Məhkəmə qərarları › İş №1(014)-140/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-140/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-140/2021 04.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X9 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1984-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlı övladı olan, Ağdaş rayon Pirəzə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 28.09.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 noyabr 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 23.08.2021-ci il tarixdə Ağdaş rayon, Pirəzə kəndində yerləşən çöllük sahədən yerdən tapdığı 01 ədəd sellofan bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi-399,52 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış və həmin narkotik vasitə 26.08.2021-ci il tarixdə saat 15:20 radələrində ünvan 2 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşadığını, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, evli olduğunu və himayəsində iki az yaşlı övladının olduğunu, özünün kombayın sürücüsü olaraq işlədyini, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, 26.08.2021-ci il tarixdə təxminən saat 14-20 radələrində yaşadığı Ağdaş rayonu Pirəzə kəndinin yaxınlığında (meşənin yaxınlığı) yol ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarın sol cibindən üzərinə “Magna” yazılmış 01 ədəd siqaret qutusu, 01 ədəd qırmızı rəngli alışqan və əynindəki göy rəngli köynəyin arxa bel hisssində 01 ədəd sellofan paket aşkar edildiyini, daha sonra həmin siqaret qutusu açılan zaman içərisindən siqaret dənələri aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan paket açılan zaman isə içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edildiyini, həmin bitki kütləsinin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra üzərindən aşkar olunmuş sellofan paketdə həmin bitki kütləsi elektron tərəzidə çəkildiyini və çəkisinin 420 qram olduğunu, daha sonra həmin sellofan paketin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, həmçinin üzərindən aşkar edilmiş siqaret qutusu və alışqanın ona geri qaytarıldığını, etmiş olduğu əməldən çox peşiman olduğunu, üzərindən aşkar olunan narkotik vasitəni, yəni sellofan paketdə olan bitki kütləsini özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni təxminən 3 gün əvvəl yaşadığı kənddin çöl sahəsində yerləşən zibilliyin yaxınlığından tapdığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 26.08.2021-ci il tarixdə Ağdaş rayonu Pirəzə kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞnə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 14:20 radələrində CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş rayon Pirəzə kəndində küçədə piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Turalın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Turalın əynində olan boz rəngli idman şalvarın sol cibindən üzərinə “magna” yazılmış 01 ədəd siqaret qutusu, 01 ədəd qırmızı rəngli alışqan və əynindəki göy rəngli köynəyin arxa bel hisssində 01 ədəd sellofan paket aşkar edildiyini, daha sonra həmin siqaret qutusu açılan zaman içərisindən siqaret dənələri aşkar edildiyini, Turalın üzərindən aşkar edilmiş sellofan paket açılan zaman isə içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edildiyini, həmin zaman Təqsirləndirilən şəxs bitki kütləsinin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş sellofan paketdə olan həmin bitki kütləsi elektron tərəzidə çəkildiyini və çəkisinin 420 qram olduğunu, sonra həmin büküm və zərfə qablaşdırılaraq, üzərinə DİNnin 111 nömrəli möhürü vurulduğunu və həmin zərfin üzəri işitakçılarını və Təqsirləndirilən şəxs tərəfindən imzalandığını, daha sonra siqaret qutusunun və alışqan ona qaytarıldığını, şəxsi axtarış zamanı video çəkilişdən istifadə edildiyini, şəxsi axtarış videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs protokollara imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni təxminən 3 gün əvvəl yaşadığı kəndin çöl sahəsində yerləşən zibilliyin yaxınlığından tapdığını və özü isitfadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, həmin vaxt orada özü, Müdafiəçi, CAB-nin əməliyyat müvəkkili Şahid2 olduğunu, həmçinin şəxsi axtarış video çəkilişlə aparıldığını bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 26 avqust 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 15:35-dən saat 15:48-ə dək Ağdaş RPŞ-nin NH-də müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sol cibindən üzərində “magna” yazılmış 01 ədəd siqaret qutusu, 01 ədəd qırmızı rəngli alışqan və əynindəki göy rəngli köynəyin arxa bel hisssində 01 ədəd sellofan paket aşkar edildiyini, daha sonra həmin siqaret qutusu açılan zaman içərisindən siqaret dənələri sellofan kisə açılan zaman isə içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edilmiş, bundan sonra aşkar olunmuş həmin bitki kütləsinin elektron tərəzidə çəkilmiş və çəkisi 420 qram olmuş, sonra həmin sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etdmiş, şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuş, proses iştirakçıları heç bir şikayət olmadığından protokola imza etmişdirlər İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 26 iyul 2021-ci il tarixli 17/631 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 399,52 qram olan bitki mənşli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 30.09.2021-si il tarixli 1171 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə hallar olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X15 Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın X15 Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 324 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X4 -atası; X1-anası; X2-həyat yoldaşı və uşaqları- X6 (09.08.2008-ci il); X3r (24.04.2011-ci il). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 26 avqust 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 15:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayıb, daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olmasını, himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 26.08.2021-ci il tarixdən 28.08.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 399,47 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34,55 (otuz dörd manat əlli qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ41NABZ******************** nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 26.08.2021-ci il tarixdən 28.08.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs Ağdaş rayon narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan və ekspertiza tədqiqatından sonra qalan 399,47 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34,55 (otuz dörd manat əlli qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ41NABZ******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: N.M.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar