Məhkəmə qərarları › İş №1(014)-142/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-142/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-142/2022 27.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1976-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, Vaqif küçəsi 2/21/2-də qeydiyyatda olan və yaşayan, barəsində 29 avqust 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda, şəraitdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1.465 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 27 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektinə saxlanılıb Ağdaş RPŞ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1.465 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin saat 15:44-dən 15:53-dək ünvan 1 ünvanında yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirmiş və onu Ağdaş RPŞ-nə dəvət etmişlər. Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm aşkar edilmişdir. Üzərindən aşkar edilmiş həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında maddə aşkar olunmuş, həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. İş üzrə şahid Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olmuş, həmin məlumat əsasında tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olmasını görmüş, bundan sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Vüqarı Ağdaş RPŞ-nə dəvət etmiş, Vüqar da onlarla birlikdə Ağdaş RPŞ-nə gəldimişdir. Ağdaş RPŞ-də Vüqara dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Bundan sonra aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Şəxsi axtarış zamanı video çəkiliş aparımış və protokol tərtib olunmuşdur. İş üzrə şahid Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/690 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri, adlar və imzalar yazılmış sellofan zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1.465 qran olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1713 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində Ağdaş RPŞnin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Bundan sonra aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhmum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli cinayətin sadə residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırki cinayət işi üzrə şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 27 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə 1.415 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, 01 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1.415 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar