabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda yaşadığı Ağdaş rayonu, Malay kəndində yerləşən evinin yaxınlığında boş torpaq sahəsində tərkibində narkotik maddələr olan 09 ədəd-xeyli miqdarda narkotik tərkibli çətənə bitkilərinin kollarını qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, həmin narkotik tərkibli çətənə bitkiləri xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 10:56-dan 11:14-dək yaşadığı Ağdaş rayonu, Malay kəndində yerləşən həmin boş torpaq sahəsindən 09 ədəd, ümumi təmiz çəkisi 2 kq 110 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin kolları aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Malay kəndində yerləşən evinin yaxınlığında yerləşən boş topaq sahəsində əkib becərdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin yarpaqlarından yığıb qurudaraq hazırladığı ayrı-ayrılıqda təmiz çəkiləri 4,92 qram və 5,50 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra həmin tarixdə saat 09:59-dan 10:14-dək ünvan 1 ünvanda yerləşən Ağdaş rayon Polis Şöbəsinin inzibati binasında üzərində aparılan şəxsi axtarış zamanı əyində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunda ümumi təmiz çəkiləri 10,42 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 4,92 qram və 5,50 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CMnin 237.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 09-10 radələrində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirmiş və onu Ağdaş RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getmişdir. Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan balaca cibindən 02 ədəd kibrit qutusu, həmin şalvarın sol yan cibindən isə 01 ədəd qara rəngli “Samsung” markalı smartfon mobil telefon aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş 02 ədəd kibrit qutusu açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli, bitki mənşəli olan bitki kütləsi aşkar olunmuşdur. Həmin maddənin narkotik maddə olan marixuana olmasını, özü istifadə etməsi üçün üzərində saxladığını, həmin bitki kütləsini Ağdaş rayonu, Malay kəndində əkib-becərdiyi bitki kollarından yığdığını bildirmişdir. Həmçinin onun halhazırda da, əkib-becərdiyi narkotik tərkibli bitki kollarının da, olmasını söyləmişdir. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış və bu barədə rotokol tərtib olunmuşdur. Daha sonra polis əməkdaşları, müdafiəçi və aqranomun iştirakı ilə Ağdaş rayonu, Malay kəndində yaşadığı evə yaxın yerdə yerləşən kolluq ərazi olan torpaq sahəsinə baxış keçirilmiş və o, narkotik tərkibli bitkiləri əkdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Baxış zamanı kolların arasında düzəldilmiş yerdə aqrotexniki qaydada quluq olunmuş 09 ədəd narkotik tərkibli bitki kolları aşkar olunmuş və kökündən çıxarılmışdır. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Malay kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olmuşdur. Bu barədə Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və müvafiq sənədləşmələr aparılmışdır. Həmin gün, səhər saatlarında Şahid1la birlikdə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində olarkən Təqsirləndirilən şəxs bazarın ərazisində olmasını görmüşdür. Buna görə də Təqsirləndirilən şəxs yaxınlaşmış, özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri qanunsuz olaraq daşıması və saxlaması barədə Ağdaş RPŞ-nə məlumat daxil olmasını bildirmişdir. Həmçinin o, Kənan Allhaverdiyevə onlarla birlikdə Ağdaş RPŞ-nə getməli olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Ağdaş RPŞ-nə gəlmiş, Ağdaş RPŞ-də Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və o şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı 02 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixunaya bənzər bitki kütləsi və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütlələrini təxminən 3 gün əvvəl yaşadığı Ağdaş rayonu, Malay kəndi ərazisində əkdiyi narkotik tərkibli bitkinin yarpaqlarının yığaraq qurutduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı Kənan Allahverdiyein üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu və 01 ədəd mobil telefon ayrıayrı olmaqla 02 ədəd kağız zərfə qablaşdırılmışdır. Həmin zərflərin üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, şəxsi axtraış videoçəkiliş vasitəsi ilə aparılmış və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkibbecərdiyi Ağdaş rayonu, Malay kəndinə getmişlər. Həmin yerə video çəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı oradan Təqsirləndirilən şəxs tərəfindən əkilmiş 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə bənzər bitki aşkar edilmişdir. Aqranom Şahid3 həmin bitkilərə baxdıqdan sonra hər bir bitkiyə aqrotexniki qaydada qulluq edilməsini bildirmiş bə bu barədə rəy tərtib etmişdir. Daha sonra həmin bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq ölçülmüşdür. Ən kiçik bitkinin hündürlü 105 sm, ən hündür bitkinin hündürlüyü isə 254 sm olmuşdur. Bundan sonra həmin bitkilər 01 ədəd torbaya qablaşdırılmış və üzərinə DİN-in 111 saylı möhürü vurulmuşdur. Baxış keçirilməsinə dair protokol tərtib edilmişdir. Kənan Allaverdiyev ilkin sorğu zamanı narkotik tərkibli birtkiləri təxminən 5-6 ay öncə əvvəllər çəkdiyi narkotik tərkibli bitkinin toxumlarından əkdiyini və bunda məqsədi həmin narkotik vasitədən özü istifadə etməsi olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə olan qurudulmuş marixuananı özü əkdiyi narkotik tərkibli bitkilərdən yığdığını bildirmişdir. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, X2 sertifikatlaşdırma Labaratoriyasında baş aqranom işləyir, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Malay kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Malay kəndi ərazisində boş torpaq sahəsində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və həmin yerə baxış keçirilməsində mütəxəsis kimi iştirak etməyisini xahiş etmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Malay kəndində yerləşən onun həyətyanı sahəsi ilə qonşuluqda yerləşən boş torpaq sahəsinə onların iştirakıları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin torpaq sahəsində torpağa əkib becərdiyi ümumi sayı 09 ədəd olan narkotik tərkibli bitkilər aşkar edilmişdir. Həmin bitkilərə onun tərəfindən baxış keçirilərək bitkilərin aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumuşaldıldığını və suvarıdığını bildirmişdir. Həçinin bu barədə rəy də tərtib etmişdir. Həmin aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardılmış və hündürlükləri ölçülmüşdür. Ən kiçik bitkinin hündürlüyü 105 sm, ən böyüyünün isə hündürlüyü 254 sm olmuşdur. Daha sonra həmin bitkilər kisədə qablaşdırılmışdır. Kisənin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulmuş və zərfin üzərinə imza etmişdir. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 24 sentyabr 2022-ci il tarixli 17/743 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu.” yazısı və imzalar olan 01 ədəd zərfin içərisindəki 02 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,92 qram və 5,50 qram ümumi təmiz təkisi 10,42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs əkib-becərdiyi” yazısı və imzalar olan 01 ədəd sintetik kisənin içərisindəki, çəkisi 2 kiloqram 110 qram olan 09 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid3 24 sentyabr 2022-ci il tarixli rəyinə əsasən 09 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağa kağızda “vət. Təqsirləndirilən şəxs əkib-becərdiyi” yazısı və imzalar olan 01 ədəd sintetik kisənin içərisindəki 09 ədəd çətənə bitkiləri ilə üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu” yazısı olan 01 ədəd zərfin içərisindəki 02 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1778 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuş, maddə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Malay kəndində yerləşən boş torpaq sahəsindən 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kolları aşkar edilərək götürülmüşdür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə 01 il müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilmişdir, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, üzərindən məhkumluq götürülmüşdür. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, himayəsində üç yetkinlik yaşına çatmamış uşaqların olmasını, xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixə qədər İİ qrup əlil kimi pensiya almasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən barəsində təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza təyin etməyi, şübhəli şəxs kimi 24 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 51 manat 06 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 10,32 qram narkotik vasitə olan qurudulmuş marixuana və 02 kq 109,55 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, 02 ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzalar tamamilə toplanılaraq dörd il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, üç il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 51 manat 06 qəpik (əlli bir manat altı qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 10,32 qram narkotik vasitə olan qurudulmuş marixuana və 02 kq 109,55 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin, iki ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-14/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-14/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver