Məhkəmə qərarları › İş №1(014)-141/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-141/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-141/2021 04.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1958-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağdaş şəhəri H.Əliyev prospekti 1/6 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o, 2021-ci ilin may ayının əvvəllərində yaşadığı Ağdaş şəhəri H.Əliyev prospekti 1/6-da yerləşən evinin həyətyanı sahəsində əkib becərdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin yarpaqlarından sellofan torbaya yığıb qurudaraq 1 (bir) ədəd rəngli sellofan torbanın içərisində 1 (bir) ədəd göy rəngli və 1 (bir) ədəd sarı rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 244,65 qram və 414,79 qram, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkiləri 659,44 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış və həmin narkotik vasitə 28.08.2021-ci il tarixdə saat 15:38 radələrində ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Ağdaş şəhəri H.Əliyev prospekti 1/6 ünvanında ailəsi ilə birlikdə yaşadığını, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, özü narkotik vastə olan marixuana çəkən olduğunu, buna görə də narkotik vasitə olan marixuanadan istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, 28.08.2021-ci il tarixdə təxminən saat 14:55 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yaşadığı evə yaxın yerdə olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vastələrin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əlində olan göy rəngli sellofan torba, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, əynində olan yay köynəyinin sol döş cibindən 1 ədəd üzərinə “Piramida” yazısı yazılmış siqaret qutusu və 1 ədəd kibrit qutusunun aşkar olunduğunu, daha sonra əlində saxladığı 1 ədəd göy rəngli sellofan torbaya baxış keçirilərkən həmin sellofan kisənin içərisindən 2 ədəd göy və sarı rəngli sellofan kisələr aşkar olunduğunu, həmin aşkar olunmuş 2 ədəd sellofan kisələrin hər birinin ağzı açılaraq içərisinə baxan zaman yaşıl rəngli, kəskin iyə malik, narkotik tərkibli bitki kütləsinə oxşar bitki aşkar olunduğunu, özünün həmin maddənin marixuana olmasını, öz yaşadığı evin həyətində əkdiyi 1 ədəd çətənə kolundan yığaraq qurutduğunu, özünün istifadəsi üçün saxladığını bildirdiyini, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 2 ədəd sellofan kisələr yenidən 1 ədəd göy rəngli sellofan kisəyə yığılaraq elektron tərəzidə çəkildiyini və çəkisinin 681 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı əlində saxlayan zaman aşkar olunmuş 1 ədəd sellofan torba qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin sellofan torbanın üzərinə imza etdiklərini, həmçinin onun üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd “Samsung” markalı qara rəngli mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, daha sonra özü, müdafiəçi və polis əməkdaşları onun yaşadığı evin həyətinə getdiklərini, onun yaşadığı evin həyətində əkdiyi 1 ədəd çətənə kolunun olduğu yeri polis əməkdaşlarına göstərdiyini və yenidən əlində aşkar olunmuş qurudulmuş marixuananı həmin yerdə əkdiyi 1 ədəd çətənə kolundan təxminən 1 ay öncə çıxardıb qurudaraq özünün istifadəsi üçün yığdığını bildirdiyini, baxış zamanı video çəkiliş aparıldığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, özü istifadə etmək üçün saxladığını, narkotik tərkibli marixuananı istifadə edən olduğunu, ona görə də yaşadığı evin həyətində 2021-ci ilin may ayının əvvəllərində öz istifadəsi üçün 1 ədəd çətənə kolu əkdiyini və həmin çətənə kolunun toxumunu Ağdaş şəhərinin kənarında yerləşən meşəlik yerdə bitmiş çətənə kollarının üzərindən yığdığını, 28.08.2021-ci il tarixdə təxminən saat 14:55 radələrində polis əməkdaşlarının ona yaxınlaşan zaman əlində saxladığı içərisində qurudulmuş marixuana olan sellofan torbanı yaşadığı evdə olmaması üçün Ağdaş şəhəri Padar meşəsi deyilən yerə apararaq orada gizlətmək istədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 28.08.2021-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospekti 1/6-da qeydiyyatda olan xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 14:55 radələrində CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri H.Əiyev prospektində yaşadığı evin yaxnılığında piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Muradın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Muradın əlində olan göy rəngli sellofan torba, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, əynində olan yay köynəyinin sol döş cibindən 1 ədəd üzərinə “Piramida” yazısı yazılmış siqaret qutusu və 1 ədəd də kibrit qutusu aşkar olunduğunu, daha sonra əlində saxladığı 1 ədəd sellofan torbaya baxış keçirilərkən həmin sellofan kisənin içərisindən 2 ədəd göy və sarı rəngli sellofan kisələr aşkar olunduğunu, həmin aşkar olunmuş 2 ədəd sellofan kisələrin hər birinin ağzı açılaraq içərisinə baxan zaman yaşıl rəngli, kəskin iyə malik, narkotik tərkibli bitki kütləsinə oxşar bitki aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin maddənin marixuana olmasını, öz yaşadığı evin həyətində əkdiyi 1 ədəd çətənə kolundan yığaraq qurutduğunu, özünün istifadəsi üçün saxladığını bildirdiyini, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 2 ədəd sellofan kisələr yenidən 1 ədəd göy rəngli sellofan kisəyə yığılaraq elektron tərəzidə çəkildiyini və çəkisinin 681 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 1 ədəd sellofan torba qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, Təqsirləndirilən şəxs və digər iştirakçıların həmin sellofan torbanın üzərinə imza etdiklərini, həmçinin Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd “Samsung” markalı qara rəngli mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, Təqsirləndirilən şəxs və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu və protokol imzalanaraq təsdiq edildiyini, daha sonra Təqsirləndirilən şəxs, müdafiəçinin, özünün və X9 yaşadığı evin həyətinə getdiklərini, onun yaşadığı evin həyətində əkdiyi 1 ədəd çətənə kolunun olduğu yeri onlara göstərdiyini və yenidən əlində aşkar olunmuş qurudulmuş marixuananı həmin yerdə əkdiyi 1 ədəd çətənə kolundan təxminən 1 ay öncə çıxardıb qurudaraq özünün istifadəsi üçün yığdığını bildirdiyini, baxış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis işçilərinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Muradın əlində olan göy rəngli sellofan torba, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, əynində olan yay köynəyinin sol döş cibindən 1 ədəd üzərinə “Piramida” yazısı yazılmış siqaret qutusu və 1 ədəd də kibrit qutusu aşkar olunmuş, daha sonra əlində saxladığı 1 ədəd sellofan torbaya baxış keçirilərkən həmin sellofan kisənin içərisindən 2 ədəd göy və sarı rəngli sellofan kisələr aşkar olunmuş, həmin aşkar olunmuş 2 ədəd sellofan kisələrin hər birinin ağzı açılaraq içərisinə baxan zaman yaşıl rəngli, kəskin iyə malik, narkotik tərkibli bitki kütləsinə oxşar bitki aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin marixuana olmasını, öz yaşadığı evin həyətində əkdiyi 1 ədəd çətənə kolundan yığaraq qurutduğunu, özünün istifadəsi üçün saxladığını bildirmiş, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 2 ədəd sellofan kisələr yenidən 1 ədəd göy rəngli sellofan kisəyə yığılaraq elektron tərəzidə çəkilmiş və çəkisi 681 qram olmuş, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 1 ədəd sellofan torba qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin sellofan torbanın üzərinə imza etmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd “Samsung” markalı qara rəngli mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin zərfə imza etmişlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 28.08.2021-ci il tarixli, 17/636 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş...” sözləri və imzalar yazılmış 1 (bir) ədəd rəngli sellofan torbanın içərisindəki 1 (bir) ədəd göy rəngli və 1 (bir) ədəd sarı rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 244,65 və 414,79 qram ümumi təmiz çəkiləri 659,44 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 30.09.2021-ci il tarixli 1172 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 sentyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 3373 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospekti 1/6 saylı evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X1; X5; X2; X6; X4. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:20də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, yaşını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 04 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 659,34 qram çəkidə narkotik maddə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 659,34 qram kustar üsulla hazırlanmış narkotik maddə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar